Ağır damlalar - Rusudan Kaişauri yazır
10 Aprel 2023 / 15:14
Rusudan Kaişauri
Şair, “Qafqaz evi” nəşriyyatının redaktoru
Gözəllik və sevgi sərgisi
Bir anlığına təsəvvür edək ki, Sona Vəliyevanı tanımırıq, haqqında heç nə bilmirik, amma onun “Ağır damlalar” adlı kitabı qarşımızdadır. Kitabı vərəqləyib onun şeirlərini son misrasına qədər oxuyuruq. Bu o deməkdir ki, artıq Sona xanım haqqında böyük həvəslə danışa bilərik. Belə olduqda, heç şübhəsiz, sözlərimiz oxucuda da maraq oyadar. Çünki bir insan, bir millət barədə, onun yaratdığı əsər qədər heç nə fikir yarada bilməz.
Qəlbi sevgi və mərhəmətlə dolu bu insan, demək olar ki, hər şeylə təmin olunub, həyatı da dərk edib, amma yenə də nisgil ondan əl çəkmir, ruhunun çılğınlığı onu rahat buraxmır. Belə bir durumda o əllərini öz qəlbinin odunda isidir (bundan daha gözəl nə ola bilər) və şeirlərini beləcə isinmiş əllərlə yazır. Şairlərin qan tərkibi biri-birinə bənzəyir. Mövzular çeşidli olsa da, bu oxşarlıq dünyanın müxtəlif yerlərində yazılan şeirlərin alt qatında həmişə özünü büruzə verir. Onları narahat edən və düşündürən məsələlər, demək olar ki, eynidir. Sona Vəliyevanı təbiətin qoynunda özünə cəlb edən yağan yağış və əsən küləkdir; bu xanımın yaradıcılığında faniliyin və tənhalığın vəhdətinə də rast gəlirik. Bir sözlə, hamı üçün tanış mövzuları, şair, özünəməxsus tərzdə işləyir və şair duyğuları ilə zənginləşdirərək bizə çatdırır.
Səfər düşünmək üçün əla fürsətdir, xüsusən qadınlar bu imkanı heç vaxt əldən vermirlər. Sona qadınlığın mahiyyətini və mənasını bütün ağırlığı ilə daşıyan bir xanımdır.
İnsan düşüncəsinin, demək olar ki, yarısı qəm-kədərdən ibarətdir. Fikir, insanın boynuna bir yük kimi düşür, özü də bu, qeyri-ixtiyari baş verir. Üstəlik, mənəvi boşluğu doldurmaq üçün geniş imkanın olduğu halda, həmin yük gözlənilmədən peyda olur, şair ruhuna hakim kəsilir.
Müəllif yolun və dərd-qəmin vəhdətini təsvir etmək üçün belə bir rəmzi ifadəyə müraciət edir:
Səsdən yol toxuyan, gedək,
Qəm evini yıxaq, gedək.
Sözdən çiçək göyərtməsək,
Bu səs məni öldürəcək.
Yolu özünə ip eləyib, addımlarını tikiş kimi təsvir etməyindən də bəlli olur ki, söhbət qadından gedir. O, “Mən qadınam” ifadəsini işlətməsə də olardı, amma bunu vurğulamaqla qadının xüsusi bir varlıq olduğunu bir daha xatırladır. “Bağışlayın, hələ ölə bilmərəm, evdə səliqə yaratmamışam” – bu sözlər isə Astrid Lindgrenə aiddir.
Sona xanımın qadın əllərinə aid ayrıca bir şeiri var. İnsan bədənində əllərin, həqiqətən də, məxsusi bir yeri var. İstirahət edəndə də, iş görəndə də əllər poeziya mövzusuna çevrilə bilər. Onlar poetik təsvir, şairanə təşbeh üçün çox uğurludur. Müəllifin fikrincə, əllər müstəqildir, onlar sahibinin olana qədər də mövcud idilər. Əllər, biləklərdən üzülüb, ağ göyərçin kimi uçaraq söz axtarışına çıxır və tapdığı sözlərdən yuva qururlar:
Əllərim beləcə,
itən ümidlərimin,
çatlayan səbrimin,
torpaq həsrətimin
heykəlinə dönəcək.
Məni əllərsiz görcək
yuxuma ağ donlu
mələk gələcək,
yuxumu yozacaq.
“Novruzgülü müjdədir,
əllərin
Bu bahar
azadlıq muştuluğu
gətirəcək...”
Yol gedən şairənin diqqətini yağış çəkir. Yağışı da özünəməxsus şəkildə təsvir edir:
Yaz gecəsi dəli-dolu,
Buludu giley dolu.
Yerdə bir qız unudulub,
Yollara yağış yağır.
Şeirin oxucuya emosional təsirini bu bənzətmə daha da gücləndirir.
“Biz talesiz qəribik” – bu fikir də yeni deyil. Şair gəmiyə müraciət edir, onu öz fikirlərinə şərik bilir. Övladından uzaqda olmağına səbəb gəmidir. Ona görə də şairin diqqətini çəkib:
Bağışlayın,
bağdadlı atam, anam,
kərküklü balam...
Mən də siz dərddə.
Ürəyim Bağdad günündə,
taleyiniz, ruziniz
ilan əlində.
Dözün, durnalar gəlincə,
Durnalar ümid gətirir uzaqdan
Dözün,
başınıza dönüm!
Sona xanım bir misra ilə əhval-ruhiyyə yarada, oxucunu poetik dalğalara kökləyə bilir:
Göymü dərin, yermi dərin,
Yeddi qatda yeddi Dərin.
