"Şuaşaya salam" layihəsində Zaur Naçxebiya şeir oxuyur + VİDEO
30 Sentyabr 2022 / 09:42
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-29 sentyabrda layihə tanınmış gürcü şairi Zaur Naçxebiya ilə, onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.
Zaur Naçxebiya / Gürcüstan
şair, publisist, naşir
Qardaş Azərbaycanı, Azərbaycan xalqını salamlayıram! Şuşa və şuşalılara məxsusi salamımı çatdırıram! Mən Zaur Naçkebiyayam - gürcü şairi, publisisti və naşiri. Özümə şərəf bilirəm ki, Azərbaycanın qədim şəhəri Şuşaya həsr olunan layihədə iştirak edirəm. Bəllidir ki, Şuşa əski tarixi, təkrarolunmaz təbiəti və nadir mədəni ənənələri ilə diqqəti özünə çəkir. Əminliklə demək olar ki, Şuşa dünyaya bir çox şöhrətli bəstəkar və şair bəxş etmişdir. Talenin tərsliyi onu müfəqqəti olaraq öz tarixi köklərindən ayırsa da, iki il əvvəl haqq-ədalət bərqərar olundu və bir neçə illik əsirlikdən sonra bu şəhər yenidən öz doğma kökünə qayıtdı. 2022-ci il ölkədə “Şuşa ili” elan olundu.
Salam Şuşa!
İndi isə Şuşaya və şuşalılara ehtiram əlaməti əlaraq öz doğma dilimdə bir şeir oxuyacağam.
***
Vaxt var idi biçənəkdə ot çalırdım,
Dəryaz xoş həvəslə parıldayırdı.
Qaçdım, amma buna dəyərdimi ?
Adam da toz-torpağı ciyərlərinə çəkərdimi?
Zaman sual verir, cavab gözləyir.
Vaxt hamını, hər şeyi mühakimə edir.
Qorqasalinin qırqovuluna çata bilmədim,
Onunla ayaqlaşa bilmədim.
Anam Tiflisə görə mənə kim minnət qoya bilər?
Kim mənim doğma dilimi bəyənməz, ondan doya bilər?
Kartli qiyamında mənim də öz payım var,
Mənim də qılıncım, ox və yayım var.
Xatırlayıram kəndin təkərləri cırıltılı arabalarını,
Ram ediləcək o vəhşi at balalarını.
Şəhərin, sən demə, öz qaydaları varmış,
İnsanları bəzən qəfil öldürər, duelə çağırarmış.
Kənd hələ də bərəkətlidir, ruzi verir,
Yenə biçənəkləri dəryazlar biçir.
Unutmaq olarmı anamın bişirdiyi xarçonu,
Onun yoğurduğu xəmiri, ələdiyi unu?
Bəli, qiyamda mənim də payım var,
Uzanır dəqiqələr, saatlar.
Anam Tiflisi nəvazişlə öpürəm,
El-obama qəlbimlə sığal çəkirəm.
Vətən nisgilini qəlbimdə gəzdirirəm,
Düşmənim çoxdursa da heç kəslə düşmənçilik eləmirəm.
Şəhərin qalın tozunu sonadək udmadım,
Onu kəndin palçıqlı yollarından üstün tutmadım.
Şuşaya və bütün Azərbaycana sülh və uğurlar olsun!
Tərcümə: İmir Məmmədli, Səlim Babullaoğlu