Sənət və ədəbiyyat dərgisi

Xocalı simfoniyası - Nurəngiz Günün poeması

26 Fevral 2025 / 23:02

litpark.az görkəmli şairə Nurəngiz Günün Xocalı faciəsinə həsr etdiyi poemasını təqdim edir. Qeyd edək ki, bu əsər Xocalı faciəsinə həsr olunan ilk poemadır

 

Nurəngiz Gün

Xocalı simfoniyası

 

(Rekviyem poema)

 

İlahi! Sən Onlara rahatlıq ver... İlahi! Təskin et!..

Sən onlara səma nəğmələri göndər, təsəlli səp...

 

***

Yox, Rüzgar! O cürə əsmə sən! Torpaqda...

Torpağın altında

dipdiri ölülər var!

Diksinə bilər Onlar...

Alt-üst etmə torpağı, ey Rüzgar, Onlar onsuz da yazıq!

Tələf olubdur, Onlar!

 

*** Hə, Rüzgar... Bəli, Rüzgar! Orda Ölülər yatır...

Orda Ölülər dipdiri! Oyaqdır, Ölülər... Zikkə1ləri, səsləri oyaqdır!

Əlavə zınqırov istəmir,

onların nə təngizar qulaqları, nə yorğun-arğın-üzgün

 

 
   


bədən hücrələrindən üzülən zuzə2lər! Yox, istəmir Onlar daha, Dünyadan axan səsləri!!!

 

¹ Zikkə – qıyya çəkmək

  1. Zuzə – inilti

 

Onların sümük xatirəsində, indi yalnız

diri-diri

torpağa əndərilmiş Böyük Hürkü, şaşqın qışqırıqlarının yaddaşı yaşayır! Bir də ki... “ Lənət sənə, faşizm!”- “Lənət sənə...

lənət sənə!..” - hayqırıqları yaşayır!..

 

***

Hə, Rüzgar! İndi Onlar dərin uğultularda Simvolik Marsilyoza vıyıltısı oxuyur...

Sivil dünya bir şey anlasın deyə! Xor oxuyurlar Onlar

Vəhşətə!!!

Dünya bir şey eşidə bilsin deyə!

 

*** Hə,Rüzgar! Mən eşidə bilirəm! Sən necə, eşidə bilirsənmi Səslərin ən mükəmməli

Əsrin Simfoniyasını? - Ölülər himnini!- Onlar yerin mantiya qatından Məkrin Oyun işinin məcmusunu-

məşum nəğmələrinin

Odasını oxuyur...

 

***

Hə, Rüzgar! Al Onların güclü faciəsini qarışdır fırtınalı hirsinə, Səsləri....

Apar ötür onlara da –

 

O tay, bu tay Okeanı zəbt edib oturmuş, Zorunlara! Atları Əflatun Fironlara da!

***

Bəli, cahan!

O torpağın adı Məlul Xocalı! Çəpəri qalın çəkilib...

Hərdən soruşuram Ondan xəyalən:

“-Xocam!.. Məğlubum!.. Necəsən? Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi – Bəd Qonşu?-

Drammatik “Yazıq Erməni” ilə Məşhur Qırmızı Qospodin?” –

O! Qospodi! Nə "incə təlaş" etmişdir Köhnə Sovet humanisti?-

Moto-atıcı daşıyan kütləvi qırğın maşını?- “Möhtəşəm” bir Alay!!!

 

***

Ah, mənhus düşüncə!

Necə yəni, Allah yaradanı sən, Bir gecədə yox edəsən?!

Əhsən, ey İnsan, əhsən, Sən bu antik işinlə

Xirosima dəhşəti, Xatın faciəsini Çox-çox arxada qoydun!

 

***

Bəs əsir-yesirlər? Bir deyil, on deyil, min-mindir, yüz mindir əsirlər!

Sarsılan, əzilən həyatlar -

 

yüz min, yüz min, yüz min, yüz min... yüz mindir!

***

Ah,fırlanır bəbəklər çuxurunda, Çuxurundan indicə çıxacaqdır, bəbəklər! Çün, yaşamaq-ehtiyacdır!

Yaşamaq - su istəmək, çörək dadmaq, Sevməkdir, sevilməkdir - yaşamaq!

