Sənət və ədəbiyyat dərgisi

Daim gələcəkdə ola bilməyin sadə səbəbi - Rafael Hüseynov yazır

29 Mart 2024 / 11:14

Rafael Hüseynov

DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ 

DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ -  Rafael Hüseynov yazır

 

Ömrünün ixtiyar çağlarında Ağasadıq Gəraybəyli mənə zaman adlayaraq yeganə nüsxədə günümüzə yetişmiş qocaman bir əlyazmanı xatırladırdı. Tarix yadigarı qədim əlyazmaları vərəqləyəndə hər dəfə insanda o təəssürat yaranır ki, elə bil bu məxəzi birinci dəfədir görürsən, dünən dəfələrlə baxıb keçdiyin səhifələrdə bu gün təzə nələrisə görürsən, sabah yenə həmin sətirlərə təzədən qayıdanda ayrı bir gizlinci kəşf edirsən.

Ağasadıq Gəraybəyli ilə də hər dəfə söhbət edəndə, onunla birgə keçmişlərə dalanda yaddaşının dərin qatlarından elə xatirələr üzə çıxırdı ki, məəttəl qalırdın. Axı oxşar sualı dünən, srağagün də vermişdim, bu mövzuda bir müddət əvvəl də danışırdı, bəs bunları niyə söyləməyibmiş? Yaddaşın öz qəribəlikləri var. Hansısa qapılarını müəyyən anacan qapalı saxlayır, ancaq lazım bildiyi anda açır, o qapılar, o pəncərələr taybatay olunca tamam yeni mənzərələri görürsən. Sanki heç dünən baxdığın pəncərə deyilmiş. Yox, əslində qapı da, pəncərə də həminkidir, o qapıdan, o pəncərədən görünən hansı hadisələr, hansı mənzərələr, hansı adamlarsa dünənəcən sanki duman ardındaymış. İndi duman çəkildi, gördün. Və gərək fürsəti də qaçırmayasan. Bəzən elə də olur ki, sonra elə qatı duman-sis gəlir ki, daha o pəncərədən, o qapıdan dünənəcən görünənlərin heç birini seyr etmək olmur. Başıma az gəlməyib. Böyük xanəndə Cabbar Qaryağdı oğlunun qızı Şəhla xanım artıq xeyli yaşlı idi, amma yaddaşı saat kimi dəqiq işləyirdi. Gəlirdi, saatlarla danışırdı, nə qədər şeiri əzbər deyirdi, nə qədər olmuşları günüylə, saatıyla, bircə-bircə bütün iştirakçılarıyla xatırlayırdı. Nə yaxşı ki, hamısını yazırdım. Gəlişlərindən birində gəlini ilə idi. Sanki başqa adam idi. Qapıdan, pəncərədən bir addım o yan görünmürdü. Yenə nələrisə danışırdı. Ancaq qəsdən söhbəti dolandırıb mənə əvvəllər danışdığı əhvalatların üstünə gətirirdim, artıq çox xırdalıqları yada sala bilmirdi...

Unudulmaz Əkrəm Cəfər deyərdi ki, yaddaş quş kimidir. Gərək macal verməyəsən, uçub getsin. Yaddaşın qəfəsi qələmdir. Hafizədəkiləri yazıya aldınmı, daha sənə vəfasız çıxmaz, uçub getməz...

Ağasadıq Gəraybəyli yalnız sənətcə deyil, elə yaşca da ondan böyük olandan bəhs edirmiş kimi, Hüseyn Ərəblinskidən (1881-1919) danışırdı, Cəfər Cabbarlıdan (1899-1934) bəhs eləyirdi. Onunla daimi ustadı hesab etdiyi bu insanlar barədə altmışını aşanda da, yetmişini keçəndə də, səksənini arxada qoyub doxsanına yaxınlaşanda da söhbətləşmişdik. Dönə-dönə danışmışdı, amma hər dəfə də yadına indiyəcən söyləmədiyi hansısa bir məqam, hansısa bir söz düşürdü və həmin yeni, bir qədər də tamamlanmış xatirələrlə o böyük şəxsiyyətlərin surəti nəzərlərimizdə daha aydın canlanırdı. Ərəblinskidən yazanın, Abbas Mirzə Şərifzadəni araşdıranın, teatr tariximizi tədqiq edənin arxivlərə getməzdən öncə məhz Ağasadıq Gəraybəyliyə üz tutması, o tədqiqatçılar daha öncə arxivlərdə olmuşdularsa, heç olmazsa müəyyən dəqiqləşdirmələr aparmaqçün hökmən sənədlər arxivindən sonra canlı arxivə müraciət etmələri qaçılmaz idi. Həm də bu addımlayan, yaşayan arxiv bir sıra hallarda rəsmi arxiv sənədlərindən, köhnə əlyazmalardan da daha etibarlı idi. Çünki vaxt keçdikcə onillərlə qovluqlarda nəfəs almadan qalan kağızların saralması, köhnə yazıların solması vardısa da, əksinə, Ağasadıq Gəraybəylinin yaddaşının zaman keçdikcə elə gizlin qatları açılırdı ki, onların sayəsində indiyəcən agah olmadığımız hansısa vaqeələr, hansısa ayrıntılardan xəbər tuturduq, bəzənsə onun söylədikləri sənədlərin, yazılı məxəzlərin açıq qalmış suallarına cavabları dürüstləşdirməyə yardımçıya çevrilirdi. Ona görə də artıq yaşlı çağlarında Ağasadıq Gəraybəyli yenə səhnədə idisə də, yenə bir-birindən gözəl surətlər yaradırdısa da, onun ikinci, bəlkə də o aktyorluğundan az əhəmiyyətli olmayan daha vacib bir keyfiyyəti fəaliyyətdə idi - onun qaynaq olmaq keyfiyyəti, onun körpülüyü.

