Sənət və ədəbiyyat dərgisi

İlk müəllimim - Rövşən Yerfi yazır

03 Mart 2023 / 15:48

Rövşən Yerfi

 

İlk müəllimim
(xatirə)

Həqiqətən dünyada peşə yönümündən müəllim adından şərəfli, yüksək ikinci bir ad yoxdur. Bəzən haqlı olaraq onu insana valideyndən sonra ən yaxın, əziz, dəyərli adam hesab edirlər. Xüsusilə də, ilk müəllim heç vaxt, bütün ömürboyu unudulmayır.

Saymağı, rəqəmləri, əlifbanın hərflərini məktəbə qədər mənə anam öyrədib. Anam 1930-cu illərin axırlarında o zamankı yeddi illik təhsili tərifnamə ilə bitirmişdi. Amma yazmağı, oxumağı hesablamağı isə anamla həmyaşıd olan ilk müəllimim Tavat Niftəli qızı Hacıyeva öyrədib.

1972-ci ilin 1 sentyabrında, o, bizi məktəbin həyətində sıraya düzüb sinfə apardı. Möhtəşəm bir gün idi. Hər şey bizim üçün yeni, sevimli idi, o cümlədən, bizə ana qayğısı ilə yanaşan müəlliməmiz də...

Tavat müəllimə uca boy, dolğun, orta yaşlı, əsl türk qadınına yaraşan geyimli, xoşxasiyyət qadın idi. Heç zaman başı açıq olmazdı, havadan asılı olaraq şal, ya da, tünd rəngli kəlağayı örtərdi. Saçlarına az-az dən düşməyə başlamışdı. Mehriban görünərdi, amma, mehriban olduğu qədər ciddilik yağan zəhmli baxışları vardı. Bu baxışların əhatəsində sinifdə kimsə cınqırını çıxarmağa ürək etməzdı. Sinfi tam idarə edərdi.  Birinci gündən bizi alışdırdığı üçün düşüncəmizdə  əsl müəllim bu sayaq olmalıdır qənaətini, etalonunu yaratmışdı.

Tavat müəllimə bizdən nə tələb edirdi: intizamlı olmaq və öyrətdiyini geriyə almaq. Zəif oxuyanlara deyərdi: “öyrətmişəm sənə, zəhmət çək öyrətdiyimi qaytar, dərsinə cavab ver”.

Tavat müəllimə şagird döyən deyildi, ancaq  başlarına gələnlərin dediyinə görə, çox ağır əli vardı, hirslənəndə kimə bir qulaqburması etsəydi, ikincisinə ehtiyac qalmazdı. Cəzalanan günahını dərk etmiş olurdu. Tənbeh alanın güvənc yeri də olmurdu ki, kiməsə narazılıq etsin. Bilirdi ki, evdə ata-anasından başlamış heç kəs müəlliməni qınamayacaqdı, hamı onun özünü təqsirli hesab edəcəkdi. Çünki, uzun illər işinə sevgisi, məsuliyyəti, tələbkarlığı ilə  Tavat müəllimə kənd camaatında özünə qarşı böyük nüfuz qazanmışdı. Onu məclislərdə, hər yerdə ehtiramla qarşılayıb yola salırdılar.

Onun peşəsinə olan məhəbbətinin nəticəsi idi ki, 25 ildən artıq işlədiyi Quba rayonu Yerfi kənd məktəbində əlifba öyrətdiyi yüzlərlə uşaq içərisində bir nəfər belə yazıb-oxumağı bacarmayanı olmamışdır.

