Ölü dirilər, yaxud ölümsüz "ölülər" - Rafael Hüseynov yazır
22 İyul 2024 / 12:40
Rafel Hüseynov
Ölü dirilər, yaxud ölümsüz "ölülər"
Azərbaycan teatrının 1873-cü ildən başlanan yolu boyunca səhnəmizdə əsl bayrama çevrilən çox tamaşalar olub. Ancaq bu iki əsər səhnəmizin bütün tarixi boyu göstərilmiş tamaşaların hamısından fərqlənir. O iki əsərin səhnəyə gəlişi sadəcə bayram olmayıb, əsl təlatümə çevrilib. O təlatüm həmin tamaşa salonlarına sığışıb qalmayıb. O tamaşa salonlarından, Azərbaycanın sərhədlərindən uzaqlara yayılıb.
O iki əsərin hər birinin səhnəyə gəlməsindən artıq bir əsrdən də çox vaxt ötməkdədir. Ancaq hər ikisi təzəliyini, cazibəliyini saxlamaqdadır. Baxmayaraq ki, o əsərlərin ikisində də keçmiş günlərin vaqiələrindən bəhs edilir. Ancaq həssas gözlər, iti düşüncələr o əsərlərin ikisinin də cövhərindəki zaman köhnəlməzliyini, yeni günlərin nəbzinin çırpındığını da həmişə hiss edir. Bu iki əsərdən biri Üzeyir bəyin "Leyli və Məcnun"u, o biri Cəlil Məmmədquluzadənin "Ölülər"idir. İlk dəfə 1908-ci ilin yanvarında səhnəyə gələn "Leyli və Məcnun", birinci dəfə 1916-cı ilin aprelində oynanan "Ölülər" ilk tamaşa günü hansı sevgi ilə, hansı coşqu ilə qarşılanmışdısa, sonra onillər boyu həmin məhəbbət bu incilərin ikisini də müşayiət etdi.
Nədir bu sönməz sevginin, bitməz cəlbediciliyin səbəbi?
Hər iki əsəri ortaya gətirən cavan, gənc insanlardı. Ancaq onların ikisi də xalqın ruhuyla həmahəng olan simi dahiyanə fəhmlə tuta bilmişdi. Hər iki əsər yalnız özlüyündə gözəl olan sənət nümunələri kimi meydana çıxmadı. Onların ikisi də yolaçan oldu. Onların ardınca bu iki əsərlə səsləşən, onların yolunu tutub gedən sıra-sıra başqa əsərlər də yarandı. O da, bu da məktəbə çevrildi.
Mirzə Cəlil yaradıcı ömrü boyunca irili-xırdalı nə doğurubsa, hamısı yaşayacaq. Onların hamısı bir-birindən qiymətli sənət gövhərləridir. Ancaq hər bir ədibin, ümumən, hər bir sənətkarın ömründə digər doğurduqları arasından önə çıxan, zirvələşən və bütöv yaradıcılığının şah əsəri sayılan bir, ya iki seçkini də mütləq olur. Üzeyir bəy kimi nəhəngdən söz açarkən, Mirzə Cəlil kimi dahidən bəhs edərkən onların hansı bəhrəsini şah əsər adlandırmaq çətindən-çətindir. Yaratdıqlarının hansına baxırsan bax, hər biri misilsizdir. Ancaq bənzərsizlər arasında da ən üstünü hər halda müəyyən şərtiliklə də olsa seçmək mümkündür. Və ola da bilir ki, bəzən bu nöqtədə heç bizim baxışımızla müəllifin qənaəti üst-üstə də düşməsin.
Üzeyir bəy özü bütün yaratdıqları arasında birinciliyi, şah əsər olmaq məqamını "O olmasın, bu olsun"a verirdi.
Bunu mənə iki nəfər söyləyib - bir unudulmaz memarımız Qəzənfər Əlizadə, bir də görkəmli rejissorumuz Şəmsi Bədəlbəyli.
Görən, bəs Cəlil Məmmədquluzadə necə düşünürmüş, onun nəzərincə, qələmindən çıxanların hansı şah əsərdir?
Birinciliyi "Molla Nəsrəddin" dərgisində 1906-cı ildən başlayaraq yer alan yazılarından hansınasamı verirdi, ya zahirən balaca olsa da, içəridən böyük hekayələrindən hansınısa şah əsər hesab edirdi - "Kamança"nımı, "Anamın kitabı"nımı, "Danabaş kəndinin əhvalatları"nımı öz külliyyatının zirvəsi hesab edirdi?
Hər biri şah əsər olmağa, əlbəttə ki, layiqdir. Ancaq Mirzə Cəlilin zaman səmumları ilə çarpışmalarda qələmə aldıqlarının qatarını xəyalda canlandırırkən, onların hər birinin adladığı macəralı yolları bir daha düşünürkən, "əsər" üstəgəl, "onun taleyi" ülgüsü ilə yanaşarkən hər halda birinciliyi "Ölülər"ə verməli olursan. "Ölülər" gəlişi ilə düşüncələrdə inqilab yaratdı. Adı "Ölülər" olsa da, o, diriliyin əsəri idi, o, məzarlarda yatan ölüləri yox, üzdə diri görünüb ruhu, təfəkkürü ölü kökündə olanları diriltmək üçün gəlmişdi və Mirzə Cəlilin missiyası diriltməkdən ibarət "Ölülər"inin alın yazısı əbədi dirilikdir. Nə qədər zaman ötür-ötsün, "Ölülər" həmişə Mirzə Cəlilin bütün yaratdıqlarının ən uca mərtəbəsində dayanmaq haqqını qoruyacaq, ölümsüzlüyünü hifz edəcək.
