Sənət və ədəbiyyat dərgisi

Viktor Hüqonun qadınları

12 Sentyabr 2022 / 07:51

Viktor Hüqonun sevdiyi qadınlar

 

Özü heç vaxt qəbul etməsə belə, 19-cu əsr fransız romantizminin öndəri Viktor Hüqo, öz deyimiylə cılız, qaraqabaq bir uşaq kimi1802-ci ildə dünyaya gələndə onun ədəbiyyat tarixinin şübhəsiz ən önəmli və ən məshuldar yazarlarından biri olacağı heç kimin ağlına gəlməmişdi.

 

 

İlk şeirlərini qələmə aldığında və ardınca Tuluz Şeir Yarışmasında qalib olduğu illərdə iyirmi yaşlarında olan Hüqo “Ya Şatobriand olacağam, ya da heç” deyəcək qədər qərarlı bir cavan idi. 83 illik həyatı boyunca bir çox teatr əsəri, roman və saysız-hesabsız şeir yazan, dövründə olduğu kimi günümüzdə də özü haqqında “zəhmətkeş və məhsuldar bir dahi” təəssüratı oyadan Viktor Hüqo demokrat və humanist xarakteri ilə siyasi şəxsiyyətini təyin etmiş bir düşüncə adamı idi.

Bodlerin “Romantik sənət” kitabında yer alan “Düşüncəli və sakit Viktor Hüqo dünyayla bu cür danışırdı sanki: Gözlərimə yaxşıca nüfuz et ki, səni ana bilim...” cümləsi şairin həyata qarşı münasibətini ifadə edə bilir.

Ətrafında baş verən bütün hadisələrdən, gördüyü, hiss etdiyi, ilham aldığı hər ünsürdən bəslənərək əsərlər yazan Hüqo yaşadığı müddətdə ilhamsız qalmadı.

Hüqo təkcə fərdi düşüncələrini deyil, həm də cəmiyyətin, toplumun, xalqın, insanın duyğularını, sancılı zamanlarını əsərləri ilə dilə gətirdi. Onun üçün şairlik sadəcə yazmaq deyildi, bir məsuliyyət idi. Əsərlərində təbiət və zaman, bəzən insan hisslərinə bəzək kimi, xatirələrlə iç-içə, konkret, bəzən də arxa planda təsvir olunan əsas anlayışlardır. Bu ikisi Hüqo üçün vacib mövzulardı. Şair bir yaradıcı, insanın aydınlığa, xoşbəxtliyə aparan kimyagər, peyğəmbərdir. Şeir isə qaranlıqda mənzərəni işıqlandıran ulduzlardır.

 

“Keçmiş İspan qəsəbəsi Besançonda həm britaniyalı, həm lorrenli qanından bir uşaq doğuldu. Küləklə sovrulmuş bir toxum qədər rəngsiz, işıqsız, çəlimsiz...”

Burjuaziyanın gücləndiyi, işçi sinfinin gələcəyindən qayğılandığı 1800-cü illərin əvvəlində atası general olan Hüqonun uşaqlığı anası və qardaşlarıyla birlikdə atasının yanında əsgərlik həyatından dolayı  öncə Marsilyada, ardınca Korsikada keçdi. Əvvəllər Viktor Hüqonun anası Parisdə qalmış, bu zaman xaç atası general Lahori ilə münasibətləri olmuşdu. Sofiya Hüqo 1803-cü ildə uşaqlarının yanına getdi və onlarla bərabər Parisə qayıtdı.

Viktor Hüqo atasıyla bərabər keçirdiyi səyahətlərdə bir çox insanın əsgərlər tərəfindən edam olunmasının şahidi olmuşdu. Onda dərin izlər buraxan və diksinərək xatırladığı bu uşaqlıq müşahidələrinə anası ilə münasibətdə olmuş xaç atası general Lahorinin də dövlətə qarşı bir plan zamanı güllələnməsi əlavə olunmuşdu.

