Yaradanı yaradanlar... - Fəxri Uğurlu yazır
17 Oktyabr 2023 / 11:06
Fəxri uğurlu
Yaradanı yaradanlar
Həzrət Əlinin belə bir kəlamı var: “Mən doğulduğum gün öldüm”. Yəni əbədi, baqi aləmdən ölümlü, fani dünyaya gəldim.
Buddanın ötən yazıda misal gətirdiyim kəlamını tərsinə çevirsək, Həzrət Əli məntiqiylə belə deyə bilərik: “Bizim həyatımız əbədi varlığımız arasında qısa fasilədir”. Zahiri bənzərliyə baxmayaraq, panteist ədəbiyyatla mistik ədəbiyyatın əzəli mənbəyə qayıdış motivləri arasında prinsipial fərq var: birində insan yoxluğa çəkilir, o birində əbədiyyətə qovuşur.
Ramiz Rövşənin uzun illər əvvəl dediyi bir müdrik fikri tez-tez xatırlayıram; “Leyli-Məcnun”la “Romeo-Cülyetta”nı tutuşduran şair deyirdi ki, “Leyli və Məcnun”da ölüm sevənləri qovuşdurur, “Romeo və Cülyetta”da ayırır.
***
Buddizmlə xristianlığın müqayisəsi panteist dünyagörüşlə mistik düşüncənin qarşılaşdırılması üçün geniş meydan açır. Bu iki təlimin yaranma mexanizmi bənzərdir. Buddizm monoetnik din olan induizmə daosizmin calaq olunmasından törəyib; yəni buddizm induizmin bazasında qol-qanad açmış daosizmdir. Buddadan təqribən bir əsr əvvəl yaşamış böyük Çin filosofu Lao Szının Dao (yol) haqqında panteist təlimi özündən sonra ölkəsinin sərhədlərini aşıb Hindistana da ayaq açmışdı. Hətta təkəbbürlü çinlilər özlərindən qat-qat aşağı tutduqları hindistanlıların gətirdiyi dinə yiyə durmaq istəməyəndə buddist rahiblər belə bir mif uydurmuşdular ki, Dao yüz il qabaq kitablarını gömrükçülərə təhvil verib izini itirəndən sonra gedib Hindistana çıxıbmış, orada öz məktəbini yaradıbmış, Budda deyilən bu müəllim də kimdirsə elə o məktəbin yetirməsidir; yəni, ay Çin əhli, bu təlim sizə yad deyil, elə öz təliminizdir ki, din pərdəsinə bürünüb yenidən üstünüzə qayıdıb.
İsa Məsih təlimi də monoetnik din olan iudaizmlə platonizmin calağından, sintezindən yaranıb, başqa sözlə, xristianlıq iudaizm zəmininə köçürülmüş platonizmdir. Təsadüfi deyil ki, Nitsşe xristianlığı söyməyə Sokratdan, Platondan başlayırdı, belə bir təlimin meydana gəlməsində ilk növbədə onları suçlayırdı.
Buddizmin idealı azad, ruhani fərddir. Bir məbədə yığışsalar belə hər fərd ayrıca adadır, heç kim heç kimə qarışmır, heç bir ruh öz qabından daşıb başqasının qabına tökülmür. Xristianlığın idealı isə azad, ruhani cəmiyyətdir, burada mənəvi kollektivizm prinsipi hökm sürür, fərd yalnız kollektiv üçün yaşayanda həyatı məna qazanır, yalnız başqalarından keçməklə, başqalarında əks olunmaqla özünü tapa bilir. Kant deyirdi ki, inanclı xristianların bir yerə toplaşdığı istənilən məkan kilsədir.