...Tarixin bəzən üzdən izahsız görünən cazibəsinə tarixin öz məntiqi ilə yanaşanda cavab tapa bilirsən. Nədən Üzeyir bəyin "Leyli və Məcnun"uyla Cəlil Məmmədquluzadənin "Ölülər"i təxminən eyni vaxtda yarandı? "Leyli və Məcnun" 1908-ci ilin yanvarında səhnəyə gəldi, deməli, 1907-də başlanmış, 1908-də tamamlanmışdı. Heyrətlənməyin - elə "Ölülər"i də Mirzə Cəlil 1907-1908-də işləmiş, 1909-da artıq tamamlayaraq üzə çıxarmışdı. "Ölülər"in məhz həmin zaman kəsiyində yaranmasının bir yığın danılmaz sübutları var. Həmidə xanım xatirələrində 1908-ci ilin son iyun günlərini yada salır. O vaxt Abastumana istirahətə getməliymişlər, ancaq həyat yoldaşı bu səfərdə ona qoşula bilmir. Səbəbini Həmidə xanım özü dəqiqləşdirir ki, Cəlil "Ölülər"i işləyirdi. Mirzə Cəlilin öz xətti ilə səliqəli şəkildə köçürülmüş nüsxələrdən birinin altında əsərin tamamlanma tarixi kimi "1909-cu il 12 iyun" qeydi dayanır.
Yeni əsr başlanırdı. Azərbaycanın da, dünyanın da taleyində çox şeyləri dəyişəcək XX yüzilliyin əvvəlləri idi, əsr yeniliklərə, möhtəşəm dəyişikliklərə hamilə idi və asta-asta sabahkı böyük yüksəlişlərin təməlləri qoyulurdu. Tale və tarix Üzeyir bəyə də, Mirzə Cəlilə də özülçülər olmaq vəzifəsini həvalə etmişdi. Onlar ülgü yaradanlar, düşüncələrdə fırtına qoparanlar idilər. Ancaq 1907-ci ildə tamamlanan "Leyli və Məcnun" tezliklə - elə növbəti ilin lap başlanğıcındaca tamaşaçısı ilə görüşdüsə, "Ölülər"in nəşr edilməsi, insanlara çatması, səhnədən görünməsi xeyli ləngidi. Bir tərəfdən Mirzə Cəlil hər cəhətdən vasvası adam idi - şəxsi ifrat təmizkarlığından tutmuş əlindən çıxan hər işi yüz ölçüb, bir biçməsinə qədər. Qələmə aldığında nəsə ürəyini tam təmin etməyəndə onu üzə çıxarmağa heç tələsməzdi və elə həmin səbəbdən 1908-də bitirə biləcəyi "Ölülər"ə 1909-da dönə-dönə əl gəzdirmişdi, hətta sonrakı nüsxələri tutuşduranda bunu da görürük ki, müəyyən vaxtdan sonra sığallamaq, nəyisə atıb, nəyisə dəyişməkçün mətnə yenə dəfələrlə qayıdıbmış. Hətta ayrı-ayrı xatirələr anlatmaqdadır ki, belə bir əsər haqda düşüncələr 1907-ci ildən əvvəl də Mirzə Cəlilin içərisində dolaşırmış, beynində həmin surətlər və onları ətə-qana dolduracaq mətn cümlə-cümlə yaranmaqdaymış. Sadəcə gün gələcəkmiş ki, ədib keçsin masa arxasına, qələmi götürsün və yaddaşında daşıdığı mətni kağıza köçürsün. Bəlkə də mübhəm, amma çox sərrast bir sezgi və öncəgörümlə hiss edirmiş ki, "Ölülər"i dünyaya gətirməyə tələsmək lazım deyil. 1909-cu ilin yayında "Ölülər"i bitirmişdi (hərçənd sonra yenə dəyişmələri olacaq), avqustun 18-də icazəsini almaqçün Tiflis Mətbuat Komitəsinə müraciət etmişdi və ayın 27-də oradan rəsmən cavab almışdı ki, əsər Qafqaz səhnələrində oynana bilər.
Yalnız bundan sonra qət edir ki, əsərini zövqünə, fikrinə inandığı yaxın münsiflərin ixtiyarına buraxsın. Onlarsa qətiyyən sadə insanlar deyildilər. Onların hər biri elə Mirzə Cəlil kimi millət öyrədiciləri sırasında yer alan işıqlı simalardı.
Bütövlükdə "Ölülər"in 10-dək əlyazma nüsxəsi olub. İndi onlardan altısı Azərbaycan Əlyazmalar İnstitutunda saxlanmaqdadır. Bir neçə nüsxə, şahidlərin məlumatlarına görə, Mirzə Cəlilin müxtəlif dostlarında olub. İlk ən səhih və geniş əlyazmalardan biri Hüseyn Minasazovda imiş ki, elə həmin mətn əsasında o vaxt hələ kimsəyə bəlli olmayan "Ölülər" haqda ilk məqaləni yazaraq "Zakavkazye" qəzetinin 1909-cu il 11 sentyabr sayında dərc etdirmişdi. Həmin məqaləsində Hüseyn Minasazov həm "Ölülər" pyesinin məzmununu çatdırır, həm də əsəri yüksək qiymətləndirirdi: "Əgər siz müsəlmanların həyatı ilə tanış olmaq istəyirsinizsə, bu həyatın bütün qaranlıq və gözəgörünməz cəhətlərini görmək istəyirsinizsə, əgər bu həyatı yaradan təfərrüatı bilmək istəyirsinizsə, əgər müsəlmanın məişəti və adətləri, onun ailə şəraiti ilə maraqlanırsınızsa, bir sözlə, xalq həyatının bir çoxları üçün sirr olan canlı, maraqlı panoramını görmək istəyirsinizsə, bu pyesi ya oxuyun, ya da ona tamaşa edin".
