Sarılmış belinə səhər yelləri... - Gülnaz Kutuyevanın şeirləri
11 May 2023 / 15:38
Gülnaz Kutuyeva
başqırd şairəsi, publisisti
1974-cü il yanvar ayının birində Başqırdıstanın İşkul kəndində dünyaya gəlmişdir.
Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Yazıları “İskra” rayon qəzetində, “Amanat” və “Yenşişma” gənclik almanaxlarında nəşr olunmuşdur.
Orta məktəbi bitirdikdən sonra Başqırdıstan Dövlət universitetinin Başqırd filologiyası və jurnalistikası fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində “Gül kimi açılaram” adlı şeir toplusu işıq üzü görmüşdür.
1996-cı ildən “Kitap” bədii və uşaq ədəbiyyatı nəşriyyatının redaktoru kimi çalışmışdır.
1998-ci ildə “Ayın sərhədləri”, 2002-ci ildə isə “Yağışlı küləklərin həsrəti” kitabları çıxmışdır.
2002-ci ildən “Aqidel” ictimai-siyasi jurnalının, sonra isə “Başqırdıstan qızı” jurnalının redaktoru olmuşdur.
2005-ci ildə “Başqırd əfsanələri və dastanları” mövzusunda elmi iş müdafiə etmişdir.
2006-cı ildə nəş olunan dördüncü – “Qəlbimin su zanbağı” kitabına görə “Şeyxzadə Babiç” mükafatına layiq görülmüşdür.
Türkiyədə keçirilən bir çox elmi və ədəbi konfranslarda iştirak etmişdir.
QIZ QALASI
Durmuşam önündə, xəyala dalıb,
Qəlbimi bir ilginc duyğu sarıbdır...
O hansı əsrdən yadigar qalıb,
Onu kim düşünüb, kim yaradıbdır?..
Tanrının lütfüdür cahanın özü,
O da bu cahanın şah əsəridir.
Xəzər sularının nur saçan gözü,
Odlar diyarının qürur yeridir.
Ona sığal çəkib illər, əsrlər,
Nəsillər dəyişib o vaxtdan bəri.
Başında buludlar, köksündə sirlər...
Sarılmış belinə səhər yelləri...
...Möcüzə dünyanın çöksə təməli
Bu Qala qalacaq, dəniz qalacaq!
Toxunmaz telinə zamanın əli,
Tarixdən tarixə təmiz qalacaq!
GÖY GÖL
Göy göl – təbiətin büllur damlası,
Hüsnünü görüncə zaman dayanır.
Yox olur dünyanın dərdi, davası,
Hər kəs məhəbbətlə adını anır.
Yaradan bizlərə bəxş edib onu –
Suları dumduru mavi piyalə.
Baxıb aynasında ağ simasına
Önündə baş əyir buludlar belə.
Zərif gülüş doğur məhəbbətimdən,
O bir zərrəsidir əbədiyyətin;
Günəşə yol gedən buxar kimiyəm –
Ömrümün bir anı həkk olub onda,
Seyrinə dalmışkən getmək çox çətin!
Hüsnünə bir daha baxıb uzaqdan,
Qərib bir quş kimi enirəm dağdan.
Göy göl – gözəlliyin mavi yaddaşı!
Həm duzlu, həm şirin – sevinc göz yaşı!
Əfsun camalına vurğun baxışlar!
Sənə hər bir könül sevgi bağışlar!
MARAL GÖL
Maral gölün məqsədi nə?
Durmuş könlümün qəsdinə.
Durnalar dalıb seyrinə...
Çıxıram mən yaşıl dağa,
Əhvalını soruşmağa.
Adı-sanı düşüb dilə!
Gəlmişəm min həsrət ilə.
Yel əsəndə gülə-gülə
Sahillərlə qərs eləyir,
Öz dilində nəğmə deyir...
Bu yerlərdə başqa həyat –
Ruhun sakit, qəlbin rahat.
Dərdi-qəmi başından at,
İncitməsin fikir-xəyal!
Təbiətlə baş-başa qal!
GÖZƏL NAFTALAN
Yaşıllıq içində
gözəl bir yer var.
Keçmişdən bu günə
qalmış yadigar.
...Deyirlər, nə vaxtsa,
xəstə və üzgün
bir dəvə palçığa
yıxılmış bir gün...
Sonunu gözlərkən,
camaat baxmış –
o dəvə sağalıb,
ayağa qalxmış.
Bu torpaq yox edir ağrı-acını,
tapır hər xəstənin öz əlacını:
dəri xəstəliyi, sümük ağrısı;
əlil də tullayır əl ağacını.
Naftalan – dərdlərin
dərman yeridir!
Şəfa ocağıdır,
loğman yeridir!
Tapılmaz tək bircə ölümə əlac,
Və ölən ümidin yoxdur çarəsi!
Sən ümidlə yaşa! Ulu təbiət
Sağaldar hər kəsi, sarar hər kəsi!
BU TÜRK QIZI
Sevimlimiz Qənirə Paşayevaya
Türk qızı... özünü odlara vurar,
Bu od torpağı da yaxıb qovurar.
Onun köməyinə görən kim gələr?
Dahamı güclüdür qara qüvvələr?
Bəlkə vardır onda elə bir qüdrət,
Haqqı dananlara olacaq ibrət.
Çəkilməz geriyə qorxub çətindən,
Susanlar inləyər xəcalətindən.
