Sənət və ədəbiyyat dərgisi

Vyetnam şairi May Van Fan + "Şuşaya salam" +VİDEO

03 Oktyabr 2022 / 09:15

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-01 oktyabrda layihə tanınmış Vyetnam şairi May Van Fan ilə,  onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.

 

May Van Fan / Vyetnam

görkəmli Vyetnam şairi

 

Salam əziz dostlar, Azərbaycan!

Mən May Van Fan, Vyetnamın Xayfon şəhərindən olan şair, ədəbi tənqidçiyəm.

Hələ məktəbdə oxuyarkən sizin gözəl ölkəniz, xeyirxah insanların yaşadığı, böyük mədəniyyətə sahib Azərbaycan haqqında eşitmişdim. Mən azərbaycanlıları, şuşalıları səmimiyyətlə salamlayıram. Şuşa şəhərini çox sevirəm. Gözəl təbiəti və insanları olan Şuşanı. Şuşa dünyaya bir çox vacib şair və bəstəkarlar bəxş edib. Çox şadam ki, bu böyük hadisənin bir hissəsinə çevrilmişəm.

Salam, Şuşa!

İndi mən sizə “Dağ çayındakı daş” şeirini Vyetnam dilində oxuyacağam.

 

 

Dağ çayındakı daş

 

Sakit və səssiz dayanıbdı

gur, daim hərəkətdə olan,

bədən donduran şırnağın,

suların yuduğu daş.

Yoxsa yazmı gəlib?

Yosun cücərtiləri qamçı kimi

 daşın yıpranmış iziylə uzanır.

Çoşqun axının üzərinə yağır

quşların cəh-cəhi yuxarıdan.

 İri qəmbər daşın üstündəki ağacın kölgəsi tərpənir,

gah tutur, gah da açır günəşin qabağını.

Bu yabanı çiçəklərin gözəlliyi necə duruş gətirir,

necə toxunulmaz və əbədi qalır?

Gözlərini sakit-sakit yumur daş,

səs-küylü axının üzərindən axıb keçməsinə icazə verir.

Boz pəncəli meymun balası

kölgəsini yellədir ağacın.

Çiskinin pərakəndə damlaları

ən gizlin çıxıntılara belə yol tapır.

Buludlar tərpənməz asılıb göyüzündən.

Yetişmiş quayavanın ətri

bütün meşəni başına götürüb.

Kirpi iynələrini qabardıb, sanki donub.

 Bu anda ən yaxşısı

hamının öz yerində sakit durmasıdır.

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.