***
Mistik düşüncənin indiyəcən yaxından-uzaqdan eşidib-bildiyim ən parlaq ifadəsinə böyük sufi şair Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quşların söhbəti”) əsərində rast gəlmişəm. Quşlar Qaf dağına səfərə çıxırlar ki, gedib orada əfsanəvi Simurq quşunu (sufi alleqoriyasına görə Allahı) tapsınlar, ona səcdə eləsinlər. Quşların çoxu yolda heydən-həvəsdən düşüb sıradan çıxır, axıra yalnız otuz quş qalır. Qaf dağına çatanda quşlar bir-birilərində əks olunub güzgülənirlər, hamısı başqalarına baxanda özünü görür. Məlum olur ki, Simurq dedikləri elə bu otuz quşun vəhdətiymiş (farsca: se+morğ), onlar bir-birinin səcdəsinə dururlar, Tanrı da elə bu vəhdətdən yaranır.
Yeri gəlmişkən, sufizmin özünü də çox zaman panteizmlə qarışdırırlar, sovet dövründə ağına-bozuna baxmadan bütün sufiləri panteist adlandırırdılar. Bu məsələləri araşdıran dünya alimləri, filosofları arasında buddizmi sufizmin başlıca mənbəyi kimi görənlər də var. Fəqət belə yanaşma, fikrimcə, ciddi xətadır, hərçənd sufizmin buddizmdən təsirləndiyini heç kim dana bilməz.
İslam bazasında boy göstərsə də, təsəvvüfün qaynaqları bəllidir: platonizm, neoplatonizm, xristian mistisizmi, şamanizm, zərdüştilik, eləcə də buddizm fəlsəfəsi. Erkən mərhələdə sufizm asketik bir təlim idi, panteizmlə gerçəkdən iç-içəydi. Ancaq təsəvvüf elminə eşq cövhəri qatılandan (təxminən VIII əsrdən) sonra sufizmin mahiyyəti bir xeyli dəyişildi, ardınca sufi şeyxləri (başda İbn Ərəbi olmaqla) bu təlimin doktrinasını işləyib hazırladılar.
Zənnimcə, təsəvvüflə panteizmin, o cümlədən buddizmin ən azı üç prinsipial fərqi var: birincisi, buddizmdə mərkəz yoxdur (bu təlimin bir adı da “tanrısız din”dir), sufizmdə isə vahid mərkəz (islamın diliylə desək, Allah, xristianlığın diliylə desək, Tanrı ata) Günəşlə simvolizə olunur – cəmi məxluqat Onun zərrələridir, Ondan törəyib, Ona da qayıdacaq; ikincisi, buddizmdə eşq varlığın mühərriki rolunu oynamır, kamilləşmənin başlıca şərti sayılmır; üçüncüsü, buddizmdə vəhdəti-vücud modelinə yer yoxdur, fərdin ideal halı sansara zəncirini qırmış ruhun mütləq tənhalığıdır.
Əttarın süjeti mistik ədəbiyyatın mükəmməl xəritəsidir. Bu tip ədəbi nümunələrin xarakterik cəhətləri var: mistik yolçuluğa çıxmaq, xeyirlə şərin mübarizəsi, haqqa aşiqlik, dərvişlik, məcnunluq, divanəlik, mübtəlalıq, lap sonda gəldiyi yerə, əzəli-əbədi mənbəyə, metafizik aləmə qayıtmaq. Panteist (məsələn, Artur Şopenhauer) üçün həyat faciələr silsiləsidir, şər dünyanın təbii halıdır, onu dəyişməyə cəhd göstərməyin mənası yoxdur, olsa-olsa özünü bu dəli axından qırağa ata bilərsən. Mistikdən ötrüsə həyat xeyirlə şərin mübarizə meydanıdır, öz həqiqətini qorumaq üçün o, son nəfəsinəcən çarpışmağa, ideya uğrunda canından keçməyə hazırdır. Qərb ədəbiyyatında mistik janrın ən parlaq ifadəsi Servantesin “Don Kixot” romanıdır.
***
Qəmgin cəngavərin prototipi İsa Məsihdir. Ümumiyyətlə, Avropanın mistik şairləri, yazıçıları üçün başlıca ideya mənbəyi, əsas istinadgah bütün dövrlərdə Bibliya süjetləri, İncil əxlaqı olub. Hər müəllif müqəddəs kitabı özü bildiyi kimi şərh eləyib, qandığı kimi yozub. Servantesin yozumu bir az komik planda olsa da, kədərlə gülüşün bu qədər iç-içə olduğu başqa kitab tapmaq çətindir. Ancaq buradakı kədər də, gülüş də ruhani mahiyyət daşıyır, yəni bir-birinə qarşı duran qütblər kimi yox, həqiqətin ideal aləmdə barışıb qardaşlaşmış, vəhdət halına gəlmiş iki üzü kimi peyda olur.
