Sənət və ədəbiyyat dərgisi

Sabir Rüstəmxanlının Cənubi Azərbaycanla bağlı şeirləri

12 Aprel 2023 / 11:27

Sabir Rüstəmxanlı

GÜNƏŞ DOĞMAZDAN QABAQ

 

Dəmirçi kömüründən alov yüksəldiyitək,

Qızıl günəş doğacaq, açılacaq səhərim.

Alatoran intizar qəlbimi tərk edəcək,

Şəfəqə bürünəcək mürgülü üfüqlərim.

 

Gecənin qaranlığı yığacaq qanadını,

Azadlıq hökm edəcək əsarətin yerinə.

Onda Vətən adını, Azərbaycan adını,

Sevgiylə yazacağıq Günəşin üzərinə.

 

Bu qaranlıq gecənin dərdi ürəyimizi,

Əbədilik tərk edib gedəcəkdir bir səhər.

Ədalət nur selində çimizdirdikcə bizi,

Gül kimi açılacaq qəlbimizdən nəğmələr.

 

Hələ günəş doğmayıb! Ancaq qızıl lalətək,

Bağrıyanıq ulduzlar axıb gedir göylərdən.

Bəzisi yazıq-yazıq, əsərək, titrəyərək,

Bəzisi şimşək kimi çaxıb gedir göylərdən.

 

Hələ günəş doğmayıb! Ancaq odlu buludlar,

Bayram tonqallarıdı üfüqdə, qalaq-qalaq.

Uçan torağayın da səsində həyəcan var: –

İndi günəş doğacaq! İndi günəş doğacaq!

 

Döyüş intizarıyla gərilibdir əsəblər,

Səssizlik bürüyübdür dərələri, dağları.

Ulduzlu çöhrəsində anlaşılmaz bir kədər,

Açılır yavaş-yavaş səmanın dodaqları.

 

Azadlıq həsrətinin yoxdur əvvəli, sonu,

Ümidim göylərədir, yağmur kimi yağacaq.

Dağların zirvəsindən görəcəyəm mən onu,

Qızıl günəş doğacaq! Qızıl günəş doğacaq!

 

 

TORPAQ ŞIRIMI

 

Torpağım – ocaq yeri, yurd yeri, Vətən…

Çəkib nazımızı analar qədər.

Bir torpaq şırımı tanıyıram mən

Təkcə dərd bitirər, ağı göyərdər.

 

İstər yağış olsun, istər göz yaşı

Çiçək də toplayır, çörək də insan!

Bu torpaq şırımı – bir sinə daşı,

Bu üzündə ruhdu, o üzündə can.

 

Torpaq da arzuya çəpər olarmı,

Torpaq da qaniçən sayılarmı heç?!

Torpaq da torpağı parçalayarmı

Qardaşı qardaşdan ayırarmı heç?!

 

Uçurum üstündən atılan Qırat,

On arşın torpağı keçə bilməzmi?

Dünyaya sığmayan bu el, bu elat,

Dostunu düşməndən seçə bilməzmi?

 

Öz doğma torpağım yaddırsa mənə,

De, necə yaşasın şöhrətim, şanım.

Qalx, sonuncu dəfə düşmən üstünə!

Qalx, Qırat belinə, Azərbaycanım.

 

 

HƏSRƏTİNDƏYƏM

 

Gəldi ömrümüzün cavanlıq çağı,

Qucmaq istəyirəm çəməni, dağı.

Bu geniş, bu gözəl ana torpağı

Dolaşmaq, dolaşmaq həsrətindəyəm!...

 

Mənə qanad verin, mənə güc verin,

Qüdrətim göylərdən dərindir, dərin,

Ən çətin işlərə məni göndərin

Çalışmaq, çalışmaq həsrətindəyəm.

 

Bir nəğmə oxuyun şirin dil ilə,

Ağlayım Vətənlə, gülüm el ilə

Çaxan şimşək ilə, coşan sel ilə,

Yarışmaq, yarışmaq həsrətindəyəm.

 

Mizrab sarı simi gətirdi dilə,

Utandım, sıxıldım el adətiylə,

Bir qara gözlünün məhəbbətiylə

Alışmaq, alışmaq həsrətindəyəm.

Könlümü yanğılar bürüdü yenə

Qəzəb tonqalına çevrildi sinəm.

