Aldatmaqdan doymayan - Suvaynat Kyurebekovanın şeirləri
10 Mart 2023 / 10:41
Suvaynat Kyurebekova 1965-ci ildə Dağıstanda doğulub. İstedadlı tabasaran şairi, tərcüməçi, Dağıstan Yazıçılar İttifaqının katibi, tabasaran bölməsinin rəhbəridir.
Tabasaran dilində nəşr olunan “Dağıstan qadınları” jurnalının redaktorudur.
O, “Qaranquşlar qayıdanda”, “Tale telləri”, “Sevgi məbədi”, “Tale yelkəni”, “Cığırların harayı”, və “Ulduz kəhkəşanı” şeir kitablarının müəllifidir.
Rusiya Yazıçılar və Jurnalistlər İttifaqının üzvü, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisidir.
Suvaynat Kyurebekova
Səhər qonaq gəlib
Qəfil qonaq gələn dost kimiydi o,
Səhər qonaq gəlib mənim haləmə.
Məhkəmə quruldu günahlarıma,
Gecəm ağrı doğdu, sığındım qəmə.
Salam a işığım, - gözlədiyim dost!
Qəlbimdə işıqlı xəyallar yandır.
Keçdim qaranlığın Qıl körpüsündən,
Gəldin, məhkəməni əylə, dayandır.
Nə vaxtsa ömrümə səhər doğmasa,
Yanıb kül olacam qalxacam göyə.
Dua oxunacaq, plov gələcək,
Axirət dünyama xoş olsun deyə.
Yarımçıq oxunmuş dua sayağı,
Plovun ətri də çəkilər sonda.
Sükutlu evimə gün doğmayacaq...
Tək bunlar qalacaq mən olmayanda.
Səhər qonaq gəlib mənim haləmə...
***
Rəhm elə sən mənə, mənim zamanım,
Sənlə böləsiyəm hər hesabımı.
Çox da ki, çürükdü xalça dəzgahım,
Hələ toxuyuram qırma sapımı.
Bir az səbirli ol, indi çatıram
Sonuncu naxışa, qoy görüm sonu.
Budağı sınsa da qəlb ağacımın,
Hələ tərk etməyib bülbülü onu.
Möhlət ver toxuyum ömrü sonacan,
...Və bülbül oxuyan budağa çatım.
Bir ömür uzunu nə qazanmışam,
Qoy ona pay olsun bu hesabatım.
Yetim qalanların uşağıyıq biz
Yox, xoşbəxt olmadıq biz uşaqlıqda,
qayğısız keçmədi bircə anımız.
Qayğıları başdan aşırdı, -
müharibə yetimləriydı ata-anamız.
Müharibə aclığından öldü nənələrimiz, -
biz heç vaxt nənə sığalı, “yeyəmmədik”.
Döyüş meydanlarında itkin düşdü babalarımız,
məzarlarına baş əyəmmədik.
Yox,
buludsuz və xoşbəxt olmadı uşaqlığımız,
çünki ata-anamızın
uşaqlığının başı üstə
kədər buludu çökmüşdü.
Ona görə ki, müharibə
gözlərinin içində
“mərhumedilmişlər” kölgəsi çəkmişdi.
Ona görə, onlarla birgə
biz də ağlamışdıq analarının yasına.
Yox!
Biz müharibə yetimlərinin uşaqlarıydıq, –
xoşbəxtlik havası qatammadıq
uşaqlığımızın havasına.
Göz yaşına dönən nəğməm
Səndən ayrılalı,
yağış altda islanıb
əzilmiş kağız qutusudur
sinəmdən ayrılan ürək.
Oturub yağış altda
qismətimə sığınmışam,
hələ
oğurluq bacarmayan
sadəlövh pişik balası tək.
Uçulur qəlbimin qala divarları,
dönür ümidsiz dağıntıya tən.
İldırım sayağı dərdlər üstümə çöksə də,
sığınacaq ummaram səndən.
İslanıb son ilməyəcən,
əzilib dağılacam
kağızdan olan qutu kimi.
Sən mənim ürəyimi xaraba qoydun,
göz yaşına bələdin nəğməmi.
Ağır-ağır
Dağılmış qalamın divarları üstə
Yağış yağır...
Şair
Şair o
kəsdir ki, həyatı yovşanlıdır,
O kəs ki...
Qum olmayan yerdə
yığar daş yığıntısı.
O kəs ki...
