Sənət və ədəbiyyat dərgisi

Bizsiz bu dünya nə təhər idi? - Sergi Kakalaşvili

03 Mart 2023 / 15:40

 

SERQİ KAKALAŞVİLİ

 

  • Tanınmış gürcü şairi;
  • Gürcüstanın Kaxeti bölgəsində anadan olub;
  • Beş kitab müəllifidir;
  • Şeirləri bir neçə dilə tərcümə edilib.

 

 

 

 

HEYRƏTAMİZ HADİSƏ

 

Bu əhvalatı

danışacağam balalarıma,

Qoy onlara da çatsın sözümün şəkəri, balı.

Çovğunlu bir gündə

“Mən səni sevirəm!” dedim ağaca,

Birdən yaşıllaşıb

Çiçək açdı quru albalı!...

 

 

 

 

 

PARADOKS

 

Sevdiyim kəsləri qəlbən sevsəm də,

İstəmərəm qəlbim əvəzin uma.

Hamıdan, hər zaman bir xahişim var,

Düşmən böyütməyin mənim yurduma!

 

Əziyyət çəkirəm, bəzi şeyləri

Anlaya bilmirəm,

Bu fikrim qəti –

Mənasız bir şeydir, insana nifrət

Bəsləyib, sevəsən bəşəriyyəti!

 

İnsanlar, ürəkdən sevirəm sizi!

 

 

 

 

 

SƏN MƏNİ YORĞUN BİLMƏ, ƏZİZİM

 

Məni belə yorğun bilmə, əzizim,

Seyrəlib yolumun çiskini, çəni...

O sənin yaxanın açıq düyməsi

Hələ də, hələ də çaşdırır məni.

 

Daha eşq məhəbbət yaraşmaz mənə,

Artıq başı qarlı dağam, elə bil,

Qar kimi əriyib gedəcəm bir gün,

Yadına düşəcəm sonra neçə il.

 

Biz gidi dünyada olmayanda da

Maraqlı olaylar olacaq, gülüm,

Küləkdə sovrulub qarışacaqdı

Dumana

fikrimin soyumuş külü.

 

Həmin fikirləri siqaret kimi

Çəkib tüstüsünü vermərəm geri...

Bu ulu aləmdə, sonsuz aləmdə

İnsanın qəlbidir Tanrının yeri.

 

Mən də uzadıram öz arşınımı...

Bu fani dünyada çoxdu muradın...

Sən demə, həqiqi həyat başlanır

İlham pərisinə dönəndə qadın.

 

 

 

 

 

 

ARA YOLDA

 

Yağış yağır,

Ara yolda

Qalır qızın ləpirləri...

İmdadıma çatsa mənim,

Çatar o qız, -

Gözəl pəri...

 

Alazani çay boyunca

Meh əsirdi sübh o başdan.

Qız çıxmırdı ürəyimdən,

Bu yağışda, bu təlaşda,

 

Mənə o qız,

Qıza şeir

Əziz oldu dost qardaşdan...

Mən aşiqəm həm o qıza,

Həm çiskinli çaylaqlara,

Həm Cənnətim, həm Cəhənnəm

Sığınıb o buludlara...

Üzügülər qız tələsir,

Bilmək olmur gedir hara...

Bəlkə də yox gözləyəni,

Bəlkə gedib düşər dara...

 

Yağış yağır,

Ara yolda

Qalır qızın ləpirləri...

İmdadıma çatsa mənim,

Çatar o qız, -

Gözəl pəri...

 

 

 

 

MODELİANİ

 

Mən yordum, əzizim, köhnə molberti,

Durmadan çəkirəm sənin şəklini...

Bir-bir ayağının altına sərdim,

Dumanın şəklini, çənin şəklini.

 

Şəklini çəkərək gəzirəm səni,

Çöhrəni kətana əkə bilmədim.

Xəyalda rastıma çıxmırsan deyə

Sənin gözlərini çəkə bilmədim.

 

Belədir, həmişə belə olubdur,

İstəyim ömürlük qəlbimdə qalır.

Bəzən başqasını çəkirəm, amma

Kətanda tək sənin şəkilin qalır.

 

 

 

 

 

 

 

TƏNHA AĞAC 

 

Tənha ağac, tənha ağac,

Budağını yerə əydim,

Qəmli idin,

Kaş ki, səni

Belə qəmli görməyəydim.