Bu, onun səsidir, öz ömür hekayətini nağıl edir: "1902-ci və 1903-cü illərdəki dəhşətli zəlzələdə - Şamaxı zəlzələsində ev-eşiyimiz dağılandan sonra mənim atam Abbas Mirzə Şərifzadənin atası ilə bərabər ailələrini götürüb Bakıya köçürlər. O vaxtdan biz Bakıda qalmışıq. Təhsilimiz, məktəblərdə oxumağımız-filan hamısı Bakıda əmələ gəldi. Atam uzun illər Bakıda tikinti idarələrində çalışmışdı. Hətta çox vaxt deyərdi ki, Kələntərov pasajını (Qoşa Qala qapısı səmtində, indiki Gənclər meydanında üç tərəfə çıxışı olan dükanlar kompleksi - R.H.) mən tikmişəm. O həm də daşyonan idi. Biz kirayənişin olduq Mirzə Fətəli küçəsində. İbtidai məktəbdə oxuduğum vaxtlar idi, arabir görürdüm uşaqlar yüyürür ki, "artist gəlir","artist gəlir". Demə, bu artist Ərəblinski imiş. Bizimlə qonşu dalanda yaşayırdı. Onların evi Proletar küçəsində, keçmiş Serkovnı küçədə, mən isə, bizim evimizsə Mirzə Fətəli küçəsində idi (indiki Vidadi küçəsi - R.H.). Tez-tez Ərəblinskini evimizdə görürdüm. O, böyük qardaşım Ağalar Gəraybəyovla bir məktəbdə oxumuşdu və məndən beş yaş böyük olan qardaşım Ərəblinskinin truppasında bir könüllü, həvəskar aktyor kimi işləyirmiş. Bizim həyət böyük idi. Hərdən məşqlərini elə burada keçərdilər, biz də tamaşa edərdik. Mən bütün bunları görürdüm, teatra həvəsim yaranırdı".

...1970-ci illərdən - tələbəlik illərimin lap əvvəllərindən, o çağlardan ki, artıq radio ilə, televiziya ilə bağlanmışdım, ilk verilişlərimi hazırlayırdım, Ağasadıq Gəraybəyli ilə də təmaslarımız həmin çağlardan başlandı. Mən Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyurdum. 1970-ci illər başlanırdı. Fakültə oçağlarda Kommunist adlanan indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Bayılda yaşayırdım. Hər gün dərsdən çıxandan sonra piyada İçərişəhərdən keçib "Azneft" meydanına enirdim, oradan da evə gedirdim. İçərişəhər boyu irəlilədiyim həmin 15-20 dəqiqə mənim üçün düşünmək, içəridən dincəlmək fürsəti idi. Amma həm də müşahidə etmək imkanı. O çağlar İçərişəhərdə hələ yaşı səksəni aşan, doxsanı keçmiş ağbirçəklər, ağsaqqallar - sifətindən nur yağan insanlar az deyildi. Küçələrdən keçirdim, qarşıma çıxan o insanlar özləri də İçərişəhərə, qala divarlarına, buranın əski tikililərinə bənzəyirdilər. Bu adamların hər birinin, təbii ki, bu qala divarları arasında öz ev-eşikləri vardı. Ancaq belə hiss eləyirdim ki, onların hər biri üçün İçərişəhər əslində bütövlükdə bir ortaq evdir. Hər daşıyla, hər tikilisi ilə, hər qarışıyla son dərəcə doğma olan bütövev. Sonralar o ixtiyarların neçəsi ilə tanış olduq, yaxınlaşdıq, dönə-dönə söhbətlər etdim və gördüm ki, ilk müşahidələrimdən sonra gəldiyim qənaətim yanlış deyilmiş. İndinin qocaları, o çağın uşaqları keçmişləri düşünəndə elə həmin həqiqəti təsdiqləyirlər - deyirlər ki, hamımız bir evli kimi idik, dərdimiz də, sevincimiz də müştərək idi, heç kimin heç kəsdən sirri yox idi, ev bizim, sirr bizim məsəli İçərişəhərin hansısa evinə, məhəlləsinə yox, elə bütünlüklə özünə aid idi.