Açsam qəlbimdəkiləri,
Duyanı tapılarmı?
Rilke deyir, şeirdə başlıca xüsusiyyət aydınlıq və dəqiqlikdir:
Göz dəydi doğru sözümə,
Qorxular çıxdı izimə
Güzgülər durdu üzümə
Baxanlar tanıyarmı?
Müəllif sarı yarpağın tarixini belə çatdırır:
Küləyin üzümə çırpdığı
sarı yarpaq
bir gilə göz yaşı kimi
ayağıma düşdü.
Elə bil kimsəsiz körpə
üstümə yürüdü,
məndən imdad dilədi.
Hönkürmək və yarpaq... Özü də payız yarpağı. Bir-birinə çox yaxındır, şeirdə də Bu misra isə həmin mövzunun davamıdır “Ağlamaq istəyirəm, amma ağlaya bilmirəmsə, deməli tezliklə yeni bir şeir doğulacaqdır” .Amma yazılmayan şeirlər də var. Rilke deyir ki, yaradıcılıq və həyat arasında əbədi düşmənlik var.
Əslində, şeir də tənhalıqdan doğur, yalnızlığın bir təzahürüdür. Tənha yarpaq çarəsiz uşağa bənzəyir, kömək üçün şairə üz tutan aciz uşağa.
Vətənpərvərlik haqqında belə sadə, amma ürəyə yatan ədəbi nümunə yazmaq ustalıqdır:
Qışdan güc alacaq,
Baharda ümid kimi
göyərəcək,
əsir torpaqların аzadlıq
müjdəsini gətirəcək.
Müəllif torpaq itkisindən doğan acını çox aydın şəkildə təsvir edib:
“Şuşanın dağları” dillənir.
Dağ-daş yeriyir,
Ölülər dirilir, itkinlər geri dönür.
Aman Allah!
Bu oğlan oynaya-oynaya
Şuşaya qayıdış muştuluğu gətirir elə bil.
Şair özünü yağışa bənzədir. Hər ikisi şəhərin çirkabını, hisini-pasını, nifrətini və soyuqqanlığını yuyub apara bilər:
Payız yağışıyam, Allah,
Gözüm ovunmur, kirimir.
Öz əlim quruyan budaq,
Anamın əllərin verin.
Şair mənəvi durum və texniki tərəqqi arasında olan qarşıdurma haqqında da düşünür. Poçtalyonla bağlı nostalji xatirələri də var. O, qapını döyür və üstü hüsnüxəttlə yazılmış zərfin içində olan məktubu verirdi. Şair özü də eyni şeyi təkrarlamaq istəyir:
Bir səhər, dan üzü qapım döyülə,
Deyilər uzaqdan sənə məktub var.
Həsrətin sevinclə üz-üzə gələ,
Görəm unutmayıb məni adamlar.
Keçid alaq sevgi mövzusuna. Sona xanımın sevgi hissinə aid özünəməxsus bir “bəzəyi” var. Tənhalıq, intizar, darıxmaq və göz yaşları kimi ifadələr həmin mövzuda yazılan şeirlərdə ön planındadır.
Çəkilər qəlbimdə kədər tarıma,
Məğrurluq, dəyanət ürək məlhəmi.
Bu eşq yağışa aldanan göy qurşağıdır
Çətin ki, sındıra, aldada məni.
Sona xanımının poetik misraları məşhur bir gürcü şeirini xatırlatdı: “Günlər illər kimi uzansa belə, bir əsr də keçsə, yenə də sənə sarı gələrəm”. Müəllif tənhalıq haqqında şikayəti də poetik bir ifadəyə çevirir:
Dünya gözəlliklər sərgisi.
Mənim eşqim, mənim
sevdam daha böyük
daha gözəl.
Şairin Allaha münasibəti də çox maraqlıdır. İnsan dünyanın sonunu, qiyamət gününü dərk edərək haldan-hala düşür, müxtəlif hisslər keçirir. Sona xanım bu barədə düşünərkən fikrini sərçələrin yuva qurmasına yönəldir. Sərçə cütlüyü min bir qayğı ilə yuva qurur ki, orada sevgi yaşasın, ətcəbalalar böyütsün və onlara uçmaq öyrətsin. Bu, bizim yaşam tərzimizdir, amma sərçə ömrü kimi bizim də ömrümüz müxtəlif səbəblərdən (insanın ağılsızlığı ucbatından) sanki tükdən asılıdır:
Tanrım, ucadan
uca Tanrım!
Biz yurd üstə savaşıb
Yurd üçün ölməməyin
Sevib, qoruya bilməməyin
cəzasını çəkirik.
Bizimki bizdən keçib.
Hərə öz əməliylə,
öz zavalıyla...
Sən bu dağılmaqda
olan dünyanı,
yuva quran, bala qoyan,
qorumağı bacaran,
əzabkeş, yurdkeş
sərçələrin yurd
sevgisinə bağışla,
çör-çöp sevgisinə
bağışla.
Kitabın adı “Ağır damlalardır”, o damlalar ki, hərfləri əvəz edərək ürəyimizə yüngüllük verir, bizə yük olmur.
P.S. Kitabı bəyəndinizsə, əmin olun ki, bu, Azərbaycan-gürcü dilləri üzrə tərcüməçi, şair İmir Məmmədlinin böyük səyinin nəticəsidir, çünki Sona Vəliyevanın şeirlərini məhz o tərcümə edib.
Gürcü dilindən tərcümə edən: Neli Məmmədova