Don Kixotun səfərləri ruhani səfərlərdir, onun cəngavərliyi eynən İsa peyğəmbərin cəngavərliyi kimi mənəvi səciyyə daşıyır. Qəhrəmanın şər qüvvə sanıb üstünə şığıdığı yel dəyirmanı fələyin çarxının obrazıdır. Don Kixot maddilikdən arınmış ruhdur, onun macəraları divanə, mübtəla ruhun sərgüzəştləridir. Nə qədər zərbə alsa da, nə qədər məğlub olsa da, işıq, inam cəngavəri əqidəsindən dönmür, şübhəni, küfrü, zülməti özünə yaxın buraxmır. Belə anlaşılır ki, ruh elə haqqın, gözəlliyin, xeyirin özüdür, onun yanılmaq, başqa bir varlığa çevrilmək şansı yoxdur.
Silahdaşıyan Sanço Pansa Don Kixotun bədəni, onu reallığa bağlayan alətləri – əllərini, gözlərini, qulaqlarını daşıyandır. Başqa sözlə, Don Kixot ideal aləmi, Sanço Pansa real aləmi təmsil eləyir. Bədən, nə qədər nataraz, kobud görünsə də, ruha tam təslim olub onun yedəyində sürünür, ona sədaqətlə xidmət göstərir. Eynilə toboslu Dulsineya da Don Kixotun ideal sevgilisinin ideal olmayan bədəni, Rosinant – onun ideal atının qanadları qırılmış gövdəsidir.
Don Kixotun sınıq-salxaq reallıqları ideal səviyyəyə qaldırmağa qadir baxışları var. O, həyatı xeyirlə şərin savaş meydanı, özünü də bu savaşın qəhrəmanı kimi qavrayır. Gerçəkliyin namərd əliylə ideal aləmdən ayrılıb real dünyaya qayıdandan sonra onun həyat eşqi sönür, yaşamaq ondan ötrü mənasını itirir. Yer üzünə ruhani səfərini başa vuran cəngavər dirilik səltənətinə çəkilir, bununla da çevrə qapanır.
***
Viktor Hüqonun “Səfillər” romanının baş qəhrəmanı Jan Valjanın cəhənnəmdən cənnətə qədər uzanan möhtəşəm səfəri də dünya ədəbiyyatı tarixində mistik yolçuluğun ən parlaq örnəklərindəndir. On doqquz illik katorqa əzabından sonra insanlara nifrətlə dolub-daşan təhlükəli caninin keşiş Mirielin xristian tanrısından alıb ötürdüyü mərhəməti sayəsində dönüb başqalaşması, ardınca baş verənlər İncilin təfsiri kimi oxunur. Ehtiyacdan fahişəliyə qurşanmış, bədənini satdıqca ruhu kasadlaşan, Jan Valjanın axıracan xilas eləyə bilmədiyi Fantina da İsa peyğəmbərin daşqalaq olunmaqdan qurtardığı, günahlarını bağışladığı Maqdalı Məryəmin XIX əsr Avropa ədəbiyyatında zühura gəlmiş təcəllasıdır.
“Səfillər”in fəlakətlər silsiləsindən aydınlığa, günahlar girdabından müqəddəsliyə qədər uzanan süjeti Dantenin cəhənnəmdən başlayıb ərafdan keçən, cənnətdə Tanrının nuruna bələnməklə bitən mistik yolçuluğuyla necə də səsləşir! Səbəbi çox sadədir: hər ikisi eyni mənbədən qidalanan, eyni düşüncə mərtəbəsində qərar tutmuş mistik ruhun diktəsiylə yazılmış əsərdir.