Ağasadıq Gəraybəylini düşünürəm. Gözümün önündə İçərişəhər, İçərişəhərin küçələri ilə addımlayan o qocamanlar, çöhrəsindən işıq yağan nuranilər canlanır. Bütövlükdə Azərbaycan səhnəsi, ömrünün onilləri ilə bağlı olduğu Milli Dram Teatrı Ağasadıq Gəraybəyli üçün elə öz evi demək idi. Təbii ki, onun da yaşadığı ev vardı, ömrünün axırlarına doğru hələ təzə mənzilə də köçmüşdü. Ancaq onun əsl evi elə bu teatr idi. O, bu teatrda və bu teatrla yaşayırdı. Ağasadıq Gəraybəyli üçün qohum-əqrəbalı, dost-tanışlı dünyadan savayı qoynunda tam bəxtiyar olduğu başqa aləm də vardı. Elə bir aləm ki, onun içərisində Ağasadıq Gəraybəyli bütün ötəri məişət qayğılarından azad idi və illər nə qədər sürətlə keçib gedir-getsin, həmin aləmdə vaxtın bu aktyora təsir etmək imkanı, onu qocaltmaq gücü yox idi. Həmin o öz dünyasının içərisində Ağasadıq Gəraybəyli həmişə gümrah, daim şux, müdam cavan idi və səhnə eşqi ona əlavə qüvvət verirdi. Teatrın binasına daxil olunca sanki dönüb olurdu həmin İçərişəhərin küçələrindən keçən qocamanlardan biri. O ağsaqqallardan ki, köhnə şəhərin hər tininə, hər künc-bucağına, hər qarışına gözüyumulu da bələd idilər. Və nə qədər ağrılı olsa belə, tale Ağasadıq Gəraybəylinin məhz elə sözün birbaşa mənasında gözüyumulu da Azərbaycan teatrına, Azərbaycan səhnəsinə bələd olduğunu sübut etdi. Gözlərinin işığını itirmiş bir içərişəhərli əlini daşa-divara sürtə-sürtə bu əziz məkanda istədiyi ünvanı tapa bildiyi kimi, Ağasadıq Gəraybəyli də artıq gözlərinin görmədiyi günlərdə də səhnəyə çıxırdı, rolunu oynayırdı və onu evdən teatra, pərdə arxasından səhnəyədək qolundan tutub gətirirdilərsə, səhnəyə daxil olandan sonra artıq onun içərisindəki göz açılırdı. Bu, bir möcüzə idi və Azərbaycan səhnəsində nə Ağasadıq Gəraybəyliyədək belə hadisə olub, nə də, yəqin, bundan sonra baş verməsi də mümkünsüzdür. Və mən Milli Dram Teatrımıza həm də ona görə minnətdaram ki, nəinki çox yaşlaşmış, hətta artıq gözü də görməyən sadiq aktyoruna dönük çıxmadı, onu sıralarında saxladı və rollarını da əsirgəmədi. Dünyanın heç bir ən məşhur klinikası, heç bir ən bilgin həkimi, heç bir ən bahalı dava-dərmanının edə bilməyəcəyini həmin saatlar, dəqiqələr Ağasadıq Gəraybəyliyə bəxş edirdi. Gəlirdi teatra, qalxırdı səhnəyə və hər saniyə ömrünə yeni dəqiqələr, hər dəqiqə həyatına yeni saatlar əlavə edirdi.

...Bir dəfə söhbət çox yaşamaqdan düşmüşdü və Ağasadıq müəllim qayıtdı ki, bilirsən uzun yaşamağın sirri nədir? Bu sual cavab almaqçün verilən sual deyildi, cavabı irəlicədən hazır olan sual idi və hiss elədim ki, elə bu dəqiqə həmin cavabı da özü dilə gətirəcək, amma hər ehtimala qarşı soruşdum ki, Ağasadıq müəllim, uzunömürlüyün sirri nədədir? Dedi, əvvəl ondadır ki, gərək xıltsız olasan, içərin təmiz olsun. Əlavə etdi ki, mən ömrüm boyu heç kimə həsəd aparmamışam, qibtə eləməmişəm, paxıllıq insanın ürəyindən asılan daş kimidir, həsəd adamın həyatının günlərini, ömrün şirəsini sovuran zəliyə bənzəyir, ömrü belə şeylər qısaldır.

Düz deyirdi və düz dediyinin elə öz həyatında sıra-sıra sübutları vardı. Bir adama rast gəlmədim ki, Ağasadıq Gəraybəylidən incik olsun, haçansa, kiminsə ürəyinə dəyməsi haqqında bir xatirəni yada salsın.

Onun hafizəsi də xeyirxah yaddaş idi. Təbii ki, hər bir insan kimi, onun da həyatında bəd və xoş hadisələr olmuşdu. Ömründən yaxşılı-yamanlı qatar-qatar insanlar keçmişdi. Ancaq onun yaddaşının sanki məxsusi özünümüdafiəsi vardı - xoş olmayanları saxlamırdı, bir kənara atırdı ki, tezliklə unudulsun. Yaxşı olanları, sabaha çatdırılmalıları isə hafizənin ən əlçatan yerində onillərcə qoruyurdu. Ona görə də Ağasadıq Gəraybəyli Azərbaycan teatrının, içərisindən keçdiyi Azərbaycan tarixinin dünənləri barəsində nə zaman bəhs edirdisə, yalnız yaxşı olan mətləblərdən danışırdı.

Niyyətin hara, mənzilin ora - artıq xeyli vaxtdır ki, Ağasadıq Gəraybəyli həyatda yoxdur. Onu 1988-ci ildə itirmişik. Haqqında yazırlar, danışırlar, xatırlayırlar. Həmin yazılanların, söylənənlərin, yada düşənlərin güzgüsündə Ağasadıq Gəraybəylinin surəti həmişə ləkəsizdir, həmişə xeyirxahdır və bircə nəfər də bizlərə xas olan tərzdə yaxşılarını söyləyəndən sonra əlavə bir mötərizə açaraq "amma..." demir.

İnsanlara, bütövlükdə millətə xeyir verə-verə yaşamış, xeyirxah yaddaş sahibi olmuşların bir zamanlar həyatda olmadığı çağlar üçün tədarük etdikləri əsas qazanc da elə budur. Ömür mahiyyətiylə ölümdən sonrakı həyata hazırlıq mərhələsidir...

...Teatrın özünəməxsus bir ovsunu var. Mən nə qədər deyirəm-deyim, hansısa kitabda o haqda nə qədər yazılırsa-yazılsın, bunun nə olduğunu canayatan bir tərzdə anlatmaq müşkül olacaq və həmin ovsunun nə olduğunu sonacan dərk etməkdən ötrü gərək nə qədərsə teatrla bağlı olasan.

