Sənət və ədəbiyyat dərgisi

Heç kəsə bəlli olmayan - Boyana Vuşuroviç

01 Noyabr 2022 / 10:32

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 31 oktyabrda layihə gənc Monteneqro şairəsi Boyana Vuşuroviç, onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Boyana Vuşuroviç / Monteneqro

“Mənim adım Boyana Vuşuroviçdir, Monteneqrodanam. Öncə Azərbaycan xalqını,

Şuşa sakinlərini salamlamaq istəyirəm. Eləcə də hamını “Şuşa ili” münasibətilə təbrik edirəm. Şuşa əsrarəngiz təbiətə və böyük, zəngin tarixə malik bir şəhərdir. Böyük ədəbiyyat yaranıb bu şəhərdə, böyük şairlər yetişib. Şuşa Azərbaycan mədəniyyətinin və ədəbiyyatının mərkəzlərindən biridir.  Xüsusən “Şuşa ili”nin vacibliyini qeyd etmək istəyirəm, bu hadisə yalnız tarix üçün deyil, hər bir insan və Şuşa sakini üçün əlamətdardır. Şuşa salam...”

 

Asfatl yolla,

yol cınqıllı cığırla qovuşur.

Quşlarının cəh-cəhi, tvitləri

başqa yerlərinkindən fərqlənir.

Tumurcuqlar budaqlarda

Lovçen qarından da bəyazdır.

Otlar adsız azadlığın

yaşılındadır.

Bu yerin adı yoxdur.

Dağların əhatəsində,

tozların içində,

alşaq boylu ağaclar və

daş-kəsəklə doludur.

Alaq otları, ot-ələf,

və çiçəklər.

Bəlkə adları da var,

amma qərib yolçuya tanış deyil.

O qərib adam yalnız sülhü tanıyır,

əmin-amanlığı,

sakitliyi,

bir də

səmanın mavi bayrağını.

Sakit, əmin-aman bir yer.

Cəh-cəhlə dolu.

Gözəl.

Və heç kimə bəlli olmayan.

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.