O, məni birinci gündən boyum balaca olduğu üçün müəllim stolunun qarşısındakı partada oturtdu. Üç sinif  dərs günlərində saat 8-dən, 12-yədək ən yaxın məsafədə Tavat müəllimənin nəzəri altında olurdum. Hər gün dərslərimi elə öyrənirdim ki, nəinki söz deməsin, hətta qınayıcı baxışlarla belə mənə baxmasın. Əksər uşaqları müxtəlif səbəblərdən ayrı-ayrı vaxtlarda cəzalandırsa da, mənə qarşı səsini də qaldırmamışdı. Lakin, arxayınlaşmırdım, məni heç vaxt tənbeh etməyəcəyinə inanmırdım. Ona görə də həmişə çalışırdım ki, buna səbəb yaratmayım. Dərsdən evə gələn kimi çörəyimi yeyib, ardınca ev tapşırıqlarımı, dərslərimi hazırlayardım. Evdə kimsə mənə “get, dərsini oxu” deməzdi, əmin olduqlarından heç soruşmazdılar nə oxumusan, nə öyrənmisən. Üçüncü sinifdə oxuyanda, bir dəfə evimizə çoxlu qonaq gəlmişdi. Baş qatışdığından və otaqlarda dərsləri hazırlamağa imkan olmadığından axşam saat 10-da anama acıqlandım:”mən dərslərimi nə vaxt öyrənəcəyəm? Sabah Tavat müəlliməyə nə cavab verəcəyəm?” Sonra da hirsimdən ağlamışdım. Yatana qədər və səhər tezdən tam yaxşı olmasa da, birtəhər dərsimi hazırlamışdım. Dərsdə ürəyim əsə-əsə gözləmişdim ki, müəllimə indi məni lövhənin qarşısına çıxaracaq. Dərsi yaxşı öyrənmədiyimi bilib danlayacaq. Təsadüfdən, ya da gözlərimdən narahatlığımı hiss edib həmin gün məndən dərs soruşmamışdı.

Üç ildə onun qayğısı sayəsində hər rüb əlaçı oldum. Aşıladığı dərsə hazırlaşmaq məsuliyyəti son sinfədək mənə əlaçı qalmağa kömək etdi.  

Orta məktəbi qurtarana qədər hər il  8 Mart Qadınlar günü münasibəti ilə ona “otkrıtka” deyilən açıqça yazardım. Utandığımdan evlərinə getməzdim. Poçtun qabağındakı qutuya atardım. Oradan paçtolyon götürüb ünvana çatdırardı. Sevinərdi ona yazılan açıqçalardan. Yaxşı oxumağıma və davranışıma görə mənə hörməti vardı:”bu uşaq oxumuş olacaq”, - deyirdi.

Yuxarı siniflərin birində oxuyurdum. Bir dəfə nəsə vacib işləri olduğu üçün Qonaqkəndə getməyə ailəsi adından atamdan sovxozun minik maşınını istəmişdilər (atam sovxoz direktoru idi). Elə oldu ki, mən də onlarla bir yerdə yol yoldaşı oldum. Qayıdıb kəndə çatanda Tavat müəllimə mənim üçün dedi:”necə ağıllı uşaqdı, bu qədər yol getdik-gəldik, ağzın açıb bir kəlmə danışmadı”.

 

Biz üçüncü sinifdə oxuyanda yüksək təzyiqdən, baş ağrısından çox əziyyət çəkirdi. Başı ağrıyan saatlarda onu artıq danışdırmamağa, yormamağa çalışırdıq. Halı olmayanda da, dərsi boş buraxmazdı. “Qədrimi bilən deyilsiz, öləndə gəlib qəbrimə də, baş çəkməyəcəksiz,” – sözlərinə biz də tez, - “ay müəllimə, Allah etməsin, elə deməyin,” – deyərdik.

2000-ci ilin əvvəlli idi. Yeni köçdüyümüz evin suvağını, döşəməsin düzəltdirirdik, köç vəziyyətində yaşayırdıq. Eşitdik Tavat müəllimə yaxınlığımızda yaşayan oğlunun evində xəstə yatır. Tavat müəllimə məndən beş-altı yaş kiçik ömür yoldaşımın da ilk müəllimi olmuşdu. Ona görə də tez bir konfet qutusu, xəstə yanına aparılan pay alıb, birlikdə qərarə aldıq ki, qarşıdakı bazar günü müəllimənin yanına gedək. Haradansa gözləmədiyimiz bir iş çıxdı, saxladıq növbəti bazara. Az keçmədi eşitdik ki, müəllimə dünyasını dəyişib. Elə pərt olduq, içdən təəssüfləndik, kaş bir həftə irəlicəni əldən verməyəydik. Son görüşümüz qismət deyilmiş. Əvvəldən özümü ona borclu saymışam, belə olandan sonra ürəyimdə borcum sanki iki qat artdı.

Kəndə gedəndə yolum məzarlığın yanından keçərsə, çalışıram ki, qəbrini ziyarət edim:”müəllimə, sizi unutmamışıq, ruhunuz şad olsun”!

İnanıram ki, axirət həyatımda ən tez görüşəcəyim ruhlardan biri də, ilk müəllimimin mübarək ruhu olacaq...  

02.2023

  

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.