"Mən keçmiş Alekseyevski məktəbini, yəni Şamaxı yolundakı məktəbi, Həbib bəyin məktəbini bitirib texniki məktəbə daxil oldum. Cəfər Cabbarlı ilə tanışlığım həmin məktəbdə baş verdi. Biz - azərbaycanlı tələbələr o məktəbdə azlığı təşkil edirdik. Çoxusu başqa millətlərdən idi. Tez-tez bu məktəbdə müsamirələr, gecələr keçirilirdi. Həmin müsamirələrdə Cəfər də, mən də iştirak edirdik. Bir gün Cəfər mənə bir şeir verib dedi: "Al, sabah gecəmizdir, hazırla, sən çıxış edərsən". Mənə elə aktyor deyirdi. Çünki bilirdi ki, mən artıq Zülfüqar və Üzeyir bəygilin truppasında çalışıram. Şeiri götürdüm, oxuyub gördüm ki, bu, Cəfərin sonralar hamıya məlum olacaq "Ana" şeiridir. Bu şeiri mən ertəsigünkü ədəbi gecədə məktəb səhnəsində oxudum. Cəfər də başqa şeirlər oxudu. Cəfər tez-tez şeirlər yazırdı və hərdən də mənimlə məşqə gedirdi. Məşqlərimiz də çox vaxtı Zülfüqar bəygilin Füzuli küçəsindəki evində keçirdi. Məşqlərdə çox vaxt görürdüm ki, tamaşa etməyə gələnlərin arasında bir uşaq da var. Demə, bu kimdir -Zülfüqar bəyin oğlu, sonraların adlı-sanlı dirijoru Niyazi.

Bu minvalla həm oxuyurduq, həm də Cəfər də mənimlə bərabər tez-tez teatra gəlirdi, tamaşalara, məşqlərə baxırdı və şövqü artırdı. Sonra o özü də əsərlər yazmağa başladı. Beləliklə, demək olar ki, Cəfərlə bizim səhnəyə gəlişimiz bir yerdə olub. O, bir dramaturq kimi, mən də bir aktyor kimi gəlmişik".

...Bir başqa teatr aşiqi - unudulmaz tarzənimiz Bəhram Mansurov düşür yadıma. Bəhram ustad ilk gənclik illərindən Opera Teatrı ilə bağlı olmuşdu. Onu operaya Müslüm bəy Maqomayev gətirmişdi və sonra Bəhram müəllim yarım əsr müddətincə öz doğma evi saydığı bu teatrla bağlı oldu. Yəqin, ahıl insanlarımız Bakıda Opera binasının yanmağını xatırlayırlar. 1975-1978-ci illərdə teatrın binasında gedən əsaslı təmir və yenidənqurma işləri yenicə tamamlanmışdı və yaxın vaxtlarda açılış gözlənilirdi ki, şiddətli yanğın qopdu. Bakımızın yaraşıqlarından olan, açılışını hamının gözlədiyi Opera Teatrının üzləşdiyi bu xoşagəlməz hadisə, təbii ki, hər kəsi ağrıtdı. Ancaq o bina, o teatr, o məskən Bəhram Mansurovçün sadəcə gözəl bir memarlıq abidəsi, çox sevdiyi Bakısına bəzək olan imarət deyildi. Opera onun sevgisi idi. Opera Teatrının binasında yanğın baş verən gün Bəhram müəllimi həyəcandan infarkt vurdu. Teatra bir insanın sonsuz məhəbbəti, teatrın bir insanı ovsunlaması elə bu deməkdir.

İstəyin elə bir həddi çatır ki, o məhəbbəti daha sözlə ifadə etmək mümkünsüzləşir və sehrlənirsən - Ağasadıq Gəraybəyli də teatr ovsununa bütün varlığı ilə düşmüş belə nadirlərdən idi.

Ağasadıq Gəraybəyli uzun ömür sürmüşdü və hər uzun ömrün ən nisgilli tərəfi də odur ki, daha çox yaşadıqca daha çox da faciələrə, ağrılara şahid kəsilirsən, yeri dolmayacaq itkilərlə üzləşirsən - gözünün qarşısında doğmaların, əzizlərin bir-bir gedir. Söz yox, yaddaşında hər itkidən bir qəlpə qalır ki, illər ötdükcə hər tərpənişiylə ürəyi sancır, beyni deşir.

Doxsanına çatanadək Ağasadıq Gəraybəylinin ömründə də bu cür acılar və itkilər az olmamışdı. Onlardan hansılarısa ötən illər qaysaqlamışdısa da, heç vəchlə unuda bilmədiyi ağrılar da vardı ki, onlardan biri 1918-ci ildə baş vermişdi. O zaman ki, Opera Teatrı yandırılmışdı, o zaman ki, ermənilər "İsmailiyyə"yə od vurmuşdular. "İsmailiyyə" də yalnız Bakının baş küçəsinə yaraşıq verən gözəl bir mülk deyildi. Bura çox mənada Azərbaycan ziyalılığının mərkəzi idi. Bura həm Azərbaycan xeyriyyəçiliyinin ünvanı idi, həm Azərbaycan açıq düşüncəsinin, inqilabi təfəkkürünün, müstəqillik hərəkatımızın baş qərargahı idi, həm də eyni zamanda bir teatr mərkəzi idi. Çünki "Aktyorlar ittifaqı" deyilən birlikdə "İsmailiyyə"də yerləşirdi.

