Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva: “Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük”

03 Avqust 2023 / 17:44

Günay Əfəndiyeva: “Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük”

Bu sözləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni nəşrinin təqdimatı mərasimindəki çıxışı zamanı deyib.

Günay Əfəndiyeva Özbəkistanın mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının Azərbaycanda nümayiş etdirilməsindən məmnunluğunu bildirərək, qeyd edib: “Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi nədir? Bu, xalqlarımızın bir-birinə bəslədikləri sevgidir, hörmətdir, isti münasibətdir. Bu, eyni zamanda Dövlət Başçılarımız tərəfindən sərgilənən nümunəvi qardaşlıq əlaqələrinin təzahürüdür. Xalqlarımızın qarşılıqlı ehtiramını, səmimiyyətini insanlar bütün təbəqələrdə hiss edir. Biz Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Səmərqənd Zirvəsində, təşkil olunan və təşkil etdiyimiz tədbirlərdə, Fond tərəfindən başladılan, növbəti dəfə Daşkənddə gerçəkləşdirilən “Şuşa Günləri”ndə bu qonaqpərvərliyi, Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasının açılış mərasimində bu doğmalığı yaşamışdıq”.

Fondun prezidenti Azərbaycan və Özbəkistan arasındakı ədəbi bağların mövcudluğunun qədim tarixinə toxunaraq, əsrlər keçməsinə baxmayaraq, böyük özbək şairi Əlişir Nəvai ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvi əlaqəsini nümunə olaraq göstərib.

“Bu ənənə, Sovet dönəmində Azərbaycanın və Özbəkistanın görkəmli yazıçıları, şairləri arasındakı gözəl qarşılıqlı münasibətlərdə bir daha əks olunurdu. Bu, Sovet əlaqələri deyildi, qardaşlıq, bacılıq əlaqələri idi” – deyə, Günay Əfəndiyeva vurğulayıb”.

Fondun prezidenti təqdimatı keçirilən Abdulla Qadirinin “Ötən günlər” kitabını Azərbaycan ilə Özbəkistanın ədəbi-mədəni yaxınlığının önəmli örnəyi kimi qiymətləndirib: “Bu roman ilk dəfə Sovet dövründə Azərbaycan dilçiliyinin görkəmli simalarından olan özbək əsilli ədəbiyyatşünas Xalid Səid Xocayev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Kitab sonralar da Azərbaycanda dəfələrlə çap olunmuşdu. Bu, ilk növbədə həmin əsərin aktuallığıdır. Digər tərəfdən də əsərə, müəllifə, ümumilikdə özbək ədəbiyyatına Azərbaycanda olan sıcaq münasibətdir”.

Günay Əfəndiyeva rəhbərlik etdiyi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqları, o cümlədən Azərbaycan və Özbək xaqları arasındakı mədəni birliyin gücləndirilməsinə töhfə verən fəaliyyətlərindən bəhs edərək, bildirib: “Özbəkistan Fondun layihə və tədbirlərində aktiv yer alır. Məsələn, ötən il böyük özbək mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə şairin əsərlərindən ibarət kitabı Azərbaycan dilində nəşr etdik. Təşkilatın mərkəzi qərargahında Özbəkistanın Ali Məclisinin deputatlarının, ölkənin Azərbaycandakı səfirinin iştirakları ilə “Nəvai Günü”nü keçirdik və digər bir sıra tədbirlərimiz də gerçəkləşib. Fondun prezidenti Özbəkistanla bağlı yeni layihələrdən bəhs edib.

“Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük” – deyə, Günay Əfəndiyeva çıxışının sonunda vurğulayıb.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.