(Hələ "Ölülər" nə nəşr edilmişdi, nə səhnəyə gəlmişdi ki, arzulayan gedib oxuya, ya da baxaydı. Cavan olmasına baxmayaraq, qəzet səhifələrindən hisslərə təsir etməyin fəndlərinə yaxşı yiyələnmiş Minasazov oxucunu və tamaşaçını bəri başdan "Ölüləri"i axtarmağa kökləyirdi).
Ona əlyazmanı, söz yox ki, Mirzə Cəlil özü veribmiş və bu ilk tam nüsxələrdən olan variantda sonrakı mətnlərdən fərqli bəzi məqamlar da varmış. Bunu elə həmin məqaləni oxuyub artıq hamımızın bildiyimiz "Ölülər"lə tutuşduran hər kəs duyar. Daha bir dolğun mətni isə Cəlil silahdaşı Əliqulu Qəmküsara veribmiş ki, o da öz növbəsində həmin əlyazmanı qardaşı Rzaquluya etibar edibmiş. Heyiflər ki, həmin nüsxə yanğında məhv olub gedib.
1911-ci il iyun ayının 9-da əvvəlcə rusca çıxan "Baku" qəzetində "Molla Nəsrəddin"in redaktoru Cəlil Məmmədquluzadənin yeni yazdığı "Ölülər" pyesindən qısa məzmununu nəql etməklə söz açılır və ardınca artıq Azərbaycan dilində iyunun 17-də "Vaxt" qəzetinin 791-ci sayında xəbər verilir ki, "Molla Nəsrəddin" məcmuəsinin mühərriri Mirzə Cani "Ölülər" adlı komediya yazıb. Burada da əsərin məzmunundan yüyrəkcə bəhs edilir, üstəlik, bu xəbər də verilir ki, pyes Tiflisdə tamaşaya qoyulacaq. Mirzə Cəlilin adının "Cəlil" yox, "Cani" kimi yazılması bir mətbəə xətası idi, ya ona bu qəzetdəki kiminsə yolüstü sataşması idi, bu sualın cavabını daha kimsə əminliklə verə bilməz. Gedən gedib, keçən keçib.
1913-cü ilin yayı gəlmişdi. Mirzə Cəlil ailəsi ilə Şuşada dincəlirdi. Adətən Əbdürrəhim bəy Haqverdiyev də yayları Şuşada keçirərdi. İş elə gətirmişdi ki, o arada Hüseynqulu Sarabski ilə Əhməd Ağdamski, yanlarında da yoldaşları, Şuşada idilər. Əliboş da deyildilər - əslində gəlişləri bir qastrol səfəri idi və Üzeyir bəyin əsərləri ilə gəlmişdilər. "Leyli və Məcnun"unu, "Əsli və Kərəm"i, "Arşın mal alan"dan parçaları göstərirdilər. O gözəl yayda məktəb müdiri Bədəl bəy Bədəlbəyli, çağın parlaq ziyalılarından olan, Odessa Universitetinin hüquq və tibb fakültələrini bitirmiş, ilk fizioloqlarımızdan biri Azad bəy Əmirov və qardaşı doktor Umbay Əmirov, aktyor Əbülfət Vəli, Mirzə Cəlilin çiyindaşı Rzaqulu Nəcəfovda Şuşadaydı. İllər ötəcək, Rzaqulu Nəcəfov həmin günün bütöv mənzərəsini cızan xatirələrini qələmə alacaq. Hər biri hal əhli, dərin, duyğun o insanlar bir gün hamılıqla Mirzə Cəlilin mənzilinə toplaşır. Mirzə Cəlil onları özü dəvət etmişdi və həmin gün əslində "Ölülər"in ilk təqdimatı idi. Mirzə Cəlil sakit səslə, aramla əsəri əlyazmadan oxumağa başlayır. Bütün bunları belə ayrıntılı həmin gün əyləşib maraqla dinləyənlərdən olmuş Rzaqulu Nəcəfov təsvir edir: heyranlıqla qulaq asırdılar, kimsə çınqırını çıxarmırdı, Mirzə Cəlil əsəri ilk cümləsindən son sətrinədək oxuyub sona çatır. Tay-tuşlar idilər, qələm, ruh qardaşları idilər və bir yoldaşın öz əsrini oxuması, sonra hamılıqla həmin oxunmuş barədə fikir mübadiləsinin aparılması onlarçün adi bir haldı. Amma bugünün uzaqlığından o yay gününü xəyalda dirildin, görün nə möhtəşəm mənzərədir. Onlar Azərbaycan ədəbiyyatının möcüzələrindən birini həmin möcüzəni yaratmışın dilindən başdan-axıracan dinləmiş nadirlər idilər.
Təbii, təqdir sözləri söyləyirlər, amma hamısı təcrübəli insanlardı, hər biri bu və ya digər şəkildə səhnə ilə, teatrla bağlı şəxsiyyətlərdi və anlayırdılar ki, "Ölülər"in bu məzmunla, bu fəlsəfə ilə həyatda öz yerini tutması, səhnədəki ömrü heç də asan olmayacaq. Dinlədikcə anlayırdılar ki, "Ölülər"in yaşaması, irəliləməsi mütləq ağır mübarizələrlə bağlı olacaq. Ancaq onu da dərk eləyirdilər ki, bu əsər hökmən qalib çıxacaq, qaranlıqları sökəcək, işığı lap uzaqlara yetişəcək.
1913-cü ilin o yayı Mirzə Cəlilin həyatının xoşbəxt fəsli idi, amma yenə bugünün hündürlüyündən seyr edirkən görürük ki, Şuşanın həmin günləri bütöv Azərbaycan ədəbiyyatının, Azərbaycan mənəviyyatının həyatındakı bəxtiyar yaymış. O qədər parlaq münsifin iştirakıyla 1913-cü ilin yayında gözəl Şuşada "Ölülər"in xeyir-duası verilmişdi.
