Nə qazanmışamsa Azərbaycana borcluyam - Yulizana Kuxmazova

18 Avqust 2023 / 13:00
Müsahibimiz - Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq Yulizana Kuxmazova həm də bəstəkarlıq və elmi fəaliyyətlə də məşğuldur. Y.Kuxmazova 28 ildir, Xalq artisti, professor Gülbacı İmanovanın rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Xor Kapellasının xormeysteridir, bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatı, bir çox beynəlxalq layihələrin münsiflər heyətinin üzvüdür.
Beləliklə, xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Yulizana Kuxmazova ilə söhbəti təqdim edirik.
- Ömrünüzün yarısından çoxunu musiqiyə həsr etmisiniz. Sənət sizin üçün nə deməkdir?
- Bu, çox qarışıq bir duyğudur. Sənət mənəvi harmoniya, heyranlıq və hətta deyərdim ki, təqliddir. İncəsənət bizə insanın daxili aləmini tanıdır, onun düşüncələrini, hisslərini və ruh halının durumunu üzə çıxarır.
- Niyə məhz xor sənəti?
- Uşaqlıqdan xor studiyasında oxumuşam. Bu sənətə olan böyük məhəbbəti mənə müəllimim Fazil Əliyev aşılayıb. O, Azərbaycanın Əməkdar müəllimi, S.Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbənin müdiri idi. Qeyd edim ki, Fazil müəllim Azərbaycanda ilk dəfə veteranlar xoru və yanğınsöndürənlər xoru yaradıb. Fazil müəllim enerji dolu, parlaq bir şəxsiyyətdir. Biz tez-tez mühüm dövlət tədbirlərində çıxış edir və qastrollarda olurduq.
- Siz həm də bəstəkarsınız, barmaqlarınız ağ-qara dillərə toxunanda ruhunuz nələri hiss edir?
- Baxmayaraq ki, xor üçün müxtəlif səpkili musiqi əsərlərinin və işləmələrin müəllifiyəm, amma özümü heç vaxt professional bəstəkar hesab etmirəm, çünki mən bəstəkar kimi təhsil almamışam. Lakin professional musiqiçi kimi aldığım təhsilin və Allahın verdiyi istedadın nəticəsidir ki, daxilimdən gələn hiss və duyğularımı notlara köçürməyin öhdəsindən gələ bilirəm. Hər hansı musiqi nümunəsindən, ifadan, həyatdan və yaxud təbiətdən ilhamlanaraq nota köçürdüyüm əsərləri öz pərəstişkarlarımla bölüşürəm. Amma yenə deyirəm, bu, mənim profesional bəstəkar olduğum anlamına gəlmir, mən sadəcə professional musiqiçiyəm. Sevinirəm ki, musiqisevərlər əsərlərimi bəyənir və yüksək dəyər verirlər. Bu il ərzində xor işləmələrim Türkiyədə İznik şəhərində 4-cü Dünya Göçebe Oyunlarında səsləndi. Əlbəttə, bir musiqiçi, bir xormeyster kimi mənim üçün böyük şərəfdir ki, əsərlərim Azərbaycanın gözəl guşəsi Şuşada səsləndirildi. Yaratmaq və yaratdığı əsərlərin insanlar, musiqisevənlər tərəfindən sevilməsini arzulamaq - bir musiqiçi həyatda başqa nə istəyə bilər ki? Çox şükürlər olsun ki, arzularım gerçəkləşib və ümid edirəm ki, bundan sonra da hamısı gerçəkləşər.
- Bügünkü gənc bəstəkarların yaradıcılığı sizi qane edirmi?
- Bəli. Gənc musiqiçilərimiz öz üzərində çalışırlar, nailiyyətlər əldə etməyi bacarırlar. Son vaxtlar gənc bəstəkarlarımızın əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da səslənir. Bizim zəngin musiqi mədəniyyətimiz daim inkişaf edir. Gənclərimizi dəstəkləmək lazımdır.
- Nə vaxtsa fəaliyyətinizi dayandırmaq istəmisinizmi? Heç olubmu ki, deyəsiniz daha bəsdir?
- Xeyr, heç vaxt. Əksinə, ən çətin anlarda daha çox yazıram ki, bu da diqqətimi o anda baş verən neqativ şeylərdən uzaqlaşdırmağa kömək edir.
- Bir dəfə açıqlamanızda qeyd etmişdiniz ki, bəzən insanlar özləri də bilmədən başqa bir insanın həyatında mühüm rol oynaya bilirlər. Həyatınızda mühim rol oynamış insanlardan kimləri deyə bilərsiniz?
- Həyatımda bir neçə nəfərin böyük rolu olub. Mən digər çıxışlarımda onların adlarını sadalamışam. Lakin bu dəfə mənim həyatımda istər müəllim, istər rəhbər kimi böyük rola malik olan Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü Gülbacı xanım İmanovanın adını çəkmək istərdim. Gülbacı xanımın bir müəllim kimi mənim inkişafımda böyük rolu olub. Mən Bakı Musiqi Akademiyasında onun tələbəsi olmuşam. Artıq 30 ilə yaxındır ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gülbacı xanımla çiyin-çiyinə çalışıram. Bu illər ərzində o xanımın dəstəyini hər zaman hiss etmişəm. Əlbəttə ki, müəllimimin tənqidinə də tuş olumuşam. Lakin bu tənqidi yanaşmalar mənim hər zaman inkişafım üçün zəmin yaradıb. Üzərimdə böyük zəhməti olub, buna görə mən ömrümün sonuna qədər ona minnətdaram.
- Yulizana xanım, yaradıcılıq fəaliyyətinizdə əsasən uzun müddət ifa olunmayan, heç vaxt istifadə edilməyən motivləri seçməyə çalışırsınız. Onlara təzədən nəfəs verməyi qarşınıza məqsəd qoymusunuz, yoxsa necə?
- Bəli, belə bir məqsədim var idi. "Azərbaycan xalq təranələri" toplusundan melodiyaya müraciət etmişdim və öncə musiqiçilərin toxunmadığı mövzunu çoxsəsli a kapella xor əsəri kimi işləmişdim. Mən çoxsəsli xor a kapella əsərləri ilə başlamışam - bunlar müxtəlif aranjimanlar və orijinal müəllif işləri idi. Müsabiqədə Qran-Pri qazanmağım mənim üçün stimul oldu. Sonra isə mənə Nizami Gəncəvinin sözlərinə kamera orkestri üçün romans yazmaq təklifi gəldi. Torpaqlarımız işğaldan azad ediləndən sonra isə daha da ilhamlanaraq xor və orkestr üçün "Zəfər himni"ni yazdım. Hazırda isə yeni bir əsər üzərində işləyirəm.
- Dağıstanda doğulsanız da, Azərbaycan sizə daha doğma gəlir sanki.
- Mən Dağıstanda doğulsam da, Azərbaycanda böyüyüb boya-başa çatmışam və nəyim varsa, mənə doğma olan bu ölkəyə borcluyam. Azərbaycan hər zaman çoxmillətli və tolerant dövlət olub. Qeyd etmək istəyirəm ki, heç vaxt özümü yad ölkədə hiss etməmişəm. Azərbaycanın hər qarışı, hər yeri mənim üçün əziz və doğmadır.
Havar ŞƏFİYEVA