***
Çarlz Dikkensin “Pikvik klubunun qeydləri” romanının qəribə, sadəlövh, büllur ürəkli qəhrəmanının yaratdığı cəmiyyət də klubdan çox mistik təriqətə bənzəyir. Buradakı personajlar Əttarın mömin quşları kimi özlərini o birgəlikdə, o vəhdətdə tapırlar. Təriqətin mürşidi mister Pikvik uydurma danışan bir arabaçının ağ yalanına uşaqtək heyrətlənəcək qədər saf könüllü, kamil imanlı bir bəndədir. “Qan qohumu” Don Kixot kimi o da elə bil yer üzünə təmiz ruh şəklində gəlib, nə qədər ağız atırsa şər ona da diş batıra bilmir. Hərçənd görkəmcə Pikvik sələfindən çox Sanço Pansaya bənzəyir. Onun boy-buxunda Don Kixota oxşayan nökəri, həm də adaşı Ueller (müəllifin hər iki qəhrəmanı Semyuel adlandırması yəqin təsadüf sayılmamalıdır) Sanço kimi həyata ayıq gözlə baxır, ideal aləmə çəkilmiş ağasında olmayan xüsusiyyətlərlə silahlanır.
Don Kixotun səfərləri kimi komik planda təsvir olunsa da, Pikvik klubunun ölkə boyu səyahəti də mahiyyətcə mistik xarakter daşıyır, səyahətdən çox missionerlik fəaliyyəti, dünyaya mənəvi açılımdır. Fədakar mister Pikvik hamını arzusuna qovuşdurub muradına yetirəndən sonra missiyasını bitmiş sayır, inzivaya çəkilib əzəli yurduna qayıdacağı günü gözləyir. Oxucuda belə təəssürat yaranır ki, onun çəkildiyi “inziva” elə əbədiyyətin özüdür.
***
Ədəbiyyat xiridarları “Hərb və sülh”ün müəllifindən danışanda “ruhun dialektikası” ifadəsini işlədirlər. Bu deyim altında insanın mənəvi təkamülü, qapalı ruhun öz qabını çatladıb dünyaya açılması, sufi terminiylə desək, vəhdəti-vücud məqamına yetişib kainatın ruhuna qovuşması nəzərdə tutulur. Tolstoyun şah əsərində bu dirilmə prosesi knyaz Andrey Bolkonskinin timsalında mükəmməl ardıcıllıqla təsvir olunub. Şöhrət əsiri olan məncil knyaz ölümün astanasından dönəndən sonra həyatdan daha bir zərbə alır – uşaq üstə can verən arvadını itirir. Qəlbinin qapılarını həyatın üzünə çırpan knyaz Andrey bədbin, qəzəbli vücudunu çiynində duz yükütək daşıyır. Məsum qızın sevgisi onun ölü canını dirildəndən sonra Andreyin mənəvi yüksəlişi başlanır, müharibədə ölümcül yaralanması onu can atdığı mistik aləmə bir az da yaxınlaşdırır. Yuxuda o dünyanın qapıları knyazın üzünə açılır, bu zaman yuxudan ayılan Andrey öz-özünə belə deyir: “Bəli, ölüm oyanmaq deməkdir”. Bu, elə bir məqamdır ki, oradan geri yol yoxdur. Tolstoy qəhrəmanının bu dünyadan qopmağını misilsiz bir ustalıqla anbaan təsvir eləyib.
Əsərin, belə demək olarsa, ikinci baş qəhrəmanı, knyaz Andreyin könül dostu Pyer Bezuxov da mənəvi həyat axtarışındadır. Bu axtarış, nəhayət, onun neçə qat cəhənnəmdən keçmiş ömrünü dostunun qırılmış ömrünə calayır, Pyer Andreyin başıbəlalı nişanlısı Nataşayla evlənir. Onların evində knyaz Andreyin ruhu mistik bir varlıq kimi daim dolaşır – kabus kimi yox, qoruyucu mələk kimi. Pyer faktiki öz ömrünü tərk eləyib Andreyin yarımçıq ömrünün davamını yaşayır, onun yetim qalmış oğluna ata şəfqəti göstərir. Knyaz Andreylə Pyer Bezuxovun bu ruhani izdivacı mənə Sokratla Platonun, Şəmslə Mövlananın ilahi təmasını xatırladır.
