“OL”dan əvvəlki sözdənəm – Sona Vəliyevanın şeirləri
29 May 2023 / 09:58
Bu gün filologiya elmləri doktoru, Əməkdar jurnalist, şair Sona Vəliyevanın doğum günüdür. Şairi ürəkdən təbrik edir və şeirlərini təqdim edirik:
ƏKİZLƏR VƏ AVTOPORTRET
Kövrəyəmmi, ciddiyəmmi,
İkiyəmmi, təkcəyəmmi?
Özümdən sorub gəldim
Kimsən, Allahın adamı?
Ruhumun gecə-gündüzü,
Yeddi yolu, qatı varmış.
Üzüm əlacsız güləndə,
Gözüm dalda ağlayırmış.
Özümə yol başlayıram,
Elə yollarda itirəm.
Əlim doğmaların üstə,
Özüm baş alıb gedirəm.
Gedirəm bu iki yolla,
Yerlə göyün arasıdır.
Rəngli yuxum oğurlanıb,
Qalan ağı, qarasıdır.
Bir əlim boş, biri dolu,
Çoxuna varlı kimiyəm.
İki mələyin yazdığı
Ən ağır çiyin yüküyəm.
Nifrətlə sevgimin həddi
İki kirpik məsafəsi.
Bir qulağımda şeytanın,
Birində Tanrının səsi.
Kiməm, niyə gəlmişəm?
Yolum hayanadır belə?
Ölüb yox olmaq var ikən,
Var olmuşam bilə-bilə.
Bu da əkizlərli ömrüm,
Kimə qıyım, kimlə bölüm?
Ruhum balama həyandı,
Buraxın, rahatca ölüm.
SÖZÜM
Qoymaz bir kimsədən minnət götürəm,
Ölüm xəbərimi söz yetirəcək.
Oğuldan, uşaqdan, dostlardan qabaq
Mənim cənazəmə sözüm girəcək.
Zəif misralarım, yarımçıq şeirim
Südəmər körpətək durmaz, ağlayar.
Dərd-sərdən balamın səsi batanda
Sözüm qızım olar, məni oxşayar.
Deyər “yad ağlayar, yalan ağlayar”,
Oxşayar doğmadan doğmatək məni.
Qəlbimin əkizi vəfalı sözüm
Ölümü öldürüb yaşadar məni.
Gedərəm nigaran olan-qalannan,
Qalar min dodaqda, dildə sözlərim.
Mənsiz darıxanda çiçəyə dönüb
Döşənər qəbrimin üstə sözlərim.
Qalacaq ruhumun yükü sözümdə,
O, məndən doymadı, doymadım ondan.
Mən “Ol”la gəlmişdim, “Öl”lə gedirəm,
Yaşamaq ümidim başlayar sondan.
“OL”DAN ƏVVƏLKİ SÖZDƏNƏM
Sökülən çuvalda dənik –
Səpilərik düzə-dağa.
Tanrı göyərdər təzədən,
Dən gözlər dəyirman, ağa.
Bəxt yazısın yazan varmış,
Çox istəyən azdan olmuş,
Ömür almasız nağılmış,
Gəlmişik qulaq asmağa.
Mən kiməm, kimim var burda?
Gəldim nəyi axtarmağa?
Dünya yol üstə güzgüymüş,
Gəldim özümə baxmağa
Nəyin ələk-fələyiyəm,
Boylanıram sağa-sola?
Bəzən öz içimdən keçib
Özüm yol oluram yola.
Bu ev, bu yol yaman tanış,
Yad görünən doğmam imiş.
Söz gəzirəm deyilməmiş
Ocaqda köz saxlamağa.
Əlim göydə, haqq önündə,
Duam içimdən dərində.
İnsan şeytan xislətində
Düşüb şeytandan qabağa.
Torpaq dili, çiçək dili,
Arı dili, pətək dili.
Bir sirr içrə sirrin mini
İzin yoxdur sirr açmağa.
Rəngə bax göy qurşağında,
Sevdası aşiq başında.
Adəm nəfsin savaşında
Uduzdu mələk olmağa.
İçimdə söz, söz də mənəm,
“Ol”dan əvvəlki sözdənəm
Söz ölməsə, mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.
DARIXAN ADAM
Qar yağıb altında qalıb,
Külək sovurub aparır.
Ruhu içində qəribdi,
Burda bir adam darıxır.
Darıxır, bir gedəni var,
Gəlsə, günəş də çıxacaq.
Sükut içini doğrayır,
Köməyə kimi çağıraq?
O, iki daş arasında
Sıxılan bir əl kimidir.
Ömrü qəmlərin girovu,
Ümidlərini kiridir.
Çiynində dünyanın yükü,
Kirpikləri gözə çəpər.
Özünü dözümdən asıb,
Ağlamır ki, kimsə görər.
Doğmaların da içində
Tənhadır darıxan adam.
Qaya gücü hey ovulur,
Dağılır darıxan adam.
Evində qərib kimidir,
Hamı yad, hər şey də özgə.
Döyür içinin qapısın –
Bir kimsə tapıldı bəlkə.