Anamız Tomrisin qartal nəslinə

Yaraşmaq, yaraşmaq həsrətindəyəm.

 

Dincliyim, dözümüm çəkilib dara,

Hayqırım, qıy səsim düşsün dağlara,

Azadlıq yolunda çarpışanlara

Qarışmaq, qarışmaq həsrətindəyəm.

 

 

AZADLIQ

Dostum Ramiz Rövşənə

Azadlıq insanın dostu, həmdəmi,

Azadlıq qoludur gücün, qüdrətin.

Azadlıq, azadlıq… göy otlar kimi,

Qəlbindən göyərib bəşəriyyətin!

 

Dönüb ac gözlərin yuxularına,

Azadlıq ən şirin söhbət olubdur.

Torpaq bütövlüyə, Leyli Məcnuna,

İnsan azadlığa həsrət olubdur!

 

Azadlıq üzünü çevirsə əgər,

Gözləmə, geriyə dönməz heç zaman!

Qartaldı, zirvələr sevirsə əgər,

Dərin dərələrə enməz heç zaman!

 

O qızıl laləyə bənzəmir daha,

Köksünü bəzəyə təbəssümlə, şən

Azadlıq dünyada hər şeydən baha,

Güllə yarasıdır sinəni deşən!

 

Məğrurdur, yaxşı-pis bilən deyildir,

Qorx ki, orbitindən itəsən onun.

Durub səsləməklə gələn deyildir,

Gərək ayağına gedəsən onun!...

 

Xalqa örnək ola hünərin, gücün

Onu meynə kimi əkəsən gərək.

Bir qətrə azadlıq qazanmaq üçün,

Min qətrə qızıl qan tökəsən gərək!

 

 

TƏBRİZ XİYABANI

 

Şəhər… küçələri keçirəm bir-bir,

Bura mərkəzidir sanki cahanın.

Bakı elə artır, elə dəyişir

Adlar sürətinə çatmayır onun.

 

Küçələr görürəm işıqlı, təmiz,

Gəzirsən, doymursan elə gəzdikcə.

Küçələr görürəm, sərilib dümdüz

Xəyal işlədikcə, göz işlədikcə.

 

Baxıram böyüdür yollarını o,

“Gəl” deyir sevdalı səhərlərinə.

Baxıram uzadır qollarını o,

Dünyanın ən böyük şəhərlərinə.

 

Gedirəm qəlbimdə elin vüqarı,

Bu daş vərəqləri açıram bir-bir.

Bu “Tiflis”, “Yerevan” xiyabanları,

Bu da Leninqrad prospektidir.

 

Gəzirəm, gəzirəm heç dincəlmədən,

Bir həsrət içində qovruluram mən.

Deyirəm bəlkə də yada düşməyib,

Ya da kiçik olub qaçıb nəzərdən…

 

Mən bu duyğularla gəzirəm yalqız,

Ürəyim səbrsiz, qəlbim qərarsız.

Keçirəm Moskva prospektindən,

Təbriz xiyabanı həsrətiylə mən!...

 

VƏTƏNİM

 

Atıb ətəyindən döyüş daşını

Vədlərə aldanır hələ Vətənim.

Əyib sinəsinə qarlı başını,

Mənim qul Vətənim, kölə Vətənim!

 

Tutub öz ləkəli caynaqlarıyla

Yadlar al qanını sorurlar onun.

Sinəsi üstündə öz bol varıyla

Özünə min tələ qururlar onun.

Böyüdü, boy atdı qorxularında

Bəlalar üstündə gərmişdir qanad.

Hələ ömür sürür yuxularında,

Yuxuda görür ki, azaddır, azad.

 

Vədələr başını dumanlandırdı,

İlan dili üçün divanə Vətən.

Başqa qapılarda çıraq yandırdı,

Özü zülmət Vətən, viranə Vətən!

 

Qaldı ürəyində eşqi, arzusu,

Acı göz yaşıyla sirdaşmı oldu?

Bu günəş yavrusu, Tanrı yavrusu

Qorxaq tülkülərə yoldaşmı oldu?

 

Xəyallar bəsləyir şirin, bayağı

Çoxusu quruca addır, anlamır.

Vətən öz özünə qəsbkar, yağı,

Vətən öz xalqına yaddır, anlamır.