Hüqo İspaniyada qarşılaşdığı Peradan sonra yeniyetməlik sevgisi Adeleyə qədər uzanan bir zamanda eşqi hiss edir, yaşadığı köçkün həyatı onun fərqli mədəniyyətlərlə tanış olmasına zəmin yaradırdı. Bir başqa tərəfdən də yeniyetmə çağlarında toplumda yaşadığı problemləri öz içində anlamağa və çözməyə çalışırdı. Elə bu vaxtlarda şeir yazmağa başladı. On beş yaşı tamam olanda isə “Academie Française” yarışmasına qatılaraq mükafat qazandı.

Valideynləri 1818-ci ildə boşandı və Hüqo qardaşlarının həyatı Parisdə davam etdi. Analarının yaxın bir rəfiqəsinin uşaqları olan Adele və Paul Fuşer ilə yaxın dost olmuşdular. Tətillərini isə ataları ilə birlikdə İspaniya-İtaliya arasında keçirirdilər.

Hüqo və qardaşı Egene Parisdə olduğu zamanlar yazmaq işinə bağlanmışdılar və Tuluz Şeir yarışmasından sonra Hüqonun Şatobrianda ithaf etdiyi bir şeiri qardaşı Abelin dəstəyi ilə yayımlamışdı. Qısa bir vaxtda Şatobrianda heyranlıqları ilə tanınan qardaşlar yazarın “Le Conservateur” dərgisindən ilhamlanıb “Le Conservateur Literraire” jurnalını yayımlamağa başladılar.

Anasının təsiri ilə o vaxtlarda monarx təsirli bir mühafizəkar olan Hüqo dərgini nəşr etdirdiyi zaman Alfred de Vigni və Şatobriandla dostlaşmışdı.

Anasının 1821-ci ildə ölməsi Viktor Hüqo üçün önəmli bir itki olsa da, onun həyatında iki yeni başlanğıcın da tətiyi çəkiləcəkdi.

“ Yatmağa yataq – artıq istəmədiyinə baxmayaraq, paltarlarını, əşyalarını kreslonun üzərində görə  biləcəyim bu otaq, gəlib məni bir öpüşünlə məşğul edəcəyin o yalan; bunların hamısı məni ağrıdır, yaralayır. Gecə yata bilmədim. Səni on səkkiz yaşımda gördüyüm kimi xatırladım. Səninlə daha öncə heç bərabər olmamışam sanki...”

(Həyat yoldaşı Adeleyə yazdığı məktubdan)

Özünü adadığı sənətindəki ən böyük addımlardan birini atmış Hüqo “Odlar və başqa şeirlər” kitabını nəşr etdirmiş və gənclik sevgisi Adele ilə evliliyə hazırlaşırdı.

26 aprel 1819-cu ildə on yeddi yaşında Hüqo və Adele bir-birlərinə olan hisslərini etiraf etmiş və bundan sonra üç il nişanlı qalmışdılar. Bu zaman fasiləsində nişanlılar bir-birinə yüz əllidən artıq məktub yazmışdı. Hüqonun anasının Adeleyə münasibəti o qədər də xoş deyildi. Məhz buna görə də iki aşiq, nişanlı olduqları müddətdə gizli görüşmək məcburiyyətində idi. Və nəhayət anası öldükdən sonra Hüqo Adele ilə ailə həyatı qurmağı düşündü.

Alfred de Vigni və Feliks Biskarratın şahid olduğu nikah mərasimi 1822-ci ildə Sante Suplis kilsəsində baş tutdu. Mehrabda gənclik eşqini gözləyən Hüqo hələ iyirmi yaşlarında idi və bakir olaraq özünə həyat yoldaşı seçdiyi sevgilisini gözləyirdi.