Xidmət etmək üçün öz millətinə,
Təmiz xilqəti tək ucalar göyə.
Ümid bağlayar o, gələcəyinə –
Bir gün arzuları çin olar deyə.
O, özü yaradar öz sabahını,
Aləmə nur-işıq saçaraq gedər.
İsidib qəlbini başqalarının,
Bağlı qapıları açaraq gedər.
Yaralı qəlbləri sağaltmaq üçün
Uzaq diyarlara körpülər salar...
Yanar atəşlərə çatmaqçün gücü
Özü atəş olar, özü od olar!
O, kökləri dərin göy türk ulusu,
Günəş amallıdır, şərəfli, duru!
Bizim arzumuzdur onun arzusu,
Allahım, sən özün bu qızı qoru!
TURAN
Şair dostumuz Ekber Qoşalıya
Fəth edərək qalaları
O, yazdı “Turan!” –
Bir kəlməylə könüllərdə
Taxtını quran!
Bir kəlməylə atəş olub
Göylərə dəyən!
“Ey Türk xalqı, qalx ayağa!
Birləşək!” – deyən!
Bir söz üçün həyatını
Verməyə hazır!
Millətinə qanadını
Gərməyə hazır!
“Ucalsın Türkün bayrağı!
Yansın ocağı!
Biz də rahat ola bilək,
Biz də rahat ölə bilək
Xoş zəfər çağı!”
ŞƏHİDLƏR
Rahat uyuyurmu haqq qurbanları
O təpə başınsa, sükut içində?
Ana duaları qorur onları,
Kəpənək qanadlı yellər uçanda...
Ölüm doy gəlmədi o igidlərə
Dəmir maşınlara sinə gərərkən.
Onlara güc verən, dəyanət verən
Bir namus borcuydu, bir Ana Vətən!
Onlar heykəl oldu haqqa o gündən!
Dedilər: “Düşməndə çox hiylələr var!
Əgər biz durmasaq namərd önündə
Dünyanı ilanlar, əqrəblər tutar!
Qoymayın zalımlar açsınlar ayaq!
Yalançı şahidlər gəlməsin dilə!
Ey mənim millətim, oyaq ol, oyaq!
Fitnələr yuvada boğulsun elə!
Bir qəfil zərbənin, qatı nifrətin
Şahidi – günahsız şəhidlərik biz!”
Məzar daşlarına baxmaq nə çətin!
Atəşlər içində yanır qəlbimiz!
GƏNCƏVİ
Yox dünyanın elə yeri –
Burdakı tək baş tacıdır şairləri!
Mən Gəncənin girişində
Salam-dua deyə-deyə,
Ehtiramla
Baş əyirəm mavzoleyə:
- Salam, şair!
De, necəsən?
Sənmi məni bu yerlərə gətirmisən?
Bir yuxumu? –
Bu yerlərdə dolaşdıqca tanımıram öz ruhumu?
Sənin müdrik surətində – bir dahilik nişanəsi!
Əmanətin – Leyli-Məcnun əfsanəsi!
Əldən-ələ,
dildən-dilə gəzir Xəmsən,
ucaldığın zirvələrə ucalmadı hələ kimsə!
Yazdıqların bir irs kimi nəsillərə qalacaqdır.
Ədəbiyyat dünyasına daim işıq salacaqdır.
Əgər desəm, daha şair deyilsən sən – əfv et məni!
Sən dühasan!
Bir düha ki, şöhrətiyə ucaldıbdır bu Vətəni!
NƏSİMİ
Bu necə baxışdır, qılıncdan iti!
İnsanı Allaha bənzədən adam!
Əsrlər dəyişib, o, dillərdədir –
Qanları donduran dəhşətli edam!
“Kafir! Sən Allaha şərik qoşursan?
Onun qarşısında nəkarəyik biz!
Günah içindədir insan doğuşdan,
Allahın quludur, miskin, çarəsiz!
Dilindən asılar, varsa “Mən” deyən!
İtaət etməyən olar canından!
Dərisi soyular görk olsun deyə!”
...Sən isə dönmədin öz amalından.
Ey böyük şairim, azadsan daha!
Sözün də, ruhun da nur içindədir.
Səni suçlayanlar batmış günaha!
Çəkdiyin çilələr qəlbimi didir.
...Keçir yüzilliklər, keçmir bu acı,
İncə misraları qəlblərə sızmış.
Bağlı könüllərə qapılar açıb,
Silinməz adını tarixə yazmış!
Həqiqət yolunda asılsa belə,
Hətta diri-diri soyulsa belə,
Dünyanın ən böyük bəxtəvəridir! –
Amalı uğrunda ölən – diridir!
YAŞA!
Azərbaycan! Bakı! Məni sehrləmiş məmləkət!
İgidliyin, comərdliyin sınağı!
Budur, indi buradayam, –
Gözəl odlar diyarının qonağı!
İndi qəlbim intizarda, –
Açılacaq bağlı qalan qapılar,
Əsrlərin naxışıdır,
Nəsillərin beşiyidir bu diyar!
Qanımız bir, canımız bir!
Necə asan nəfəs alır insan oğlu burada.
Adətimiz, həm dilimiz
Eyni olan insanların yurd saldığı bir ada.
Azərbaycan! Bakı! Necə çox sevirəm səni mən!
Yaşa, yaşa, daim yaşa!
Çiçəklən!
Azərbaycan dilinə tərcümə etdi: AFAQ ŞIXLI