Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva: “Bu gün Ulu Öndərin əsasını qoyduğu qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir”

20 Oktyabr 2023 / 17:13

Günay Əfəndiyeva: “Bu gün Ulu Öndərin əsasını qoyduğu qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir”

“Qadına böyük hörmət və ehtiram Azərbaycanın milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu gün Azərbaycan qadınları dövlət siyasətinin həyata keçirilməsində, qanunların qəbul edilməsində, diplomatiya aləmində, elm, təhsil, mədəniyyət, idman, səhiyyə və sosial həyatın bütün sahələrində aktiv iştirak edirlər. Bu, şübhəsiz, dövlət tərəfindən həyata keçirilən qadın siyasətinin nəticəsidir.

Müstəqil Azərbaycan tarixində qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir dövrdə qadınların bütün sferalarda önəmli yer tutmasından danışarkən, Azərbaycan xalqının milli şüurunun formalaşmasında, maariflənməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi böyük hörmət, sevgi və ehtiramla yad edirik. Bu gün Ulu Öndərin əsasını qoyduğu qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir”.

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda keçirilən Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimindəki çıxışı zamanı deyib.

Fondun prezidenti Türk Dünyasında, o cümlədən, onun ayrılmaz hissəsi olan Azərbaycanda tarix boyu qadınların mənəvi-əxlaqi keyfiyyətləri ilə seçildiyini, milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynadığını qeyd edib. Günay Əfəndiyeva Türk dünyasının qədim yazılı abidələrindən olan “Kitabi-Dədə Qorqud”  dastanında əks olunan qadın surətlərinin bütün dövrlərdə bəşəri idealların qorunub saxlanılmasına xidmət etdiyini vurğulayıb.

Günay Əfəndiyeva türkdilli dövlətlərdə qadınların ictimai fəallıq tarixinin rəngarəng olduğuna diqqət çəkərək, bildirib: “Məğrur hökmdar Tomris, qəhrəman qadın hökmdar Nüşabə, cəsur Heyran Nisə Bəyim, Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, Şərqin ilk diplomat qadını Sara xatun, Şuşada ilk ədəbi məclis yaratmış Xurşidbanu Natəvan və s. kimi türk qadınları tarixdə mühüm izlər qoymuşdur”.

Fondun prezidenti Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəmiyyətin maariflənməsi, mədəniyyətin yüksəlişi və elmi-ictimai nailiyyətlərin əldə olunmasında qadınların böyük rol oynadığını bildirib.

Günay Əfəndiyeva Azərbaycanın tarixi salnaməsinin qadınların müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngin olduğunu qeyd edib. O,  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğullar böyüdüb boya başa çatdıran mərd anaların ucalığını, aliliyini xüsusi vurğulayıb: “Öz övladına Vətənini sevməyi, torpağını cəsarətlə qorumağı öyrədən, onları milli-mənəvi hissləri aşılayaraq böyüdən hər bir Ana qəhrəmandır”.

Günay Əfəndiyeva ölkənin tərəqqisinə mühüm töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətlərinin hər bir Azərbaycan qadını üçün nümunə olduğunu bildirib. O, Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkənin milli mədəni-mənəvi dəyərlərinin qorunmasında və təbliğində böyük rol oynadığını vurğulayıb.

Günay Əfəndiyeva qədim və zəngin Türk dəyərlərini qorumağı, dünyada tanıtmağı qarşısına məqsəd qoymuş Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətlərindən də bəhs edib: “Təşkilatın həyata keçirdiyi layihələr ortaq köklərə məxsus türk xalqları, o cümlədən Türk Dünyası qadınları arasındakı mövcud bağların möhkəmlənməsinə xidmət etməkdədir. Fond yeni təşəbbüslərə, maraqlı ideyalara hər zaman açıq olmuşdur”.   

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.