Sənət və ədəbiyyat dərgisi

Keçmiş sevgiliylə ayrılan zaman​ - Vladimir Semyonoviç Korotkeviçin şeirləri

07 İyun 2022 / 09:20

Vladimir Semyonoviç Korotkeviç

 

Keçmiş sevgiliylə ayrılan zaman​

Ona gedən yolu unudur insan,​

Lakin öz yuvanı sevə bilməzsən​

Siyah sarğı ilə qulaqlarında,​

Siyah sarğı ilə dodaqlarında,​

Siyah sarğı ilə göz qapağında.​

 

 

Yalan kəlmələrlə toxunma, aman!​

Siyah əməllərlə doğma torpağa.​

Bu həyatı yalnız​ ona borclusan​

Taleyin bağlıdır ona doğuşdan.​

Bənzəri tapılmaz onun dünyada.​

 

***

 

Var idim. Varam mən. Var olacağam.​

İçimdə bitməyən sonsuz təlaş var.​

Çünki milyonlarla insan yerinə​

Ürəyim yarılır, mən nigaranam.​

 

Tarlalar şumlayan, dəmirlər döyən,​

Göyləri, dənizi yarıb, ram edən,​

Ölümlə çarpışıb,​ azadlıq seçən,​

Heç kimə heç zaman boyun əyməyən,​

İnsanlıq uğrunda daim döyüşən,​

Dipdiri yanaraq, küllərə dönən,​

Qorxmadan vətəni xilas eyləyən,​

Göyə dava açıb, ölümə gedən,​

Meşədən, səngərdən üsyan eyləyən

İnsanın yerinə narahatam mən.​

 

Ölümlə təkbətək vuruşa gedən,​

Gələn nəsillərçün parlasın deyə

Üfüqdə uca bir məbəd tikdirən,​

Qanından son damla olsa da verən,​

Ömrünü vətənə fəda eləyən,​

Səmaya mələktək uçub yüksələn

İnsanın yerinə narahatam mən.​

 

Qoy eşqin, şəfəqin sərhədlərində

Ulu yurdumuzun zirvələrində

Yanıb işıq saçsın, daim ucalsın

Tanrının nəzəri Belarusdadır

​İnanın, xalq sözü hikmətlə dolu​

Bu həqiqət ilə şeh parıldayır​

Sonsuz yallı gedir ulduzlar göydə​

Bu həqiqət ilə doludur yer də.​

Doğma əcdadımın nəsihətində,​

Xalqımın fikirlər xəzinəsində​

Sonsuz həqiqət var ağac səsində​

Palıd yarpağının zümzüməsində

Həqiqət səmada, göyqurşağında,​

Rənglərin yerlərə qovuşmasında.​

Qoy bu həqiqəti dananlar olsun!​

Desinlər: şairdir, qafiə qoşur!​

Ancaq belə sadiq dostlar harda var?​

Belə gözəl qızlar harda tapılar?​

Burda qəlblər geniş, qapılar açıq,​

Bu vətən evindir, dua yerindir,​

İyirmi min çayın​

On bir min gölün​

Sənin məmləkətin!​

Onunla öyün!​

Bizim süfrə açıq dosta, sirdaşa

Yanğınlar söndürən​

Gücümüz vardır​

Tanrının məskəni Belarusdadır.

Qoy burda yaşasın,​

Bizimlə qalsın!​

Əgər bir gün biz də qəzəbə gəlsək,

Göylərdən ildırım birdən parlasın​

Uca ağacların üstünə çatsın,

Xırda ağaclara qoy toxunmasın​

Bülbüllər oxuyur səhərəyaxın​

Tanrının məskəni Belarusdadır​

Qoy burda yaşasın, bizimlə qalsın!​

 

 

​ ***

 

İmarətlər mənim nəyimə gərək?​

Burdadır yeganə məskənim mənim.​

Burda hər bir qarış torpağın altda

Uyuyur əcdadım, əsgərim mənim.​

 

Qılıncla nizələr yadigar qalıb

Bir də nəsihətlər susmuş dodaqda

Burda yaşayırıq, yolumuz təkdir  -

Sadiq qalmalıyıq biz buralara!​

 

***

 

Döyüşdə şeirdən güclü heç nə yox

Yaddaşı yaşadan şeirdir əlbət.​

Şairlər həyatda daim qalacaq​

Mahnıları əgər səslənəcəksə.​

Göylərə simurqu uçurduramsa,​

Ən gözəl nağılı bitirmədən mən,​

Deməli, hələ mən yaşayacağam

Yenə də, bir daha, sonsuza qədər!

Dənizlər, ulduzlar əbədiyyəti

Mənimlə yaşayıb yaşadacaqlar.​

Onların işığı saçmasa belə,​

Məni yaşadacaq Belarus hələ!

Bilməm soyuq axşammıdır qışdan yadigar,

Yoxsa payızmıdır yağışlarıyla?

Səninlə küçədə görüşdüyüm an

Dizlərim titrəyir, qorxuram yaman.

Yəqin hələ sirri açmayacağam

Gör bir bu ürəyim necə döyünür!

Bülbüllər oxuyur nəğmələrini

Siqaret çəkirəm axşamsa çökür.

Susuram, dinmirəm gün yenə keçir

Bülbüllər səadət nəğməsin deyir,

Əbədi iztirab çəkirlər yenə.

Nə olar əlini mənə uzatsan?

Dizlərim titrəyir, qorxuram yaman.

Sübh çağı sevgimdən necə danışım?

Bülbüllər şeh içrə nəğmə deyərkən

Sənin cavabını necə eşidim?

Dizlərim titrəyir, qorxuram yaman.

Deyəsən hələ mən çox susacağam.​

 

***

 

Göy səma al rəngə bürünməkdədir,

Külək yorğun əsir, bir yarpaq düşür.

Yavaşca uzaqda çılpaq budaqdan

Quşların səsiylə günəş görünür.

 

Ağaclar yellənir, budaqlar əsir

Yamacdan səmaya tozlar sərpilir.

Uzaqdan yol tutub atlı araba

Harasa çatmaqçun yaman tələsir.

 

Görən nə axtarır uçan sığırçın?

Hansı yurda doğru üzünü tutub?

Gərək isti ocaq tapsın özünə

Bişən çörək ətrin deyəsən duyub

 

​ Tərcümə: Aydan Xəndan

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.