Tolstoyun təsvir elədiyi savaş da gerçək müharibədən çox ilahi qüdrətin sağ əliylə sol əli, xeyirlə şər arasında baş verən mistik savaş, kosmik qarşıdurmadır. Onun Kutuzovu tarixi Kutuzovdan xeyli fərqlənən, xalq ruhuna, ilahi iradəyə, zərurət qanunlarına sözsüz təslim olan mömin bir qocadır.
***
“İdiot” romanının qaralamalarında Dostoyevski öz qəhrəmanını “knyaz Xristos” adlandırırdı. İsa Məsihin ruhunu iki min il əvvəldən öz dövrünə çağırmaqla yazıçı eksperiment aparır, xristianlıq ideyalarını yaşadığı mühitdə sınaqdan keçirir. Uzaq İsveçrə dağlarındakı müalicəxanadan, ilahi harmoniyanın, əbədi bayramın, yəni cənnətin içindən sıyrılıb gəlib Peterburqda knyaz Lev Nikolayeviç (bu da, məncə, təsadüf sayılmamalıdır) Mışkin adıyla zühur eləyən peyğəmbər cılız cüssəsi, həlim canıyla düşdüyü mühitdə qüvvələr nisbətini kəskin dəyişir. Onun haləsində insanlar özlərini başqa cür aparmağa başlayırlar. Gənc yaşından məsumluğu pozulmuş, əxlaqsız qadın kimi ad çıxarmış Nastasya Filippovna evlənməyə yararsız Mışkinə aşiq olur – onun da prototipi İncilin Maqdalı Məryəmidir. Bu eşq meydanında iblisi təmsil eləyən Roqojin cəhənnəmdən keçmiş qadına dərin ehtirasla bağlanıb. Qanya İvolginsə Nastasya Filippovna ilə karyera xatirinə, himayədarının sifarişiylə evlənmək istəyir.
Beləliklə, Dostoyevski əzabkeş, isterik qadının ətrafında üçbucaq yaradır: bir bucaqdan ona xristian məhəbbətiylə, ikincidən şeytani istəklə, üçüncü küncdən məişət adamının gözüylə baxır. Qəribədir ki, tacir Roqojinin evinə xədimlər gəlib-gedir, orada gizli təriqətə bənzər bir icma toplaşır (iblis həmişə xürafata meyilli olur). Ehtiras mücəssəməsi olan birinin başına belə adamların yığılması təəccüb doğurur, romanın ən sirli məqamı da elə budur: məntiqlə bu gizli icma “xədim” Mışkinin ətrafında dolanmalıydı. Görünür, Dostoyevski öz peyğəmbərinin cismani susqunluğunu fiziki-mənəvi qüsurdan ayırmaq üçün bu üsula əl atıb.
Sonda Tanrıyla Şeytan cənnətlə cəhənnəm arasında vurnuxan qadını bölüşə bilmir. Şeytan vasil olur cəhənnəminə, Tanrı dönür dağlardakı cənnətinə. Orada ağıldan, şüurdan əsər-əlamət yoxdur, çünki ağıla, şüura ehtiyac yoxdur. Qohumu, himayədarı xanım Yepançina onu dindirib-söylətməyə çalışsa da, knyaz buna heç bir reaksiya vermir, heç qadını tanımır da. Məlum olur ki, Mışkini bu dünyaya bağlayan bir sap da qalmayıb daha, knyaz Xristos öz əbədi, şüursuz, zamansız aləminə çəkilib. “İdiot” diaqnozu da ali ruhun bu aləmdəki halının təsviridir.
***
Tomas Mannın “Sehirli dağ” romanı da bizi İsveçrə dağlarına aparır, buradakı vərəm sanatoriyası, əsərin adından göründüyü kimi, mistik məkana tay tutulur. Sanatoriyaya qohumunu yoluxmağa gələn mühəndis Hans Kastorpun üç həftəlik səfəri yeddi ilə qədər uzanır. Ölümün astanası, əbədiyyətin qapısı olan müalicəxanada heç kim heç yerə tələsmir, hamı bilir ki, buradan qurtuluş, geriyə dönüş yoxdur.
