Sənət və ədəbiyyat dərgisi

Yerlə yeksan oldu hər şey  - İzmuhaxbetov Baktıkojanın şeirləri

30 Avqust 2023 / 15:27

İzmuhaxbetov Baktıkoja

 

1948-ci ildə anadan olub. Ufada Neft İnstitutunu bitirib. Dağ mühəndisi, texniki elmlər doktorudur. Neft-qaz sahəsində 36 il çalışıb, adi qazmaçıdan Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri vəzifəsinədək yüksəlib. 1983-87-ci illərdə Yəməndə sovet mütəxəssislər qrupunda çalışıb.  

Nazir, iki vilayət hakimi, Qazaxıstan Respublikası Parlament Məclisinin sədri kimi müxtəlif dövlət vəzifələrində təmsil olunub. II dərəcəli “Kurmet” və “Barıs”, “Ölkənin birinci Prezidenti – Ümümxalq lideri Nursultan  Nazarbayev”, “Otan” ordenləri ilə təltif edilib.

Qazaxıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür. 

 

 

“Elim-ay”ı xatırlayarkən…

 

Qəmin atmasaq da xatirələrin,
Aydın sabahlara var möhkəm zəmin.

Keçən həyat deyil, bizik, yerdə yol

Yazdan qışadəkdi, sən xatircəm ol.

                                                                                               

***

 

Bir zamanlar qazax çölü çiçəkləyirdi,

Dombralar xoşbəxtlikdən nəğmə deyirdi.

Tülkü kimi tale fitnə qurdu amansız,

Yerlə yeksan oldu hər şey bir gün zamansız.

 

Bir zamanlar biz düşməni əzib bitirdik,

Dedik, rahat yırğalansın çöllərdə yemlik.

Qəfil qara buludlarla doldu göy üzü,

Kabus gördük, gözümüzdə soldu göy üzü.

 

Bomboş qaldı, viran oldu ağappaq yurdlar,

Zaman adlı ölümsaçan qara canavar

Kimi görsə, diş qıcadı, vermədi aman,

Çölçülərin sevincini elədi talan.

 

Ağır günlər gəlib çatdı elə-obaya,

Qatı zülmət divar kimi girdi araya.

Neçə-neçə nəsilləri kəsdi kökündən,

Pərən-pərən düşdü hamı – cəlayi-vətən.

 

Güllədən də ağır oldu aclığın hökmü,

Sağ qalanlar da birtəhər qaçdı, süründü.

Bax beləcə, görən kimi qaçır adamdan,

Kimi görsə, ovçu bilir çöllərdə ceyran.

 

Oba yoxdu. Qulaq batır bu lal sükutdan,

Ağıllar boş. Ölüm saçır, ağrıdı hər yan.

Sağlar “aydın yol”larını kolxozdan salır,

Mal-qaranı müsadirə... könlü qəm alır.

 

Addımlayır didərgin köç tozun içində

Yetim qalmış yurd-yuvanın üzündə qüssə.

Məhbəslərdə çürüyəcək sağ qalan kəsim,

Kəsmir yorğun xalqın acı hönkürtü səsi.

 

İyirmi il dayanmadan çəkən məşəqqət,

Üstəgəl də dörd ildəki ağır əziyyət...

Bu barədə geniş yazıb Xəlifə Altay,

Mənim nəvəm, onu oxu, əzbərlə və yay!

Əsarətdə boğulurdu, çatmırdı tabı,
Duaları eşidən yox, yox açıq qapı.
Sən, ey Altay, Tarbaqatay, məni bağışla,
Allah özü kömək olsun mənə bu yolda!

 

Bax beləcə başlanmışdı vətəndən qaçış.

Xoş güzəran – bu arzular hamıya tanış.

Hara qonaq gedəcəksən, dinclik var guya...

Sümüklərdən ibarətdi bu fani dünya.

 

Bax beləcə yola düşdü karvan qatarı,

Üz tutdular Hindistana, Hind-Çinə sarı.

Himalaydan keçdi dəstə, Bhopal elində

Dindar qardaşları gördü Quran əlində.

 

Kəşmirdə də yürüş yenə davam eləyir,

Yağmur fəslidir, göy yerə yağış ələyir.

Müzəffərabadda, bəlkə, yar oldu tale,

Bəlkə, orda uzaq durdu bizdən dərd-bəla?

 

Karvan Düzəxdən də keçdi – gözü qırpıdan

Cəhənnəmin üstündəki o qıl körpüdən.

O qorxulu aşırımı – Zoci-Lanı da,

Aşdıq, amma Ölüm yenə çox canı aldı.

 

Hindistanın “Sirat”ından keçə bilənlər,
Dayanmadan ağrıdılar, xəstələndilər.
Yeni eldə nə bir dinclik gördük, nə şəfqət,
Nə güzəran, nə doğmalıq, nə də mərhəmət.

 

Həmin məşum qırx birinci ilin payızı
Qazaxlara ağır gəldi taledən yazı.
Sonra Pəncab oldu bizə növbəti məkan,
Orda çıxdıq biz ölümün caynaqlarından.

 

Burda sanki ara verdi bir az yağışlar,
Şatral, Subat, Bhopal, Dirdi, bir də Peşavar –
Bizi belə pərən saldı bu çərxi-fələk,
Səadəti alıb qaçdı amansız külək.


