Sənət və ədəbiyyat dərgisi

Bədii nəsrdə folklor ənənələri: Kamran Əliyev nümunəsi

29 Mart 2024 / 11:56

Gülnar İSMAYILOVA
AMEA Folklor İnstitutunun elmi işçisi

 

Bədii nəsrdə folklor ənənələri: Kamran Əliyev nümunəsi

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi və sözün geniş mənasında böyük insan Kamran İmran oğlu Əliyev istər yazılı və istərsə də şifahi xalq ədəbiyyatını dərindən araşdıraraq elm aləminə sanballı əsərlər ərmağan edib. K.Əliyevin  yaradıcılığında folklor iki mühüm cəhəti ilə yadda qalır. Birincisi, alim K.Əliyevin folklor və folklor nəzəriyyəsi ilə bağlı elmi düşüncələri, ikinsi isə ədib, nasir K.Əliyevin bədii yaradıcılığında folklor ənənələrindən istifadə.

 

Alimin araşdırma və tədqiqatlarında, məqalə və monoqrafiyalarında folklorun, ədəbi tənqid və ədəbiyyatşünaslığın hərtərəfli araşdırılmasının şahidi oluruq. Romantizm ədəbi cərəyanının formalaşması və inkişafında, Hüseyn Cavid irsinin araşdırılıb tədqiq və təbliğ olunmasında alimin əvəzsiz xidmətləri olub. O, şifahi və yazılı ədəbiyyat üzrə tədqiqatlar apararaq 15 monoqrafiya, 20 kitab, 200-dən artıq elmi məqalə yazaraq elm aləminə sözün əsl mənasında ciddi və fundamental bir miras qoyub.

K.Əliyevin ədəbiyyat və folklor, ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi, folklor və yazılı ədəbiyyat istiqamətindəki araşdırmaları ilə yanaşı, publisistik əsərləri və hekayələri də vardır ki, bütün bunlar onun həm də bir nasir kimi müasir ədəbi mühitə daxil olduğunu sübut edir. Kamran müəllimin ədəbi-bədii görüşlərini özündə ehtiva edən "Dağlı məhəlləsi", "Yalquzaq", "Qara köpək", "Zəli", "Bənövşə oyunu", "Oğru pişik"  və bu kimi digər əsərləri dediklərimizin bariz nümunəsidir. Bu hekayələr real həyat həqiqətlərinə yaxınlığı, dərin lirizmi, psixologizmi və folklorla iç-içə olması ilə seçilir. K.Əliyevin geniş oxucu kütləsinə təqdim etdiyi hekayələri folklor ənənələri ilə müasir nəsrin vəhdətindən doğub. Xalq ruhu, xalqın istək və arzuları bu hekayələrin süjet xəttinin əsasını təşkil edir.

Yazılı ədəbiyyatla şifahi ədəbiyyatın qarşılıqlı əlaqələrindən bəhs edən Kamran Əliyev yazırdı: "Şifahi və yazılı ədəbiyyatın bir-biri ilə təması müxtəlif dövrlərdə özünəməxsus şəkildə təzahür edir və müxtəlif istiqamətlərdə özünü göstərir. Bu təmas heç vaxt formal əlamətlərə əsaslanmır, əksinə burada məzmun və məna yaxınlığı həmişə üstünlük qazanır. Şübhə yoxdur ki, şifahi və yazılı ədəbiyyat nümunələrinin bir-birinə yaxınlaşmasında yazıçı və şairlərə aid olan subyektiv amillər də az rol oynamır. Hər halda bu yaxınlaşmalar mədəniyyətin inkişafının təkan nöqtələrindən hesab edilə bilər".

Bütün bunlar olduqca maraqlı alim müşahidələridir. Lakin bu da həqiqətdir ki, K.Əliyev yalnız müşahidə edərək özünün elmi-nəzəri mülahizələrini irəli sürməyib, yaratdığı hekayələrində onun əməli (praktik) örnəklərini də meydana qoyub.

Cəsarətlə, həm də mübaliğəsiz demək olar ki, xalq bədii təfəkkür və düşüncəsi, folklor motiv və janrlarından yerli-yerində istifadə, həyat həqiqətləri, ailə-məişət qayğıları, milli və mənəvi dəyərlər Kamran Əliyev hekayələrinin əsasını təşkil edir. Onun yazdığı hekayələrin adları belə bəzən folklordan gəlir. Məsələn, "Bənövşə oyunu" şifahi xalq ədəbiyyatında geniş yayılan və bu gün də oynanılan uşaq folklorudur. Digər bir hekayəsi olan "Şamama"nın adı folklordan gəlməsə də, onun bütün ruhu folklordur. "Şamama" hekayəsində "Novruz" bayramının təsviri, ilaxır çərşənbənin qeyd edilməsi, qapı pusmaq, yumurta boyayıb xonça bəzəmək, kənd ab-havası, real həyat hadisələri, xalqın adət-ənənələri özünün bədii ifadəsini tapıb. Hekayədə elçilik, xalqın milli-mənəvi dəyərləri, gəlinin başına yaylıq salma, nişan, toy adətləri də əks olunub.

Xalqımızın milli bayramlarından olan Novruzun bütün incəliklərinə, xalqın bu bayrama necə hazırlaşmasına, adət-ənənələri yaşadaraq gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verən ədib yalnız xalqın yaşantılarını ədəbi düşüncəyə daxil etmir (əslində bunlar ədəbi düşüncədə və xalqın yaddaşında daşlaşıb), eyni zamanda, xalq adət-ənənələri ilə qəhramanının yaşam tərzi, düşdüyü vəziyyət arasında bir əlaqə yaradıb.

Folklor motivlərindən olan qulaq falına çıxmaq, orada eşitdiyin ilk söz, bu sözün insanın gələcək taleyində oynadığı rol, şübhəsiz ki, qapını pusan üçün olduqca əhəmiyyətlidir. Şamamanın da məhz axır çərşənbədə xalq inanclarına uyğun olaraq əmisigilin qapısını pusanda eşitdiyi sözlər onun gələcək  planlarının üzərinə işıq salır və o öz ideyalarının həyata keçməsi üçün tədbirli olmağa çalışır. Hekayədə oxuyuruq: "Əmim arvadının danışığını açıq-aydın" eşidirdim. "A kişi, fil qulağında yatıbsan? Gözün kordu? Şamamanın vaxtıdı, bir azdan gördün ki, qapıların kəsdirdilər, Şamama da cavan, yelbeyin bir uşaq, odu haa, "hə" deyib, ya nişanlandı, ya da qoşulub qaçdı. Günü sabah elçi gedib bir yaylıq aparmalıyıq". Elə bu sözləri eşidən kimi Şamama evlərinə gəlib anasına deyir ki, əmimgil mənə elçi gələcək, mən nişanlanmaq istəmirəm. Qulaq falı əsərin qəhrəmanı Şamamanın gələcək planlarının düzgün qurulmasında, yəni qrup yoldaşını sevən Şamamanın elçilərə verdiyi "yox" cavabı tələbələrin gələcək həyatlarında da önəmli rol oynayır.

Göründüyü kimi, Kamran Əliyev hekayələrində folklordan hazır material kimi istifadə etməyib, xalq yaradıcılığının bədii ədəbiyyatda oynadığı əvəzsiz rolu da gündəmə gətirib.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.