Bura Avropanın kiçicik modelidir, burada antik dövrdən üzübəri qoca qitənin sinəsində şırımlar açan baxışlar, dünyagörüşlər üz-üzə, kəllə-kəlləyə gəlir; sanatoriya Platonun akademiyası kimi fikir dəyirmanına bənzəyir, ağlı-qaralı ideyalar üyüdür. Elə bil insanlar bu ölümlü məkana ondan ötrü yığılıblar ki, cürbəcür fikirləri, ideyaları güləşdirib sonradan qeyb aləminə çəkilsinlər. Elə bil ölümcül yaşamaq xəstəliyinə tutulmuş insanların dünyası hansısa fövqəlbəşəri, mistik bir varlığın laboratoriyası, sınaq meydançasıdır.
***
Pasternakın dünya şöhrətli romanında İsa peyğəmbər Doktor Jivaqonun, Maqdalı Məryəm Laranın timsalında yenidən səhnəyə çıxır. Baş qəhrəmanın həkimliyi də xilaskar İsa Məsihin xəstələrə şəfa verməsinə, ölü canları diriltməsinə işarədir. Onun adı qədim slavyan dilindəki dini mətnlərdən götürülüb: “Boq jivaqo, satana mertvaqo”, yəni “Tanrı diri, şeytan ölüdür”.
Pasternak yeganə romanını Dikkens, Dostoyevski ənənəsi üstündə yazdığını deyirdi. Bəllidir ki, Dostoyevski Avropa ədəbiyyatında ideoloji romanın banisi sayılır (hərçənd mən bu təsbitə şübhəylə yanaşıram; məgər psixoloji romanın təməlini qoymuş Stendalın “Qırmızı və qara”sı ideoloji roman deyilmi?). Nə deməkdir bu? İdeyaları obrazlara yükləyib onları qarşı-qarşıya gətirirsən, bəyənmədiyin ideyanı bəyəndiyin əqidəyə uduzdurub bu yolla oxucuya mesajını ötürürsən. Dikkensin romanlarında da bu metoddan gen-bol istifadə olunub; o, bir mömin qələm adamı kimi əsərlərində haqqı nahaqqın ayağına vermir, xeyirlə şərin mübarizəsindən xristianlığın ehkamlarına söykənən tərəfi həmişə qalib çıxarır.
Doğrudur, Pasternakın romanı üzdən baxanda haqq elçisinin qələbəsiylə başa çatmır (ona qalsa İncil də Tanrı oğlunun çarmıxa çəkilməsiylə bitir), ancaq gerçək qələbə həmişə sonra gəlir (mənə görə, İmam Hüseyn Kərbəla döyüşünün, Şah İsmayıl Çaldıran savaşının qalibidir). Doktor Jivaqonun adından qələmə alıb romana əlavə elədiyi şeirlər Pasternak poeziyasının zirvəsidir (hərçənd bir çox ədəbiyyat xiridarı o personajın bu şeirləri yaza biləcəyinə şübhəylə yanaşır), təkcə elə “Milad ulduzu” nəyə desən dəyər. İçinə sığındığı romanla birgə bu şeirlər də İncil ayələri kimi dünyanın yaddaşına qızıl hərflərlə həkk olunub. Mistik əsərlərdə xeyir bütün hallarda qalib gəlir.
***
“Master və Marqarita” Hötenin “Faust” əsərindəki bir mükalimədən doğub. Faust ona əyan olan Mefistofeldən soruşur: “Sən kimsən?” İblis ona belə cavab verir: “Mən daim şəri istəyən, fəqət daim xeyir törədən bir qüdrətin parçasıyam”. Bulqakov da sələfi kimi Şeytanı Tanrının həm şərikinə, həm icraçısına, həm də yardımçısına çevirir, üstəlik Roma cəlladı Ponti Pilatı da Məryəm oğlunun ortağı, işdaşı kimi qələmə verir. Belə olanda ortaya sual çıxır: bəs Şeytana qulluq eləyənlər necə, onlardamı Tanrı xidmətçiləridir?
