Sənət və ədəbiyyat dərgisi

Bakıda kitabı nəşr edilən “The Man Booker”in mükafatçısı ilə görüş keçiriləcək

07 Noyabr 2023 / 16:49

Bakıda kitabı nəşr edilən “The Man Booker”in mükafatçısı ilə görüş keçiriləcək

“The Man Booker” mükafatının laureatı omanlı yazıçı Coxa əl-Harsi IX Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində iştirak edəcək. Bu günlərdə yazıçıya dünya şöhrəti qazandıran “Ayın qızları” romanı “Parlaq İmzalar” nəşriyyatı tərəfindən ərəbcədən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Kitabın tərcüməçisi Aytəkin Qocayeva, redaktoru isə Rəşad Həsənovdur.

Mədəniyyət Nazirliyi tərəfindən IX Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət olunan yazıçı ilə 12 noyabr saat 12:00-da Bakı Ekspo Mərkəzində imza günü keçiriləcək. 13 noyabr saat 12:00-da isə yazıçı ilə yerli müəlliflərin müzakirə saatı eyni yerdə baş tutacaq. Məlumat üçün bildirək ki, Coxa əl-Harsi Azərbaycana gələn ilk “The Man Booker” beynəlxalq mükafatı laureatıdır.

2019-cu ildə Olqa Tokarçuk, Anri Erno, Xuan Qabriel Vaskes kimi məşhur yazıçıları qabaqlayaraq “Ayın qızları” romanı ilə nüfuzlu “The Man Booker” beynəlxalq mükafatını qazanan yazıçının bu əsəri böyük ailə dramıdır. Romanın əsas qəhrəmanları Omanın Əvafi şəhərində yaşayan üç bacıdır. Bu üç bacı və ailələri, onların itkiləri və sevgiləri ənənəvi ağa-nökər münasibətlər sistemindəki hazırkı mürəkkəb quruluşa keçid eləyən və sürətlə dəyişən Omanın ictimai ziddiyyətləri fonunda əks etdirilir. Əsərdə üç bacının timsalında cəmiyyətin bütün zümrələri oxuculara təqdim olunur.

Qeyd edək ki, Coxa əl-Harsi 1978-ci ildə anadan olub. Omanda və Böyük Britaniyada təhsil alıb. Edinburq Universitetində Klassik Ərəb Şeiri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hal-hazırda Omanın Sultan Qabus Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasında dosentdir. Bundan əlavə, ərəb dilində üç hekayələr kitabı, üç uşaq kitabı və üç romanın müəllifidir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.