Qırx beşinci ildə yenə insan axını.
İçimizdə ölməmişdi ümid toxumu,
Cücərtilər nizə kimi dəlir torpağı,
Gələcəyə işıq salır xəyallar axı.
 

Kanporda da, Laxorda da indi biz ancaq
İstəyirik qırx qıfıllı qapını açaq.
Bizi sanki sayan yoxdu burda insantək,
Səyyah yaman qorxuludu burda heyvantək. 

 

Ev tikmişik, yurd salmışıq biz qısa vaxtda,

“Qazaxabad” adlı şəhər qurmuşuq hətta.

Satış üçün tikmə tikib, öyrənmişik dil,

Könlümüzdə daim yanıb ümiddən fitil.

 

Bir tərəfdən vəhşi bürkü yandırıb bizi,

Bir yandan da cırıq görüb boş cibimizi

Qayıtmışıq biz Bhopala, Dehliyə doğru,

Xoş gün üçün ələk-vələk etmişik yolu.

 

Qırx yeddidə oralarda çevriliş oldu,

Buraya da çatdı inqilab, əsarət öldü.

Azadlığa çıxdı hindlər, pakistanlılar,

Azad dünya vətəndaşı sayıldı onlar.

 

Düşünürdük, azad həyat dinclik gətirər,
Din uğrunda nifaq saldı qara qüvvələr.

Bu döyüşdə nahaq yerə tərəf olmaqdan

Yaxşı olar kənar qalmaq tələf olmaqdan.

 

Yad ellərin davasına qoşulduq belə,

Günahsızlar qurban getdi çox nahaq yerə.

Bizə tale başqa seçim qoysa, nə vardı,

Yola düşdük, yenə yuva, vətən axtardıq.

 

Atmaq üçün çiynimizdən səyyah yükünü,

Biz türklərdən xahiş etdik günün bir günü.

Təsdiq etdi bu məktubu İrfan Mehmet də,

Mütləq cavab gəlməliydi hakimiyyətdən.

 

Üçcə min nəfərlə gəldik Hindistana biz,

Bir ildəcə xəstəlikdən qaldı minimiz.

Yeddi ildən sonra belə min dörd yüz nəfər

Yoxsul idi, qalmamışdı dizlərdə təpər.

 

Yol ağzında ovuc açan dilənçilərtək
Qaçqın seli dayanmırdı, bilmirdi bitmək.
Nə qədəri yarğanların oldu qurbanı,
Bircə iz də saxlamadı səhra tufanı.

 

Uğur bizdən üz çevirib yatmışdı möhkəm,
Amma yenə qığılcımlar yarandı küldən.
Neynək, “qaçqın” desin bizə Pakistan əhli,
Yenə doğma Türkiyədən gördük biz mehri.

 

Kəraçidən dəniz yolu, gəmilər ilə
Uzaq yola baş vururaq, üzüb on günə,
Yəməndən də, Küveytdən də keçib Bəsrəyə
Quru yolla yürüyərik “ya Allah” deyə.

 

Bağdadı qoyub geridə şütüyür qatar,
Uzaqdakı türk qardaşım mehriban olar.
Urfa, Halep, Adananı keçdik, budur bax,
Türk paytaxtı qazaxlara açmışdı qucaq.

 

Cənubdakı isti sahil bizə oldu şad,
Şükür, Allah işimizi elədi avand.
O mehriban gözlərdə də çox doğmalıq var,
Səmimidi, dostyanadı burda dalğalar.

 

Kiçicik bir məhəllədə əlli ev idi,
Türklər buranın adını “Kazak kənt” dedi.
Altay, Barkol, bizim Ertıs küçəsi bir də –
İstanbulda doğulmuşdu, böyüdü orda.

 

Qara taleyin yağışı bitəndən sonra
Başçılar da rəhbər durdu xalq alayına.
O cəngavər adlarını unutmarıq biz,
Ləyaqətlə yad edərik, xatırlarıq biz.

 

Boke-Batır cəsarətlə girdi meydana,
Beş min nəfər cavab verdi çağırışına.
Amma Tibet dağlarında düşdülər ələ,
Aşırımda yaxaladı onları tale.

 

Məğlubsa da, igid yenə düşmənə dərddi,
Dastan olmaq qəhrəmanın adına şərtdi.

Mərd başını candan üzüb yerə saldılar,
Urumçidə nizə üstə ələ saldılar.

 

Zaipin də, Ayımbetin, Elisxanın da
İzi qaldı tarixlərdə və yaddaşlarda.

Ospan-batır edam oldu meydan içində,
Heç birini unutmadı millət bu gün də.


Yorğun çölçü yol ölçürdü dörd bir tərəfdə,
Başqa eldə ad verdilər – yad, səfil, gəlmə.
Özgə yurdda məzar saldı mənim qazaxım,
Necə dinclik tapsın ruhu axı yazığın?!

 

Yad ellərdə göy üzünün çadırı altda
Sığındıq da, qorudumu bizi o daxma?
Qorxduq bir də gələcəyə tərəf baxmaqdan,
Başımızı girələdik birtəhər, inan...

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.