Sənət və ədəbiyyat dərgisi

Mən elə bilirdim, qəlbində sirəm - İmir Məmmədlinin yeni şeirləri

08 May 2022 / 08:36

//gaxa.ge/Read/200276

İmir Məmmədli

 

C:UsersuserDesktop241434634_1173440406497439_1745934566732438947_n.jpg

 

GƏNCLİYİMDƏ SEVDİYİM GÖZƏL (ÇOX GÖZƏL)

BİR XANIMIN DİLİNDƏN

 

İmir, yadındamı,

O hündür təpənin düz ətəyində,

Qəflətən üzümdən öpmək istədin,

Mən geri atılıb

Dedim, toya qədər belə şey olmaz!

İndi pandemiya dövründə, həm də

Bu gündən sabaha ümid olmayan

Belə bir zamanda düşünürəm, kaş,

Dilim quruyaydı, yox deməyəydim.

Qolum qırılaydı,

İtələməyəydim səni kənara.

Sənə nə olmuşdu... Sən niyə zorla

Qucub da köksünə basmadın məni,

Niyə öpmədin?

İndi həmin öpüş dadıma çatıb

Bütün dərdlərimə çarə olardı...

 

 

 

 

İLK MƏHƏBBƏTİN TƏRSİNƏ ETİRAFI

 

Onu sevdiyimi hamı bilirdi,

Sir sözü yaymaqda gənclikdə cəldik...

Havalı gəzirdim artıq bir ildi,

Qəflətən məktəbdə üz-üzə gəldik.

 

Güclü həyacandan əsdi bədənim,

Karıxdım, bilmədim, indi nə edim.

Dedi, doğrudanmı sevirsən məni,

Onunçün ölürdüm, SEVMİRƏM dedim.

 

Dedi, bu necə eşq, bu necə oyun!?

Mən elə bilirdim, qəlbində sirəm...

Odu-budu, Allah, bir ömür boyu

Ona SEVDİYİMİ təsdiq edirəm.

 

 

 

 

METAMORFOZA

 

Mənim yadımdadır, gözəl Tiflisdə

Hərdən qənşərimdə tər çiçək kimi

Necə peyda olub, necə bitirdin.

İndi şəkilinə baxıb deyirəm,

O incə xanımı harda itirdin?

 

Uşaqha deyiləm, başa düşürəm,

Həyatda belədir hər şeyin sonu.

Unuda bilmirəm o qızı neyinim,

Bəlkə mən də gəlim, axtaraq onu.

 

Axtaraq Tiflisin küçələrində,

Günəşli günlərdə, çiskində, çəndə...

Amma sən yaşlı bir kişi görəndə

O cavan oğlanı soruşma məndən.

 

C:UsersuserDesktopsafe_image.jpg

 

 

TƏNHA QIZ

 

“Yar bizə qonaq gələcək, balam...” –

Oxuyur, kövrəlir, gözü dolurdu.

Amma bu misranı təkrarladıqca

Elə bil, tənhalıq bir az azalır,

Bir az solurdu.

 

 

 

 

 

ANAMIN HEYKƏLİ

 

Qəbrinin üstündə incə bir lalə --

Anama gül heykəl qoyubdu bahar.

Elə bil, qəflətən-- ay ana!-- desəm,

Bu çiçək çevrilib üzümə baxar.

 

 

 

 

 

ANAMLA GÖRÜŞ

 

Anamın qəbrinə baş çəkdim, amma

Çiskinli havada məzarlar fağır...

Baxıram anama, anamsa mənə

Çöhrəsi islanmış şəkildən baxır,

Deyir, əynindəki nimdaş pencəkdi,

Sənə soyuq dəyər, get yağış yağır...

 

 

 

 

GƏLƏCƏYİN UŞAQ BAĞÇASI

 

Bir uşaq bağçası gördüm mən, canım,

Bina bomboş idi, içinə vardıq.

Soruşdum: Bağçanın uşağı hanı?

Dedilər: Uşaqlar böyüyüb artıq.

Anlaya bilmədim belə gərdişi,

Otaqlarda olan boşluqdan qorxdum.

İzah elədilər: Zaman dəyişib,

Böyüyən uşağın uşağı yoxdu.

 

 

 

 

XXX

 

Elə bil, o taya keçmişdi bərəm,

Qənşərimə çıxdın,

Bu da bir oyun...

Mən səni

Sənin

Həyatın boyu sevə bilmərəm,

Mən səni sevəcəm həyatım boyu.

 

 

 

 

 

BİRCƏ DƏFƏ

 

Həyat bircə dəfə təkrarlanaydı!

Səhvlərimizi düzəltmək üçün yox,

Səhvləri yenidən yaşamaq üçün

Təkrarlanaydı!

 

 

 

 

 

XXX

 

Sən demə yatırdın şüuraltıda,

Qəflətən qaytardın zamanı, vaxtı,

Elə bil dərdimin sükunatında

Göylər guruldadı, şimşəklər çaxdı...

 

 

 

 

 

 

QIRX İLDƏN SONRA

 

Sən mənə yazırsan...

İmirəm, amma

Sənin tanıdığın İmir başqadı.

Səhər çıxan günəş qalmır axşama,

İki İmirin də eynidir adı.

Vaxt-zaman özünü yamanca sıxır,

Heç yoxmuş dözümü bu ayın, ilin.

Ölüb gedənlərin qırx günü çıxır,

Qırx ili çıxıbdır həmin İmirin.

............

Mən sənə yazıram...

Sözümə küsən...

Dəqiq göstərirəm öz ünvanımı.

Bilirəm...

Bilirəm, o qız deyilsən,

Amma tanıyırdın sən o xanımı...

 

 

 

 

 

YAZ YAĞIŞI

 

Birdən buludlaşdı, göy guruldadı,

Otlar buludlardab damcı çəkdilər.

Uca dağ başında al şimşək çaxdı,

Elə bil, zirvəyə qamçı çəkdilər.

 

 

 

 

SÖZÜNÜ SÜKUTUYLA DEYƏN ADAM

 

Eh, oldum, olmadım, hamısı birdi,

Hər yerdə,hər zaman özgəyəm, yadam...

...Sözünü necə də gözəl deyirdi

Kənarda kirmişcə oturan adam.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.