Fəqət Mirzə Cəlil yenə tələsmirdi. Onun ən sevimli balası "Molla Nəsrəddin" 1906-cı ilin aprelində işıq üzü görmüşdü. Tale elə gətirdi ki, "Ölülər"ə də düz 10 il sonra - 1916-cı ilin aprelində dünyaya gəlmək qismət oldu. Əlbəttə ki, "dünyaya gəlmək" deyiminin məcazi mənasında. "Ölülər" ki artıq azı 7 il idi həyatdaydı. Ancaq hələ ki qalın buludlar arxasında olan günəş kimi idi və səhnəyə gəlməsi ilə 1916-cı ilin yazında bu əsərin əsl doğuşu başlanırdı. Səhnə əsərinin əsl təvəllüd anı onun yazıldığı tarix deyil, məhz insanlara göründüyü gündür. Əvvəlki günlərin, ayların hamısı bir uşağın ana bətnində qalması kimidir.
1916-cı ilin 29 aprelində Tağıyev teatrında "Ölülər"in ilk göstərilişi idi. O axşam tamaşa salonunda oturanların hər biri qeyri-adi tarixi hadisənin iştirakçıları, müşahidəçiləri olmalarının fərqində idilər. Bir neçə gün sonra ən müxtəlif qəzetlərdə dərc edilən silsilə yazılarda da, sözləşiblərmiş kimi, hadisənin qeyri-adiliyi məxsusi vurğulanacaq. Lakin "Ölülər"in coşqulu əks-sədası nə o günün, nə də həmin günlərdə dərc edilən qəzetlərin çərçivəsinə sığacaq. "Ölülər" Azərbaycan dühasının doğurduğu o nadir əsərlərdən olacaq ki, meydana gələndən lap az sonra səfərlərə başlayacaq, sərhəd-sərhəd adlayacaq, şəhər-şəhər keçəcək, irəlilədikcə də diriltməkdə davam edəcək. O ünvanlara ki "Ölülər" gedib çatırdı, orada cəhalət də vardı, mövhumat da hökm sürürdü və "Ölülər"i süngü ilə qarşılayanlar xirtdəyəcəndi. Di gəl, başlanğıcdan "Ölülər"in elə bir gücü də vardı ki, həmin maneələri sadəcə aşaraq yox, sökə-sökə, dağıda-dağıda irəliləyirdi.
1916-cı il aprelin bitəcəyində "Ölülər" bitməz səfərini başlayırdı və hədəfi də bundan ibarətdi:o acılar, o cəmiyyət ağrıları ki onları qamçılayır, həmin əskiklər tezlikcə həyatımızdan getsin, cəmiyyətimiz daha sağlam və nizamlı görkəm alsın. Zahirən o avamlıq, o cahillik, o kor-koranə mövhumatçılıq ki onda vardı, aralıqdakı bir əsr ərzində tədricən sovuşub gedib. Ancaq bəs niyə "Ölülər" yenə təzədir, yenə də müasirdir, yenə də dirildə bilir?! Çünki üzdən çağdaşlaşmış, kompüter əsrinin sıra nəfərinə çevrilmiş, hətta bəzən ana dilindən savayı, əcnəbi dildə dil-dil ötən neçələrində də (hələ mən kütləni qoyuram bir qırağa) müasirləşmiş nadanlıqları da, korazehinlikləri də, çağdaş xurafata uymaları da görürük. Hikmət ondadır ki, "Ölülər"dəki sözlərin neçə-neçə qatı var, hələ gələcəkdə indi bizə aydınlığı ilə zühur etməyən digər incə layları da dərk ediləcək. Nə qədər cəmiyyətdə diri ikən ölülər qalacaq, "Ölülər" də diri olacaq və diri ölülərin xilasına köməyini əsirgəməyəcək.
1916-cı ilin 29 apreli idi, tamaşa gedirdi və dördpərdəli "Ölülər" elə bu teatrda, Bakının ayrı səhnələrində hər gün nümayiş etdirilən başqa pyeslər kimi davam edirdi. Bir pərdə bitirdi, sanki doyulmaz kitabın bir fəsli tamamlanırdı. Dekorasiyalar dəyişirdi, zalda oturanlar səbirsizliklə dəqiqələrin tez ötməsini gözləyirdilər ki, pərdə yenə açılsın, səhnədəki həyat yenə davam etsin.
Lakin baxa-baxa hamı bunu da hiss edirdi ki, bu tamaşa digər günlərdəki ən yaxşı tamaşalardan da yer-göy kimi seçilir. Hətta hər biri yaxşı tanıdıqları aktyorlar da sanki tamam ayrı adam olmuşdular.
O axşam Şeyx Nəsrullah rolunda Əliqulu Nəcəfov-Qəmküsar çıxmışdı, Kefli İsgəndər Mirzağa Əliyev idi, Şeyx Əhmədi Mirzə Muxtar oynayırdı. Ancaq digər rollarda artıq kifayət qədər tanınan aktyorlar çıxış edirdi. Bu tamaşada Hüseynqulu Sarabski də vardı. Hüseynağa Hacıbababəyov da, Rza Darablı da, Sidqi Ruhulla da, Anaplı da, Süheyli də...
O gün göz qabağındaca Azərbaycan teatr tarixinin qızıl bir səhifəsi yazılırdı və həmin günün möcüzəliliyinin, Tağıyev teatrına toplaşanların istisnasız olaraq hamısının vəcdə gəlməsinin bir sübutu da odur ki, tamaşanın sona çatmasını gözləməyə səbirləri yetməmişdi. Əsər dördpərdəli olsa da, artıq üçüncü pərdədə bir çoxları səhnəyə qalxmışdı, Mirzə Cəlili təbrik etmişdi, bitən pərdə ilə başlanmalı pərdə arasında xeyli uzun fasilə əmələ gəlmişdi.
