Sənət və ədəbiyyat dərgisi

Abdulla Şaiqin Mənzil-Muzeyində növbəti tədbir keçirilib

16 Dekabr 2022 / 16:31

Abdulla Şaiqin Mənzil-Muzeyində “Xurşidbanu Natəvan - 190. Məclisi – Natəvan” adlı tədbir keçirildi

            16 dekabr 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində “Xurşidbanu Natəvan – 190. Məclisi-Natəvan” adlı tədbir keçirildi.

 

         Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili“ elan edilməsi və görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncamlarına əsasən keçirildi.

         Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Ayna Məlikova,  Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova, İçəri Şəhər Muzey Mərkəzinin əməkdaşı Pərvin Niftəliyeva, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı, Bakı şəhərində fəaliyyət göstərən muzeylərin əməkdaşları, habelə şəhər sakinləri iştirak etdilər.

         Tədbirin aparıcısı, eyni zamanda tədbir layihəsinin müəllifi  Abdulla Şaiqin Mənzil-Muzeyinin baş fond mühafizi Günel Əsədova Natəvan obrazında çıxış edərək tədbiri tar-kamanın müşayiəti ilə Xan qızının “Qərənfil” qəzəli ilə açdı. O, Xurşidbanu Natəvanın həyatı haqqında monoloqla çıxış etdi. Muzeyin əməkdaşı Nurxanım Əskərova Xan qızı Natəvanın siyasi-ictimai, ədəbi və sənət fəaliyyəti haqqında geniş məlumat verdi. Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının ifasında Natəvan qəzəllərinin ifadəli təqdimatı qonaqların maraq və alqışına səbəb oldu.

         Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə öz növbəsində qonaqları salamlayaraq, Natəvan yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsindən, onun təşkil etdiyi ədəbi məclislisdən danışdı. O, ədəbi məclislərdə klassik ədəbi nümunələrlə bahəm musiqinin də səsləndiyini, muğam ifaçılarının da məclislərdə fəal iştirak etdiklərini vurğuladı.        

         Millli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova Xurşidbanu Natəvanın rəssamlıq və tikiş bacarıqları haqqında məlumat verərək, onun özünün tikdiyi geyim nümunələrini göstərdi. Zümrüd xanım qeyd etdi ki, Natəvan öz əl işlərində güləbatın naxışlarından geniş istifadə edib və bu geyim nümunələri hal-hazırda muzeydə qorunur, bəziləri isə hələ də restavrasiyadadır, tezliklə hazır olacaq və geniş ictimaiyyətə təqdim olunacaq. Çıxış slaydlarla müşayiət olundu.

         Muğam üçlüyünün - xanəndə Yusif Cəfərbəyli, tarzən Toğrul Abbaslı, kamança çalan Fərid Qədirovun ifasında Azərbaycanın klassik muğamları  səsləndi. Muğam nümunələri X.Natəvanın, M.Füzulinin və M.Ə.Sabirin qəzəlləri üstündə ifa edildi. Poeziya və musiqi çələngi tədbir iştirakçılarının ruhunu oxşadı.

         Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyi yanında fəaliyyət göstərən “Vətən” Yaradıcılıq Birliyinin üzvlərinin ifasında X.Natəvanın qəzəlləri, rəqslər təqdim edildi.

                                     

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.