Bir dəfə unudulmaz Ağasadıq Gəraybəylidən soruşmuşdum ki, bəs o illərdə necə yaşayırdınız, nə ilə dolanırdınız? Teatr sizə kifayət qədər çörək verirdimi? Qayıtdı ki, məgər çörək yadımıza düşürdü? Nə geyim-kecim, nə təminat, nə şan-şöhrət haqqında düşünürdük. Teatrla nəfəs alırdıq, gündəlik, adi insan kimi yaşadığımız həyat bir başqa həyat idi, əsl həyatımız oradakı idi - ömrümüzün mənası teatrda, səhnədə idi.

...1918-ci ilin mayında Azərbaycan istiqlalını qazanır, Cümhuriyyət elan edilir. Həmin ilin sentyabrında Qafqaz İslam Ordusu və qəhrəman Azərbaycan əsgəri Bakını ermənilərdən, bolşeviklərdən təmizləyir, hökumət Gəncədən bura köçür. Və bu şəhər yenidən əvvəlki kimi Azərbaycanın əsas teatr meydanına çevrilir. Ağasadıq Gəraybəylinin də, onun tay-tuşlarının da, ustadlarının da həyatında sanki yeni bir səhifə açılmışdı. Cümhuriyyət hökuməti fəaliyyətə başlayınca sabiq Mayılov teatrını - operanı "Dövlət teatrosu" elan edir. 1919-cu ildə teatrın açılışı olur və hər gün yeni tamaşalar oynanır. İsa bəy Aşurbəyovun "Azərbaycan" pyesi, Şəmsəddin Saminin "Dəmirçi Gavə"si, Cəfər Cabbarlının "Bakı müharibəsi" və neçə-neçə belə yeni əsərlər səhnəyə gəlir, Ağasadıq Gəraybəyli də o tamaşaların hamısında irili-xırdalı rollar ifa edir. Ancaq çox keçmir ki, Cümhuriyyət hökuməti süquta uğrayır, bolşeviklər gəlir. Siyasət dəyişsə də, məfkurə başqalaşsa da, teatra ehtiyac bəlkə əvvəlkindən də artıq idi. İnsanları maarifləndirmək, onları mədəniyyətə sarı çəkmək də yeni hökumətin vəzifələri sırasında idi. Ona görə aktyorlar əsgər kimi bu mübarizənin ön cərgəsinə keçir. Abbas Mirzə Şərifzadə də, Mirzağa Əliyev də, Əli Qurbanov da, Hüseynqulu Sarabski də, Hüseynağa Hacıbababəyov da, Sidqi Ruhulla da və neçə-neçə yaşlı-cavanlı aktyor, onların da sırasında gənc Ağasadıq Gəraybəyli də günü-gündən daha güclü axına çevrilən mədəni mübarizənin ön cərgəsində idilər. Onlar tez-tez ən müxtəlif hərbi hissələrə, müəssisələrə gedir, kütlələr qarşısında çıxışlar edir, tamaşalar verirdilər. 1920-ci illərin əvvəllərində yaranıb fəaliyyətə başlayan, camaat arasında "Satiragit" deyilən Tənqid-Təbliğ Teatrının şöhrəti isə daha böyük idi. Həm repertuar zəngin idi, ehtiyatlarında xeyli hazır tamaşa vardı, digər tərəfdən də iti qələmli, istedadlı şair və yazıçıları sadəcə cəlb yox, səfərbər etmişdilər ki, günün ən ehtiyac duyulan mövzularında ləngimədən Tənqid-Təbliğ Teatrı üçün səhnəciklər, pyeslər, ədəbi parçalar yazsınlar. Bir tərəfdən durmadan yeniləşən repertuarla qarşılaşan tamaşaçı sevinirdisə, onlardan artıq şadlanan aktyorlar idi ki, onlara özünüifadə, qol-qanad açmaqçün getdikcə daha geniş meydan açılırdı.

Mahiyyətcə həm də artıq təbliğat, təşviqat dəstəsinə dönmüş aktyorları mütəmadi olaraq Azərbaycanın müxtəlif guşələrinə göndərməyə başlayırlar. Yaxın-ucqar rayonlara, kənd-kəsəyə ezam olunan həmin aktyor dəstələrinin içərisində, əlbəttə ki, Ağasadıq Gəraybəyli də vardı, həm də özünün söyləməsincə, həvəslə, ürəklə gedirdi, kimsə hansısa ucqara yollanmağa tərəddüd edəndə də əksinə, o, adının siyahıya salınmasını özü istəyirdi.

"1920-ci il idi. Hökumət tərəfindən əmr olundu ki, dövlət teatrı yaransın. Biz aktyorlar həmin bu truppaya daxil olduq. İlk dəfə yoldaş Nəriman Nərimanovun təklifi ilə həm tamaşaları verirdik, həm də təbliğat-təşviqat briqadalarında iştirak edirdik. Aktyorların boynuna çox çətin vəzifə düşmüşdü. Səhərdən evdən çıxırdıq, istirahət, dinclik bilmədən hər gün Bakı və ətraf kəndlərdə idik, fabrik-zavodda, müəssisələrdə çıxışlar edirdik. Yay gəlincə isə bizi rayonlara göndərməyə başladılar. Azərbaycanda elə bir rayon yoxdur ki, o dövrdə orada bizim briqadanın tamaşaları olmasın".