 

Hanı o igid ki, öc ala yaddan,

Qaldıra xalqını döyüş qabağı.

Ay ellər, düşmənin ayağı altda

Qalıbdır Vətənin namus bayrağı!

 

 

TƏKLİYİMİ QAYTARIN

 

Təkliyimi qaytarın!

Qaytarın mənim qüssəli təkliyimi.

Təkcə yaşayacağam…

Okean dalğaları arasındakı ada kimi

Çiynimdən ağır dalğalar aşa-aşa

Yaşayacağam!

Qollarımı açacağam genişdən-geniş,

Əməlimdən açılacaq paslı zəncir –

“təklif” – göstəriş.

Bütün arzularıma çatacağam!

 

Qaytarın təkliyimi!

Ay – tək, Günəş – tək, Mən – tək!

Yaşayacağıq çiyin-çiyinə.

Qoymayacağam kimsə arxamca deyinə.

Tutacağam üzümü leysan yağışa,

Şimşəkləri dəstələyəcəyəm əlimdə

Nəğmələrim bala dönəcək dilimdə!

Düzlərimə səpəcəyəm çiçəklərimi,

Namərd baxışlardan

silkələyəcəyəm kürəklərimi!

Dəyişəcək şəfəqlərin axarı,

Başımı qaldıracağam yuxarı!

Yoxa çıxacaq kədər, qəm.

Təkliyimi qaytarın,

Dözən deyiləm!

 

Ay – tək, Günəş – tək, Mən – tək,

Qalacağıq yanaşı!

Minnətsiz, mərhəmətsiz,

Hər yetənə əyilməz başım!

 

 

RÜSTƏM ƏLİYEVƏ

 

Danış, bu söhbətdən inanma doyam,

Danış, yanğılardan kül olur ürək.

Danış, sən dinəndə mən susmalıyam,

Sözü sözü olan söyləsin görək…

 

Gətir mən doyunca öpüm gözündən,

Görmüsən sən qərib azəriləri.

Ürəyində atəş, dilində vətən

Qitədən-qitəyə gəzəriləri…

 

Görmüsən cənubda neçə milyonuq,

İraqda bir köklü elimiz bizim.

Hakimlər məclisdən qovsa da onu

Evlərdə yaşayır dilimiz bizim.

 

Yox, deyən dünyadan ayrıyıq yaman,

Alıblar nə qədər payımızı da.

Gör bir nə gündəyik aman, ay aman,

Bilmirik quruca sayımızı da.

 

Vəhşi tayfalar da daha dinibdir,

Dözdük, zaman keçir, ömür-gün yarı…

Bir gör haralara səpələnibdir,

Odlar torpağının qığılcımları.

Alçaqdır bu gündən göz yumub susan,

Fərəhdən ucalıb ərşə dayanım.

Harda bircə nəfər yurddaşım varsa,

Orda bir peyki var Azərbaycanın!

 

 

XƏBƏR GÖZLƏYİRƏM

 

Xəbər gözləyirəm... Kimdən, hayandan?

Hansı məmləkətdən, hansı zamandan?

Hansı ocaqlarda alışan közdən?

Gözümə yığdığım hansı dənizdən?

Cavab almadığım neçə sualdan,

Uzaq xatirədən, sirli xəyaldan

Xəbər gözləyirəm, şirin, xoş xəbər.

Taletək dalımca dolaşıb gəzən,

Məni axtarmaqdan yorulmuş xəbər...

 

Gələ bir məktubun qanadı üstdə,

İsti təbəssümdə, doğma nəfəsdə.

Dərələr dolduran gur seldə gələ,

Bəxtimə açılan könüldə gələ.

Hər dost sevgisindən gətirə bir pay,

Bağlı qapıları aça taybatay.

Cücərə baharın otları kimi,

Şığıya bir sürət qatarı kimi.

Lap elə ümidin son nidasında,

Lap elə ölümün astanasında –

O axtara məni, o tapa məni.

 

Gələ, gözlədiyim xəbərim gələ,

Gələ, o əbədi zəfərim gələ.

Görəm ki, süfrəmin başında bir gün,

Bir xəbər oturub əziz qonaqtək.

Görəm ki, evimin gur işığında

Alışır bir sevinc, yanır bir ürək...

