Sənət və ədəbiyyat dərgisi

“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib

19 İyun 2023 / 18:11

“Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib

 

16-17 iyun 2023-cü il tarixlərində Bakıda Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və YUNESKO Azərbaycan və Türkiyə Milli Komissiyalarının birgə təşkilatçılığı ilə qədim Türk yazısının (Türk Bitig) oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim Türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Universitetinin rektoru Urxan Ələkbərov, Türkiyə Respublikasının YUNESKO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Türkiyə Dil Qurumunun prezidenti Osman Mert, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Monqolustan, Polşa və Almaniyadan tanınmış türkoloqlar iştirak ediblər.

Tədbirin məqsədi qədim türk yazılarının tədqiqatı ilə məşğul olan alimləri bir araya gətirmək və fikir mübadiləsi üçün əlverişli platforma yaratmaqdır.

Konfransın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev türk yazısının 130 illik tarixində mühüm araşdırmalara və yeniliklərə diqqət çəkib. Şahin Mustafayev Beynəlxalq Türk Akademiyası ilə Monqolustan Elmlər Akademiyasının fəal əməkdaşlığına toxunaraq, ötən il Nomqon vadisində aparılan birgə arxeoloji qazıntılar nəticəsində Qutluq İlteriş Kağana həsr olunmuş abidə kompleksinin tapıldığını bildirib. O, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin əsas istiqamətlərindən birinin Türk Bitig çalışmaları olduğunu qeyd edərək, bu istiqamətdə çalışmaların davam edildiyini bildirib. “Keçən il Monqolustanda Nomqon vadisində aparılan qazıntılar nəticəsində tapılan kitabənin yuxarı hissəsi Türk Dünyasında böyük əks-səda doğurub. Türk adının ilk dəfə Göytürklərin dövrünə aid bir yazıda qeyd olunması bu xəbəri daha da dəyərli edir. Bu il qazıntıları davam etdirməklə kitabənin qalan hissəsini tapacağımıza ümid edirik”, Akademiyanın prezidenti bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 2023-cü ildə bütün Türk Dünyası üçün böyük dəyərə sahib önəmli ildönümlərinin qeyd olunduğunu vurğulayıb. “Qədim türk yazısı ortaq keçmişin xəzinəsinin açarı kimi tariximizdə mühüm yer tutur. Bu 130 illik yol davamlı araşdırma və kəşflərlə müşayiət olunub. Bu yolun bir parçası kimi biz bugünkü konfransımızı təşkil edərək, qədim türk yazısı ilə bağlı biliklərimizi dərinləşdirməyə çalışırıq”.

Günay Əfəndiyeva qeyd edib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu gənc beynəlxalq təşkilat olmasına baxmayaraq, ümumtürk mədəni irsinin qorunub saxlanılması, yaşadılması və təbliği yönündə bir çox layihə və tədbirlər həyata keçirib. O, konfransın mövzusu ilə bağlı bildirib ki, Fond yaxın vaxtlarda petroqliflər, tamğalar və qədim türk kitabələrinə dair beynəlxalq sərginin təşkilini planlaşdırır.

Plenar iclasdan sonra konfrans müxtəlif mövzularda xüsusi panel sessiyaları ilə davam edib. Qədim türk yazısını kəşf edən Vilhelm Tomsenə həsr olunmuş paneldə iştirakçılar onun tədqiqatlarını və həyatını, türkologiyanın formalaşmasına töhfə verən fikir və təkliflərini bildiriblər. Bundan əlavə, türk dilinin tarixi və xüsusiyyətləri, yayılma sahələri, çağdaş türk dilləri ilə davamlılığı, o dövrün digər dilləri (Çin, Soqdi, Monqol və s.) ilə qarşılıqlı əlaqəsi ilə bağlı xüsusi panellər keçirilib.

Konfransda qədim türk ədəbiyyatı, folkloru, mədəniyyət və incəsənəti, türk dövlətlərinin görkəmli simaları, arxeoloji qazıntılar kimi mövzular müzakirə olunub.

Konfransın sonunda iştirakçılar qədim türk yazılı əsərlərinin tədqiqi ilə bağlı birgə qərarlar üzərində razılığa gələrək, Yekun Bəyannaməni qəbul ediblər.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.