 

Tənha ağac məni kimi

Kədərlisən neçə ildi.

Heç görmədim, üzün gülsün,

Qəmli görüb yetim bildim.

 

Səni yaxşı anlayıram,

Amma, ağac, sınma darda.

Səni belə tənha gördüm,

Yalnız gördüm şaxtalarda.

 

Bu dünyanın istisini

Sənin üçün gətirmişəm.

Sən də məni anla, ağac,

Dərd çəkməkdir daim peşəm.

 

 

 

 

 

 

 

ƏS KÜLƏK

 

Ey külək çovğun ol, tufana çevril,

Ey şeir küləkdən qoruma məni.

Dəyişmə simanı, dəyişmə ey söz,

Qılınc-qalxanım ol, dağıdaq çəni!

 

Ey səma qəlbimin rahatlığını

Sən özün qoru ki, bir az ucalım.

Əs külək, kəs külək gizlin yolları,

Amanımı kəsmə, qoy qisas alım!

 

Günəş, qaranlığa saç işığını,

Gecə, cilvələnmə, üzünü görək…

Külək, mən vurğunam sənin səsinə,

Çovğunluq çağını sevirəm, külək!

 

İlahi, qəlbimi hivz eləmədin,

Ruhuma məlhəm ol, bəlkə ucaldıq.

Ey külək, qapını döymə bir daha,

Burada məhəbbət yaşamır artıq!

 

 

 

 

 

 

ŞAİR, QADIN VƏ KÜTLƏ

 

Gilən şəhərində oldu əhvalat,

Çıxdı qənşərinə gəzdiyi qadın

O gözəl şairin,

Onlar görüşdü,

Kütlə bunu ona bağışlamadı.

 

Cilovsuz ehtiras sökdü cidarı,

Sevən ürəklərin faş oldu sirri.

Qara güruh heç vaxt düşünə bilmir,

Öldürdü amansız kütlə şairi.

 

İzdiham yarandı həmin o yerdə,

Çağıran olmadı loğman-həkimi.

Sərildi üstünə qadın cəsədin,

Sərildi meyitin kəfəni kimi.

 

Zənən ağı deyib fəğan edirdi,

Yaman qarışmışdı bəmi zilinə.

Kütlədən ayrılıb yola salıdrı

O qərib şairi son mənzilinə.

 

Beləcə gedirdi, beləcə şair,

Şirindi məhəbbət, ağırdı sınaq.

Şair diri ikən onundu ancaq,

İndi məxsus idi bir başqasına!

 

Qoy, mən də beləcə ölüm, sevgilim,

Beləcə tutulsun eşqimin toyu.

Qoy məndən sonra da gidi dünyada

Şayələr yaşasın min illər boyu.

 

 

 

 

 

 

ZAMAN

 

Zaman hardan gəlirsən?

Zaman hara gedirsən?

Varsan, yoxsan, bilinmir,

Var olunca itirsən...

Sənə toxunammıram,

Amma hiss eləyirəm,

Məndən nə istəyirsən,

Səndən nə istəyirəm...

Sən xətrimə dəysən də,

Mən xətrinə dəymərəm.

Get işinin dalınca,

Sənə boyun əymərəm.

 

 

 

 

 

 

 

* * *

Ölüm ruhumuzun

Nə əzabıdır, nə əziyyəti –

İnsan dünyasını dəyişəndə

Dünya dəyişir.

Hər bir insanda

Alovlanır ilahi bir od,

O od sönəndə tamamlanır tanrının işi.

 

Bizsiz bu dünya nə təhər idi, kim deyə bilər,

Kim xatırlayar

Olmadığımız məqamı, anı?

İnsan bu dünyanın cövhəridir,

Bunu bilirik,

Biz isti meh tək ilıqlaşdırdıq

Soyuq dünyanı.

 

Bura bir dəfə gələn bir də gəlmək istəyir,

İnsan dəyişir,

Dəyişən kimi günəşi solur.

Amma bir zaman göy tutulanda anlayacağıq,

Haqqa tərəfdir,

Son mənzilədir

Hamının yolu.

 

Gürcü dilindən tərcümə edən: İmir Məmmədli

 

 

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.