O dövrün sənətdən yazan mətbuatı güzəştsiz idi və oturuşmuş səhnə qaydaları ilə hissə qapılaraq belə qədərindən artıq sərbəst davranmanı bağışlaya bilmirdi.
Gün keçəcək, mətbuatda dərc edilən yazılarda buna da "əmma" qoyacaqlar ki, əsər bitməmişdən niyə müəllifi təbrik edirdilər. Ancaq o iradlara cavab verənlər də tapılacaq ki, üç pərdədən sonra artıq əsərin bütün fəlsəfəsi, mahiyyəti ortada idi, camaat alqışlamayaydı, neyləyəydi, artıq əsərin nə qədər uğurlu olması hər kəsə əyankən belə gözəlliyi yaratmış müəllifi vəcdə gələrək bir qədər təbrik etməyib neyləyəydilər? Haqq eləyiblər, düz eləyiblər. Seyid Hüseyn buna da ayrıca diqqət yönəldirdi ki, "düz etməyiblər" dediklərimiz heç də adi tamaşaçılar deyildilər: "Bugünkü tamaşaçılar hərvaxtkı tamaşaçılardan fərqli idi. Tamaşaçılar arasında ürəfa qismindən dəxi çoxları görünürdü. Hər pərdənin arasında müəllif cənabları alqışlarla səhnəyə çağırılır və təbrik olunurdu. Nəhayət, üçüncü pərdədə bu təbrik bir nümayiş şəklini aldı. Mətbuat, ədəbiyyat, məktəb və səhnəyə mənsub olanlardan bir cəm-i hilalvari səhnə-yi tamaşaya düzülüb alqışlarla müəllif cənablarını çağırdılar. Müəllif çıxınca bir alqış tufanı qopdu".
O tənqid edənlərin "Ölülər"in nə mətnini, nə ifasını pisləməkçün başqa söz tapmayıb bu təhər mızqoymaları, təki ortada bir əks baxış olsun deyə bu cür badalaq gəlməyə cəhd etmələri aşkar paxıllıq idi. Ancaq o köhnə həsədlərin də, o coşqun alqışların da lap çoxdan soyuduğu indiki günlərdə həmin tənqidləri elə dibindən haqsızmış deyərək qəribçiliyə də salmayaq. Əlbəttə ki, o tənqidi yanaşmada müəyyən qədər haqq da vardı. Gərək dünya teatrının doğru-düzgün səhnə-tamaşaçı davranışı ənənəsinə uyğun olaraq müdaxilə etməyəydilər, gözləyəydilər ki, əsər başa çatsın, sonra təbriklər yağışını başlayaydılar. Onda əsərin bütövlüyü də daha artıq qorunar, ümumi təəssürat da daha tam və güclü olardı. Ancaq belə tələsməkdə, əsər bitməmiş səhnəyə gələrək müəllifi təbrik etməyə can atmaqda da başadüşülən bir başqa həqiqət var. O səbirsizlik göstərənlər, belə etməməli olduqlarını yaxşı bildikləri halda belə etməyi özlərinə rəva görənlər teatra bağlı adamlardılar. Gedişat, hadisə o qədər möhtəşəm idi ki, cuşa gəlməmək, özünü unutmamaq, təmkinlə oturmaq, içəridən qaynamamaq mümkünsüzdü.
O günlər idi ki, "Molla Nəsrəddin" dayanmışdı. Dərgiyə də yenə həyat vermək, onu təzədən dirçəltmək, maddi vəziyyətini də babatlaşdırmaq gərəkdi. Və Mirzə Cəlil də, Əliqulu Qəmküsar da, digər mollanəsrəddinçilər də həmin gecə - 1916-cı ilin 29 aprelində, "Ölülər"in premyerası axşamında bunu da hiss edirdilər ki, axı, deyəsən, "Molla Nəsrəddin"in xilas yolu da elə bu gecədən keçir!
Və qərara alırlar ki, "Molla Nəsrəddin"i dirçəltmək üçün "Ölülər"in köməyindən istifadə etsinlər. Mirzə Cəlil, Əliqulu Qəmküsar və daha bir neçə mollanəsrəddinçi yola düzəlirlər - Orta Asiya, Volqaboyu səfərinə çıxırlar, Səmərqəndə gedir, Daşkənddə olur, Həştərxana, Dərbəndə baş vururlar. Məqsəd həm "Molla Nəsrəddin"ə yeni abunəçilər tapmaq, həm də"Ölülər"i o yerlərdə də imkan dərəcəsində səhnəyə gətirmək idi. Aşqabadda nə qədər cəhd etsələr də, bu iş alınmır. Halbuki orada "Molla Nəsrəddin"in etibarlı müəlliflərindən və dayaqlarından biri Salman Mümtaz vardı, həm tacir, həm də ədəbiyyatçı kimi Aşqabadda nüfuz, hörmət sahibi idi. Ancaq nə qədər cəhd etsə də, senzuranın mühafizəkar barısını aşmağa müvəffəq olmur. Mirzə Cəlilgil buradan əliboş ayrılırlar. Lakin Daşkənddə də, Səmərqənddə də, Kazanda da, Dərbənddə də "Ölülər"i göstərə bilirlər. Harada da göstərirlərsə, ilk nümayişindən "Ölülər" ürəkləri fəth edir, Mirzə Cəlilin də, yoldaşlarının da Aşqabadda yaşadıqları nigaranlıq unudulur, hər şeyin daha yaxşı olacağına inamları çoxalır. Bu zərurəti də hiss edirlər ki, Bakıya qayıdınca "Ölülər"i növbəti dəfə səhnəyə gətirmək lazımdır.
1916-cı ilin son iyul günlərində Bakı küçələrinə yapışdırılmış afişalar sənətsevərləri Tağıyev teatrına, "Ölülər"ə növbəti dəfə baxmağa səsləyirdi.
