Roman haqqında - Andre Moruanın essesi
29 Mart 2024 / 11:27
Andre Morua
"Roman haqqında" esse
...Məndən romanların necə yazıldığını soruşursunuz?
Əgər bunu bilsəydim, onda heç onları yazmazdım. Bu, qətiyyən zarafat deyil, sözlərimi qeyri-ciddi qəbul etməyin. Belə güman edirəm ki, öz peşəsinin texnikasına son dərəcə yaxşı bələd olan hər bir romançı – günahkardır.
şlənmiş, necə deyərlər, qurulmuş romanlar da mövcuddur. Belə romanlarda yazıçı müəyyən tezisi təsdiq etməyə can atır. Hansısa personaj Şəri (melodramda xəyanətkar yaramaz, ekzistensialist romanda “əclaf”), digər personajlar – ləyaqəti, azadlığı, inamı, yaxud inqilabı (qəhrəmanların xarakteri dövrə görə dəyişir)təcəssüm etdirir. Sonda Xeyir bu və ya digər şəkildə qələbə qazanır, romançı isə məğlub olur.
Başqa bir yazıçı yalnız «firma» reseptlərindən istifadə edir: “Gənc qızların ən gözəlini götürün. Böyük müsibətlərdən, əzablardan sonra ona öz adaxlısı ilə görüşmək imkanı verin. Qıza rəqib qismində məşum bir qadın seçin. Üzün sürən mübarizə. Son anda paklığın, bəkarətin təntənəsi. Oxucu kütləsinin zövqünü yaddan çıxarmadan bütün bunları müxtəlif dozalarda bir-birinə qatın. Bütün ömrünüz boyu yalnız bu resepti işlədin. İyirminci variantda rifahınız yaxşılaşacaq və möhkəmlənəcək».
Üçüncü müəllif tarixi mövzunu, bir qayda olaraq, tragizm və mənəviyyat azadlığı ilə dolu olan dövrləri seçir.
Fransız inqilabı dövrünün zindanları hərəkət üçün çox münasib fondur: sevgi əhvalatları gilyotinlə qonşuluqdadır. Napoleon imperiyasının müharibələri də işə yarayar – burda düşmən üzərində qazanılan qələbələrlə qadın üzərində qazanılan qələbələr bir-birini əvəz edir.
Hadisələrin cərəyan etdiyi dövrü müəyyənləşdirəndən sonra, müəllif öz kitabına eyni dərəcədə ədəbsiz, amansız və cazibədar qadın qəhrəmanı yerləşdirir, bu canalıcı xanımı hər otuz səhifədən sonra növbəti aşnasıyla yatağa salır. Vəssalam, yüz min tiraj təmin olunub! Hər üç cilddən sonra dövrü dəyişin.
Amma bu reseptlər üzrə şedevrlər yaranmır, sərvət toplanır.
Gözəllik mənbələri çox dərinlərdən püskürür, onlar sirr pərdəsinə bürünüb. Həqiqi roman onu yaradanın daxili tələbatına cavab verir.
Öz həyatını yenidən, ayrı maska altında yaşamağa imkan verən əsərlər yaratmaq sanki Stendalın, Balzakın xoşuna gəlirdi. “Parm monastırı”ndakı yaraşıqlı italyan zadəganı Fabrisio da, varlı bankirin övladı, gənc və gözəl leytenant Lüsyen də – Stendalın özüdür.
Bəzən maskanın altına boylanmaq çətin olur. Flober deyirdi: “Madam Bovari – mən özüməm”. Məhz buna görə “Madam Bovari” şedevrdir.
Yazıçı lazım olan süjeti tapdığını necə bilir, bunu necə öyrənir?
Bax bu cür: əgər süjet üzərində düşünərkən həyəcan keçirirsə, mövzu qəlbinin həssas tellərini titrədirsə, ürəyində əzablı, yaxud şirin xatirələr oyadırsa, onda yazılacaq kitabın əla olmaq şansı var.
Və bir də, iki mütləq şərtə əməl olunmalıdır – hadisələrdən bir qədər kənara çəkilmək lazımdır, yaxud Balzakın dediyi kimi, gərəkdir ki, hər şey yaxşıca durulsun.
“Poeziya elə bir həyəcandır ki, bu həyəcanları sakit halda xatırlayırsan...”
Əgər sevgilinizi elə indicə itirmisinizsə, dərhal qolunuzu çırmayıb roman yazmağa girişməyin. Yara hələ qan verir, onu qurdalamaq yox, sarımaq lazımdır. Yara qaysaq bağlayanda, siz ona toxunarkən acı bir məmnunluq duyacaqsınız: ağrı o dərəcədə şiddətli deyil ki, içinizdən iniltilər qopsun; amma yara sizdə oxumaq həvəsi oyatmaq üçün həm də kifayət qədər sızıltılı olacaq. “Oxumaq” sözü təkcə şair üçün deyil, romançı üçün də məqbuldur.
İkinci şərt: romandakı hadisələrin dolayısı ilə sizing öz şəxsi həyatınıza münasibəti olmalıdır.
Əgər poman yazmaq fikrinə düşsəniz, həyatınızda baş vermiş hadisələri dəyişdirmədən şərh etməyin, taleyinizə oxşar olan başqa taledən bəhs edin.
Bu, sizə öz hisslərinizi söyləməyə imkan verəcək və eyni vaxtda illüziyalarınızı qoruyub saxlayacaq, sanki, sifətiniz maska ilə örtüləcək.
Hazırladı: Mahir N. Qarayev
kulis.az