 

*** Məryəm Anaaa! Müqəddəs!... Mən səni çox sevirəm...

Bəlkə, Sən cavab verəsən,

Nədir bu? Nə demək “Xof və İnsan?”- Hardan axır axı kilsə zəngləri?

Zor edir, zorunluqla soxulur müsəlman obasına.

Sizlərdə beləmi zorakıdır Kəlisa?- Allahın müqəddəs evləri?..

Yəqin elə onunçun da özünüz öz əlinizlə Mıxladınız çaharı-mıx gözəlim İsanı!

Mariya! Gözəl Ana! Belə isə, faydasızdır sizlərdən etina gözləmək, ah, həyat...sevən...müqəddəs!..

***

Ah! Boğulur, cocuqlar,

Yorulur torpağın altında

cocuqlar!

Əlləri, qolları yorulur...

Heç bir şey anlamır, cocuqlar! Cocuqlar top-top oynamaq istəyir, torpağın altında.

Cocuqlar bir təhər ovunar

 

Havasız...nəşəsiz...Torpağın altında... Ancaq ki, ana məməsi istəyir körpələr torpağın altında!

Heç bir şey anlamır inqa səsləri!.. Səslər ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

 

***

Ah!..

Səslərə ürpəşirəm,

Şum edilmiş insanların Kütləvi Qırğınını sinəmə çəkə bilmirəm....

Günahsız uşaqların parçalanmış bağrını qəlbimdən sökə bilmirəm.

Bax, ona ağlayıram, Məryəm Anaa!..

Axı Dünya özbaşına!

Axı Dünya çox məşğul! Məryəm Anaa!...

Allahın mələk qızı...

***

Ah, Rüzgar! Dostum ol!... Bura bax... Sən torpağı süpürüb ötən zaman, şayəd görə bilirsənmi hərdənbir belibükük əkinçi-biçinçi kölgələri... Öpə bilirsənmi sən aradabir,

boşuna yellənən sünbül dolu zəmiləri? Bəs

O Nəhəng Ananı - Ən Nəhəng Qüssəni Gördünmü?

Görmədiiiiin?..

O sənə heç bir şey demədiii? Demədimi,

 

Bütün Oyaq Kölgələr – Naləyə çevriliblər?!.

Mən ki eşidirəm Onu! Eşidə bilirəm mən, Onların hamısını!

Bir-birinin ətəyini dartışdıran Heç bir şey anlamadan burnunu qurdalayan zırıldayan uşaqların

Ölüm Şərqilərini Mən eşidə bilirəm!

 

***

Və varındısa... sən allah, ey Rüzgar, fırça gətir! Mən bu Qlobal Ahın şəklini çəkərəm!

Çəkə bilərəm Onu- Bəşəriyyət önündəki

Zülmün Nəhəng Pannosunu1!

Çün indicə Dünya üçün himn oxuyub qalxacaq,

O məğrur, əsrarəngiz, o Yek Ana- Mübarizə Simvolu – Vətən qızı! O Fosfor!.. Zühr edən bir güclü biçarə...

Of allah, allah, uçan dodaqlarıyla “İnsan”- ı hayqıracaq,

o məsum tifilləri,

Yer üzünün günahsız bütün həlaklarını, Zilləti hayqıracaq!

 

 

 

 
 
 

 

¹ Panno- şəkil

 

***

Hayqıracaq!

Tələb edəcəkdir o... Bərələn gözləriylə Tələb edincə, eyvah,

Boğazının üzülən bütün telləri ilə rüsvay edəcəkdir o

Cahanın

Canavar

İştahalı

Cümlə

Adamyeyən

Kolunun...

Cümlə

Yırtıcılarını!

 

***

Kilsə zəngləri çalxanır

beynində yenə də...

Nədən bu? Güc edir bu səs ona. Gic edir...

İlahi! Sən Onu sakit et! Gözlərində alov var,

Alov alışır Onun, bu ilahi Fosforun... Bütün sümüklərində;

Xocalı yanırmış, Xocalı alovda... Of, allah, allah, allah,

Xəritənin göbəyi – Qədim Mesopotamiya – Bağdad da yanırmış!..

onun göz çuxurlarında... Bir yandan da çəkic döyür beynində, Ona yad ahənglər.

 

Ağır qalay kimi basır, cənghacəng-canqacunq səslər... Yorur Onu yeknəsəq yad ahənglər!