Ancaq elə həmin ilin 17 avqustunda Şuşada, o yerdə ki üç il əvvəl ilk dəfə münsiflərin iştirakı ilə "Ölülər" oxunmuşdu, elə orada da əsər tamaşaya qoyulur. Əliqulu Qəmküsar yenə Şeyx Nəsrullahı böyük məharətlə oynamışdı, digər rollara yerli həvəskarlar cəlb olunmuşdu, tamaşaya rejissorluğusa Mirzə Cəlil özü etmişdi. Amma qanıqaraçılıqsız da ötüşməmişdi -yaxından-uzaqdan əsərin məzmunu barədə xəbər tutan Qarabağ bəyləri həmin tamaşaya gəlməməyi qət etmişdilər. Bəy qismindən yalnız doktor Kərim bəy Mehmandarov, bir də Əbdürrəhim bəy Haqverdiyevin tək-tək qohumları təşrif gətirir.
Aydın məsələdir ki, Şuşada göstərilən tamaşaya baxanların miqdarı Bakıda nümayiş etdirilən tamaşanı seyr edənlərin sayından qat-qat az idi. Ancaq Şuşada simsiz teleqraf daha iti işləyirdi və söz Qarabağda Bakıdakından ikiqat artıq sürətlə yayılırdı. Bu tamaşa özünü o əsərin içərisində, bu və ya digər şəkildə, görənlərin hamısının canına vicvicə salır.
"Ölülər" artıq ayaq tutmuşdu, yaxşı mənada mətbuatın da dilinə-dişinə düşmüşdü. 1916-cı ilin 24 dekabrında "Tuti"də Mirzə Cəlilə müraciətlə "Ölülər" adlı gülməli teatronuz camaatın hüsn-rəğbətini qazandı, görənlər məmnun olub istedad və məharətinizi təqdir etdilər, görməyənlər də izhar-i təəssüf edərək həsrətini çəkdilər" yazan Əli Razi Şamçızadə bu əsərə cavab olaraq artıq büsbütün başqa mətləblərdən bəhs edən beşpərdəli "Dirilər" adlı pyes də qələmə almışdı.
"Ölülər" artıq Azərbaycan ziyalılığının diqqət mərkəzində idi və 1917-ci ilin əvvəllərində Mirzağa Əliyev yerli həvəskarlarla birlikdə "Ölülər"i "Azərbaycanın ikinci böyük şəhəri Gəncədə oynayır, mayın sonlarında isə "Ölülər" Naxçıvanda danümayiş etdirilir.
Çox keçməyəcək - 1917-ci ildə "Ölülər", nəhayət ki, Gürcüstanda, Tiflisdə də səhnəyə çıxacaq. Baş rolda yenə Əliqulu Qəmküsar olacaq. Ancaq Gürcüstan azərbaycanlıları arasında artıq xeyli tanınmış aktyor vardı. Mirzəxan Quliyev, Əhməd Salahlı və digər həvəskarlar arasında rolları Mirzə Cəlil özü bölüşdürəcək, onlar da işin öhdəsindən layiqincə gələcəklər.
...Hər yeni tamaşa ilə "Ölülər"in şöhrəti bir az da artırdı. Ancaq "Ölülər"in səhnə həyatı baxımından o dövrdəki iki göstəriliş xüsusi məna daşıyır: bir Naxçıvanda, bir də Təbrizdə olan. Çünki "Ölülər"in indiyəcən göstərildiyi yerlər arasında daha mühafizəkar mühit Naxçıvanla Təbrizdə idi. İnqilab havalı zəmanənin axarında başı inqilab havalı "Ölülər" Naxçıvan və Təbrizin hərəsində bircə dəfə nümayiş etdiriləcək. Ancaq o yeganə göstərilişlər başqa şəhərlərdəki onlarla tamaşaya bərabər olacaq. Əsər Naxçıvan və Təbrizin hərəsində bircə dəfə səhnədə görünməklə "Ölülər"in başqa yerlərdəki onlarla tamaşasından daha çox ölüləri dirildə biləcək.
"Ölülər"i 1917-ci ilin iyununda Naxçıvanda oynadılar, 1921-ci ilin mayında Təbrizdə. İkisi də ən əvvəl ifrat dindar əhatəyə görə sadəcə çətinliklər deyil, təhlükələr vəd edirdi.
1921-ci ilin mayında tamaşanın getməsinə icazə verən Təbriz valisi Müxbirüssəltənə, şübhəsiz ki, gerçək vəziyyətdən hər kəsdən daha yaxşı agah idi. Ancaq Mirzə Cəlilə olan şəxsi müsbət münasibətinin nəticəsində qapıları açmışdı, hətta tamaşa günü oğlunu da baxmağa göndərmiş, əlavə olaraq tamaşanı təşkil edənlərə də 100 tümən bilet haqqı yollamışdı.
Bu hadisələr olub-keçib, çox da uzaq olmayan tarixin bol hadisələrinin tozanağında görünməzləşib, hətta unudulan kimidir. Ancaq yaxşı əməl gərək yaddan çıxmasın: o kişi o işləri görəndə ciddi risk edirdi. Çünki Mirzə Cəlil də, həmin tamaşanı göstərənlər də gec-tez çıxıb gedəcəkdilər, Müxbirüsəltənə özü, ailəsi, nəsli isə oradaca qalacaqdı, həmişə də vali vəzifəsini daşımayacaqdı, ola bilsin, kimlərsə gələcəkdə bu işə dəstək verdiyi üçün onu töhmət də edəcəkdilər. Ancaq bütün bunları gözünün altına alaraq yenə xeyirxah addımını atmaqda israrlı idisə, bu, onun ikiqat nəcibliyindən xəbər verir və belə hadisələr, bu qəbil insanlar haqqında vicdanı olan susmaz.
