Sənət və ədəbiyyat dərgisi

"Şuşaya salam" layihəsində Xurşud Davron şeir oxuyur  + VİDEO

29 Sentyabr 2022 / 10:14

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-28 sentyabrda layihə Özbəkistanın Xalq şairi Xurşud Davronla, onun Şuşa barədə ürək sözləri, "Salam, Şuşa!" şeiri ilə davam edir.

Saat 14.55, 18.55. və 22.45-də "Space" də translyasiya olunacaq...

 

 

Xurşud Davron / Özbəkistan

 Xalq şairi

 

Bu televiziya layihəsində iştirakıma görə şadam. Yəqin ona görə ki, Səmərqənddə doğulmuşam və bu layihə də mənim doğma şəhərim kimi böyük şairlərin, rəssamların, alimlərin vətəni olan əski tarixə malik Şuşaya həsr edilib. Qalan fikirlərimi iki il əvvəl, 2020-ci ilin oktyabrında yazdığım bir şeirimlə, həmin misralarla çatdıracağam.

 

***

 

Əsrlərdən hikmət söylər

Hər çiçəyin, hər bir daşın,

Ürəklərə qüvvət verər

Polad əzmin, səbrin, yaşın.

 

Muğamında əsrlərin

Göz yaşının duzları var,

Torpağında Natəvanın,

Vaqiflərin izləri var.

 

Qəlbində hər övladının

Üzeyirin qüssəsi var,

Bülbülün, aşıq Bülbülün

Sevinci var, şux səsi var.

 

Hər çiçəyin yarpağında

Mir Nəvvabın boyağı var,

Hər güşəndə Nizaminin, Nəsiminin, Füzulinin

Yandırdığı çırağı var.

 

Mənəm bu gün, sənin balan

Şad günündə asta-asta danışıram:

Sən qəlbisən Qarabağın!

Salam Şuşa, salam Şuşa!

 

Tərcümə: Səlim Babullaoğlu

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.