Rəssamlığın Mirzə Qədim zirvəsi - Ziyadxan Əliyev yazır
16 Yanvar 2024 / 11:05
Ziyadxan Əliyev
Rəssamlığın Mirzə Qədim zirvəsi
XIX əsrdə ən müxtəlif funksiyalı ictimai tikililərdə monumental-dekorativ rəngkarlığın yer almasını Azərbaycan məkanında qədim bədii ənənənin - miniatür üslubunun davam etdirilməsi kimi də dəyərləndirmək olar. Bunun ən yaxşı nümunələrindən biri Qərbi Azərbaycanın İrəvan şəhərində yerləşən Sərdar sarayının interyerində yer almış sənət nümunələri sayılır.
Qeyd edək ki, sarayın interyerinin tərtibatını təşkil edən ilk divar rəsmləri Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdür Rzanın adı ilə bağlıdır. XVIII əsrin ortalarında sarayın interyerinin yenidən qurulmasına qərar verilmişdir. Bu işə cəlb edilən yerli gənc rəssam Mirzə Qədim İrəvani (1825-1875) burada altı portret işləmiş, monumental rəngkarlıq sahəsində sənət zirvəsini fəth etdiyini sərgiləmişdir.
Yeri gəlmişkən, deyək ki, öz dövrü üçün yetərli qədər ciddi olan belə bir sifarişin Mirzə Qədimə həvalə olunması, ilk növbədə, gənc rəssamın istedadına olan inamın göstəricisi idi. Bir vaxtlar rəssama duyulası şöhrət gətirən bu əsərlərin sonrakı taleyi o qədər də ürəkaçan olmamışdır. Belə ki, Sərdar sarayı 1914-cü ildə erməni vandalları tərəfindən dağıdıldıqdan sonra Mirzə Qədim İrəvaninin iri ölçülü bu portretlərinə gürcülər sahib çıxmış və onları Gürcüstana aparmışlar. Onlar bu işlərə ermənilərdən fərqli münasibət göstərmiş və əsərləri saxlanmaq üçün Tiflisdəki Hərbi-Tarixi Muzeyə təhvil vermişlər. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilib. Yeri gəlmişkən, deyək ki, bu portretlər İrəvandan gətirilmiş digər Qacar dövrü incəsənət nümunələri ilə birlikdə muzey ekspozisiyasında göstərilmirdi. Başqa sözlə desək, çox şey dəyişsə də, gürcülər sovet dönəmində “Şah Abbas və Gürcüstan” münasibətlərini unutmayaraq, Qacarlar adı ilə bağlı olan hər şeyə laqeyd münasibət göstərməkdə idilər. Başqa sözlə desək, Sərdar Sarayından Tiflisə gətirilən sənət nümunələri muzey ekspozisiyasında göstərilmədiyindən və bərpa olunmadığından, uzun illər ərzində yalnız fondda qaldığından pis vəziyyətə düşmüşdülər. Müstəqillik illərində həmin əsərlərin mövcudluğundan xəbər tutan Azərbaycan tarixçilərinin yerli mətbuatda həyəcan təbili çalmaları nəticəsiz qalmadı. Ötən il Azərbaycan hökumətinin Gürcüstan rəhbərliyinə müraciətindən sonra M.Q.İrəvaninin əsərlərinin Bakıda Azərbaycan mütəxəssisləri tərəfindən bərpa olunmasına və sərgilənməsinə icazə alındı. Bundan sonra Azərbaycan Milli İncəsənət Muzeyinə gətirilən əsərlər bir-neçə ay ərzində tanınmış bərpaçı-rəssam, Əməkdar rəssam Natiq Səfərovun rəhbərliyi altında həyata qaytarıldı. 2019-cu ilin mayında isə həmin əsərlər Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adı altında ictimaiyyətə təqdim olundu. Sərgidə Gürcüstandan gətirilmiş - Qacarlar dövrünə aid qədim incəsənət nümunələrinin əksəriyyəti, Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalar da nümayişə çıxarıldı. Heç şübhəsiz, bu ekspozisiyada hamının nəzərləri əslində bu sərginin keçirilməsinə səbəbkar olmuş Mirzə Qədim İrəvaninin portretlərinə zillənmişdi. Belə ki, bu vaxta qədər sənətsevərlər daha çox məşhur fırça ustasının kiçikölçülü qrafika əsərləri ilə tanış idilər...
