Sənət və ədəbiyyat dərgisi

Yazıçıların obrazları canlandırılan filmlər

03 İyun 2022 / 07:50

Yazarlı filmlər

 

Kino sektoru çiçəklənmə dövrünə qədəm basandan ədəbiyyatla iç-içədir. Hətta film ulduzlarının gerçək həyatlarından çox ədiblərin həyatının ekranlaşdırılmasına üstünlük verilir.

 

İncəsənət xadimləri və ədəbi tənqidçilər tez-tez bu iki sektoru rəqib kimi təqdim etsə də, ədəbiyyata və yazarlara həsr olunmuş filmlərin tələb gördüyü, sevildiyi göz qabağındadır. “huffingtonpost”un redaktorları da bu yüzillik müqayisə və müzakirəni bir kənara çəkib, kino və ədəbiyyata ortaq bir yerdən baxıb və ərsəyə gələn izlənilməli nümunələri toplayıb. Bu filmlərin əsas üstün cəhəti isə sevdiyiniz yazarların həyatı ilə bağlı açılmamış sirr, diqqət çəkilməmiş nüans qalmır. Yazarların baş qəhrəmanlar olduğu filmlər:

  • “Sevdiklərini öldür” (“Kill your darlings”) – Allen Qinzberq, Uilyam Barrof və Cek Keruakın tanışlıqları, ictimai təzyiqlər və ədəbiyyata qovuşan yollarından bəhs edən filmdə yazarların həyatını sıralamaya uyğun olaraq, aktyorlar Daniel Redklif, Ben Foster və Cek Hyuston canlandırıb.

 

  • “Nora” – Ceyms Coysun şəninə dillər əzbəri olan şeirlər yazdığı, sonralar isə evliliyə uzanan yolda yoldaşlıq etmiş sevgilisindən bəhs edir. Əslində, çörəkçi qızı Noradan çox Ceyms Coysun dünyası, həyatı, ədəbi çevrəsi, yazı prosesi ilə tanış oluruq. Ədib obrazına aktyor Evan MakQreqor həyat verib.

  • Yəqin ki, Kristofer Plummerdən Tolstoy yaratmaq heç də çətin olmayıb. “Sonuncu qatar” (“The last train”) filmində Plummer sadəcə obraz yaratmayıb, Tolstoy kimi yaşayıb.
  • Virciniya Vulfun daimi gərgin, depressiv ruhunu canlandırmaq üçün bir çox aktrisa sınaqdan keçirilib. “Saatlar” (“The hours”) filmində Nikol Kidman ağır qrimlənməyə məruz qalsa da, Vulfun emosional ruhunu olduqca uğurla ötürə bilib.
  • “Poçtalyon” (“İl postino”) bu siyahıda yəqin ki, ən məşhur filmlərdəndir. Çilili şair Pablo Nerudanın siyasi sürgün həyatı yaşadığı adaya məktub aparan poçtalyonla qurduğu möhkəm dostluq fonunda şairin mənəvi dünyasına, ideyalarına işıq tutan filmdə baş qəhrəman obrazını aktyor Filip Noyrenin canlandırmasına şəxsən yazıçı özü qərar verib.
  • Franz Kafkadan yazmaq, onu oxumaq, həzm etmək ədəbiyyatın “çətin”ləri sırasındadır. Steven Şoderberq isə bütün çətinlikləri gözə alıb, yazarın həyatını bioqrafik qəliblərdən uzaq nüanslar üzərindən irəliləməklə ekranlaşdırıb. “Kafka” filmində baş rolu aktyor Ceremi Ayrons canlandırıb. “Kafka” filmində baş rolu aktyor Ceremi Ayrons canlandırıb.
  • “Görünməz qadın” (“The invisible woman”) eyniadlı kitabında Kler Tomali yazıçı Çarlz Dikenzin şöhrət zirvəsində ikən tanışdığı Nelli Ternan ilə yaşadığı məhəbbət macərasının pərdəarxasına işıq tutub. Filmdə bütün ictimai nüfuzunu zədələyəcək “gizli və qadağan olunmuş məhəbbət”dən uzaq dura bilməyən ədib rolunu aktyor Ralf Fyennz ustalıqla ifa edib.
  • Qadağan olunmuş məhəbbətlər ekranlaşdırılarkən Silvia Platsla Ted Haqsın ülvi və müqəddəs eşqi kənarda qala bilərmi? Əsasən, Silvia Platsın ön planda durduğu “Silvia” filmində baş rollara Daniel Kreq və Qvinet Peltrou həyat verib.

 

Şərqin “Kafka”sı Sadiq Hidayət

 

İran ədəbiyyatında çağdaş nəsrin banilərindən, regional ideyanı dünyəviliyə qovuşduran yazıçı Sadiq Hidayət Şərqin “Kafka”sı kimi təqdim edilir. Həyatı haqqında ilk nəzərə çarpan məlumatlar depressivliyi və tiryək aludəçiliyi haqqındadır. Pəhləvi, sanskrit dilləri üzrə mükəmməl bilgisi, rəssamlıq bacarığı ilə həmsöhbətlərini heyrətləndirən, bütün bədii istedadını ölkəsinin folklorunu dünyaya tanıtmağa, İran ədəbiyyatını dünya ədəbiyyatının çağdaş axınlarına qoşmağa sərf edən və bütün bunların qarşılığını senzura ilə, siyasi təzyiqlərlə alan Sadiq Hidayət də təəssüf ki, layiq olduğuna sağlığında sahib olmamış nakam söz ustalarındandır. Bu il “kirkus” oxucularının “100 dünya insanı” siyahısında yer verdiyi Sadiq Hidayət haqqında:

  • Seyyid Əli Cəmalzadədən sonra İran ədəbiyyatının ikinci ən nüfuzlu maarifçisi hesab edilir.
  • Hassan Qaemian tərəfindən toplanaraq, sərgilənən tabloları “gələcəyin rəsmləri” adlandırılır.
  • Özünü hər zaman dünyanın axışına ayaq uydura bilməmişlərdən hesab edib – “Nə bir vəzifəm var, nə də bir işəyarar diplomum”.
  • Zəmanəyə qatı və öldürücü ironiya ilə düşmən kəsilənlərdən idi – Əsas odur ki, itaətkar və çoxüzlü olun, insanlara tez həmsöhbət olun, süni təbəssüm inkişaf etdirin. Dövr üçün belə şeylər şərtdir, ayaq uydurun.
  • Ölkəsinin geriləməsinin əsas səbəbi kimi gördüyü monarxiya və dindar sinfi tənqid etdiyi üçün bütün əsərləri qadağan olunub.
  • 25 yaşında Parisdə bir sahildə suya atılaraq, intihara cəhd edib. Lakin hadisəni görən bir qayığın köməyi ilə xilas olub – “Daimi ölüm arzusunun səbəbi heç bir yerə aid ola bilməməkdir”.
  • Ölüm Sadiq Hidayətin əsərlərində ən zərif, ən xoş, ən bədbin mədhiyyələrlə təsvir olunur – Həyat bir aldanışdır, bizi ölüm xilas edir. Ölümün yalanı yoxdur.
  • 1951-ci ildə Parisin ən gözəl evlərindən birini kirayələyir, bütün dəlikləri tıxayıb, qaz balonunu açır. Əlyazmalarını yandırır, çimir və yeni paltarlar geyinib, ölür – Gözlərimi sabaha bağlamaq, keçmişi unutmaq istəyirəm.
  • Ədib Fransada, “Pere Lachaise” məzarlığında dəfn edilib.

 

Romanın içində yaşamaq?!

 

Haruki Murakami dövrün bəlkə də, ən geniş oxucu auditoriyasına sahib yazarlarındandır. Onun yaradıcılığından üçüncü romanla tanış olduqda artıq ilk baxışdan seçilən cəhətləri tutursunuz – itmiş pişiklər, küçə pişikləri ilə həmsöhbət olan obrazlar, əsrarəngiz qadınlar, musiqi ilə beynini pozmuş insanlar və s. Belə xüsusiləşmiş obrazları ilə Murakami təkcə yapon ədəbiyyatının yox, ümumilikdə dünya ədəbiyyatının “özünəməxsus” ədiblərindən biri kimi təqdim edilir.

 

 

Bəli, “Bustle” oxucuları üçün hazırlanmış bu məqalədə Murakami romanlarının gündəlik həyatımızla qarışıb, insana “dejavu” hissi aşılayan situasiyalarından danışılır. Yoxsa siz hələ də bir Murakami romanı oxumamısınızmı?! Bəlkə də, həyatın içindən olan bu səhnələr sizi həvəsləndirəcək. Məqalənin tam mətni ilə “bustle.com”da tanış ola bilərsiniz.

  • Ən yaxın dostunuzun sizinlə münasibətini birdən-birə kəsməsi – “Nə olduğunu başa düşmürsünüz və qalan həyatınız boyu bunun səbəblərini düşünürsünüz. Səbəbi bilmədiyiniz halda, özünüzü günahlandırırsınız”. (“Tsukuru Tazakinin həcc illəri”)
  • Küçə heyvanları ilə dərdləşmək – “İnsanların arasında narahatsınız. Hətta o qədər uzaqsınız ki, küçə pişikləri ilə anlaşdığınıza inanırsınız. İşin qəribə tərəfi odur ki, onlar da sizə cavab verir və bu heç də qəribə görünmür” (“Kafka sahildə”).
  • Sevgiliniz və sevimli pişiyinizin sizi tərk etməsi – “Sizdən qəribə şeylər tələb edən bir qadın girdi həyatınıza. Bu işlərin sonu çox zaman xeyirli olmur” (“Küləklə sovrulan quşun salnaməsi”)
  • Düşünüb, rahatlamaq üçün paltar ütüləmək – “Fikirləri qovmaq, ya da sahmanlamaq üçün paltar ütüləyirsiniz. Çünki bu ritmik hərəkət beyninizi dincəldir” (“İmkansızlıq nəğməsi”).
  • Kişilərin yaşda böyük qadınlara meyl etməsi – “Tez-tez özünüzü yaşda böyük xanımlarla münasibət içində tapırsınız. Onların əsas ortaq cəhəti və üstünlüyü sizi sıxma-boğmaya salmamaları və düşüncələrinizə müdaxilə etməmələridir”. (“1Q84”)
  • Paralel dünyaya inanmaq – “Geridə qalan həyatınızda nə qədər xoş hadisə və insan varsa, bir gün hamısının bir evdə toplanıb, sizi başqa bir dünyada gözləyəcəyinə inanırsınız” (“1Q84”).

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.