Ənənədən gələcəyə - K.Herman Kiel yazır
13 Mart 2024 / 11:51
K.Hermann Kielin
Ənənədən gələcəyə
Sona Vəliyevanın Almaniyanın Köln şəhərində "Bu yağış mənə bənzəyir" (Dieser Regen Gleicht mir) adlı şeirlər kitabı nəşr edilib. Kitab "Pem (Epubli)" nəşriyyatda çap olunub. Şeirlər kitabı haqqında tanınmış alman ədəbiyyatşünası, türkoloq K.Hermann Kielin məqaləsini təqdim edirik.
Almaniyanın görkəmli jurnalistlərindən biri Fretz F.Pletiqen 2017-ci ildə nəşr olunan "Durch den wilden Kaukasus" ("Qafqaza səyahət") kitabında həm özünün təəssüratlarını yazmış, həm də ondan əvvəl Qafqaza səyahət etmiş Avropa yazıçısı və şairlərindən Aleksandr Düma, Fridrix Bodenştedt, Hamsun, Zetkin və Nansenin xatirələrindən sitatlar gətirmişdir. Pletiqen kitabında isə rus yazıçı və şairlərinə də yer vermişdir. Yazır ki, onlardan biri olan rus şairi Andrey Belıyın Qafqaza dair sözləri onun da Qafqaza olan marağını artırdı. Şair Belıy Qafqaz haqqında belə danışır: "Dünyanın ən qədim yaşayış məskəni Qafqazdır. Buraları gördükdə Nuh peyğəmbərin niyə burada məskunlaşdığını, Arqonatesin qızıl gizlətmək üçün niyə buraya gəldiyini, Prometeyin zəncirlərini qıraraq müqəddəs odu necə oğurladığını başa düşdüm".
Həqiqətən, Qafqazda müxtəlif xalqlar, dillər və adətlər yaşayır. Qafqaz dağlarından Xəzər dənizinə qədər uzanan bölgədə yaşayan azərbaycanlılar Nizami, Füzuli və Nəsimi kimi böyük şairlər yetişdirmişlər. Bundan əlavə bu bölgənin xalqları musiqi və memarlıqda yaşadıqları coğrafiyanın bütün ölkələrinə təsir göstərmişlər. Şairlərin xalq dilində oxuduqları şifahi nümunələr bölgə-bölgə, dağ-dağ yayılmış və ənənəyə çevrilmişdir.
Alman oxucularının qarşısına ilk dəfə "Bu yağış mənə bənzəyir" kitabı ilə çıxan şairə Sona Vəliyeva da rəngarəng və hər kəsin diqqətini çəkən bu bölgədə yaşayır. Bir şairə kimi şeirlərində qədim kökləri olan şeir ənənəsini təmsil edir. Doğulduğu Naxçıvan bölgəsi həm tarixi xüsusiyyətləri, həm də yetişdirdiyi sənət adamları ilə Şərqdə həmişə nəzərə çarpmışdır. Bundan əlavə, Azərbaycanda qadın sənətkarların keçmişi, avropalıların dediyinin əksinə, çox qədimdir. Məhsəti Gəncəvi (1089), Gülşad (XVI-XVII əsr), Natəvan (1832) kimi qadın şairlər Azərbaycanda öz poetik hisslərini cəsarətlə ifadə etdilər. 1780-1832 illər arasında yaşayan qadın şairlərdən biri olan Ağabəyim Ağa Ağabacı həm fransızcanı bilir, həm də çox cəsarətli şeirlər yazırdı:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...
Bugünkü şairələrdən olan Sona Vəliyeva keçmişdən aldığı mirası qorumaqla vətən, ayrılıq, həsrət, sevgi ağrısı, tənhalıq və təbiət haqqında lirik şeirlər yazır. Bəzən tənhalığa sarılarkən özünü payızın xəzanı ilə müqayisə edir:
İçimdə göy üzü tutulub,
Boğuluram yarpaq-yarpaq.
Ağacam yerdən göyədək,
Doğuluram yarpaq-yarpaq.
Bəzən ayrılıqları dadarkən yaşadığı şəhərdən qaçmaq istəyir:
Ruhum da ayrılıqdan
Saralıbdır elə bil.
Gəl gedək bu şəhərdən
Bu payız mənlik deyil.
Bu torpağın kədəri
Başından çıxan duman.
Payız qəmli qadıntək
Yorulmur ağlamaqdan.
Ancaq demək olar ki, bütün şeirlərində özünü ya ağacla, ya da bir çiçəklə, ya da solmuş sarı yarpaqla təsəlli edir. Yazda deyil, payızda çiçək açan alma ağacından bəhs edir:
Bu nə eşq sevdası, necə möcüzə,
Fəslinmi yubanıb, ağlınmı çaşıb?
Şirin sözə möhtac qadın kimisən,
İçin çiçəkləyib çölünə çıxıb.
Düşünürəm ki, şair Sona Vəliyevanın şeirləri alman oxucusu üçün başqa cür, fərqli bir rəng olacaqdır.