O, bunu istəmir! Səsləri səslərə qarışdırmaq istəmir!

Onun qulaqlarında

yerlə yeksan olub qalmış uşaqlarının səsi, yiyəsiz avazlar, toz kimi, qum kimi ələnən

azan səsləri yaşayır!

Özü demiş,bu Kəllə Kəlisanın ona yad notlarını

O eşitmək istəmir! Yox, eşitmək istəmir! Bütün Allah Evləri –

Allah məbədlərindən

hey yüksələn səsləri O eşitmək istəmir!!!

 

***

Beynində iğtişaş var!

O yenə də yüyürüb, yüyürüb... Yüyürəcəkdir müdam...

O nə isə edəcəkmiş...

Kimi isə edam da edəcəkmiş...

oy ay allah!

Fəqət gücü çatmayır! O heçdir, puçdur artıq,

O artıq bihudə varlıqdır, Allah!

 

***

İlahi! Kömək ol! O təkdir!.. Anadır... Tək qalıb... torpağın üstündə...

Biçarədir...

 

O elə köməksiz, o elə müti ki!... O, Ruhdur!.. Güc gəlib torpağa... Lağımlar, yarğanlar incidib...

Necə də sinirli, sehirli gəlibdir... Gəlib ki,

Oxusun laylasın üst qatda!..

Gəlib ki,

Duysun onu Dünya üst qatda!..

Onunla bərabər hönkürsün bu məşum nağıla

İnsan olan bəşər də!... Axı qalın yorğan çəkir, Nəhəng faciə üstünə Üst Qatlar!

 

***

Ax, nədən bu?.. Cızdağı çıxır Onun,

elə cür qəsbkar cəng-vüng-cəng səslərini O eşitmək istəmir!..

Adamlarsız pəncərələr, evlər, küçələr

yetim baxan yuvaların başı üstdən ələnən Zorunlu səs selini O eşitmək istəmir!

Boşuna sağa-sola

humanizm yelləyən

sədanı O istəmir!

Külə dönən Obasından, Məskənindən közərən

Yad kölgələr – yalan titrəmələrə Sümük qəfəsində O,

Qətrə qədər də olsun O, ehtiram bəsləmir!!!

 

Yox! İSTEHZA istəmir!!! Və təcəlla edib ki,

batqın arzularını yonub töksün Torpağa,

Və elə Torpaq üçün bütün həyəcanıyla həzin bir layla desin... dua tərənnüm etsin...

Və ən son nəqərat, son epiloq tək, elə hey hayqırsın: Cavabdehsiz!

Cavabdehsiz, Cavabdehsiz, Cavabdehsiz, belində hərb gəzdirən Cahanşümul Şümürlər!

Müntəzirsiz cavaba, Cahan Goreşənləri! Dünyanı bazar bilən

Müstəsna “Alış-veriş Əmiləri!..”

 

***

Ah, göyərçin balaları neylədiz? Neylədiz, Nəfəsləri? Əmilər!.. Hanı Səslərrr?!!...

Onlar sərçə deyildilər,

Əmilər!

Heç girirmi yuxunuza sönən işıqlar, həyatlar, lal baxan ləpirlər...

Üşüdürmü Sizləri hərdənbir

xərək-xərək Ölülər?

Təbəssümü qəfil kirimiş olan Uşaqların məzlum pıçıltıları?

Əmilər!!!..

 

***

Ah, yetim baxır nəbatat... O küknar hələ də ağlayır...

Yonur tökür saşlarını yoncalar, o balaca qız üçün.

Çöl boyu qaçışan

“can gülüm can” oynayan uşaqlarçün Darıxır yoncalar... ağaclar!

Bu ayrılıq feilinə Sizsiniz günahkar,

Bəşəri Zalımlar!

***

Əl çəkin! Qırın hərbin belini! Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

Siliniz lüğətlərdən! İnsanı düşünün! Ürəksiz Məliklər! Dünya Kələkbazları!

Dü-şü-nünn!..

Dünya yalnız sizin deyil!

Düşünün!!! Düşünməyə çox dəyər!....

 

***

Ah, yetim baxır o bağçabağ...

O qızın qıvırcıq tellərindəki yaş danəciklərini...

parıltını...

danələri... axtarır... O bağçabağ!.. Ah, nə yazıq!..

 

***

İlahi! Sən onları rahat et....

1992

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.