 

Xəbər gözləyirəm, kimdən, hayandan,

Hansı ümidlərdən, hansı gümandan?

Bağlı sərhədlərin üstündən aşan,

Yolları sorğusuz gəzib-dolaşan,

Ayrı sahillərə körpülər salan,

Adsız şəhidlərin heykəli olan,

Mənə ana kimi yanan bir xəbər.

Məni Vətən kimi duyan bir xəbər!

İtmiş sevgi kimi qayıdıb gələn,

Ömrün baharını oyadıb gələn,

Muştuluq bir xəbər, şirin bir xəbər,

Şəfəqdən don geyən aydın bir səhər.

20 may

 

 

YARDIMLININ DAĞLARI

 

Yardımlının ay dumanlı dağları,

Həm o yandı, həm bu yandı dağları.

O gədiyi bu gədiyə qatmağa

Çox ümidli, çox gümanlı dağları.

İlxı ötər, el yolunu toz elər,

Qəmli dursa, yadlar baxıb söz elər.

Gün gələr ki, əyri qəddi düzələr.

Biz qoymarıq ah-amanlı dağları!

 

 

YANDIRAR MƏNİ

 

Gecikib payızda açılan çiçək,

Sevinci qürubda oyanan ürək,

Qatardan ayrılıb yol gedən durna,

Sonsuz düzənlərdən çovuyan külək,

Sizin kədəriniz yandırar məni.

 

Övlad yollarına göz dikə-dikə

Ömrü yola verən, ay ata-ana!

Övlad qayğısına yetə bilməmiş

Yetdiniz onların ayrılığına!

Ürək intizarda, qulaqlar səsdə.

Günlər xəbərlərdən asılı qaldı.

Dünyanı dolandı ürəkparanız

Ömür bir ocağa qısılı qaldı.

Dağlar arxasında, ay balaca kənd,

Şehli cığırları titrəyən çöllər,

İşığı sozalmış ay doğma ocaq,

Nağılı bitməmiş mehriban ellər,

Sizin dözümünüz yandırar məni!

 

Gözü çeşmə olmuş qardaşıma bax,

Sərhədlər üstündən yenə əl edir.

O Araz çayıdır – ağ şimşək kimi,

Ya hicran dağları əriyib gedir?

Siz ey yer üzünə doğulmamışdan

Alnına ayrılıq sözü yazılan!

Özü bu dünyaya göz yummamışdan

Qəlbində ümidə məzar qazılan

Cənublu, şimallı – o tay, bu taylı

Hicranı əsrlə başabaş olan,

Dərbəndli, kərküklü, qarayazılı,

“Türk”, “tatar”, “iranlı”, “əcəm”,

“müsəlman”,

Gah da “tərəkəmə”, “qızılbaş” olan,

Qolları Araza körpü olmamış

Sınıq körpüləri su altda qalan

Fikirli qardaşlar, qəmli bacılar!

Sizin sükutunuz yandırar məni!

 

Qurbanı olduğum, ay ata-ana,

Başına döndüyüm Vətən torpağı,

Körpüsü qırılan qəmli Arazım,

Ümidim, göz yaşım, həyatım, arzum!

Sizin sükutunuz yandırar məni,

Sizin kədəriniz yandırar məni,

Sizin dözümünüz yandırar məni!...

13 yanvar, Dubultu

 

 

 

SAĞ OL, ANA DİLİM

 

Yollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.

 

Barmağın altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı...

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: “Danışır Bakı!”

 

Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Türkün bu müqəddəs dilinə tuşdu.

 

Döyüşdə qılınctək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.

 

Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.

 

Bu dildə sevincim, qəmim, kədərim,

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhədini qıran kəlmələr.

 

İpək nəğmələrin gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən

O taydan bu taya arxayın keçən.

 

Dilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!

Hanı xanım çaylar, hanı bəy göllər? –

Dillərdə cücərən yurdun izidir.

 

Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

Qarabağ, Qaradağ... di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.

 

Harda bircə kəlmə sözüm yaşayır

Oranı halalca yurdum sanmışam.

Sağ ol, ana dilim! Ana öyüdüm!

Füzuli eşqindən divanə dilim!

 

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim!

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri...

 

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

 

Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam!

