Sənət və ədəbiyyat dərgisi

Palata poeziyası - Rüstəm Kamal yazır

17 Oktyabr 2023 / 12:01

Rüstəm Kamal

Palata poeziyası

 

 

Ədəbiyyatşünaslar poeziyanı tematik təsnifləndirməyi sevirlər. Filoloji düşüncəmizdə "savaş (cəbhə) poeziyası, "təbiət poeziyası", "istehsalat poeziyası" və s. kimi ifadələr az qala terminoloji səviyyədə qəlibləşmişdir. Rus ədəbiyyatşünaslığında hətta "türmə poeziyası" anlayışı mövcuddur...

Azərbaycan poeziyasında elə mətnlər var ki, janrına, mövzusuna və məkan-zaman funksiyasına görə təsnifatdan kənarda qalmış kimi görünür. Onlardan biri də "xəstəxana şeirləri"dir, yəni şairlərin xəstəxanada yazdıqları mətnlərdir.

Axı, xəstəxana nə poetik düşüncə üçün, nə də şeir yazmaq üçün rahat yer deyil. Bəs onda şairləri üst-başı dərman qoxulu, sistemə qoşulmuş, yuxusu pozulmuş, gecələr xoruldayan - xırıldayan palata yoldaşlarının arasında şeir yazmağa vadar edən nədir?

Xəstə-xəstəlik-xəstəxana bu şeirlərin ifadə-təsvir ərazisini işarələyən mənalardır. "Xəstəlik" iki dünyanın hüdudunda, ölümlə ömür arasında şairin düşdüyü vəziyyətin adıdır. Süleyman Rüstəm "25-ci palatada" şeirində yazır:

 

Dərman qoxusuyla doludur otaq,

Yenə ağır-ağır alıram nəfəs.

Yanır qızdırmadan yenə dil, dodaq,

İçimdən əmr edir döz deyə bir səs.

 

N.Həsənzadə üçün isə xəstəxananın adı belə yoxdur, çünki mifik məkandır:

 

Meşə, yol kənarı, bir xəstəxana

Adını çəkmirəm, adı ağırdı.

Mən də ümidimi bağladım ona

Heyf, ümid ayrı, həyat ayrıdı.

 

Xəstəxana bəzən məscid-kilsə kimi qutsal məkandır, Tanrı ilə, ruhlar dünyası ilə dialoqun artdığı bir yerdir. Məmməd İsmayıl qürbət xəstəxanasında yuxusunun ərşə çəkildiyi bir gecədə böyük Şəhriyarın misralarını xatırlayıb ümidini Tanrıdan üzmür:

 

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı.

 

 

Xəstəxana "ev"in əksidir. Burada palatanın interyerindən, əşyalarından tutmuş xəstəxananın həyətinə, xəstəxana bağçasının peyzajına qədər burda hər şey "başqa" dünyanın işarələridir. Burda səni görməyə gələnlərin obrazı düşüncəsi də dəyişir. Evdəki köhnə divanın, yazı masasının xiffətini çəkirsən. Burda söhbətin ortaq mövzusu nəvələrdir və bir də tibb bacısının pudralı təbəssümü, səni bir anlığa ürəkləndirir, korşalmış xatirələrin ilğımında azmaq istəyirsən.

Xəstəxananın qapısı da, pəncərəsi də fərqli funksiyaya malik olur. Xəstəxana pəncərələri iki dünya-real, görünən dünya ilə irreal, görünməz dünya arasında mediatordur (vasitəçidir). Pəncərədən gələn soyuğu ruhunla, sümüyünlə hiss edirsən.

Əliağa Kürçaylı Moskva xəstəxanasının pəncərəsindən baxıb, vətəndə baharın nisgilini çəkir.

 

Qəmli xəstəxana pəncərəsindən

Ürəyim qar üstə çiçək axtarır.

 

Pəncərənin o tərəfində səs-küydən başqa heç nə eşitmirsən. Yalnız yanından - böyründən sürətlə ötüb keçən ömrün tappıltısını eşidirsən və anlayırsan ki, bu dünya mənasız bir şey imiş, sən demə.

Xəstəxanada insanın obrazı (və təbii ki, statusu da!) dəyişir. Onun dünyaya, insanlara, öz həyatına münasibəti dəyişir. N.Həsənzadə 25 aprel 1997-ci il tarixli "xəstəxana" şeirinin son bəndində dediyi kimi:

 

Nəriman, yaş ötür, ömür azalır,

Tələsmə, tələsən arxada qalır.

Yenə sənin gözün dünyada qalır,

Dünyada qaldıqca dünyaya həsrət.

 

Haşiyə çıxaraq onu da deyim ki, xəstəxanada hər bir şairin "şüuraltı yaşantı qrammatikası"nın sanki fərqli məna qatları açılır. Xəstəxana şeirlərində sanki şair ömrünün əsl "metafizik mahiyyəti" açılır.

Axı, burda rola girmək də mümkünsüzdür. Burda İblislə, Əzrayılla alış-veriş də mənasızdır. Əli Kərim amansız ağrılara dözməyəndə ölümün özünə meydan oxuyur, "xəstəlik", "ağrı" ölümlə son oyuna - şeirə çevrilir.