Və artıq teatrın yeni parlamağa başlayan ulduzlarından olan, gələcəyin görkəmli aktyoruna çevriləcəyinə ümidlər bəslənən Ağasadıq Gəraybəylinin yolu həmin günlərdə qırıla da bilərdi. Gənc Ağasadıqın ölümün lap astanasında dayandığı o səfər bir macəralı hekayədir ki, həmin əhvalatı ilk dəfə mənə atası Zülfüqar Hacıbəylinin dilindən Maestro Niyazi söyləmişdi. Sonralar Ağasadıq Gəraybəyli də o təşvişli səfərin təfərrüatlarını mənə qorxulu bir nağıl kimi danışdı. Maestro deyirdi ki, Zülfüqar bəyin rəhbərliyi ilə bir təşviqat qatarı təşkil edilibmiş. O qatardakı vaqonların hamısı cürbəcür rəsmlərlə, plakatlarla bəzədilibmiş. Həmin təbliğat-təşviqat qatarının rəisi isə az sonra Azərbaycanın hərbi komissarı, daha sonra isə torpaq xalq komissarı vəzifəsini tutacaq Heydər Vəzirov (1891-1937) imiş. Məqsəd bu imiş ki, Bakıdan çıxan qatar ta Gürcüstan sərhədinə qədər getsin. Qatar ayrı-ayrı stansiyalarda dayanırmış, aktyorlar dəstə-dəstə bölünərək yaxınlıqdakı rayonlara, kəndlərə yola düşürlərmiş. Getdikləri yerlərdə şəraitdən asılı olaraq ya bütöv pyeslər, ya tamaşalardan parçalar göstərər, kupletlər söyləyərmişlər. Hər kəndə göndərilən dəstədə bir neçə aktyor, bir məruzəçi, bir də hərbçi olurmuş. Hərbçi də əsasən kursantlardan ibarətmiş. Məqsəd də ondan ibarətmiş ki, təbliğat-təşviqat dəstəsinə əlavə edilən hərbçi bu balaca heyətin mühafizəsini təmin etsin. Ancaq vəziyyət elə gərginmiş, ayrı-ayrı yerlərdə bu gələn dəstələrə yeni hökumətin təmsilçiləri kimi elə qəddarlıqla baxırlarmış ki, həmlə edilərsə, nəinki bir-iki hərbçi, hətta böyük bir dəstə ilə də bunun qarşısında dayanmaq olmazmış. Ağasadıq Gəraybəyli həmin qatarla yola çıxanlardan biri idi. Deyir, Ağdamın iki kəndinə getmək üçün iki dəstəyə ayrıldıq. Keşiş kəndinə yollanacaq dəstədə aktyorlar Əbülhəsən Anaplı, Mir Paşa, Əlislam və bir də bir kursant vardı. Biz isə başqa bir kəndə getməli idik.

Biz, yəni Ağasadıq Gəraybəyli, Cəlil Bağdadbəyov, Nəsrullayev deyilən bir nəfər, bir mühazirəçi, bir nəfər də hərbçi.

Mir Paşagilin Keşiş kəndinə səfərinin hansı müsibətlə bitdiyindən Ağasadıqgil iki gün sonra xəbər tutacaqlar. Ancaq onların da başına elə Mir Paşagilin düçar olduğu qəziyyə gələ bilərmiş.

İstedadını hər kəsin etiraf etdiyi Mir Paşa böyük yazıçımız Seyid Hüseynin qardaşı idi, Əbülhəsən Anaplı da o çağın ən parlaq aktyorlarından biri. Onları Keşiş kəndində, yeni gəlmiş Şura hökumətinə yağı kimi baxanlar deyil, azərbaycanlıların qanına susamış ermənilər qətlə yetirmişdilər. Ancaq Ağasadıq Gəraybəyligilin dəstəsinə ermənilər yox, elə təzə hökumətə düşmən olan azərbaycanlılar qəsd edəcəkmiş.

Ağasadıq müəllim söyləyirdi ki, irəlicədən qərara alınmışdı ki, rayonlara, kəndlərə yola düşən aktyor dəstələrini yerləşdirmək üçün biz ora çatanadək hansısa evlərlə danışılacaq. İş elə gətirdi ki, Ağdamın camaat qarşısında çıxış edəcəyimiz kəndinə şər qarışanda gedib çatdıq. Bizə ad vermişdilər, soraq-soraq gedib gecələməli olduğumuz evi tapdıq. Ancaq qırımından hiss elədik ki, ev yiyəsi bizim gəlişimizə heç də məmnun deyil. Qarşımıza bir stəkan çay da qoymadı. Çox yorğun olduğumuzdan elə tez də yuxuya getdik. Səhər də oyanan kimi ac-susuz tamaşa verməli, camaat qabağında çıxış etməli olduğumuz yerə dikəldik. Xeyli adam yığışmışdı. Mühazirə oxundu, kupletlər səsləndi, tamaşalardan müəyyən parçaları göstərdik. Camaat çox razı qalmışdı. Sabahı günü ayrı bir kəndə yola düşməli idik. Ancaq bu gecə yenə həmin evdə qalmalıydıq. Gəldik ora. Yenə qarşımızda nə süfrə açıldı, nə bizə bir diqqət göstərildi. Əvvəlki kimi, yenə ev sahibi bizi qaşqabaqla qarşıladı.