17 yanvar, Dubult

 

 

YURDUMUN QİSMƏTİ

 

Bütün sevinclərin bir üzü kədər,

Bütün ağ günlərin bir üzü qara.

Ömrü görüşlərə çəkən yelkənlər

Sonra da açılır ayrılıqlara.

 

Yüz-yüz adamın da içində təkəm,

Ancaq tək deyiləm düşüncələrdə.

Zorla qazandığım ən şirin tikəm

Süfrəmdə zəhərə çevrilir bəzən.

 

Yol boyu doğmalar dönsə də yada,

Dözürük hələ ki, gənclik əhdiylə.

Xoşbəxtlər içində xoşbəxt olsam da,

Bədbəxtəm dünyanın ən bədbəxtiylə.

 

Ac görsəm, özüm də bir ac kimiyəm,

Qayğılar, qüssələr başımdan aşır.

Mən ildırım vurmuş ağac kimiyəm –

Bir budağım quru, birisi yaşıl...

 

İstək də ucalıb, enəndir, deyim,

Görüşdük, bəs yenə bu giley nədir?!

Dünyada ikili ömür sürməyim

Bəlkə də yurdumun taleyindəndir...

5 fevral

 

 

ŞAİRLƏRƏ BORCUMUZ

 

Bəxtiyar Vahabzadəyə

Arazın tikanlı məftillərdən

sıyrılıb çıxdığı yerdə

Üzü cənuba

“qardaş!” harayı ağzında donmuş

bir şair heykəli qoymasa,

insafı yoxdur bu millətin!

 

İnsafı yoxdur bu millətin

yaddan çıxarsa əgər,

bu gün meydanları silkələyən

“Millət”, “Azadlıq” sözlərini

nə vaxtsa şairlərin ehtiyatlı

pıçıltısından öyrəndiyini.

 

İnsafı yoxdu bu millətin

Birdən çaşıb unutsa,

“xəlqi oyadan əfqanları”,

Əsr-əsr sözlə körüklənən

soyuq qanları,

“Dana” başlarda “danə” başı görənləri

Düşməni qılıncdan əvvəl

sözlə öldürənləri

“Ağıllı dəliləri”,

Ürəyindən qan gedən gülməliləri!

 

...Vətənindən sürülən

Ümidi qəbir divarlarına hörülən,

Dərdi dünyanın belini əyən,

Özü əyilməyən ərlər

unudulsa əgər,

Bir mahnıda deyilən kimi

“yaşamaq nəyə dəyər!...”

 

Bir şair heykəli!...

Araz qırağında... üzü güneyə

Dilində “qardaş” harayı,

“Vətən”, “Birlik” nidası!

Dünyanın ən uzun ömürlü

heykəlləri

şair heykəlləridi,

Qorxunuz olmasın!

Başı buludlara dirənən!

Yurdun hər yerindən görünən!

Qolları Arazla Kür kimi...

Canlı olsun,

ürəyi döyünür kimi!

 

Bütöv bir qayada yonun heykəli,

Adsız-ünvansız,

Bir aşiq heykəli,

cünun heykəli.

Çəksin könlümüzdən bu dərdi-səri,

toplasın, qoy olsun qəmin heykəli!

Bu qayaya dönən kimdi, – sorsalar

Bir ağızdan deyək:

“Mənim heykəlim!...”

 

 

TƏRCÜMƏÇİMƏ

 

Məni bir ocağa, kəndə, rayona,

Bir dağ arasına,

dərə dibinə

Balaca vadiyə,

balaca yola,

Balaca dünyaya bağlama əsla!

 

Necə arzulasam, necə sevsəm də,

Köküm, uşaqlığım, xatirələrim

Ömürlük yazmağa bəs eləsə də,

Özümə qısılıb qala bilmədim.

Budaqdan asılan gecəquşutək

Bir evdən asılıb qala bilmədim.

 

Sən mənim dünyamın üfüqlərini

Axtarma siyasi xəritələrdə!

Mən orda bölünmüş,

əyalət, azlıq...

Kağızın üstündə parça-tikəyəm,

Siyasi xəritə – siyasətbazlıq!..

 

Mənim taleyimə kağız biganə,

Mən bu bölgülərə üsyan səsiyəm.

Mən öz istəyimlə, sözüm, ruhumla

Yurdumun bölünməz xəritəsiyəm!

22 fevral 1983

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.