Mirzə Cəlil və silahdaşları 1921-ci ilin mayında Təbrizdə "Ölülər"i səhnəyə gətirərkən Təbrizin hansı Təbriz olduğunu, onları necə bir mühitin əhatələdiyini yaxşı anlayırdılar. Dərk eləyirdilər ki, hər həmləyə hazır olmaq lazımdır.
Bu da bir başqa kədərli və ibrətli tarixçədir ki, Təbrizdə "Ölülər"in həmin tamaşası günündə ifaçılar səhnəyə ciblərində revolver çıxmışdılar, Mirzə Cəlil özü isə hər ehtimala qarşı teatr binasını tamaşa bitməzdən xeyli əvvəl tərk etmişdi...
Yenə qayıdıram 1917-ci ilin iyununa. O zaman "Ölülər"in Naxçıvanda göstərilməsinin də bir özgə cür riski vardı. Mirzə Cəlil bu mövzunu başqa yerdən götürməmişdi - süjeti də, qəhrəmanları da elə Naxçıvan həyatından almışdı, "Ölülər"in prototipləri Naxçıvanda, naxçıvanlıların arasında ömür sürmüşlər, bir parası isə hələ də yaşayanlardı.
Buradaca mühüm bir nöqtəyə də diqqət yönəltməyin yeri var. Mirzə Fətəlinin də, Nəcəf bəyin də, Əbdürrəhim bəy Haqverdiyevin də, elə Cəlil Məmmədquluzadənin də ayrı-ayrı pyeslərini qaldıraq, oradakı surətlərin izinə düşək, ardınca gedək, hökmən hər birinin arxasında kimlərləsə tarxi bənzərliklər tapacağıq. Hətta Mirzə Fətəlinin yaratdığı ayrı-ayrı surətlərin bəzilərinin adları da, vəzifələri də, həyatdakı yerləri də, yurdları da üst-üstə düşür. Ancaq həyatdakı insanla onun bədii əsərdə surətləşmiş varlığı həmişə bir-birindən fərqlidir. Adları, yer-yurdları eyni olsa, danışıqlarının tərzi, hərəkətləri tam oxşar olsa da, onun bu, bunun o olduğu yüz cür sənədlə təsdiqlənsə də. Qələm sahibi istedadlı ədib üçün, olsun ki, hansısa adamlar təkan nöqtəsinə çevrilir. Ancaq istənilən halda fərdiliklər keçir arxa sıraya, qələm sahibi başlayır ümumiləşdirməyə.
O dövrdə Xorasandan gəlib Naxçıvan-Culfa yolu ilə Təbrizə gedən bir fırıldaqçı molla həqiqətən olmuşdu; doğrudan da, Xorasanda yaşayan bir naxçıvanlı da olmuşdu ki, oradan Naxçıvana zəmanət məktubu göndərərək həmin fırıldaqçı mollanı təqdim eləmişdi ki, bunu yaxşı qarşılayın, hörmətlə yola salın.
Tarix həmin fırıldaqçı mollanın da, Xorasanda yaşayan, məktub göndərən həmin naxçıvanlının da, o naxçıvanlının Naxçıvanda indiyədək qalan qohum-əqrəbasının da adlarını yadda saxlayıb.
Naxçıvanda Seyid Rza Seyidov adlı tanınmış bir şəxs varmış ki, onun Seyid Əli adlı dost-doğma qardaşı Nəcəfdə qalırmış - orada təhsil alıbmış, böyük müctəhid kimi tanınıbmış, üləmalardan sayılırmış. Günlərin birində həmin Seyid Əli Nəcəfdən gələrək Xorasana ziyarətə getməliymiş. Yolüstü qərara alır ata-baba yurduna - Naxçıvana da baş çəksin. Əsl mərəkə onun Naxçıvana gəlməsi xəbəri yayılandan sonra başlanır. Camaata xəbər çatmışdı ki, məşhur müctəhid, Nəcəf-i şərifdən gələn Seyid Əli bir neçə gün Naxçıvanda qalacaq, həm də Culfadan keçərək Naxçıvana gələcək.
Naxçıvanla Culfanın arası 42 kilometrlik yoldur. İndiki zaman deyil ki, hərənin altında bir maşın ola, belə məsafə heç gözə görünməyə.
Atla, öküz arabasıyla, ulaqla, kimsə daha da fanatik çıxaraq piyada özünü bu uzunluqda yolu qət edərək Culfaya çatdırır.
Naxçıvan şəhərinin əhalisi isə - arvad-uşaqlı hamısı çayın yanına qədər tökülüşmüşdülər ki, Seyid Əlini qarşılasınlar.
Daha betərini isə daha dindar olan nehrəmlilər etmişdilər. Gəlmişdilər ki, müctəhidi Naxçıvandan kəndlərinə qonaq aparsınlar. Naxçıvan şəhəri ilə Nehrəmin arası 11-12 kilometrlik məsafə. Nehrəmlilər rəva görə bilməzdilər ki, bu kişinin - müctəhidin ayaqqabısına toz dəysin. Götürürlər onu çiyinlərinə, Naxçıvandan Nehrəmə qədər müctəhidi çiyinlərində aparırlar.
Mirzə Cəlil bunları görmüşdü. Onun içərisinə qığılcım belə əhvalatlardan düşmüşdü. Əlbəttə ki, düşüncəsi o təhər dumanlı olanlar Şeyx Nəsrullahın ölü diriltməsinə də, onun cənnətə getməyə qəbz verməsinə də inanırdılar.
Bütün bu sərt həqiqətləri ədəbiyyata gətirən, səhnəyə çıxaran "Ölülər"in Naxçıvanda göstərilməsi, əlbəttə, başqa şəhərlərdəkinə nisbətən qat-qat müşkül idi. Ancaq "Ölülər" Naxçıvanda da səhnəyə çıxır.
