Sənət və ədəbiyyat dərgisi

Sən böyüməyəsən deyə - Həsən əl-Mətruşi

18 Oktyabr 2022 / 09:31

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 18 oktyabrda layihə Oman şairi Həsən əl Mətruşi və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Həsən əl-Mətruşi / Oman

 

Mərhəmətli və bağışlayan Allahın adı ilə.

      Salam aleyküm. Mən Oman Sultanlığından Həsən əl-Mətruşi dost Azərbaycan xalqını, xüsusilə də Şuşa şəhərinin əhalisini səmimi qəlbdən salamlayıram. Onları bu ilin "Şuşa ili" elan edilməsi münasibətilə təbrik edirəm. Gözəl təbiətə və əsrarəngiz mənzərələrə sahib olan bu mədəniyyət şəhəri bir çox böyük şair, yazıçı, ədib və musiqiçilər yetişdirmişdir. Şuşa, salam!

 

 Sən böyüməyəsən deyə

 

Ola bilsin, nəsə demək istəyirəm,

Ola bilsin demək istədiyim deyil demək istədiyim.

Lakin hər dəfə "mənilmlə gəl" deyəndə

Qovuşuruq,

Çöllərdə gəzib dolaşan,

iki qovulmuş tanrı kimi.

Nadinc uşaqlar kimiyəm,

Bütün yetimləri, məktəbliləri

Analar bayramını qeyd etməyə çağırıram.

Qapımda da çoxlu sərçələr var,

Fəsillər də ziyarətimə gəlib.

Neçə dəfə öz adımla, ləqəbimlə tək-tənha köç edəndə

Sənin gözlərin yox,

Səma yola salıb məni.

Vüsal yox edib məni..

Mənimlə gəl...

Bu qapı qarışıq bir dənizə açılır...

Apar məni...

Apar ki,

Uzaq keçmişdəki əcdadların

Qızmar istidə qoyub getdiyi

Cins atları, minikləri, uzaqgörənliyi, qisası,

Dilləri, vəsiyyətləri,

Müharibə və əsirləri,

Yolları və oxunan nəğmələri

Geri qaytarım...

Qəlbim dağ keçilərinin yediyi

təravətli ot kimidir.

Ey çobanların nəğmələri!

Ey qovuşanların uçurumları!

Gizlədin hər yanda məni,

Soruşanlara bir işarə olum.

Köçüb gedənlərin mahnılarında

Bütün aləmin danışan dili olum.

Qoy bu gecə nəğmə dolçasını yerə boşaldım,

Və işarə edib deyim ki, gəlin keçin.

Qoy insanların təqvimlərini ləğv edim

Sən böyüməyəsən deyə.

Mən ancaq bir elçiyəm,

Ola bilsin, nəsə demək istəyirəm

Ola bilsin demək istədiyim deyil demək istədiyim.

 

Tərcümə: Kamil Şərifov

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.