Sənət və ədəbiyyat dərgisi

\"Ədəbiyyat səyyahları\" saytı təqdim edilib

01 İyul 2022 / 15:58

Ədəbiyyat səyyahları” rəsmi internet saytının təqdimatı keçirilib

30 iyun 2022-ci ildə Xəzər Universitetinin Ədəbiyyat səyyahları” (//klv.az/) rəsmi internet saytının təqdimat mərasimi keçirilib. Mərasimdə, həmçinin  universitetin YouTube kanalı təqdim edilib.

Tədbirə moderatorluq edən Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova mərasim iştirakçılarını salamlayaraq, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlıya söz verib.

Təqdimatı uğurlayan H.İsaxanlı öz çıxışında bunu da vurğulayıb ki, ədəbiyyatın üfüqləri çox genişdir. Məsələn, bir fizik, riyaziyyatçı, bioloq da ədəbi fəaliyyətlə məşğul olur. “Bu mənada da yeni bir ədəbiyyat saytının açılması məntiqə uyğundur,-“ deyə natiq diqqətə çatdırıb.

Sonra Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı  saytla tədbir iştirakçılarını tanış edib, saytın fərqli cəhətlərini söyləyib, “İngilisdilli ədəbiyyat”, “Alman ədəbiyyatı”, “Türk ədəbiyyatı”, “Tərcümə” bölmələri üzərində xüsusi dayanıb, saytda dərc edilən tərcümələrin yalnız orijinaldan çevrildiyini bildirib. O, “Tələbə guşəsi” bölməsini də saytın özəlliyi ilə  bağlayıb.

Departamentin müəllimi Ülvi Babasoy saytda dərc edilən istedadlı müəlliflərin timsalında saytın artıq hansı istiqamət götürdüyünün bəlli olmasına nəzəri cəlb edib.

Universitetin YouTube kanalını filologiya üzrə fəlsəfə doktoru Gülşanə Xudiyeva təqdim edib. Təqdimatçı videolardan göstərdiyi fraqmentlər ətrafında danışıb.

Dəvət edilmiş qonaqlara söz verilib. AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi İlham Məmmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Məhəmməd Cəbrayılov, Azərbaycan Yeni Nəsil Hüquqşünasları Assosasiyasını baş katibi, təhsil hüququ üzrə mütəxəssis Ramin Nurəliyev, şair- esseist Ramil Əhməd  çıxış ediblər.

 

Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova yeni saytla bağlı fikirlərini bildirərək, təqdimat mərasimini yekunlaşdırıb.

Müəllim və tələbə heyətinin qatıldığı tədbirdə Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsinin dekan müavini dosent Məhəmməd Eldarov, gənc yazar Orxan Cuvarlı da iştirak ediblər.  

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.