Sənət və ədəbiyyat dərgisi

Bizdən küsəcəklər, ya özlərindən? - Nurəngiz Günün şeirləri

02 İyun 2022 / 15:45

NURƏNGİZ GÜN
 


 

SALAM ÇÖRƏYƏ, GÜLƏ, GÜNƏŞƏ

 

Salam sənə, İnsan!

Salam sənə, doğma yurd!

Doğma lisan!

Salam sənə, ən ulu eşq!

Bu torpaq!

 

 

Salam sənə, odlu diyar!

Yanar çıraq!

Salam sənə, anam!

Can yadigarım!

Salam sənə, nakam sevgim!

Rüzgarım!

Salam sənə, bircəciyim!

Evladım!

Salam sənə, kövrəkciyim!

Qanadım!

Salam sənə, dünyam!

Sərhədli dünyam!

Salam sənə, dumanlı, dərdli dünyam!

Salam sizə, dərin-dərin dəryalar!

Salam sizə, yalqız, yalçın qayalar!

Salam olsun, salam!

Bir də sizlərə -

Salam olsun, Təbrizli əzizlərə!

Salam olsun, ulduzlara, atəşə!

Salam, bir də çörəyə, gülə, Günəşə!..

                                                                                                                                             

1979

 

 

MƏNİM EŞQİM

 

Mənim eşqim rüzgarlardır -

dağ tanımaz, dərə bilməz.

Mənim eşqim ilk bahardır -

sevincləri saya gəlməz.

Mənim eşqim azad quşlar -

nə bənd bilər, nə də çəpər.

Mənim eşqim qaranquşlar -

ruhuma müjdələr səpər.

Mənim eşqim al səhərlər -

çiçəklər huşun itirər

Mənim eşqim ağ kəhərlər -

Təbrizə təbrik yetirər.

Mənim eşqim atəş, ocaq -

Novruzgülüm qızınacaq!

Mənim eşqim qucaq-qucaq -

Anam torpağa qonacaq...

 

2013

 

 

 

İNSANLARSIZ NƏYƏ LAZIMSAN, DÜNYA

 

İnsandır şeirimin

              ilki və qurtaracağı.

İnsandır şeirimin

               Odu, ocağı.

İnsandır yer üzünün

               Çiçəklərdən əzəl bəzəyi.

İnsandır, insandır

               Şeirimin rişəsi, özəyi.

İnsanların hamısı-

               cavanı da, qocası da,

               qarası da, sarısı da,

İnsanların azadı da,

              dustağı da,

narahat ömrümün döyüntüsüdür,

İnsandır düşüncəm də, nəfəsim də.

İnsandır nəğməm də, titrəyən səsim də..

İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?

İnsanlarsız nəyə lazımsan, dünya?

 

1981

 

 

ULU NƏNƏM, GÜN XANIM, HEY!...

 

Bu torpağın öncə Günəşi doğub.

Bu torpaq sarı tellərdən yoğrulub.

Bu torpağın ulu nənəsi Gün xanım olub...

Gün xanım, Günəş xanım!

Andım, tanrım, imanım!

Yadındamı,

tellərindən bir cüt hörük toxudun,

bağışladın anama?

Hə, bax onu deyirəm, ey!

Allah apardı, getdi...

O telləri bu torpaqdan

uf demədən,

zorla qopardı, getdi.

Gün xanım, Günəş xanım!

Gözəlim, mehribanım!

O titrək əllərinlə

titrək kirpiklərimə

bir yol sığal çək!..

Yoxsa, yoxsa...

göz yaşlarım... donacaq,

qırov tutacaq onları...

Gün xanım, Günəş xanım!

eşqim, duam, qızıl banım!

Uzat sarı tellərini,

uzat, əllərim çatmır.

Uzat, uzat, sarıl mənə,

sarıl mənə, çək məni,

çək məni, apar məni.

Agah ol! Çatarsam,

odundan ovuc-ovuc udacağ

am...

Boğazımda qurşun qalacaq, Günəş!

Ləçəyinin istisinə... möhtacam...

Eşidirsənmi, ulu nənəm, hey!

Gün xanım, Günəş xanım!

Sapsarı xanımanım!    

 

1983

 

 

 

TORPAQ YUXULARIM

 

Qayıtdım bu torpağa.

Bu torpağa dönüncə

dizlərim titrəyir...

Bu torpağın önündəyəm. Eləcə mil durmuşam,

dil tutulub, nəfəs təntiyir.

Bu torpaqda nələr tapdım, nələri itirdim!

 

Bu torpağın üstündəki yuxularımda,

Ağappaq örtüyümdə ağappaq gəlin olub,

tutulub-dolub,

bir rüzgarın tilsiminə əsir düşdüm.