Toy günü Hüqonun ailə sarıdan tragik bir taleyi olacağı artıq bəlli idi. Gələcəyi parlaq görünən şairin qardaşı Egene o zamanlar hissi böhranın  ən şiddətli dərəcəsində idi və şizofreniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. İlk uşaqları Leopoldun iki aylığında ölməsi gənc evlilərin xoşbəxtliyinə kölgə salan ikinci hadisə idi. Ancaq ikinci uşaqları dünyaya gələndə Hüqo ailəsinin başındakı buludlar bir müddətlik çəkiləcəkdi. Hüqonun çox istədiyi qızı Leopoldinedən sonra daha iki oğlu – Çarles və Françes Viktor dünyaya gəldi. Xanımının adını qoyduğu son beşiyi Adele doğulanda Hüqo bu beş övladın dördünün öləcəyini təxmin etməmişdi.

Adele və Viktor cütlüyünün evliliklərinin ilk illəri o qədər gözəl keçirdi ki, adamlar bu münasibətə bəzən qısqanclıqla tamaşa edirdi. Maddi vəziyyətlərini yaxşılaşdırmış, daha gözəl bir küçədə daha böyük bir evə yerləşmişdilər.

Ancaq iyirmi üç yaşında “Ləyaqət nişanı” ilə mükafatlandırılan gənc və tanınmış şairin həyat yoldaşı nə qədər yaxşı bir ana olsa da, yazarlığa və ədəbiyyata maraq göstərmirdi. Hüqo yazılarına getdikcə daha ciddi yanaşır və daha ağır mətnlər üzərində işləyirdi. Klassik üslubdan uzaqlaşdığı “Kromvellin ön sözü”nü çap etdirmiş, “Şərqlilər”i tamamlamışdı. Şeir sahəsində öz dahiyanəliyini sübut etdikcə Viktor Hüqonun  dəsti-xətti tam formalaşırdı. Eyni vaxtda qələmə aldığı “Bir edam məhkumunun son günü” isə Hüqonun  edam cəzalarına qarşı göstərdiyi cəsarətdənxəbər verirdi. Adele və Hüqo az qala hər həftə ədəbiyyat və sənət çevrəsinin bir araya gəldiyi yemək süfrəsi, toplantılar hazırlayırdı. Lakin bu böyük ədəbiyyat adamının ədəbi yüksəlişi ailə həyatına aid deyildi. İkili münasibətlərinin əzildiyi zamanlar gəlmişdi. Adele çox vaxt yalnız qalırdı.

Bərabər olduqları səkkiz ilin sonunda bir-birinə qarşı hiss etdikləri sevginin də ömrü sona çatırdı. Hüqo ilə heç bir münasibəti qalmayan Adele, eynən Viktor Hüqonun anası kimi başqa bir münasibətdə idi, ərinin dostu Çarles Aqustin Sent-Böve ilə görüşürdü. Sent-Böve Adeleyə aşiq olmamışdan əvvəl Hüqonun əsərləri haqqında qəzetlərdə tərif dolu məqalələr yazan bir yazardı. Bir çox məsləkdaşı kimi Hüqonun təxəyyülünə, yazdıqlarına heyranlıq duyan biri idi. Adele ilə yaşadıqları münasibət Hüqoya qarşı qəribə duyğulara yol açmışdı. Sent-Böve 1830-cu ildə şairə yazdığı bir məktubunda hisslərini belə ifadə edirdi:

“Əgər necə bir daxili təlatümlər içərisində olduğumu bilsəydiniz, yəqin sizin qürurunuzu sındıranbu adama acizanə baxardınız. Ümidsizlik və hirs içindəyəm. Bəzən də sizi öldürmək keçir könlümdən. Məni bu cür düşüncələrimə görə bağışlayın. Sizinlə görüşə bilmərəm. Bir daha qapınıza  belə ayaq basmayacağam”.

Viktor Hüqo bu münasibəti öyrənəndə öz soyuqqanlılığını itirmədi, ancaq Sent-Böve ilə bütün dostluq əlaqələrini kəsdi. İllərcə həyat yoldaşı üçün darıxdığını məktublarla dilə gətirməyə çalışsa da, onunla heç cür əvvəlki kimi xoşbəxtliyi tapa bilmədi.

Ardı var...

Tərcümə edən: Rəvan Cavid

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.