Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Qırğız Respublikasına Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunun açılış mərasimində iştirak edib

27 Sentyabr 2023 / 18:08

Günay Əfəndiyeva Qırğız Respublikasına Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunun açılış mərasimində iştirak edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasına səfəri çərçivəsində, Bişkekdə keçirilən Türkdilli Xalqların Beynəlxalq Forumunun açılış mərasimində iştirak edib.

Forumun əsas məqsədi türkdilli dövlətlər arasında mədəniyyət və dil sahələrində əməkdaşlığı genişləndirmək, hazırki dövrdə və gələcəkdə türk dilinin inkişafı və qorunub saxlanmasına diqqətin daha da artırılmaqla yanaşı, linqvistik məsələlərlə bağlı müzakirələr aparmaq olub. Tədbirdə Qırğızıstanın Dövlət katibi Suyunbek Kasmambetov, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Medetkan Şerimkulov, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş, türk dövlətlərin Kırğızıstanda akreditə olunmuş səfirləri və digər rəsmi şəxslər, eləcə də müxtəlif ölkələrdən alim və dil mütəxəssisləri iştirak ediblər. Tədbirdə çıxış edən Günay Əfəndiyeva Forumun əhəmiyyətini vurğulayaraq, türk dillərinin qorunub saxlanması və inkişafı üçün vacib olan əsas məqamlara toxunub: “Forum türk xalqlarının böyük irsi və birləşdirici gücü olan ortaq dilimizə həsr edilib. Bu platforma dil haqqında anlayışımızı hərtərəfli şəkildə dərinləşdirməyə imkan yaradır”. G. Əfəndiyeva dil birliyinin vacibliyinə toxunaraq qeyd edib: “Türk xalqları tərəfindən latın əlifbasının qəbulu vahid türk dilinin inkişafı üçün olduqca vacibdir. Bu, mürəkkəb və əhəmiyyətli prosesdir. Azərbaycan bu keçidi Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla həyata keçirib. Azərbaycanın Türk dünyasına inteqrasiyasında Heydər Əliyevin bu addımı mühüm rol oynayıb”. Fondun prezidenti türk dövlətlərində dil təhsilinin əhəmiyyətini vurğulayaraq bildirib: “Türk dövlətlərimizdə dil təhsilini həyata keçirməklə, biz dillərimizin mənşəyini daha dərindən öyrənə bilərik. Məqsədimiz yenilənmiş kommunikasiya vasitəsilə gələcəyə doğru ortaq yola çıxmaqdır”. O, petroqliflər, tamğalar, runik işarələr kimi qədim türk yazıların öyrənilməsinin də aktuallığına diqqət çəkərək əlavə edib ki: “Bu yazıları dərk etmək qədim mesajlar ilə keçmişimizin sirlərini açmaqdır və bu da ortaq türk dilinin formalaşmasına böyük töhfə verəcəkdir.”

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qədim türk yazılarının tədqiqi istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu il Türk Akademiyası ilə əməkdaşlıq çərçivəsində, Türk yazısının (Türk Bitig) oxunmasının 130 illiyinə dair beynəlxalq konfrans təşkil etmişik. Bundan əlavə, Fond qədim türk yazılarına həsr olunmuş böyük layihə başladıb və artıq Niderlandda sərgi keçirib” – deyə Günay Əfəndiyeva bildirib.

Türkdilli Dövlətlərin Beynəlxalq Forumu Bişkek Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.