Məşhur bir rus ədəbiyyatçısı bu romanın Stalinə bəraət üçün yazıldığı iddiasındadır. Əlbəttə, bu, insafsız yanaşmadır. Ona qalsa, bənzər ittihamla Hötenin də yaxasından yapışmaq olar. Burada daha dərin mətləblər var ki, onları sonrakı yazılarda çözməyə çalışarıq. İndi yalnız bir incə məsələnin üstündə durmaq istərdim. Bulqakov özü dərin dini-mistik ab-havayla nəfəs alsa da, avtobioqrafik qəhrəmanını İsa aşiqlərinin qərar tutduğu ən yüksək məqama layiq bilmir. Həvari Matvey Volanda Tanrı oğlunun Masterin əsərini bəyəndiyini, onu dinclik, sükunət aləminə yerləşdirməyi tapşırdığını deyəndə İblis soruşur: “Niyə onu özünüzlə işıqlı qata aparmırsınız?” Matvey cavabında deyir ki, o, ən yüksək məqamı qazanmayıb, o, dincliyə layiqdir.
Bulqakov burada faktiki olaraq zahidliklə dərvişliyin, Budda ilə İsanın fərqini göstərib: dinclik dediyi Buddanın, işıq dediyi İsanın məqamıdır. Öz avtobioqrafik qəhrəmanını, yəni əslində özünü o məqama layiq bilməsə də, inanıram ki, Bulqakov da, onun Məsih haqqında roman yazan Masteri də İsa peyğəmbərin haləsində öz yerini çoxdan tutub.
***
Zahirən sosializm quruculuğundan, yeni quruluşun qayğılarından bəhs eləsə də, Andrey Platonovun başlıca əsərlərinin dərin qatlarında dini-mistik cərəyanlar, gizli axınlar oynaşır. Kim də olmasa, ruhani seminariyasını bitirmiş Stalin bunu görməmiş deyildi, ona görə də işi-gücü yeni dünyanın təməllərini qazan zəhmətkeşlərin dərdlərindən, qayğılarından yazmaq olan Platonovu tamam nəzərdən salmışdı.
Yazıçının bir çox əsəri, xüsusən də “Can” povesti mistik nəsrin misilsiz örnəklərindəndir. Nazar Çaqatayevin can verən tayfasıyla türkmən səhrasını dolaşması Musa peyğəmbərin yəhudiləri qırx il səhrada gəzdirməsinə çox bənzəyir. Əsər Platonov qələminə xas çox sadə, çox da dərin cümləylə bitir: “Çaqatayev indi əmin oldu ki, köməyinə yalnız başqası gələcək”.
Bu məqamda ekzistensial tənhalığın radikal keşikçisi Sartrın kəlamı yadıma düşür: “Cəhənnəm – başqalarıdır”. Tərsinə də demək olar: “Başqaları – cəhənnəmdir”. Fəqət dini-mistik düşüncə qatına varmış insan heç vaxt belə düşünməz, o belə deyər: “Cənnət – başqalarıdır”. Yaxud da belə: “Başqaları – cənnətdir”.
***
Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povestini yada salaq. Üç nəslə mənsub üç kişi yaşlıdan cavana doğru növbəylə bir uşağın xatirinə, onun su payına şərik olmamaq üçün özünü dəryaya atır. İnsan ən şirin nemət olan canından niyə keçsin, ölüb torpağa qarışıb çürüyəcəyini bilə-bilə gələcək nəsildən ötrü ölümə niyə getsin? Burada da, şübhəsiz, gizli hikmət, mistik bir dərinlik var. Bəlkə insan bu dünyaya bir də gələcəyini bilir deyə gələcəyinin üstündə əsir? Bəlkə insan yüzüncü nəvəsinin onu həyata bir də gətirəcəyini bildiyinə görə nəsil qayğısına qalır? Bəlkə insan özünüqoruma instinkti dediyimiz təbii cismani duyğunun təhrikiylə yox, ruhunun hökmüylə özünə yer üzündə ətdən-sümükdən saraylar, qalalar, məbədlər tikir?..
