Sənət və ədəbiyyat dərgisi

Qəzzalı uşaqlara - Sona Vəliyevanın YENİ ŞEİRLƏRİ

23 Oktyabr 2023 / 12:03


QƏZZALI UŞAQLARA...

 

Yaz, ərəbəm mən,

Şəxsiyyət vəsiqəmin nömrəsi

əlli min,

uşaqlarımın sayı

səkkiz.

Doqquzuncusu da

yolda,

yayaın axırında dünyaya

gələcək,

əsəbləşirsinizmi?

 

“Şəxsiyyət vəsiqəsi” şeiri, Mahmud Dərviş

 

Bu kar, kor,

kürkü yırtıq dünyanın,

dərdi kasıblara,

nəşəsi varlılara

hesablanıb, şair.

Savaş uşaqlarının

taleləri qara yazılan

yerlərdə başlayar...

Analar uşaqların

yatırdıb,

adların ovuclarına

yazarlar,

sabah ölmədən

oyanan uşaqlar

adlarını mələk yazısı sanarlar,

öyünərlər:

“Xızır baba

gecə bizə gəlib

taleyimi, adımı,

ovcuma yazıb” –

deyəndə,

Əhməd, Əli,

Ayişə, Zeynəb,

“bizə də gəlibmiş,

bax, bax,

adımı,

əlimə bizim hərflərlə

yazıb” – deyərlər...

Bu kar, kor dünyanın

varlandıqca

gözü doymayan,

hər zaman

kürkü yırtıq ağaları,

insanları

soyub-soyub taladıqca,

iştahaları artdıqca

təpəgözə çevrilib,

uşaq qanı içməkdən

doymazlar...

Analar qorxarlar

yatmağa,

dualarını zireh bilərlər,

dan yeri ağarınca

dualarla yol gələrlər,

Günəşi şükranlıqla,

sağ-salamat

qarşılamağa...

Qəzzada ömürlər,

qorxulu nağıla bənzər,

Azan səsləri, namaz səcdələri,

Haqqa,

azadlığa,

İlahi eşqə səslər,

“Allahu-Əkbər” çağırışı

səbrin daşını çatlatdıqca

içindən Azadlıq nəğmələri

yüksələr...

Səkkiz yox, yüzlərlə uşaq,

bombalanan bu fani dünyadan,

nifrətlə üz döndərib,

uçub gedərlər,

savaşlar olmayan yerə...

Ümidləri işıq saçar

yazda,

gələcək doqquzuncu uşağın

yollarına...

Ehey, qarı düşmən,

Ehey Tanrıdan uzaq

düşənlər,

Qan gölündən həzz alanlar,

Ölüm mücahidlər üçün son deyil

Doqquzuncu uşaq

yolda, gəlir,

tək deyil, Tanrıyla gəlir...

 

 

SİZƏ SƏSLƏNİRƏM

 

 

Ey ötəri sözlərin arasıyla addımlayanlar,
Sizddən qılınc, bizdən qan,
Sizdən polad və atəş, bizdən ət və can,

Sizdən yeni bir tanq, bizden daş
Sizdən qaz bombası, bizden yağış.
Bizim üstümüzdə də sizinki kibi göy üzü ve hava
Payınızı alın qanımızdan və çıxıb gedin.
Rəqsli, yemək-içməkli bir axşam əyləncəsinə gedin.
Bizim borcumuz şəhidlər üstünə qoyulan gülləri qorumaqdır.
Bizim borcumuz ürəyimiz istədiyi qədər yaşamaqdır.        

“Sözlər arasında”  şeiri, Mahmud Dərviş

 

Sizə səslənirəm,

Ehey dünyanın başbilənləri,

Hədə-qorxu, güc sahibləri...

Sülh, savaş, atəşkəs

danışıqları gedən

salonlardan

hərəniz öz bayrağınız

yerinə

Qəzzada

qan içində ölən

uşağın köynəyini

asın

gözünüz önündən...

Sonra Tanrınıza

dönün,

sonra içinizi qazıyın,

bəlkə, tapasınız

imanınızı,

bəlkə, oyadasınız yatmış vicdanınızı...

Sonra o köynəyin

sahibini

qəzzalı deyil,

öz övladınız bilin.

Onda gözünüzdən bir damla

yaş çıxsa, deməli,

günəşin yenə də

Şərqdən çıxacağına

ümid var hələ...

İnsanlıq ölməyibsə,

Tanrı tufanı, yer-göy

titrəmələri hələ,

sizdən öncə

o yerlərə yetişməyibsə,

çıxarın təkəbbür,

mənəm-mənəmlik eynəyini gözünüzdən...

Hələ dünyaya demirəm,

tək Qəzzaya,

anası ölən körpənin

gözüylə baxın,

ya da övladları ölən,

ana ağısına qulaqlarınız tıxamayın.

Ev-eşiksiz

qalan insanların

birinə çevrilin,

sonra göy üzünə baxın,

Allahla üzləşin...

Ya da

ölüm və həyat,

yaşamaq və zülüm

məsafəsindən keçin...

Sərhədlərdən, tikanlı məftillərdən,

 “mənim, sənin”

körpüsündən

Allahı səsləyin,

Allaha dönün,

qanlı köynəyin

sahibi uşağın diliylə,

dünyaya baxan gözüylə,

yerin, göyün sahibindən

soruşun,

cənnət bu günahlarla

sizin üzünüzə qapanınca,

cəhənnəmdəki zindanda

yeriniz hansı qatda,

yalvarın ağalar,

günahlardan keçib,

etiraf edin,

Allah mərhəmətlidir,

bəlkə, bəlkə, sizi bağışlayar!

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.