Sənət və ədəbiyyat dərgisi

Gülüşə bükülmüş ağrı - Rostom Çxeidze

25 İyul 2023 / 11:50

         

          Bu yaxınlarda Gürcüstanın “Pirveli  sxivi” ədəbiyyat  jurnalında, tanınmış alim-tərcüməçi Oktay Kazımovun tərcüməsində Dövlət mükafatı laureatı, yazıçı-dramaturq İmir Məmmədlinin "Sirr" hekayəsi gürcü dilində təqdim olunub. Bununla bağlı görkəmli gürcü alimi, millət vəkili Rostom Çxeidze lakonik bir yazıda öz rəyini bildirib. Bir Azərbaycanlı yazıçısı  və mütərcim  haqqda yazılan və bu baxımdan bizim diqqətimizi çəkən  həmin yazını Litparkın oxucularına olduğu kimi təqdim edirik:

 

 

            GÜLÜŞƏ BÜKÜLMÜŞ AĞRI

          (İmir Məmmədliyə teleqram kimi)

          Necə möhtəşəm yumor! “Sirr” hekayənizdəki yumorunuz və hadisələrə yanaşma tərzi məni valeh etdi.  (“Priveli sxivi”, 2022, N 5).

         Qadın qisası haqqında çoxlu hekayələr yazılıb, qisas almaq üçün hər cür üsuldan istifadə olunub və bu çeşidli qisaslar içində sizin personajınız harınnaşaraq qızları ələ salan kişilərdən qisas almaq üçün son dərəcə orijinal fəndə əl atıb. Hekayədəki baş gicəlləndirici epizodlar sayəsində absurd və komik situasiyaların məharətlə birləşməsi nəticəsində uğurlu bir əsər yaranıb.

         Tərcümədə yumoru saxlamaq bəzən çətin olur, yumoru, məzhəkəni saxlamaq üçün tərcüməçiyə böyük məharət lazımdır, Oktay Kazumov belə keyfiyyətlərdən korluq çəkmir.  Buna görə də sizin “Sirr” hekayənizin gürcü dilinə tərcüməsi sıradan bir ədəbi fakt deyil, mübaliğəsiz deyə bilərəm, bu əsərin dilimizə gəlməyiylə gürcü ədəbiyyatı qazandı.

          Siz bizim ədəbiyyatımız üçün də az iş görməmisiniz - mən sizin gürcü dilində yazdığınız şeirlərinizi və gürcü poeziyasının şah əsərlərinin Azərbaycan dilinə çevirmələrinizi, ümumiyyətlə, yazıçılarını daha yaxşı  tanımalı olduğumuz ölkədə ədəbiyyatlarımız naminə gördüyünüz işləri də nəzərdə tuturam.

          Hər yeni tərcümə edilmiş ədəbi nümunənin  ədəbiyyatımıza əlavə olunmasına, xüsusən də müəllifin öz oxucusunu üst qatda şənləndirib kəskin ağrı-acını gülüşün alt qatlarında verməyə nail olaraq uğur qazanmasına necə sevinməyək.

         Oktay Kazumovla yaxşı yaradıcılıq tandeminiz var və ümid edirəm ki, növbəti beletristik bədii əsərlərinizin intizarında qalmayacağıq.

 

Rostom Çxeidze

Alim, ədəbiyyatşunas,

Gürcüstan Parlamentinin üzvü (Millət vəkili)

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.