Bir çiskini yağış bilib, bihudə üşüdüm.

 

... Bu torpağın üstündən Araz adlı bir çay axar –

Qubar dolu suyundan hönkürüb şərbət içmişəm.

Kənarında dəmir çəpər var!

Bu çəpərin küncündə ölmək üçün

üç arşın yer seçmişəm.

Bu çəpərin küncündə atamın ləpirləri!

Bu çəpərin küncündə anamın həsrət əlləri!

Bu torpaqda nələr tapdım, nələri itirdim.

 

Bu torpağın üstündə bir qoşa məzar var –

Bürünüb göz yaşına,

sərilib soyuq daşına,

bu candan ruh çıxınca,

tabım, tavanım çatınca

içim yanar, yaxılar.

 

Biri atam, biri anam!

Vardı, vardı! Vallah, vardı!...

Hər ikisin bir uzun, zalım yuxu apardı.

Əlim əllərindən qəfil düşdü.

Yerdə qalan nə idi ki! Uşaq könlüm!

O da fəğan qoparıb,

haqsızlıqdan büzüşdü...

Bu torpağın içindəki yuxularımdan

zərif, kövrək, bir ağappaq ömür sürüşdü...

qara sellər apardı...

Bu torpaqda nələr tapdım, nələri itirdim!

1983

 

 

 

QƏFƏS BÜLBÜLÜ

 

...Pulum olmasaydı,

              ala bilərdimmi

              bu qəfəs bülbülünü?

Düz bir il əvvəl

              itiribmiş

              çəmənini, gülünü.

Bir mahir ovçunun

              şikarı bülbül!

El içində sevdalı eşqinin

              aşkarı bülbül!

Uç, uç!

Aldım bu qəfəsi,

açdım bu qəfəsi,

Açdım və buraxdım səni.

Uç, uç!

Geniş ormanlar yaxşıdır.

Baxma ki, pələngi, aslanı var.

Uç, uç!

Ormanlar bir yaşıl nağılın yağışıdır...

Pulum çatdı

               bu biricik qəfəs azadlığına.

Və əgər,

İşdi-şayəd,

           pulum daha çox olarsa,

onda açıb buraxacam

dünyadakı

bütün

        haqsız

               qəfəs düçarlarını!

 

1979

 

 

 

MİN İL SONRA

 

 

Görən

min-min illər indən sonra

Neytron qorxusundan

maya çəkmiş körpəcələr

Necə, nə cür düşünəcək,

arxamızca nə deyəcəklər?

Lüğətləri olacaqmı?

Lüğətlərində

“müharibə”,

            “eşalon”,

                        “talon”,

“Zəmanət”,

            “əmanət”,

                        “əmanət kassası”,

Yaxud, tutalımsəbr kasası” – xülasə,

bənzər daha başqa-başqa sözlər

yurd salacaqmı?

Min il sonrakı uşaqların

Oyuncaqları olarsa,

Oyuncaqlara başları aldanmazsa?

Görən

ətli, büzük dodaqları

            yenə də sallanacaqmı?

“Məhkəmə”, “Akt”, “İnfarkt” –

Yəni belə-belə zarafat

Gedib onlara çatmaz ki,

Sallanmaz ki, ömürlərindən?

Görən min-min illər

İndən sonrakı körpəcələr

Bizdən küsəcəklər,

            Ya özlərindən?

11982

 

 

MƏSƏLƏ 1983

 

“Cəbri-üsul”, “Cəbriyyətun”. “Əl-cəbr”, “Alqebra”.

       Çətinmiş, çətin. Mən hara, bunlar hara?

       Əlqərəz, “Cəbr”.

       Səbr elə, səbr.

       Əvvəl böl, sonra vur, indi çıx.

       İndi də bir-birinin üstünə gəl.

       Əngəldir, əngəl.

       Bir yandan da bu kəsr!

       Nəfəsimizi kəsir!

       Hələ bu harasıdır?

       Məsələnin yarısıdır.

       Çox şeyləri anıram,

       yüzdə biri qanmıram.

       Bax bu 100, bu da 1.

       Yəni rəqəm-100, başında tir,

                üstündə  bir.

                Bax, bu cür:1/100

       Tapdım təsəlli,

        beləymiş həlli:

                  Yuxarıdakı ömür,

                  altdakı qayğı.

Vay səni!

Heç bilməmişəm, nə yaxşıymış uşaqlıq çağı?..       

1983

 

 

 

 

 

 

BOŞLUQ

 

Bomboş bir səssizlik,

bomboş...

Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss, nə səs!

Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?

Atım sizə qalsın. Qaytarın qamçımı!

Qamçılamaq istəyirəm

bu boşluğu!

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.