Kim öldürdü körpə səni - Nurəngiz Günün şeiri
25 Fevral 2023 / 15:10
Nurəngiz GÜN
Litpark.az. Xocalı soyqırımının növbəti anım günü münasibəti ilə görkəmli şair Nurəngiz Günün həmin hadisələrə həsr olunmuş şeirini təqdim edir.
Kim öldürdü körpə səni,
Kim öldürdü körpə səni,
Doğulmayan əllərini?
Kim öldürdü gözlərini?
Kirpiklərin uzundumu,
Tellərin nə rən
gindəydi,
Qaramı, qızılıydımı?
Ananınkı ipək kimi, qara şəvə, cilvəliydi,
Anan cilvələr içindən, dəli haraylar çəkirdi,
Yox, yox körpə! Anan dəli deyildi!
Öldürdülər.
Şər vaxtımı, sübh çağımı?
Ananı çağırdınmı,
Bildinmi onun adını?
Kim eşitdi qığıltını,
bircə ağız ağladınmı?
Amma anan ağlamışdı... Sübh çağıydı, deyəsən,
Bir erməni gülləsinə, fəğan edib yalvarmışdı.
"Çiçək Fatimə"ydi adı, zahılığı aha bulandı!
Param-parçaydı qolların,
Şəhid etdilər səni!
Göy müşəmbənin içindən
bir yol əl-qol da atmadın,
Doğulmayan əllərini
bir yol atıb oynatmadın.
Necə gözəl oynayardı, amma anan!
Qolları qu lələyiydi, kirpikləri yelpik idi,
Bildinmi ki, körpəcik, anan necə gözəldi!
Vücudun yuxularda!..
Sən anana qısılmadın,
Eşitmədin laylasını,
Yellənmədin nənnisində.
Sən Günəşdən asılmadın,
Əylənmədin hanasında.
Amma anan... sarınmışdı Günəşə...
Əllərini, gözlərini, səni əmanət deyib
Doğulmayan ürəyini... tapşırmışdı Günəşə.
Barmaqların qan içində.
Cıqqanacıq o barmaqlar
Ana döşü aramadı,
titrəmədi sinəsində,
Ana qoxusu dadmadın,
qızınmadın istisinə.
Amma anan... göylərin ətəyində gözlərini,
əllərini görmüşdü. O ətcə barmaqlarını
sübhə qədər... bircə-bircə öpmüşdü!..
Böyümədi əllərin,
Böyümədi gözlərin,
Çiçəklərə, güllərə
bulaşmadı tellərin.
Aman körpə!
Doğum günün,
ölüm günündü! Sənin...
Anan... on səkkizinin içində...
Əlləri böyümüşdü, gözləri böyümüşdü,
Telləri teyxa? ... yaş su... Anan çoxdan ölmüşdü!...
... "Fatimə məscid"ində yuyurlar Fatiməni.
Zahılıqdan azad oldu Fatimə...
Qanla dolu astana! -
Yuyurlar, körpə, yuyurlar, səni də!
Nə səsin, nə səmirin.
Dünyanın gözü doydu!
İç qatil, iç! Ana qanıdır! İç, İç!
O ananın allahı
bil, səni də bir gecə
yaman qandıracaqdır!!!
...Dikilib göylərə o qara gözlər,
Qüssəli baxırlar göydən ulduzlar.
Qan aparır Fatimənin
qara şəvə, cilvəli tellərini...
Kərəm ol sən, o gözəlin allahı,
Fatimənin
Sinəsi üstə qoydular
Körpənin
Param-parça əllərini...
1992
1. Teyxa - büsbütün, tamamilə