"Qobustan" jurnalının yeni sayı çapdan çıxıb
17 May 2022 / 10:19
Yayı “Qobustan”la qarşıla...
“Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb...
Dərginin bu dəfəki sayında da sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb.
- Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır.
- Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında məqaləsində qəribə taleli sənətkara aid fikirlərini bölüşür.
- Dərgi bəstəkar Calal Abbasovun 65 illik yubileyini Elvira Əlifxanovanın məqaləsi ilə təbrik edir.
- Xalça muzeyinin 55 illik yubileyi Nuranə Səlimlinin essesi ilə qeyd olunur.
- Tanınmış alim Firudin Qurbansoy “Ruh mühəndisliyi” essesində xəttatlıq sənətinin incəliklərindən söz açır.
- Dərginin əməkdaşı Esmira Nəzərli uzun illər “Qobustan”da çalışmış mərhum Tofiq Abdin haqqında xatirələrini bölüşür.
- Oqtay Əhmədovun “Tofiq Abdinin nədənləri” essesində qəribə adamın fərqli xarakteri ifadə olunur.
- Musiqişünas Leyla Nəzərli “Beynəlxalq caz günündə düşüncələr” məqaləsi ilə Caz sənətinin ecazını sözə çevirir.
- Yazıçı Fərid Hüseyn fotoların fəlsəfəsindən, fotoqrafiya sənətinin tarixindən söz açır.
- Pərviz Seyidli mərhum Xalq yazıçımız Rüstəm İbrahimbəyovun “Özgə ömür” filminin ssenarisi nümunəsində masterin yaradıcılıq xüsusiyyətlərini incələyir.
- Gənc hüquqşünas Fidan Allahyarova Nizaminin “İskəndərnamə” poemasında ipəyin tarixinin ifadəsini təhlil edir.
- Gənc şair-esseist Ülvi Bahadır “Müharibə və Sənət” məqaləsində müharibələrin sənətə, musiqiyə təsirindən söz açır.
- «Söz gənclərdə» layihəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova ilə həmsöhbət olublar.
- Zülfiyyə Qəniyevanın "Qurama"sında yay ab-havasında kiçik, amma maraqlı faktlar yer alıb.
Həmçinin dərginin rəngli səhifələrində müxtəlif rəssamların əsərləri oxuculara təqdim olunub.
BÜTÜN BUNLARI "QOBUSTAN"IN YAY SAYINDA OXUMAĞA TƏLƏSİN!
DƏRGİNİ AYB-NİN 4-CÜ MƏRTƏBƏSİNDƏN, «QOBUSTAN»IN REDAKSİYASINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ..