Sənət və ədəbiyyat dərgisi

El bilir ki - Aydın Talıbzadə yazır

17 Oktyabr 2023 / 11:35

Aydın Talıbzadə

El bilir ki...

Öncə EL tərifi, elmi dil ilə desək, "EL" anlamının ağız ədəbiyyatından bəlli definisiyası və ya "Oğuznamə"dən yaddaş üçün bir GÖRK, bir PORTRET; yəni türk folklorunda elin anketi, şəxsi vərəqəsi. Bax, elə Səməd Vurğunun da məşhur və sevimli misrasının gələnəyi, şəcərəsi, kökü burada ki, onu da mən sitatlaşdırıram necə olubsa:

"El atdığı daş uzaq gedər".

"El içində qatı söyləmə, divar ardında da qulaq olur".

"El keçdigü körpüdən sən də keç".

"El dəlisün aldatmaz".

"El ilə gələn qərə gün dügündür".

"El eybin sana söyləyən sənin eybini də elə söylər".

"Elün ağzı yıpraq olur".

"El içün ağlıyanın gözi yaşı dügiməz".

"El dilini kimsə tutmaz".

"El içində itin quyruğun kəsmə".

Nədir bu "el"? Canlımı ki, daş ata, körpüdən keçə, eyib söyləyə, ağzı yıpraq ola? Yoxsa, cansız bir sözmü ki, işarə sanıla, nəyisə bildirə, eyhamlaşdıra? Araşdırılması çətin, müşkül məsələ. Mükəmməl tədqiqat istər ki, aça sandığı, tökə pambığı. Mənim məqaləmsə, etimoloji sprint: sözləri "eşə-eşə örüb" bəlirtdiyim mənalar şimşək kimi görünüb də yox olar; çünki qayəsi həməncə poetik təfəkkürdən gələr.

Biz "el" deyəndə əcnəbilər "xalq", "tayfa" başa düşərlər: onun ayrı dillərə "aləm" kimi tərcüməsi də məlum. Amma sual bu ki, "el" sözünün mayası nə, cövhəri nə? Mən bu burulğanda burulduqca buruldum və yalnız sözün ilkəl enerji çərçivəsini nişanlamağı bacardım.

İndisə, "el" sözünün etimologiyasının ardıyca getdiyim yolun koordinatları. Üfüqi və şaquli xətlərin kəsişdiyi nöqtədə, yəni diaqramın mərkəzində mən "EL" sözünü yerləşdirirəm. Horizontal həmişə ELƏ məxsusdur: "palaza bürün, elnən sürün", yəni məhdudlaş, atılıb düşmə, horizontalın dışına çıxma, çərçivəni dağıtma, yastılanıb torpağa yaxın ol. Sürünmək yalnız üfüqi müstəvidə mümkündür, başqa cür desəm, horizontal sürünənlərindir. Horizontal üzrə mərkəzdən solda isə "YEL", sağda "SEL" sözü qərarlaşıb; vertikal boyunca isə mərkəzdən yuxarıda "TEL" sözü dayanıb, aşağıda - "BEL".

Bununla da sözün qədərincə aydın vizual görüntüyə malik etimoloji xəritəsi cızılır.

Torpaq, gil, lil qarışıq, gur, coşqun, iti, azman su axını SEL adlanır: çoxluq, birlik, nəhəng qüvvə təmsilçisidir. Həmişə qoşunların, ləşkərlərin qüdrətini, əzəmətini görükdürmək üçün onları selə bənzədərdilər. Əbəs söyləmirlər ki, "el gücü - sel gücü". Ona görə də mən "sel"i "el"dən sağda gördüm. Belə ki, mərkəzdən sağa doğru həndəsi silsilə çoxalır və el arta-arta sel gücü qazanır.

YEL (yunan mifologiyasında küləklər keşikçisi kimi tanınan tanrı EOL adlanır; müqayisə elə: EL-EOL-YEL) intensiv hava axınını işarələyir. Sel də axındır, yel də: lakin birini görmək olur, o birini yox. Ruzini, həyat enerjisini qovub-qovub ELƏ gətirən də YELDİR. Ona görə biz azərbaycanlılar söylərik ki, "yelnən gələn selnən gedər". Bu da birmənalı şəkildə təsdiqləyir ki, mənim "el" sözünün sferik məna və transformasiyalar zonası üçün qurduğum etimoloji sxem yüzdə yüz düzdür. Təsadüfi deyil ki, xalq arasında "yel" fələyin obrazı kimi qavranılır, efemerdir və elə, selə nisbətən neqativdədir: ol səbəbdən də soldadır. Hərçənd, xalq seldən də qorxur: yelin qovub-qovub müəyyən müddətə gətirdiyini sel birdən-birə, bir anın içində "hörüklərinə" bağlayıb aparır. "Yel" və "Sel" "El"in qoşa qanadı kimi bir şeydir.

TEL saçın bircəciyini bildirir, məqamı ucadır, hər zaman "mən"dən üstədir, di gəl ki, tənhadır, təkdir: "el" "TEL" olduqca "yüksəlir", qutsallaşır, amma incəlir, azalır, enerjisini itirir. Odur ki, mən "tel"i "el"dən yuxarıda yerləşdirdim.

BEL isə aşağıdadır, əsasdır, kökdür, özüldür, möhkəmlik və güc əlamətidir: "el" "BELƏ" döndükcə yoğunlaşır, rişələnir. Bel elin enerjisidir.

Bu da "el" sözünün aktiv mənayaratma və transformasiya çənbəri. Yəni fikrimin biri bu ki, "sel", "yel", "bel" sözləri "EL" kəlməsinin təsirilə, onun mənasının innovasiya şəkli kimi meydana çıxıb. Fikrimin o biri də bu ki, "EL" sözünün etimoloji xəritəsi xaç, çakra, mandala kimi simvolik formaları aşkarlayır. XAÇ, ÇAKRA, MANDALA elin varolma zonası: yəni günəş altında EL məskunlaşır. Təbii ki, horizontal elin artım müstəvisidir. El ləngimədən sağa və sola çoxalır, ÇÖLƏ, yəni horizonta yayılır.

ÇÖL elin diri qalmaq şansının qarantıdır.

ÇÖL olmayanda el qurtarır.

Bica deyil ki, "el" sözünün sağında və solunda "güc", "bolluq", "artım", "azman enerji" kimi mənalandırılan anlamlar yerləşir. Sel su bolluğudur, yel - hava çoxluğu. Eldən yuxarı yüksələn təklənir, TELƏ çevrilir, yəni çoxluqdan, birlikdən ayrılır, uzaqlaşır, nazilir, gücünü itirir. Bel isə qüvvətin, enerjinin toplandığı nöqtəni, elin yaşam qaynağını eyhamlaşdırır, TORPAĞI özündə ehtiva edir. EL belin üstündə qərarlaşır, çölə yayılır. Eldən aşağı enənsə, ölür, ÖL olur və bel götürüb onu belə (torpağa) tapşırırlar.

Dahi Mirəli Seyidovun araşdırmalarında  "öl", "öləng" su, çəmənlik, örüş mənalarında çözülür. Tövratın "Şahlıqlar kitabı"nda da ölüm SU ilə əlaqələndirilir: "Biz ölərik və torpağa dağıdılmış su kimi olarıq". Ölmək su olmaq, su olmaqsa, SELƏ qovuşmaq deməkdir. Əski mədəniyyətlərdə buna yol verilmirdi. Çünki qədim uyqarlıqlarda meyitləri küpdə basdırırdılar. Adətin sirri onda idi ki, qədim insanlar bir şəxs öldükdən sonra onun suyunun dağılıb getməsini, başqa sulara qarışmasını istəmirdilər, konkret bir nəfərə məxsus suyu yığıb saxlayırdılar və bu məqsdədlə küplərdən yararlanırdılar; ayrı cür desək, insan öldükdən sonra onu konservləşdirirdilər.

Axı su informasiya daşıyıcısıdır, ötürücüdür, genetik mikrosxemdir. Lakin, görünür, əski mədəniyyətlərdə bilmirlərmiş ki, su damlasının ölməməsi, itməməsi, reabilitasiyası və yaşaması, daha doğrusu, həyatda olması üçün onun SELƏ (axına) qovuşması vacib şərtdir. Yoxsa, ölünü və onun suyunu küpdə əsir eləməzdilər ki? Biz yenidən qayıtdıq bəlli bir həqiqətin üzərinə: həyat silsiləsi bütövdür, tamdır və aramsız prosesdir. Və bu həqiqət, bu proses "OL - AL - EL - ƏL - ÖL" kimi möhtəşəm bir düzümdə, bir sintaqmada şəkillənir. "OL" və "ÖL" "EL" vasitəsilə əlaqələnir.

Bu mənada "EL" sözü, anlamı ÇAKRA, MANDALA, XAÇ FORMALI KOSMOSUN, ALƏMİN, DÜNYƏVİ GÜCÜN, ENERJİNİN MƏRKƏZİNİ SİMVOLLAŞDIRIR.

Ciddi iddia və bəyanatdır. Sübutu varmı? Var, mifologiyada, əski uyqarlıqların tarixində və mədəniyyətində.

Azərbaycanca EL müəyyən qrup insanın məskunlaşma tərzini bildirir: bu, bir. EL sözü konkret coğrafi şərait içrə qurulmuş toplumu, insan yığnağını eyhamlaşdırır: bu, iki. EL xalqın uyqarlıq dövrünə qədərki mövcudluq formasıdır. Bu, üç. El azərbaycanlı qavrayışında daim müəyyən məkanla bağlı olur. Bu, dörd.

Doğrudan da biz hər bir vaxt "yurd", "oba" sözlərini işlədəndə yadımıza mütləq EL düşür. Nədən ki, yurd və ya oba elin mənimsəyib ictimailəşdirdiyi yerdir, məskəndir. El ölkədə, respublikada, şəhərdə yox, yurdda, obada yaşayır. (Hərçənd, qədim yunanlar "ellin" söyləyəndə ağıllarına həməncə şəhərlini gətirirdilər.) Xalq, millət, tayfa, nəsil dedikdə isə, təsəvvürə məkanla ilişikli konkret heç nə gəlmir. "EL" anlamında isə məkan həmişə aktualdır, həmişə danışır. Heç şübhəsiz ki, bu, "el" sözündəki "L" samitinin fərasətindəndir, onun məkana bağlılığındandır, daha doğrusu, iki dünya arasında bir xətt, bir mediator olmasındandır. "L" hərfinin görkəmində, lampavariliyində, ikonoqrafik quruluşunda ruhsal ilə dünyəvi, ideya ilə materiya, təbiət stixiyaları (su, hava, torpaq) qəribə bir sintezə uğrayıb vəhdət halına gəlir. Qutsal sözlərin böyük əksəriyyətində "L" samiti nida işarəsi kimi bir vurğudur; haradasa, Nuhun gəmisini eyhamlaşdırır: Babil mifologiyasında gəmi günəşi qoynuna alıb TÖRƏMƏ aktına başlayır.

Bu hərfin latınca və ərəbcə yazılışı, demək olar ki, eynidir: fərq yalnız ondadır ki, biri sağa, biri sola baxır. Hər iki halda, bu samit abgərdənə, çömçəyə bənzərdir.

Çömçə isə potensial gəmidir.

Gəmi olan nəsnə isə bütün stixiyalara açıqdır: torpaqdan ayrılır, su ilə üzür, gövdəsi havanı yarır.

"E" saiti isə deyilişinə görə uzatdıqca-uzanıb gedən bir səsdir, haraydır azmanlığın, iriliyin, böyüklüyün bildiricisidir, sanki sonsuzluğun səs ekvivalentidir. Tutalım: eheeeeeey... Odur ki, "el" sözünə bir tükənməzlik, bir intəhasızlıq pərçim. Duyğular, qəfil nurlanmalar müstəvisində söylədiklərimin müəyyən elmi-kulturoloji izahını tapmaqdan ötrü qədim-qədim dövrlərin tarix və mifolojisinə varmaq gərək.

Şumer-akkad mifopoetik ənənəsində ENLİL və ya ELLİL (diqqət edin: hətta üç "L" hərfi) havanın, torpağın və tufanın (şimşəyin - odun, işığın) tanrısıdır. ENKİ, yaxud EA isə bütün şirin suların sakral panteonda əyləşmiş müqəddəs hökmdarı sayılır. Mifologiyada ELLİL elə bir qüvvədir ki, onun mayasında zorakılıq və cəsurluq dayanıb. EL-LİL kosmosdur, özündə dörd stixiyanı qapsayır.

BEL də akkad mifologiyasında tanrıların ümumiləşdirilmiş obrazıdır, "sahib", "ağa" mənalarında çözülür. Akkadlarda ELLİL və MARDUK vaxtilə BEL adı ilə çağırılıb. Əski yunanlar öz vətənlərini əzizləyib ona ELLADA (EL-LADA, EL-ADA, EL-ATA mümkün modifikasiyalar kimi) deyiblər. Qədim ellin də ki yəqin, Ellada sakini olub.

İndi tutuşdurub görək, ELLİL, ENLİL və ELLİN sözləri arasında çoxmu fərq var? Bəlkə, yunanlar özlərini əski şumer tanrısına bənzətmək istəyiblər? Amma bu, hələ harasıdır ki? ELAM qədim dövlətlərdən biri olub, İranın cənub-şərqində yerləşib. Tövratda yəhudilərin tanrısı Yahve ELOHİM adı ilə tanınır.

Bütün bunları sadalamaqda məqsədim diqqətinizi sözlərin əvvəlinci hecasına yönəltməkdir. Yaxın Şərqin qədim mədəniyyəti şəbəkəsində EL sakral mənşəli adlarda mütəmadi şəkildə təkrarlanıb, sözün özəyini, əgər belə demək caizsə, buferini təşkil edən bir hecadır. Müasir dünyanın bir sıra coğrafi toponimləri də "el" kəlməsilə birbaşa rabitədə: məsələn, ELBA, ELZAS, ELDORADO, ELBRUS.

Müsəlmanların tanrısının adı "ALLAH" (yenə iki "L") da ərəbcə "ƏLLAH" (mümkün modifikasiya ELLAH) kimi tələffüz edilir və haradasa, "EL"ə maksimal yaxınlaşdırılır. Bu qədər təsadüf olurmu, yahu? Hətta "el" sözü müxtəlif dillərin tərkibində öz sakral mahiyyətini itirib "əl", "ə", "el" artiklları kimi yaşayır.

Osmanlı türkcəsi tələffüzünə və yazılışına görə "əl" və "el" sözlərini bir-birindən ayırmır. Azəri türkcəsində "əl" (Anadolu ləhcəsində "el") beş barmağın birgəliyinin, birgə gücünün ifadəçisidir; yəni müstəqim olaraq "EL" anlamı ilə səsləşir.

Əlli (Anadolu türkcəsində elli) rəqəmi də elin oğullarının say çoxluğunu rəmzləşdirir və "EL" sözündən törəmədir.

Latın rəqəmləri cərgəsində "ƏLLİ" yenə "L" hərfinin qrafik görünüşü ilə bildirilir.

Əgər türkcə əl-li (el-li) çoxluğa işarədirsə, "elçi" sözü, əksinə, elin işini görən, elin mesajını başqasına yetirən tək adamı eyhamlaşdırır. Azərbaycanlılarda isə "elli" sözü Elə mənsubluğu, həmyerliliyi, el adamını və müəyyən coğrafi areala aid doğmalığı bildirir.

Lakin bu gəlişmələrdən sonra da tam aydınlaşmır ki, EL nə olan şey?

Bu səfər eposdan faydalanaq. "GİLQAMEŞ" (və ya "GİLQAMIS")  Şumer və Akkad dastançılıq ənənəsinin dünyaca məşhur nümunəsidir. Ur şəhərinin yarı tarixi, yarı mifik hakimi Gilgameşin sərgüzəşt və macəralarından danışır. Məni bu əsnada məxsusi maraqlandıran qəhrəmanın adıdır.

Nə deməkdir GİLQAMEŞ? Əvvəlcə, adın yol veriləsi şəkil dəyişmələrini nəzərdən keçirək: GİL-QAMEŞ - GİL-QAM-EŞ - GİL-QAM-IŞ - İL-QAM-IŞ - EL-QAM-IŞ.

Bunu hələliyə saxlayaq burda, istiqamətlənək Adəm peyğəmbərə doğru. Səfiyullahın adı "adəmə" sözündəndir, torpağı, əkin yerini, torpaq mülkiyyətini, ölülər səltənətini bildirir. Yəni Adəm peyğəmbərin adı torpaq adam, torpaq adamı mənalarından anlaşılır.

Bu kontekstdə mən belə güman eləyirəm ki, Şumer-Akkad mədəniyyətinin Adəmi (ilk torpaq adamı) GİLQAMEŞDİR. Heç şübhəsiz ki, bu ad Şumerin əfsanəvi qəhrəmanının torpaqla ilişikli şəcərəsini kodlaşdırır. GİL torpaq variantıdır, onun su ilə qarışdırıldıqda xüsusi elastiklik qazanan fraqmentidir. Onda belə anlamaq olur ki, GİLQAMEŞ/GİLQAMIŞ/GİLQAMIS torpaq adamıdır, torpaqdan göyərmiş qamışdır, məxluqdur. Hərçənd, "GİLQAMEŞ" sözünü GİL-QAM/GİL-CAM, EL-QAM/EL-CAM, İL-QAM/İL-CAM kimi də yozmaq caizdir. Bu zaman mənalar belə dəyişəcək: "qamların torpağı", "qamların eli", "gil cam", "el camı" (cam gəminin variantlarından biri kimi).

Beləliklə, qədim türklərin qam-şaman görüşlərilə, bütövlükdə əski türk mədəniyyətilə Şumer-Akkad mədəniyyətinin dil qatında mövcud bağlantıları göz önündədir və inkarolunmazdır. Məhz bu mədəniyyətlərin unikal və heyrətamiz sintezində "EL" sözü özünün iç mənasını aşkarlayır, əsl cövhərini bəyana gətirir.

EL - torpaq əhli, torpaqdan göyərənlər, torpaqdan bitənlər deməkdir.

Elin gücü, birliyi və eyniliyi elə burdandır. El torpaq adamlarını nişan verir. Yəni adamların hamısı torpaq kimidir, adamların hamısı gilqamışdır. Amma o da mümkün ki, EL türk panteonunun torpaq, su, hava tanrısı olsun. Hər halda "El bilir ki", torpaqdan savayı üstündə gəzəsi, gedəsi, yaşayası, öləsi yeri yoxdur. Bax, bu deməkdir EL!

Torpaqda yaşayanlar deməkdir EL və El İlin dəyişdiyini birinci torpaqdan öyrənir, İli tanımağı torpaqdan öyrənir. Ona görə də El ilə İlin birgəliyi aşikar!!!

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.