Dərdlər axan nov - Cavanşir Yusifli yazır
03 Mart 2022 / 17:17
Cavanşir Yusifli
Dərdlər axan nov
Ələkbər Salahzadənin "Ney" şeiri var, həm avanqard düşüncənin özünü qurma xassəsi, həm də klassik şeirdə dönüb-dolaşıb mənaca çoxalma keyfiyyətinin birləşib qovuşduğu kiçik bir şeir. Bu şeirin təhlilində alliterasiya, sintaktik paralelizm kimi fiqurlardan bəhs etmək olar və lazımdır da, ancaq həm də bəs deyil. Yuxarıda sadalanan iki keyfiyyət (avanqard düşüncə və klassik məna etalonu) sayəsində mətn hər an dəyişir, özünə qayıdır, neyin obrazı yaranır, ney bu anın hansısa döngəsində sözə dönür və nəhayət, neyin səsi gəlir. Şair bunu necə bacarıb, halbuki, şeir oxunuşu və zahiri görkəmi, düzümüylə diqqəti bir elə cəlb etmir. Bunun səbəbi var. Fikrimizcə, hər bir şeirin, bunu yazan şairin mətnin içindəki enerjini ötürmək üslubu tam fərqlidir, Ələkbərin şeiri bu mənada dərindən analiz edilməlidir.
Əvvəlcə belə bir vacib qeydi edək ki, müəyyən tip şeirlərdə enerji mətn pasajları ilə birgə, yaxud paralel üzə çıxmır, əksinə, zamanla açılır, zaman boyunca baş verən hadisələrdən törənmiş kimi həmin vaxtın divarına yapışır, yəni şair bu şeiri, bu mətni yaradarkən, Karl Yaspers demiş, ora bir damcı qanını da qoymuş, ona özündən sonra yaşamaq haqqı vermişdir (yəni şair nə zamansa bu şeirlərdən ayrı düşəcəyini bilir-!). Enerjisi dərhal görünən şeirlərdə sofistik keyfiyyət güclü olur, hər şey məhz bu yuvaya yığışaraq insanları, onların hisslərini əsir alır, güc və enerji birdəfəlik, son damlasına qədər ötürülür, bunun sayəsində üstündən illər keçəndən sonra mətn artıq oxunmur, min illərin ölüsünə qarışır (şair əbədi olaraq bu şeirlərin içində qalacağına əmin olmaq istəyir-!).
Ələkbər Salahzadənin "Ney" şeirinə baxaq:
Bu nəydi,
nəydi? -
neydi!
Yanğılardan əsib gələn mehdimi,
ahdımı?
Bir ürəyi
yandırdımı-yaxdımı?
Neydi,
neydi,
neydi bu,
Yaraları köhnədi,
təzələndi - göynədi.
Nəydi bu,
neydi bu!
Təzəydi,
köhnəydi bu?
Qırıq qarğı naləsi
neydi, ney.
Hələ də ahlar axan
novdu, nov...
Qəribə bir ifadə var: Ələkbər Salahzadə şairlər üçün şairdir. Ələkbər Salahzadə sözün bütün mənalarında xalis şairdir, estradaya sığmayan, oxucudan alqış ummayan, dünyanı xalçalardakı butalara bölüb, sanki çox dərdli bir insanın demək istədiyi anda dilinin altında qalan, kilidlənən sözü, mənanı tutub "əyirən", rəngdən-rəngə salan şairdir. Sözün mistik anlamında şair adı yaraşan çox böyük bir ustadır, onun şeirini sübh tezdən bir gülün yanında oxuyun, ləçəklərindəki şeh titrəyəcək, bir anlığa gülün qəlbinin döyüntüləri şehləri qamaşdıracaq... Həm də, texnologiyaları içində gizlədib, görünməz edib əsl həqiqətləri elə şeirin öz dilində deyə bilməsiylə: Əsrin havası çatmır, şeirin ortalarında, nəsrin ortalarında...
"Ney" şeirini dəfələrlə oxuyun, eyni söz və səslərin təkrarı sizə bu mətnin qurulma mexanizmini göstərəcək, o, mənanı tapmaq üçün sözdən qaçır, sözləri azdırmağa çalışır, qafiyə də (neydi, nəydi...) bu mətndə həmin funksiyanın icrasına yardımçı olur, səs-söz təkrarlarıyla yaradılan qafiyələr sözdən, onun qabığı və konturlarından qaçmaq və xilas olmaq istəyir. Bu anlamda şeirdə hər bir durğu işarəsi də mətnin mənanı vermək gücünü artırır, tənzimləyib başqa keçidlərə yol axtarır. Kiçik bir mətndə yollar bitib-tükənmir. Halbuki, belə deyək, ortada, "teatr səhnəsində" bir iki söz-anlam oynanılır: yanğılardan əsən meh ürəkləri yandırıb-yaxır, yaralardan əsir, köhnə yaralar təzələnir, nəticədə kiçik qarğı qırığı dərdləri axıdan nova çevrilir... İlk gözə dəyən, hissə toxunan şey qəlb tarixçələrinin "ixtisar olunmasıdır", gizlədilməsi və başqa formada, necə deyərlər, özünün mənaca antonimiylə təqdim olunmasındadır. Əvvəlcə xatirələr gəlir, belə deyək, əynindəki köynəyin düymələri titrəşən kimi olur, mehin aha çevrilməsi dərhal görüntü yaradır, adi, kiçik qarğı parçası: bu neydi, neydi, neydi... Düymələrin titrəşməsiylə köhnə yaralar təzələnir, sonra... hər şey bir-birinə qarışır: təzəydi, köhnəydi bu? Sonra da ürəyin əriyib o qarğının novunda axması... Dünya belədi, göz açıb yumunca keçir, ortada həsrət və intizar qalır, çəkilməz...
Yuxarıdakı fikrimizə qayıdaq. Bu sözlərdən qaçaraq məna necə yaradılır? Ümumi prinsip aydın olsa da, bunun şübhəsiz ki, bir mexanizmi var. Məsələ belədir ki, məkan kompozisiyalı ənənəvi heca şeirindən fərqli olaraq bu açıq mətnli şeirdir, bütöv mətndəki sənə fərqli söz deyən kəsiklər bənd, yaxud qafiyələnmə məqamında deyil, ixtiyari şəkildə üzə çıxır, yəni şeir özü hansısa bir mübhəm nöqtədəsə hardan gəldiyini bilib də unudur, bu mühüm məqamı yaddan çıxardığından onun xatırlanması ancaq və ancaq şüursuzluq aktına əsaslanır. Mətnin içindəki ən ixtiyari yerlərdəki enerji oyandıqca bu ərazidə, necə deyərlər, "düymələr" titrəşir, yanıb-sönür. Qəfil yada düşən nəsnələr dünyaya təzədən gəlir, eyni taleyi yaşamaq üçün, dərd budur!