Daş olmayan yerdə yoxdu
qala ucaltmaq sıxıntısı.
O kəs ki...
Ana südü içmək kimidir
söz içmək həvəsi.
O kəs ki...
Zamanın zəngində eşidilər səsi.
O kəs ki...
Dərdi dəyər alanda,
ürəyinin üstə sərə bilir
ağrıyla dolanda.
O kəs ki...
Öldürülüb hər zaman,
ölməyib, sağ qalıb sonda.
O, ölümsüzlük yovşanıdır
qəlb libasında.
Yay səhəri
Yay səhəri
narıncı günəşin gəzərgi şəfəqləri
azmışdılar,
qarış-qarış gəzirdilər küçələri...
Veclərinə deyildi
hansı pəncərədən girəcəkləri.
Ürəyimin bir küncündə
qaranlıqda gizlənib,
buz bağlayıb soyuq yağı.
Pəncərəni ilk mən açdım,
yay səhəri qovlasın qaranlığı.
Qoy uçsun
sehrli kəpənəktək
alovlu arzularla.
Və mənim də narıncı günəşə
uçmaq olsun peşəm.
Yanmaqdan qorxum yoxdu,
soyuqdan külə dönmüşəm
Mən anayam
Mən anayam, - ürəyimi açmışam
qara da, borana da.
Mən anayam, -
yetimlərlə, qatillərlə, bədbəxtlərlə...
dolu olan dünyaya göz yaşı tökən.
Mən anayam, -
Allahın unutduğu, acılarda boğulan.
Mən anayam, -
qalibi də, xaini də öz südüylə bəsləyən.
Mən anayam, - öldürülmüş nifrətiylə
bu həyatı yaşama səsləyən.
Mən anayam, -
Kimin südü zəhərlənib,
Kimin bətni dağılıbdır.
Ayılın!
Şəhər bazarı
Şəhər bazarında
yer yox ayaq basmağa.
Adamlar
üzükvari hərəkətdə, -
qarışqa tək yüklərini daşıyırlar.
Aldatmaqdan doymayan
tərbiyəsi yalan yüklü şərəfsizlər,
düşünürlər,
kimi necə aldadıb,
atsınlar təki.
Evdən qovulmuş pişiyin
ağrı-acıları veclərinə deyil ki.
Soyuq zibil qutusunun yanında
oturub pişik,
nalə dolu səs çıxarır, ümidlidir,
kimsə ona çörək verə, bəlkə, bir tikə.
Səssiz, ağır daşa dönüb,
heç kimdə qalmayıb ürək.
Özünü doğrultmuş daşdır – o.
Və vecinə də almaz heç
pişiyin çəkdiyi ağrını, azarı.
Amansız səhnəymiş...
şəhər bazarı.
Açın, qırmızı lalələr!
İran şahının hücumları vaxtı yeddi
qardaşı öldürülmüş bacının nəğməsi
Açın, qırmızı lalələr!
Nəzərlərim yaza tamarzı.
Oxu sərçə, yatma zoğal budağında,
nəğmən üçün darıxmışam.
Gəl qucaqla ilıq külək,
şaxta mənim ürəyimi parçalayır.
Düşmən qılıncı kəsdi,
o sevimli söyüdüm də yoxdu daha.
Neçə ildir yol gəlirsən,
bəs sən niyə çağlamırsan
a balaca çayım mənim?
Yoxdu əziz qardaşlarım, –
İllərdir ki, ürəyimdə səhər açmır...
Açın qırmızı lalələr...
***
İsidilmiş aul evinin otağında
buğda unu xəngəliylə doldurulmuş sini,
oyun quyruğunun yağlı ətri doldurub evi.
Damın altında
bir-birini qovan küləklərin vıyıltısı...
Nənəsinin ətəyində yuxulayıb nəvəsi.
Nənələrin ətəyində nəvələr
beşikdən də rahat yatar,
Pambıq kimi zərifdir nənələrin əlləri, –
hətta bu əllərdə acı dərman da bal dadar.
Nənələrin ürəkləri buğda zəmisi kimi geniş,
ətəkləri ən bahalı incidir.
Kəndli evinin içi isti ətirlə dolub,
Qoy damın altında vıyıldasın küləklər,
nənə qənaətlə qoruyacaq istini.
İsidilmiş aul evinin otağında
Buğda unu xəngəliylə doldurulmuş sini...
Rus dilindən tərcümə edən: Nurafiz