Yeri gəlmişkən, mənə görə, Aytmatovun əsəri “Qoca və dəniz”dən bir baş yüksəkdə durur. Heminqueyin povestində insan təbiətə məğlub olur; “Dəniz kənarıyla qaçan Alabaş”da isə insan anamız təbiətə də, öz təbiətinə də qalib gəlir.
***
Sona yaxın bir məsələni də vurğulamaq istərdim. Mistik ədəbiyyat, əlbəttə, dini ədəbiyyatdır, ancaq din deyəndə mən hansısa konfessiyanı, kahinlik institutunu nəzərdə tutmuram. İctimai institut kimi din, məbəd öz ömrünü çoxdan başa vurub, dini-mistik duyğunun gerçək təntənəsi isə bizi yüz illərin o tayında gözləyir; başqa sözlə, fərdi istisnaları qırağa qoysaq, topa halda biz Axundovun, Zərdabinin, Sabirin ictimai-maarifçi ideallarına qismən də olsa çatmışıq, Nizaminin, Nəsiminin, Füzulinin dini-mistik ucalığına isə çatmağımıza hələ çox var. O dini duyğuyla yaşamaq üçün insanın dindar olması əsla vacib deyil; yəni adam ateist olub da dini-mistik ab-havanın içində yaşaya bilər. Məsələn, klassik alman idealizminin sonbeşiyi Lüdviq Feyerbax ateist idi, xristianlığı tənqid eləyirdi, ancaq antik dövrdən üzübəri yol gələn “insan insanın canavarıdır” məntiqinin qarşısına XIX əsrdə “insan insanın tanrısıdır” şüarıyla çıxmışdı.
Demokratik ölkənin sekulyar vətəndaşı olan Orxan Pamukun (hər halda mən indiyəcən onun hansısa dinin tanrısına tapındığını eşitməmişəm) əsərləri də dini-mistik duyğularla zəngindir. “Qara kitab”ın son cümlələrindən biri belədir: “Özün olmağın tək yolu – başqası olmaq, başqasının həyat yolunda dolaşmaqdır”. Cəlalın qəlbinə, ömürlüyünə nüfuz eləyən Qalibin sonda onun yerinə, hətta köşə yazıları yazması Platonun dialoqlarında öz fikirlərini ustadı, ruh əkizi Sokratın adından söyləməsinə, Mövlananın “Divani-kəbir”də (başqa bir adı “Divani-Şəms”dir) toplanmış qəzəllərinin məqtə beytini könül həmdəmi Şəmsin imzasıyla möhürləməsinə bənzəyir. Bu kitab zatən sufizmin insan fəlsəfəsi, Əttarın, Mövlananın, Nəsiminin poetikası üstündə köklənib.
İnsanın insana tapınmasının sufi ədəbiyyatında saysız-hesabsız örnəyi var. Milli nəsrimizdə idealist düşüncənin bu ən yüksək məqamı İsa Hüseynovun hürufi dünyagörüşündən bəhrələnmiş “Məhşər” romanında ifadəsini tapıb. İnsanı allah sayan mistik düşüncəni insanı həşərat sayan ortodoksal düşüncəyə qarşı qoyan yazıçının bu əsərində idealı da, cənnəti də yer üzündə kamil insanların bir araya gəlib bir-birinə səcdə eləyəcəyi ruhani cəmiyyətdir. Bütün mistiklərin ali arzusu, son diləyi budur.
***
Hegel deyirdi ki, insan özgəsiləşmiş Tanrıdır. Feyerbax isə bunun tərsini deyirdi: yox, Tanrı özgəsiləşmiş insandır. Məncə, ikisi də haqlıdır: əvvəl Tanrı insanı yaradıb, indi də insan Tanrını yaradır. Hələlik bu yaradıcılıq prosesində mistiklərdən uzağa gedən olmayıb…