Sənət və ədəbiyyat dərgisi

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır

01 Avqust 2022 / 11:36

Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır.

 

Belə ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 70 nəfər müraciət edib və onlar üçün açılan əlavə qrupda ilk dərs keçirilib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüşdə misirli və digər ölkələrdən olan gənclərin dilimizə, həmçinin ədəbiyyatımıza böyük marağından məmnunluğunu ifadə edib.

Eyni zamanda iki dost ölkə arasında əlaqələrin inkişafından danışıb, tarixi mənbələrdə azərbaycanlıların ərəb mədəniyyəti və ədəbiyyatının inkişafına töhfələrini diqqətə çatdırıb. O vurğulayıb ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 35 ölkədən 400-ə yaxın gənc ödənişsiz təhsil alır. Misir-Azərbaycan Dostluq Cəmiyyətində ərəb ölkələrindən olan gənclərin Azərbaycan dili kurslarına böyük rəğbəti Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq mətbuatı tərəfindən də geniş işıqlandırılıb. Onların yayımladığı xəbərlərdə qeyd olunub ki, diaspor təşkilatının fəaliyyəti Azərbaycanın zəngin mədəniyyəti və ədəbi irsinin gənclərə tanıdılması ilə yanaşı, həm də iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir. Qeyd edək ki, Azərbaycan dili dərsləri həftənin bütün günləri il boyu davam edir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.