Sənət və ədəbiyyat dərgisi

Gözün yuxudan sərxoş - Şatir Abbas Səbuhinin şeirləri

08 Fevral 2023 / 11:07

Filoloji tərcümə

 

ŞATİR ABBAS SƏBUHİ

(1835-1893)

 

 

            Qacarlar dövrü fars klassik şeirinin ən görkəmli nümayəndələrindən biri olan Şatir Abbas Səbuhi 1835-ci ildə Qum şəhərində dünyaya göz açmışdır. Həyatı barədə ətraflı məlumat yoxdur. Bir müddət Qumda çörək bişirməklə məşğul olmuş, daha sonra Tehrana gəlmişdir. Olduqca incə ruha malik füsunkar şeirlər müəllifi olan şair Səbuhi təxəllüsü ilə yazıb-yaratmışdır. Deyilənə görə, hətta savadı belə olmamışdır, çörək bişirə-bişirə bədahətən qəzəllər söyləyərmiş. Ramazan ayı ilə bağlı yazdığı qəzəl olduqca məşhurdur və ramazaniyyə janrının ən mükəmməl nümunələrindən sayılır. Yaradıcılığı qəzəl, qitə, rübai, dübeyt və s. klassik janrlarda yazılmış şeirlərdən ibarətdir. Şatir Abbas Səbuhi 1893-cü ildə Tehranda vəfat etmişdir.

 

QİTƏLƏR

 

 

Deyirlər ki, əqiq susuzluğu aradan qaldırar.

Mən əsla bu xəbərə (məlumata) inanmaram.

 

Zira ki, mən yarın ləl dodağının əqiqini

nə qədər çox öpsəm, bir o qədər çox susayıram.

 

***

 

(Yar) əlini üzünə tutaraq (üzünü gizləyərək) məni yandırdı.

Bu yanmaq hikmətdən uzaq deyil.

 

Günəşin əksi büllurun ardından

hansı yerə düşsə, (oranı) yandırar.

 

 

RÜBAİLƏR

 

 

Bir tərəfdən sübh hicabını götürdü (günəş doğdu).

Bir tərəfdən də mənim nigarım niqabını aldı.

Əgər qiyamət deyilsə, bəs niyə

bir tərəfdən ay, bir tərəfdən də günəş peyda oldu?

 

***

 

Sənin gözlərin fitnə ilə döyüşə gəlmişdir.

Qaşın Firəngi qarət etməyə gəlmişdir.

Nalə sənin qəlbinə əsla təsir etmədi:

Bu yerdə oxumuz daşa dəymişdir.

 

O nabat parçası (şirin gözəl) əlinə qəhvə alanda

üzünün əksindən qəhvə dirilik suyuna dönər.

 

Onun üzünün əksini qəhvədə görüb dedim:

Zülmətin içindən günəş çıxmışdır.

 

Bu gün Allahın Aslanının – Nəcəf Şahənşahının doğuluşu ilə

Kəbə evi şərəfləndi.

Sədəfdən Məhəmmədin zatından başqa

Heydərin zatı kimi bir yeganə gövhər vücuda gəlmədi.

 

Əlində məkik bir dərzi oğlan var idi.

(Ona) dedim ki, bizdən alıb apardığın könül haradadır?

Dedi ki, sənin könlün mənim əlimdə qan oldu.

Əgər ondan bir əsər-əlamət istəyirsənsə, yoxdur.

 

Ey İsa nəfəsli xaçpərəst dilbər!

İstəyirəm ki, bir gecə çəkinmədən mənim yanıma gələsən.

Gah paltarının qolu ilə yaş gözümü siləsən,

gah da yaş dodağını qurumuş dodağıma sürtəsən.

 

DÜBEYTLƏR

 

 

(Yarın) saçına əl vurdum. Gecə idi, gözün yuxudan sərxoş (olmuşdu).

Üzündən niqabı açdım ki, gün çıxsın.

 

Dedim: “Günəş çıxdı, ayüzlüm, oyan!”

Dedi: “Mən qalxmayana qədər günəş hara qalxır?!”

 

***

 

Ey zəncir saçlı (buruqsaç), saçının nə qədər halqası (buruğu) varsa,

ürəyimin də sən sitəmkardan bir o qədər gileyi var.

 

Mənə dedin ki, dodağımdan kam almaq üçün səbir göstər.

Axı, ey daşürək, bu ürəyin nə qədər hövsələsi olsun?

 

***

 

Rəssam sənin rəsmini çəkdi və səhv çəkdi.

Günəş çəkmək yerinə ay çəkdi.

 

Həzrət Yusifin gözəlliyi namuslu olduğuna görədir.

(Bu namusluluq) onu quyunun dibindən sultanlıq zirvəsinə çəkdi.

 

***

 

Nə oldu ki, gül çöhrənin üstünə gülab tökürsən (ağlayırsan)?

Günəş kimi üzünün üzərinə ulduz yağdırırsan?

 

Minlərlə göz sənin üçün göz yaşı tökməkdədir.

Sən niyə köpük kimi (yumru) göz yaşı tökürsən?

 

***

 

Ceyran kimi ürkək yerişlilərin (gözəllərin) həsrətindən öldüm.

Onları nə üsulla tələyə salacağımı bilmirəm.

 

Dünyadakı gözəl üzlülərin palçığı yoğurularkən (Tanrı onları palçıqdan yaradarkən)

həmən palçığın içində bir daş var idi ki, o da (onların) ürəkləri oldu.

 

Fars dilindən tərcümə edən: Məhəmməd Nuri

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.