Ağasadıq müəllim belə söyləyirdi: "Mən ayıq-sayıq yatanam. Yad yerdə gecələyəndə səhərəcən gözümə yuxu getməz. O gün də elə səhəri dirigözlü açdım. Bizim yerimizi otaqda, içəridə salmışdılar, ev yiyəsi isə eyvanda yatmışdı. Gecənin bir aləmində yüngülcə gələn səsdən hiss elədim ki, eyvanda yatan ev sahibi ayağa durdu. Şübhələndim, mən də qalxdım. Pəncərənin bir qırağından baxdım ki, görək neyləyəcək. Baxdım ki, az sonra əlində beşaçılan tüfəng qayıdıb gəldi. Beşaçılan tüfəngi qoydu yatağının yanına, təzədən düşdü həyətə. Ay işığında gördüm ki, həyətdə daha bir neçə nəfər var. Ev sahibi həmin adamlarla nəsə danışdı, əliylə bizim yatdığımız otağı göstərdi və sonra başladı onları yola salmağa. Onların doqqazdan bir az aralandığını görüncə tez səfər yoldaşlarımı - Cəlil Bağdadbəyovu, Nəsrullayevi, həmin o kursantı silkələyib oyatdım ki, tez olun, deyəsən, bizə qəsd eləmək istəyirlər. Qalxdıq və arxamıza baxmadan qaranlığın içərisinə doğru sürətlə yüyürməyə başladıq. Üç dəqiqə, beş dəqiqə, nə qədər qaçdıq, bilmədik. Hər halda onu gördük ki, daha evdən xeyli aralanmışıq. Biz qaçmağa başlayanda ev sahibi də, onun yola saldığı adamlar da addım səslərimizi eşidib ayaq saxladılar. Ancaq görünür ki, böyük səs-küy qopacağından ehtiyatlanaraq daha silaha əl atmadılar".

O məşum gecədə Ağasadığın da, səfər yoldaşlarının da həyatı Ağdamın bir ayrı kəndində Əbülhəsən Anaplının, Mir Paşanın ömrünün son nöqtəsi qoyulduğu kimi bitə bilərdi. O faciə baş versəydi, mədəniyyət, teatr tariximizin qəmli bir səhifəsi kimi bu vaqeə də yaddaşlarda həmişəlik qalacaqdı. Necə ki, nə Anaplı, nə Mir Paşa unudulub. Ancaq ev sahibinin o beşaçılanının və digər quldurların yuxu içərisindəki cavan aktyorlara tuşlanmış tüfənglərinin tətikləri həmin uzaq gecədə həmin balaca otaqda basılsaydı, sonra onillər boyu yaşayan, yaratdığı bir-birindən gözəl surətlərlə könül dünyamızı zənginləşdirən Ağasadıq Gəraybəyli və onun irsi olmayacaqdı, millətimiz də teatr tariximizin zirvələrindən sayılan bu sənətkarın yaratdığı yüzlərlə rollardan ibarət möhtəşəm surətlər qalereyasından məhrum qalacaqdı...

...O çağlar idi ki, Azərbaycan səhnəsi ulduzlarla dolu idi. 1950, 1960, 1970-ci illər Azərbaycan teatrının xoşbəxt fəslidir. Hansısa tamaşalarda hansısa rolun ifaçısının adı yazılırdı və altda da əvəzedicilərin adları, soyadları. O əvəzedicilərin özlərinin də hər biri əvəzedilməzlər, qüdrətli aktyorlar idilər.

1970-ci ildə Azərbaycan teatrının həyatında hamılıqla bayram kimi dəyərləndirilən hadisə baş verdi. Hüseyn Cavidin "Xəyyam"ı səhnəyə gəldi və bu əsərə böyük sənətkar Mehdi Məmmədov quruluş vermişdi - həm rejissor idi, həm də özü tamaşada baş rolu - Ömər Xəyyamın surətini yaradırdı. Amma əvəzedicisi də vardı - Həsənağa Turabov. Hərçənd o çağlarda artıq Həsənağa Turabov özü də səhnəmizdəki ən parlaq ulduzlar cərgəsində idi. Həmin tamaşanın proqramını indi gözdən keçirəndə heyrət və heyranlıqla görürsən ki, bir çox başqa surətlərin də hər birinin həm əsas ifaçıları, həm əvəzediciləri bir-birindən təkrarsız, misilsiz aktyorlardır, hərəsi həqiqi mənada bir sənət ulduzu!

Hüseyn Cavid "Xəyyam"ı 1935-ci ildə yazmışdı və o zaman keçirilən müsabiqədə əsər ikinci mükafata layiq görülmüşdü. "Xəyyam"a görə qazandığı bu təltif onun sovet dönəmində aldığı yeganə mükafat idi və lap az sonra - 1937-ci ilin 4 iyununda şair həbs ediləcək, onun adı "xalq düşmənləri"nin qara siyahısına salınacaq, bütün digər əsərləri kimi, "Xəyyam"ın da bütün yolları bağlanacaq, bu sükut nə az, nə çox - düz 19 il çəkəcək. Sovet siyasi repressiya zərərdidələrinin bəraətindən sonra Cavidin bir çox başqa əsərləri nəşr edilsə də, "Xəyyam"dan xəbər yox idi, bu əsərin nə əlyazması qalmışdı, nə də hansısa nüsxələri.

