Sənət və ədəbiyyat dərgisi

Bir sirrin yaradılışı - Nina Smiç-Paniçin şeirləri

29 Aprel 2022 / 11:15

Nina Simiç-Paniç

         Serbiyalı tərcüməçi, yazar Nina Simiç-Panik 1994-cü ildə Belqradda doğulub. Bakalavr təhsilini Belqrad Universitetinin Fəlsəfə fakültəsində “Ədəbiyyat və ədəbiyyat fəlsəfəsi ixtisası üzrə tamamlayıb. Magistr təhsilini də elə həmin universitetin Mədəniyyət və media fakültəsində, ictimai əlaqələr ixtisası üzrə bitirən Nina bir neçə əcnəbi dil bilir. İngilis, rus, ispan, italyan, türk və Çin dillərini peşəkar səviyyədə mənimsəmək üçün mütəmadi dərslər alıb.

 

O, Vojvodina Müstəqil Jurnalistlər Assosiasiyası, Serbiya Ədəbi Tərcüməçilər Assosiasiyası və Serbiya Yazarlar Assosiasiyasının Beynəlxalq Kooperasiya bölməsinin üzvü, PEN Beynəlxalq Fondunun (mərkəzi Slovakiyada yerləşən) fəxri üzvüdür. O, Hüseyn Cavid, Vaqif Səmədoğlu, Haydar Ergülen, Tugrul Tanyol, Vyaçeslav Kupriyanov, Andrey Qalamaqa və s. bir çox görkəmli şair və yazarın ədəbi irsinin tərcüməçisi kimi nüfuz qazanıb.

Hazırda rəsmi olaraq, “Computech Ltd” nəşriyyat agentliyində tərcüməçi və pr menecer kimi fəaliyyət göstərir. Ötən il bütün bu fəaliyyətinə, Serbiya ədəbiyyatı və mədəniyyətinə verdiyi töhfələrinə görə, Mədəniyyət və Təhsil Cəmiyyəti və Serbiya Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən “Zlatna Znacka” mükafatı ilə təltif olunub.

 

 

Əzəmətli palıdın sirri

 

Hilal görkəmli bıçağın getdikcə zəifləyən parıltısının itiliyi,

taca bəzək olsa ay işığı kimi parıldayan ağ daşlar

ən saf halında – xammal kimi qaldı.

 

Əslini itirməkdən ehtiyatlanan

bu möhtəşəm mənzərə üçün

dərin minnətdarlığınızı dilə gətirin,

qaranlığın ortasında açdığınız

yaqut kimi qırmızı şərabı

bu sirli qüdrətlə dolu palıdın

müqəddəs köklərinin şərəfinə qaldırın.

 

 

Barmaq uclarınızı

dərin çatlağın qabıqlar üzərində gəzdirin,

bəşər övladının tarix boyu

keçdiyi həyat yolunu oxuyurmuş kimi

bəzən çox gizli işarəni gizlətmək istəyirmiş sayaq

barmaqlarınızla örtün çatlaqların üzərini:

Göy üzünün cənnətinin gizlədiyi kosmik ip yumağı –

bu ağacın hər bir yarpağı

sanki Tanrının sözü ilə bəzədilən bir iynə ilə tikilib.

Sanki bu yarpaqların arxasındakı

tikiş yerləri

kölgəsinə sığınan müdriklərə yol göstərir.

 

Nəfəs alan hər canlının haqqını qoruyaraq

və sevərək yaşamağın sirrini öyrənmək vacibdir.

Bu sirr isə bu qüdrətli palıdın köklərində

İlahi bir ehtiyatla gizlədilib.

Sanki bir kaman səsinə doğru qanad çırpan quşun

tüklərindən səpələnib ağacın üstünə,

torpağa da, yarpaqlarına da.

Bir sirrin yaradılışı, əslində, bu qədər sadədir.

 

 

Blazar[1]

 

Dərin səmanın canlı keçidləri arasında

Ulduzlararası zülmətin qatılığında

güclü bir axın var gücü ilə sovrulur girdabda.

Yol özü də ip yumağı kimi fırlanmağa başlayır, 

Qalaktik boşluğun nüvəsi ətrafında hərlənir.

Bu baş verən ən xırda hərəkət

milyonlarla günəş işığı qədər böyük əhəmiyyət kəsb edir.

 

Yerdə möhkəmqoz qabığının çatmamasının belə

göylərdəki bu sonsuz dövrlə əlaqəsi var. 

Həyatın hər an yenidən başlaması da bundandır. 

Ürəyi soyudan bir tələskənliklə sovrulan

kosmik toz buludunda 

Yerdəki tüstünün də,

içilən romun da,

dərilən moruğun da öz ətri var.

İqlimlər ayrılır bu sovrulmadan

sanki ən xırda kosmik kapilyarı da

bu bəşəri ritmə və rəqsə həvəsləndirir. 

Arxetipik şüaların əsl mənbəyi

və ruhundakı o uzanma çatma arzusu 

sancılı bir doğum kimi başlayıb 

Yer üzünün yumşaq səthinə nüfuz edir. 

Qara dəlikdən çıxan bu işıq 

göz qapaqlarımız arasından sıyrılıb 

yenidən qara bir dəliyə qərq olur.

 

 

Tərcümə edən: Fərid Hüseyn

 

 

 

 

[1] Kosmik qara dəliyi xatırladan, durmadan dairəvi şəkildə hərəkət edən toz buludu

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.