Sənət və ədəbiyyat dərgisi

Hüzünlüyəm, çünki gedirsən - Antanas A.Yoninasın şeirləri

22 May 2023 / 16:34

Görkəmli Litva şairi, tərcüməçi. Vilnüs Universiteti filologiya faküləsində təhsil alıb (1971-1976). Uzun müddət “Vaqa” nəşriyyatında çalışıb (1976-1993),”Baltijos TV“də ədəbi proqramların aparıcısı olub. Litva Yazıçılar Birliyinin və Litva PEN Mərkəzinin üzvüdür, bir müddət birliyin sədri (2011-2018) vəzifəsində çalışıb.

1977-ci ildə ilk poetik kitabıyla (“Qaratoyuq kimi bir il”) debüt edib. Əsərləri onlarla dilə tərcümə olunub.

Hötenin “Faust”, Lessinqin “Müdrik Natan” əsərlərini litva dilinə tərcümə edib.

Bir xeyli nüfuzlu ədəbi mükafatlara, həmçinin Litva Sənət və Mədəniyyət Milli Mükafatına (2003) layiq görülüb.

Qəfəsdəki quş

Həbs olunmuşam

çubuqlardan

dörd divar arasında

görən bu dörd divar

mənim bu dörd divarım nə görür

nə görür ki, beləcə zillənib baxırlar bir-birinə

mənimsə başqa bir yerim yoxdur

Nə zamanı göstərən saatım var

nə məni göstərən aynalarım

bəs onda niyə və nəyə

eyham edir günahlandırır məni

bu suçsuz uşaq baxışları

Bax burda həbs olunmuşam səhərimlə bərabər

axşamlarım da mənimlə bu zindanda oynayır

bir damla yaş yanağımda üzüaşağı sürüşür

o əski saf musiqini

təkrarlayaraq

Axı bilirdim bilirdim ki

başqasını istəmirəm

axı bilirdim bilirdim

sən də istəmirsən başqasını

o gözəl arzu

indi burda həbsdədir

İstəmirəm

Xilaskarlarımdan istəyim yox

Himayədarlarımdan istəyim yox

İstəyənlərdən istəyim yox-

————————— Gözəl gündü

uzaqda bir dəlisov uşaq

kəllə vururdu

qar təpəciyinə

düşünürdüm ki mümkündür hələ

uşaqlığa qayıtmaq, uşaqca o qəzəbi

yenə duymaq,

amma ölmək

heç asan deyilmiş. Himayədarlarıma

inanmıram

əgər havalanmayıbsa başım

heç bir istəyim yox,

amma sən məni yenə də bağışla Rəbbim.