"Xəyyam"ın adı 1937-ci ildə Cavid həbs edilərkən NKVD quzğunlarının evindən apardığı itkin əsərlərinin sırasında çəkilirdi. Ancaq "Xəyyam"ın hansısa nüsxələrinin qala biləcəyinə də ümid çox idi. Çünki əsər müsabiqədə mükafata layiq görülmüşdüsə, demək, ora nüsxələri təqdim olunmuşdu. Teatrda məşqi gedirmiş. Demək, əsərin nüsxələri teatra da verilibmiş. Hüseyn Cavid yadigarı Turan xanıma 1960-cı illərdə xəbər çatır ki, İrəvanda köhnə azərbaycanlı aktyor Əli Şahsabahlıda (1896-1973) "Xəyyam"ın vaxtı ilə üzünü köçürdüyü əlyazması var. Gedir Ermənistana, Şahsabahlını tapır və tələb olunan məbləği ödəyərək əlyazmanı alıb gətirir, az sonra nəşr də etdirir. "Xəyyam"a Mehdi Məmmədovun üz tutması isə bu əsərə büsbütün yeni bir ömür qazandırdı. Tamaşanın bəstəkarı Cahangir Cahangirov idi. Nə qədər füsunkar, cəlbedici musiqi yazmışdı! Tamaşaya elə musiqisi qədər cazibədar tərtibat vermiş rəssamsa elə Mehdi Məmmədovun oğlu Elçin idi. Aktyorlarsa hamısı bir-birindən sevimli, bir-birindən seçkin. Mehdi Məmmədov həmin tamaşaya Azərbaycan aktyorlarının ən müxtəlif nəsillərinin ən üstünlərini cəlb eləmişdi. Mehdi Məmmədovun məxsusi rəğbət bəslədiyi Ağasadıq Gəraybəylinin də, təbii ki, həmin tamaşada rolu vardı. Xaqanı - Alp Arslanı oynayırdı. Köhnə proqramları qaldırıram. Ağasadıq müəllimin o rolda əvəzediciləri kimlər olsa yaxşıdır? Biri SSRİ Xalq artisti İsmayıl Dağıstanlı, digəri o çağlar Azərbaycan teatrının ən aparıcı aktyorlarından olan Kamil Qubuşov. Hansısa tamaşalarda həmin rolda səhnəyə Ağasadıq Gəraybəyli çıxırdı, hansısa tamaşada İsmayıl Dağıstanlı, hansındasa Kamil Qubuşov. Qismət oldu ki, o dövrdə Xəyyamı həm Mehdi Məmmədovun, həm Həsən Turabovun ifasında gördüm. Nəsib oldu ki, Xaqanı həm Ağasadıq Gəraybəylinin, həm Kamil Qubuşovun, həm İsmayıl Dağıstanlının təqdimində seyr etdim. Hər birinin özünə xas ifa gözəlliyi vardı. Elə müstəsna aktyorlardı ki, indi "o bundan daha yaxşı idi" deməyə dil dönmür. Ancaq Mehdi Məmmədov bir Xəyyam olaraq, əlbəttə ki, əlçatmaz idi. Əlbəttə ki, Ağasadıq Gəraybəyli də Alp Arslan kimi bənzərsiz idi. Baxmayaraq ki, əvəzedicilərinin hər biri nəhəng idi. Həmin tamaşada Alp Arslan əslində epizodik bir surətdir, əsərdə çox yer də tutmur. Ağasadıq Gəraybəylinin dilə gətirəcəyi bəlli mətn vardı. Kamil Qubuşov nə deyirdisə, İsmayıl Dağıstanlı nə ifa edirdisə, Gəraybəyli də söyləyirdi. Nə bir söz o yana, nə bir söz bu yana. Cavidin yazdığı idi, hansısa başqa tamaşalarda bəlkə də yol verilə biləcək improvizələrə burada yer yox idi. İllah da ki, rejissor Mehdi Məmmədov idisə. Ancaq Ağasadıq Gəraybəyli onların demədiyini də deyirdi axı. Yox, özü hansısa söz, hansısa misralar artırmırdı. Ümumən, Ağasadıq Gəraybəyli həmişə müəllifin yazdığına sadiq qalan bir aktyor olub. Ancaq sözsüz oynamaq da var axı. Və Ağasadıq Gəraybəyli sözsüz oynamağın mahir ustası idi. Oturuşuyla, duruşuyla, hərəkətləri ilə, sifətinin cizgiləri ilə, baxışlarıyla. O, tamam ayrı bir mənzərəni yaratmağa müvəffəq olurdu. Hiss eləyirdin ki, orta əsrlərin axarındasan, qarşında dayanan da tanıdığın, libasını dəyişmiş Ağasadıq Gəraybəyli, tanış aktyor deyil, elə Alp Arslanın - xaqanın özüdür.

Və "Xəyyam"ın növbəti tamaşalarından birindən sonra unudulmaz Xudu Məmmədovun söylədiyi sözlər yadıma düşür. Tamaşa bitmişdi, camaat dağılışırdı. Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev də orada idi. Xudu Məmmədov qayıtdı ki, "biz nə xoşbəxt adamlarıq".

Əlavə də etdi ki, "Bu əsər, bu quruluş elə gözəldir ki, otuz il keçəcək, qırx il ötəcək, əlli il sovuşacaq, "Xəyyam" yenə mütləq səhnəyə qayıdacaq. Ancaq biz ona görə xoşbəxtik ki, bu tamaşanı bu aktyorların ifasında görürük. Bu aktyorların ifasında səhnədə onikinciəsrdir".

Ağasadıq Gəraybəylinin gücü bunda idi. Yüzlərlə rol ifa edib. Hansı surəti yaradıbsa, həm o surəti yeni günə gərək olan kimi göstərməyi bacarıb, həm də elə doğruçu oynayıb ki, o surət keçmişdən qopub gəlmiş gerçək qəhrəman kimi qavranılıb. Zamandan zamana keçməyə qadirlərin, keçmişlə öz gününü qovuşdurmağı bacaranlarınsa yeri daim gələcək olur!

 

24 mart 2024

 

 

                             525.az

 

 

 


 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.