Zamanında Sərdar Sarayının interyerini bəzəyən bu əsərlər, ilk növbədə, ölçülərinin böyüklüyü ilə diqqət çəkir. Yağlı boya ilə kətan üzərində çəkilmiş portretlər 200x100 sm ölçüsündədirlər. Onlarda İrəvan xanlığı ilə bağı olan görkəmli şəxsiyyətlərlə yanaşı, adları məlum olmayan adamlar təsvir olunmuşlar. M.Q.İrəvaninin bizə məlum olan bədii irsində yağlı boya ilə yaradılmış əsərlər barəsində bu vaxta qədər əldə edə bildiyimiz informasiyalar yalnız köhnə foto-şəkillər olduğundan, vaxtilə Sərdar Sarayının divarlarını bəzəyən bu portretlərlə Bakı sərgisində əyani tanışlıq çox yaddaqalan idi. Məlumat üçün bildirək ki, həmin sarayda divar rəsmləri mövcud olsa da, M.Q.İrəvaninin əsərləri kətanda işlənib çərçivələnəndən sonra interyerə daxil edilmişdi. Ona görə də onları 1914-cü ildə divardan çıxarıb Tiflisə aparmaq gürcülər üçün o qədər də çətinlik törətməmişdi.
Əgər yağlı boya ilə ərsəyə gətirilmiş bu əsərlərin bədii-estetik xüsusiyyətlərini rəssamın sulu boya ilə çəkilmiş portretlərlə müqayisə etsək, onda onların arasında ciddi fərqin mövcud olduğunu söyləyə bilərik. Belə ki, kağız üzərində yaratdığı portretlərdə kifayət qədər bənzərsiz və özünəməxsus olduğunu sərgiləyən M.Q.İrəvaninin, kətan üzərində yaratdıqlarında həmin dövrdə Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətində geniş yayılmış “Qacar üslubu” estetikasına tapındığı görünməkdədir. Heç şübhəsiz, rəssamın kağız üzərində əldə etdiyi rəng axıcılığını və təravətliliyini yağlı boya ilə ifadə etmək çox çətin idi. Əslində “Qacar üslubu”nun özü rəng dekorativliyinə meyilli idi və gənc rəssam da çəkdiyi portretlərdə bu estetikanı özünəməxsus tərzdə ifadə etməyə çalışmışdı. Bizə müqayisə üçün onun yağlı boya ilə çəkilmiş digər əsərləri məlum olmadığından, görünənlərə rəğmən, demək olar ki, M.Q.İrəvani klassik miniatür rəngkarlığının Avropa bədii ənənələri ilə qovşağından yaranmış “Qacar üslubu”ndan istifadə etməklə, yeni ifadə tərzini özünəməxsus çalarlarla zənginləşdirən sənət nümunələri yaratmışdır. Bunu onun sərgidə nümayiş olunan altı əsəri də təsdiqləyir. “Hüseynqulu xanın portreti”, “Qəhrəman döyüşçü”, “Zöhrabın portreti” (onu “Rüstəm-Zal” da adlandırırlar), “İrəvan sərdarı Hüseynqulu xan”, “Döyüşçü portreti” və “Fətəli şah Qacarın portreti” əsərlərində vurğuladığımız məziyyətləri görmək mümkündür.
Əlavə edək ki, rəssamın “Qacarlar üslubu”nun ən səciyyəvi xüsusiyyətləri sayılan bədii prinsiplərdən istifadə etməsi, sifət və əlləri realistik-gerçəkçi tərzdə, geyim və müxtəlif aksesuarlarının dekorativ tərzdə təqdimatı, tamaşaçısını duyğulandıra biləcək mənəvi qaynaq yarada bilməsi, sözün əsl mənasında, zamanında çəkdiyi akvarel portretlər kimi heyrətdoğurucudur.
Qeyd etmək lazımdır ki, müəllif bu rəngkarlıq əsərlərində portretlərin ikonoqrafik inandırıcılığına nail olmaqla, həm də onların monumentallığını əldə edə bilmişdir. Bunun interyerdə yer alacağını, memarlıqla əlaqəli təqdim olunacağını nəzərə alan M.Q.İrəvani geniş bədii ümumiləşdirmələrdən istifadə etmişdir. Bəzən sarayda, bəzən də neytral və yaxud mənzərə fonunda görüntüyə gətirilən bu obrazların bədii tutumunda bütövlüyün əldə olunmasını onun duyulası uğurlarından saymaq olar.
Dekorativliyə bürünmüş bu şərtilik interyerin ümumi memarlığında iri ölçüdə olan bu portretlərin “itməməsi”ni nə qədər şərtləndirmişdirsə, obrazların səciyyəvi cizgilərini əyaniləşdirən bədii amillər də görünənlərin inandırıcılığını bir o qədər təmin etmişdir...
Sonda məlumat üçün bildirək ki, rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların yalnız 23-ü gəlib çatmışdır. Bunlar da 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildiyi nümunələrdir. Sulu boya və qələmlə çəkilmiş həmin əsərlərin 20 ədədi hazırda Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır...