Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Qazaxıstanda Mərkəzi Asiya Media Formunda çıxış edib

26 Dekabr 2022 / 09:55

Günay Əfəndiyeva: “Biz əzmlə, məsuliyyətlə öz missiyalarımızı yerinə yetiririksə, bu Türk Dünyasının tək, nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizi göstərməkdədir”.

 

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 20-21 dekabr 2022-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Media Forumunun “Beynəlxalq təşkilatlar – əməkdaşlıq körpüsü” adlı panel sessiyasındakı çıxışında deyib.

Tədbirdə Türk Əməkdaşlıq Təşkilatlarının və digər beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, ictimai-siyasi xadimlər, alimlər, KİV nümayəndələri iştirak ediblər.

Fondun prezidenti Orta Asiyaya həsr olunan Media Forumun önəmindən danışaraq, vurğulayıb: “Orta Asiya ata-babalarımızın uyuduğu, ulu əcdadlarımızın ruhunu özündə yaşadan coğrafiyadır. Yaşı minilliklərlə ölçülən türk tarixinin başlanğıcıdır. Mənəvi abidələrin, şifahi xalq ədəbiyyatının nadir dastanlarının Vətənidir. Vaxtilə mövcud olmuş böyük dövlətlərin mirası, Türk elminin, fəlsəfi düşüncəsinin beşiyidir”.

Türk xalqlarının eyni soydan, mədəniyyətdən, dil və dindən gəldiyini vurğulayan Günay Əfəndiyeva, müasir dövrdə onlar arasında əlaqələri daha da genişləndirmək üçün əlverişli imkanların mövcudluğuna toxunub: “Hazırki dünya mühitində Türk xalqları sıx əməkdaşlıq aparmaq üçün böyük potensiala malikdir. Bizlər mənəvi varlığımızı dərk edərək, ortaq köklərimizə, dəyərlərimizə söykənərək, həmrəy olaraq, gözlənilən nəticələri əldə etməyə qadirik.”

Fondun prezidenti türk xalqlarının inteqrasiya proseslərindən danışaraq,  Türk Dövlət başçılarının bu yöndəki səylərini yüksək qiymətləndirib: “Onların uzaqgörən siyasəti bu gün Türk dövlətləri arasındakı münasibətləri yeni və daha üstün mərhələyə ucaltmaqla yanaşı, həm də bölgədə rifaha, sülhə, əmin-amanlığa xidmət etməkdədir. Bu xüsusda Türk Dövlət başçıları tərəfindən yaradılan Türk Əməkdaşlıq Təşkilatları da prosesin gedişatına öz töhfələrini verməkdədirlər”.

Günay Əfəndiyeva rəhbərlik etdiyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gənc təşkilat olmasına baxmayaraq, beynəlxalq aləmdə geniş  fəaliyyətindən söz açıb: “Fond türk xalqlarının maddi və mənəvi mədəniyyətini öyrənməkdə, qorumaqda və tanıtmaqdadır. Bütün işlərimizdə və layihələrimizdə ortaq hədəfimizə sadiq qalaraq, türk mədəniyyətinin zənginliyini dünya miqyasında yaymağı qarşımıza məqsəd qoymuşuq. Bu ildən beynəlxalq katibliyinin formalaşması ilə təşkilat yeni bir mərhələyə qədəm qoyub”.

Fondun prezidenti dövrün tələblərinə uyğun olaraq, Türk Dünyasının mediyadan geniş və səmərəli şəkildə istifadəsinin vacibliyinə toxunub: “Təşkilatın qurucu üzv ölkəsi Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində məqsədyönlü şəkildə vandalizm aktları törədilmişdir. Qarabağ işğaldan öncə ədəbiyyatı, musiqisi, incəsənəti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, mədəni abidələri ilə məşhur guşələrdən biri idi. Çox təəssüf hissi ilə bildirirəm ki,  orada yerləşən memarlıq nümunələri,  muzeylər,  kitabxanalar,  incəsənət məktəbləri,  teatrlar ermənilər tərəfindən dəhşətli dağıntılara məruz qalıb, məhv edilib. Biz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu xüsusda isə medianın rolu və məsuliyyəti çox böyükdür.”

Günay Əfəndiyeva Türk Dünyasının birliyinin daha da möhkəmləndirilməsi istiqamətində Türk Əməkdaşlıq Təşkilatlarının fəaliyyətlərinin əhəmiyyətinə diqqəti çəkib: “Əgər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk xalqlarının minillik dəyərləri fərqli qitələrdə - Avropada, Asiyada, Latın Amerikasında müxtəlif tədbirlər və layihələrlə tanıdılırsa, bu, türk dövlətlərinin sahib olduqları tarixi və mədəni irsin bütün dünyaya nümayiş olunmasında beynəlxalq təşkilatların oynadığı rolun önəmini sərgiləyir. Biz, Türk Əməkdaşlıq Təşkilatları olaraq, əzmlə, məsuliyyətlə öz missiyalarımızı yerinə yetiririksə, bu Türk Dünyasının tək, nəhəng ulduz kimi parlamasına töhfə verdiyimizi göstərməkdədir”.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.