Sənət və ədəbiyyat dərgisi

"Şuşaya salam" layihəsində Anar şeir oxuyur + VİDEO

27 Sentyabr 2022 / 12:52

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bi gün layihə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla, onun Şuşa barədə ürək sözləri, Rəsul Rzanın Şuşaya həsr etdiyi şeirin oxusu ilə start götürür. ANAR “Salam Şuşa!” layihəsini salamlayıram. Bu ölkədə 30 ölkədən 36 şair, Azərbaycandan 8 şair iştirak edir. Bu bizim Şuşaya ərməğanımızdır. Salam, Şuşa! Azad Şuşa! Gözəl Şuşa! Bizim Şuşa! Mən Şuşada doğulmamışam. Əslim-nəslim Şuşadan deyil. Amma mənimçün də, bizim ailəmizçün də Şuşa qəlbimizin şəhəridir. Və Şuşaya olan tamah, bədnam qonşularımızın tamahı hələ uzun illər qabaq atamın bir şeirində əks olunub. Mən atam Rəsul Rzanın Şuşaya həsr olunmuş şeirini oxumaq istəyirəm...

 

Rəsul Rza

 

"Şuşam mənim"

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim.

Könüllərdə

neçə-neçə mahnıların

zümzüməsi,

sözü qalıb,

Sənin doğma torpağında

neçələrin gözü qalxıb.

Vətən adlı doğma yurddan

püşk olarmı?!

Pay olarmı?!

Yüz bir şəhər adı çəkim,

Gözəllikdə,

biri sənə tay olarmı?!

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.