Düzdür ki, "Ölülər"in başqa yerlərə nisbətən burada göstərilməsi çətin idi. Amma göstərilirdisə, demək, başqa yerdəkilərə nisbətən daha artıq faydanı da məhz burada verirdi.
..."Ölülər" səhnəyə gələndə artıq teatrımızın yaşı qırxı keçirdi və ona daha "ilk qədəmlərini atan", "sütül" demək olmazdı. Artıq səhnəmizin məşhur aktyorları da vardı, sevimli qəhrəmanları da. Ancaq "Ölülər" gəldi və sanki hər şey yenidən, lap əvvəldən başlandı.
Ən mötəbər şahidlər XX yüzilliyin ikinci, üçüncü onilliyi mətbuatının səhifələrindəki iftixar, heyrət, heyranlıq oyadan yazılar, bir də həmin çağların aktyorlarının, hadisələrin axarında olanların xatirələri.
Aktyor Mustafa Mərdanov "Ölülər"i İrəvanda 1916-cı ilin dekabrında tamaşaya qoymağa yola düşən heyətdən Mirzə Cəlilin etdiyi xahişi xatırladır: "Şeyx Nəsrullahı oynamaq üçün Əliqulu Qəmküsarı da mütləq özünüzlə aparın".
Aparırlar, əsər gözlənildiyindən də artıq həyəcan və sevgi ilə qarşılanır. Qəmküsar yenə elə ustalıqla, məharətlə oynayır ki, Şeyx Nəsrullah rolunda məhz onun səhnəyə çıxmasını israrla rica edən Mirzə Cəlilin nə qədər haqlı olmasına hər kəs şahid kəsilir. Tamaşanı göstərənlər uğuru görüncə sevincək elan edirlər ki, üç gün sonra İrəvanda "Ölülər" bir də oynanacaq. Ancaq teatr məftunları nə qədər sevinirdisə, hər uğurlu tamaşa əks qüvvələri də bir o qədər qeyzləndirirdi. Mustafa Mərdanov xatırlayırdı ki, sevincimiz uzun çəkmədi. Ertəsi gün səhər saat 10 idi, mehmanxana xidmətçisi tələsik içəri atılıb məni oyatdı, "Durun, -dedi, - yoldaşınızı öldürürlər". Geyinib tələsik aşağı yüyürdüm. Əliqulu Qəmküsarı başı-gözü qan içində mehmanxana qarşısında yerə yıxılmış gördük. Sən demə, yerli möminləri dünənki tamaşada ən parlaq olan Qəmküsar cin atına mindiribmiş. "Bizi məsxərəyə qoyan, şeyxlərimizi biabır eləyən babi bu kafir oğlu kafirdir" deyərək onu bərk döyüblərmiş.
...Ancaq nə hədə-qorxular, nə belə-belə həmlələr o fədakarları qorxudandı. "Ölülər"də baş surətləri - Şeyx Nəsrullahla Kefli İsgəndəri müxtəlif, həm də yetərincə qabil aktyorlar yaratsa da, artıq iki nəfər möhürünü elə vurmuşdu ki, ən güclü ifaçıları da tamaşaçı daha əsl Şeyx Nəsrullah və İsgəndər kimi qavraya bilmirdi. Əliqulu Qəmküsarın Şeyx Nəsrullahı, Mirzağa Əliyevin İsgəndəri ürəkləri fəth eləmişdi. Abbas Mirzə Şərifzadənin aktyor qüdrətinə kim şəkk edər ki? Amma baxın ki, 1920-ci ilin 29 fevralında "Azərbaycan" qəzeti iki gün öncə oynanmış "Ölülər" haqda "Aktyor" imzasıyla dərc etdirdiyi məqalədə nə yazırdı: "Abbas Mirzə əfəndi əgər hər kəsdən əvvəl bu rolda çıxmış olsaydı, təbii, hər zaman olduğu kimi, müvəffəqiyyət qazanacaqdı. Lakin Mirzağanın bütün hərəkat və səkənatı hər kəsin xatirində olduğu üçün Mirzağaya nisbətən Abbas Mirzədə bir qədər zəiflik hiss edilirdi".
Şeyx Nəsrullah rolunda o axşam Mirpaşa çıxmışdı. Mirpaşa o çağın artıq peşəkar kimi özünü təsdiqləmiş, həm də və yetərincə istedadlı aktyorlarından idi. Əliqulu Qəmküsarsa sadəcə həvəskar aktyor, daha öncəsə bir şair, mühərrir idi. Mirpaşa o gün yenə yaxşı oynamışdı, amma yaddaşda Qəmküsarın misilsiz ifası da vardı axı. Odur ki, "Azərbaycan" qəzetinin məqaləsində belə sətirlər vardı: "Şeyx Nəsrullah rolunu Mirpaşa əfəndi fəna oynamadı. Bəlkə də yaxşı oynadı, özü də qayət sərbəst olaraq oynadı. Rol ona təzyiq etmirdi".
Yəni tərifləməyinə tərifləyir, yaxşı oynadığını yazır. Amma Qəmküsarın rola vurduğu möhür də mane olur ki, daha təntənəli sözləri və tərifləri qələmə gətirsin.
Pak vicdanının səsinə qulaq asa-asa Mirzə Cəlil "Ölülər"i diri olduqları halda ölüyə dönmüşlərdən ötrü yazmışdı və onun yazdıqlarını özünün duyduğu, düşündüyü dəqiqlik, həssaslıq və sevgi ilə canlandıranlar olmasaydı, nə kimlərsə diksinərək əsiri olduğu həmin müdhiş yuxudan oyanardı, nə də "Ölülər" və "Ölülər"ə həyat verənlər ölümsüzlük qazanardı. Bu da həyatın pozusuz yazılarındandır ki, ürəkləri qazanmaqçün gərək hökmən ürək qoyasan.
2 iyul 2024