Bədənimdən elə hey bir çığır uzanır - Qönçə Özmənin şeirləri

29 İyul 2022 / 09:24
Qönçə Özmən
Qönçə Özmən 1982-ci ildə anadan olub. İstanbul Universitetinin İngilis Dili və Ədəbiyyatı fakültəsində bakalavr və magistraturanı bitirib. İlk şeiri 1997-ci ildə “Varlıq” jurnalında, daha sonra yazıları “Yasaq meyvə”, “Akatalpa”, “E”, “Uç” və s. dərgilərdə çap olunub.
Şeirləri ingilis, alman, fransız, ispan, rumın və fars dillərinə tərcümə edilib. Macarıstan, Almaniya, Fransa və Sloveniyada keçirilən beynəlxalq şeir festivallarına qatılıb. 3 şeir kitabı işıq üzü görüb.
Ləkə
I
Vadi sirini açdı mənə,
səni ucsuz-bucaqsız çöllərdə tapdım.
O vaxt ki,
yarpaqlar qopub düşür, əncirlər susurdu.
Qurumuşdu bir tərəfim,
bax, səni düz ora qoydum.
O gözəl suları,
o gözəl qoxuları apar özünlə,
daha uzaqdakı yaxınlaşdı,
yəqin, hansısa qadın bir çayı canına çəkdi.
Sən toxunuşun o biri başında dayan,
mən zənn elədiyin xəyalı qucaqla.
Bizdən əsən küləklər
yarpaqları bir yerə yığırlar onsuz da.
II
Elə bilirdim səninlə hər şey susacaq,
zaman pərdələrə açır sirini,
bədənimdən elə hey bir çığır uzanır.
Mən bitməz sözlər idim,
ya intizarda olan ağac,
Elə bilirdim birgə olsaq göylər alçalar,
Bir sincab atılıb-düşər qollarında,
elə bilirdim o
məni də özüylə bir ləkəyə aparar.
Sən o yorulmaz sular,
diri səslər idin.
mən isə daim sənə dolardım.
III
Sən istədin ki, hər şey ötüb keçsin,
qəlbimdə çiçək açsın, dəniz geri çəkilsin.
Mənim də çəyirdəkli bir yuxum olsun,
çaylar axsın içimdən, kal əncirlər dəysin...
Çünki səhərin narahat dodaqları var,
gizlinləri var. Ah, qaranlıqlar...
Zaman dayanıbsa biz də susaq ki,
qoy gözlərindən düşən işıqlar kəsilməsin.
Sözə çevrilib çıxsın bədənin narahatlığı,
üzün qocalmasın köhnə şəkillərdə.
Sən istədin ki, hər şey ötüb keçsin,
qarışqa “sus” dedi ki, zaman davam eləsin...
Daşlıq
Bir az əvvəl
sərinliyim yayıldı daşlara.
Evlərin içi boyda idim,
toz idim bir masada.
Niyəsə xeyir idim bu dünyaya.
Payız idi,
kölgəsiz bir su idim.
Pəncərələri açsam üşüyərdinizmi,
ya bir az da aralasam sözləri?
Bu yerlərə tərin hopub,
bilirəm ləkəsi qalacaq.
Bilirəm, göz yaşlarının da ləkəsi getmir.
Sən bir söz idin,
barmağımdan düşdün yerə.
Mənsə o kağızdakı
qayçı iziyəm hələ də.
Bəlkə səssizcə
Gecəyə hazırlayıram meşəni,
yavaş-yavaş soyunur yaşıllığını.
Bir quşun bir buluda hopub xəyalı.
Külək yenə də qayalardan danışır,
gəzib-gəldiyi yerlərdən söz açır.
Bu dəfə, bəlkə, sözlər də axar,
yağışla birgə süzülər bədənin arzusu.
Bəlkə, vaxtı səhv salar azanlar və ölümlər,
necəsə çiçəkləyər uşağın kəsilmiş qolu.
Ey dünya, durmadan balacalaşdın qəlbimizdə,
dayanmadan artdı söz bıçağı gölün dibində,
elə hey səsini itirir hər şey.
Daş dilə gəlsə
Daş dilsiz şahiddir təbiətin,
səbirli gözətçisidir
ancaq daş insanın yorğun nağılını dinləyər
tarixin dərindən nəfəs almasıdır daş.
Üzündə heç bir maska yoxdur,
daşın səsi sərxoş edər məbədi
daşda gizlənib Tanrıların bədəni.
Daş çiçəklərə baxaraq deyər:
“gözəllik gəldi-gedərdi”.
Hələ də daş cəzasını çəkir sükutun
ölüsünü də gözləyər adamın –
daş insana sadiqdi.
Daş nə düşündüyünü bilmədən düşünür,
Allah insandan daş kimi susmasını istədi.
Daş gözləmək rəngindədi...
Günlər süpürür ağıları
Bir bomba kimi düşür sözlər:
düşünülmüş və təhlükəli...
Külək əssə tökülər yarpaqlarım.
Hər şeir yeni bir sancıdır.
Bir balerina çiçək qədər
yumşaq ayaqları ilə
toxunub keçir ürəyimə.
Gözlərin su tökür alovuma.
Günlər süpürür ağıları,
Qara bir əsgər çəkməsinin altında
Tapdanıb nərgiz gülü qırığı.
Yaxşı ki, ayaqlarımızı göy üzünə basmırıq.
Divara
Divar öz keçmişiyə yaşayanlar kimi fikirlidi,
xatirələri ilə başını qatan özündənrazı qocadı,
divar özünə qapanıb, lal-dinməzdi.
Dayanıb uğultusuna qula kəsildim divarın,
Çölün yuxusu kimidir divarın duruşu.
Divar darıxmır boşluqla qol-boyun olmaqdan,
Divar lütlərin daldanacağıdı, gizlinin üzüdü,
divar bilməz köçərilik nədir, qısqancdı.
Çin uzun bir divarın tarixidir,
insan öz dərdini divarla bölüşər
halbuki divarı yoxdur uşaqların.
Göl bizə acıqlıdı
Axmağı unutmuş sudur göl,
suyun yaddaşsızlığıdı,
Göl durğunluğun böhranını yaşayır,
göl bir az da darıxmağın tarixidi.
Göl diqqətçəkən bir ayaq qeydidir suların tarixində
gölün ən xoşladığı nağıl “Yatmış gözəl”di,
o, suyunda ürpənən xəyallar mayalandırır,
Afroditanın üzü ilə gülümsəyir,
Deməli olduğu sözünü deyib sanki,
torpaq çəlləyində fikrə gedib,
inanıb ki, dünya dümdüzdü,
Elə hey baxır:
bilmirsən baxır, yoxsa yox,
bilmirsən görür, yoxsa yox,
göyün yerə düşmüş bir parçasıdı göl.
Türkiyə türcəsindən uyğunlaşdıran: Fərid Hüseyn