 

Ağrı, yaxına gəlmə, girmə araya.

Get, ölümdən çəkinməyim.

Həyatı qorxmadan necə alıbsa,

Elə də verəcək mənim ürəyim

Dəyişmə rəngləri, qaraltma günü,

Ölümün gözünün içinə baxım.

Kimdi vəkil edən səni, bilmirəm.

Çəkil, get, avara, üzlü qonağım!

 

Xəstəxana elə bir məkandır ki, burada şair ömür-ölüm işarələrini həm "oxuyur", həm də "dinləyir". "Xəstəxana şeirlərin"də şairin dili ilə həyatın özü danışır. Şair hiss edir ki, həyat nədirsə divarın o üzündə olandır, pəncərədən görürəndir. Ə.Kərim "Palatada saxlanmış şeirlərdən" silsiləsinin bir yerində ölümün buz nəfəsini hiss edib sözə çevirir:

 

Ölüm xəstəxanada

Zəhləmi tökdü mənim.

Əvvəl çırpındı qəlbim,

Üşüdü də bədənim

Uzanıram "tıq!" qapı.

Durub gəzirəm "taraq".

Lap qır-saqqıza dönüb,

İş-gücü buraxaraq.

 

Xəstəxanada şairin dünyaya mesajları fərqli olur. Bioqrafik detallara, psixoanalitik təhlillərə dərindən varmadan bir neçə örnək gətirək. Əliağa Kürçaylı 1979-cu ildə Moskva xəstəxanasında yazdığı şeirlərini naməlum qadına ünvanlayır. Sevginin ölümdən güclü olmasına, ölümə qalib gələcəyinə ümid bəsləyir:

Ölüm yaxın düşə bilmir

Bircə böyük məhəbbətə.

Xəstəxana paltarında

Mən inandım bu hikmətə.

 

...Gedəmməzdim, yorğan-döşək

Salsaydı da haldan məni.

Gözləməklə qaytardın sən

Gedər-gəlməz yoldan məni.

 

Şairlərimizin bir qismi xarici ölkələrin xəstəxanalarında müalicə alıblar. Qürbət və xəstəxana - insan ömrünün iki marginal məkanı. Yəqin ki, XX əsr Azərbaycan "xəstəxana poeziyası"nın ilk nümunəsi qürbət xəstəxanasında göndərilən ilk "məktub" S.Vurğunun "Qürbət eldə" şeiridir. 1955-ci ilin noyabrında Vyetnam səfərində Səməd Vurğun xəstələnir və onu Pekin xəstəxanasına yerləşdirirlər. "Qürbət eldə" şeiri Pekin xəstəxanasında yazılıb.

 

Vaxtsız əcəl, məndən uzaq dolan, dur,

Qürbət eldə can vermərəm ölümə!

Qılıncını məndən uzaq dolandır,

Görürsən ki, qələm aldım əlimə,

Qürbət eldə can vermərəm ölümə!

 

Zəlimxan Yaqubun qürbət xəstəxanasında yaddaşı keçmişə bağlanır. Almaniyada, Hannoser xəstəxanasında ölümlə həyat arasında, ruhla bədəninin mücadilə apardığı o ağır günlərdə, müsahibəsində etiraf edir: "Mən orada qaldığım 3 ay 5 gündə uşaqlıqda gəzdiyim yerləri təzədən görürdüm. Gəzdiyim hər yeri görürdüm... İnsan 60-ı keçəndən sonra, xüsusən xəstələnəndə çox yerləri görmək istəyir. İlk şeiri harda yazmışam, elə bil həftədə bir dəfə o ağacın altına gedirdim" ("Modern.az" saytı).

Şairin Almaniyadan göndərdiyi silsilə xəstəxana şeirlərində fiziki ağrıları qürbətin mənəvi-psixoloji ağrılarına qarışır.

 

Ey qərib məmləkət, ey qürbət diyar,

Demə, yollarını azıb gəlmişəm.

Alnıma nə yazıb, Allahım bilir,

Mən öz dastanımı yazıb gəlmişəm.

...Özün bil, özgəyə bildirmə məni,

Ağlada-ağlada güldürmə məni,

Vətəndə qəbrimi qazıb gəlmişəm.

 

Nəriman Həsənzadə 2007-ci ildə Münhen xəstəxanasında yumorundan, zarafatından qalmır, hətta tibb bacısının "işini" belə təşbehləndirir.

 

Xəstəxana həyatının

Öz ağrısı, öz acısı.

Ağacdələn quşu kimi

İynələyir tibb bacısı...

 

"Ağrıların vücudunu bürüdüyü zaman", M.İsmayıl qürbət xəstəxanasında yuxuda gənclik illərində yazdığı "Səni" şeirini oxuyur. Şeir bitir, alqış səslərinə yuxudan oyanır, "xəstəxana odasının bomboz gerçəkliyinə qayıdır" (Facebook səhifəsindən).

Şübhəsiz, şairin xəstəxanada ağrıya və iztirablara münasibəti adi insanların münasibətindən fərqlənir: şairin ağrıya reaksiyası "göz yaşı" sözə transformasiya olunur. Palata şeirləri şair üçün əbədi sualların cavabını tapmaq və sözə çevirmək imkanıdır...

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.