Şəhərdə payız

Utanırsan, gülümsəyirsən, quşarmudu allanır,

budur payız da küçələrə doğru sürünür,

sənət barədə fikirlər, mışyak kimi zəhərli,

zəhərli daş barədə fikirlər,

pilləkənlər arasında siqaret çəkirəm, radiomələyi

hönkürür, işıq sürətiylə ucuzlaşan

günlərimizin dəyərinə

ağlayır,

işıq öz işindədir, indi tələskən-tələskən silir damcıları

yayın molbertindən,

günlər axır daşqın çaylarda

köpüyü allanan sular kimi,

bozumtul asfaltda ülduzabənzər yarpaqlar sayrışır

sanki deyilməmiş sözdü ağızda vurnuxur,

zaman hər şeyi yuyub aparır, günahı da aparsaydı barı,

amma o da artıq yoxdur,

pəncərənin ağzında siqaret çəkirəm və daha səni tasın önündə

əyilən görmürəm, Veneram mənim,

orda uzaqda, dağ gölünün yanında, işıqların bərqində

sən yağışın yüngül niqabıyla yaşmaqlanmısan,

budaqların hörüyü arasından əllərini qızıla boyayır

tutqun buludlardan arabir sıyrılan günəş,

nə qədər görüşən addımlar var, nə qədəri rastlaşmayıbdı,

burda, keçmiş bələdiyyə binasının yanında,

nə qədər şəhvani arzuları aparır özüylə

ratlaşmayan addımların əks-sədası,

nə qədər deyilməmiş şeylər gizlənir bağlı qapıları arasında

şirniyyatçıların, bərbərlərin və apteklərin,

ağırdı günü dala qaytara bilməmək, ağırdı

günah kimi əldən verdinsə,

yenə də yaz şüşə kimi soyuqdu, bu dəfə

xatirələrin sandıqçasında, alabəzək məxmərdə,

sən yenə də dolaşırsan yağışın altında, quşarmudunun altında

ağlasığmaz bir şey gətir mənə

sevgilim…

Şeir yazılır

Mart, gözləntinin ağacı,

qırovu ərimiş budaqlarda

özünü hələk eləyən sərçələr-

solğun alp yamaclarında,

yazın divar yazıları

və əlinin içiylə

mənzərəinin masa kimi yastı səthində

təqt tutan

qışın səbirsizliyi,

aprel, təəssüf ayı,

hüzn və tövbə ağacı,

qara rüzgar gülü kimi dolaşalar,

minlərlə dolaşa,

eyni boyda dəmiyolu quşları,

bənd olubdur

tozlu qovaqlara,

may, nakam arzular ağacı,

kiçik xəyanət çiçəkləriylə örtülü,

düyünlü köklər arasında

xoşallanan vacib görünüşlü tovuz quşları-

lələkləri zəhərli ilahi atlar,

bir əlimdə dünyanın çəngi,

o biriylə mis simlərndə gəzişirəm,

səmayla danışıram,

köklərim caynağının iynəsiylə

ürkək-ürkək yeri cırmaqlayır

Oktyabr, qarçiçəyi

Ağac köklərinə dəyib-dolaşıb

gün keçir, axşamlar dağıdır südü

yuvası ağzına qarşıqaların-

saplaq tək daşıyır qarışqa günü

daşıyır günbəgün, daşıyır yenə,

günlər öz südündən kəsilir gerçək,

yayxanır payızın qucağına yay,

yamacda payızı gövşəyir inək;

açar qarçiçəyi oktyabrda, açar, valla açar, hələ vaxta var

amma ki dirçəlməz çəmənin beli,

səmanın əmcəyi dolur, hey dolur, sabahın qarıyla dolur beləcə,

sürüşür buz üstə qaçağan quşlar

don vurmuş budaqdan qovlayanda qış-

az qalıb onu da zaman qovlayar.

Narsisin dəyişməsi

O güzgüdür, boğulmaq üçün

onlar şahmat taxtasında

beton meydandakı kimi qaçışırlar

iblis qadını və qaranquşu udur

saatlar payıza hamilədir

və güzgü, boğulmaq üçün

geri dönürəm on il gecikməylə

gözlərim köz kimi işım-işım yanır

sən burulğanda boğuldun

ermitajları, arbatları gözləmədən

və güzgü, boğulmaq üçün

sən bu solğun dünyada yaşadın

zəhərli karatlarla ölçə bilməzsən onu

bu yerdə beşinci çevrədə olmaq lazımdı

Dantenin axtardığın dəhşətlərində

o güzgüdür, boğulmaq üçün.

 

Otaq

otaq vətənimdir

burda yuxuya gedirəm axı səninlə

açarlar qapıdadır

radio susur

bütün kadril və polkalarıyla

vətənim bu otaqdadır

zamanı gələndə burda da öləcəm

sən çobanın dağlara qoyunlarını

qovduğu qırmancı kimi çeviksən

hüzünlüyəm, çünki gedirsən

demək mən də kitaba qurşanacam

bizim barəsində susduğumuz

keçmişimizin kitabına

Tərcümələr Səlim Babullaoğlunundur

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.