Sənət və ədəbiyyat dərgisi

30 saatdır atamın cansız bədəniylə burdayam’ deyən balaca Cəmilənin dilindən… - 

06 Fevral 2024 / 11:44

Ötən il Türkiyədə baş verən və 50-mindən artıq insan təlafıatına səbəb olan zəlzələdən bir il ötür. Faciə qurbanlarını rəhmətlə anırıq. 

 

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan və xilasedicilərə “30 saatdır atamın cansız bədəniylə burdayam’ deyən balaca Cəmilənin dilindən…

 

 

 

 

Düz otuz saatdır yatır yanımda

Atamın bu soyuq, cansız bədəni.

Ay ata, heç sənə yaraşdırmadım

Betondan kəfəni, daşdan kəfəni.

 

Sinəmdəki ahlar dərd boşluğudur,

Çəkdiyim hər nəfəs ağrı yarğanı.

Açıq üstümüzə talemi örtdü

Zülmət bir gecədə divar yorğanı?!

Bu zərbül-məsəl də çıxdı sınaqdan:

‘Yuxumuz əcəlin qan qardaşıdır”

Bu uçan binalar, dağılan evlər

Millət dərdlərinin məzar daşıdır.

 

Keçdi ömrün işdə, çöldə, yollarda.

Heç vaxt bu qədər çox görmədim səni.

Necə ki, sağlığın həyandı, ata,

O cür də ölümün qorudu məni.

 

Dinməzcə qalmısan otuz saatdır.

Ölüm oğurladı həyat səsini.

Sən mənə öyrətdin söz söyləməyi

İndi də keçirsən sükut dərsini.

 

Dünya pəncərədir - sındı şüşəsi.

Hər şey agah oldu Adəm oğluna.

Bizi tale təslim etdi bir gecə

Ana qucağından Yerin bağrına.

 

Öyrənib dünyanın hər sirlərini

Yeri bərkidəcəm öz məhvərinə.

Qoymaram ki, qızlar söykəsin bir də

Başların tərpənməz ata çiyninə.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.