Sənət və ədəbiyyat dərgisi

Ölüm kədərlidir, amma onun yaxşı tərəfləri də var - Mustafa İsenin müsahibəsi

25 Dekabr 2023 / 13:14

Ölüm kədərlidir, amma onun yaxşı tərəfləri də var

 

 

Mustafa İsen: “Sözün iqtidarı olub deyə siyasətin də iqtidarı sözə maraq göstərib və beləcə nəsil-nəsil hökmdarlar şeirlər yazıblar”

Mustafa İsen çağdaş dövr türk təzkirəçiliyini inkişaf etdirən, Türk xalqlarının ədəbiyyat tarixinin öyrənilməsində müstəsna xidmətləri olan görkəmli alimdir. Onun “Lətifi təzkirəsi”, “Şair təzkirələri”, “Şeirlərin sultanları, sultanların şeirləri”, “Üsuli divanı”, “Şeyxi divanı”, “Həmamizadə İhsan divanı” və sair onlarla kitabına elm və ədəbiyyat adamları tərəfindən daim etibarlı mənbələr kimi istinad edilir. Eləcə də hazırlanmasında böyük zəhmət çəkdiyi “Türk ədəbiyyatı adlar lüğəti” (online) çox dəyərli elektron mənbədir. Son aylarda isə Mustafa bəyin “Balkan ölkələrində türk ədəbiyyatı tarixi” adlı yeni kitabı nəşr edilib.

 

 Oktyabr ayında dəyərli alim Bakıya gəlmişdi, amma gecəni qalıb səhər Şuşaya getməli, sonra isə dərhal Türkiyəyə qayıtmalı idi. Zamanımız dar olsa da, söhbətimiz geniş alındı…

– Balkan ölkələrində türk ədəbiyyatı daha çox dərəcədə o coğrafiyanın milli ruhu ilə formalaşıb, yoxsa Osmanlı imperiyasının təsiri ilə?

Sultan Səlim dövrünə qədər Osmanlının Balkan ölkələrindəki torpaqları, Anadolu ərazisindəkindən daha çox idi. XV əsrdən sonra isə Balkan ölkələrində Osmanlı ədəbiyyatı ciddi şəkildə formalaşmağa başladı. Ümumi mənada isə, Balkan ölkələrindəki ədəbiyyatla Anadoludakı Osmanlı ədəbiyyatında ciddi fərq yox idi, dil, şeir şəkilləri, üslub bənzəyişləri mövcud idi. Sadəcə fərqlər bəzi sözlərdə, milli məsələlərdə özünü göstərirdi. Bu regiondakı ədəbiyyat ümumi mənada türk-islam mədəniyyətinin bir hissəsi kimi təzahür edirdi. Amma 1912-ci ildə Osmanlı Balkan ölkələrindən çəkiləndən sonra orada türk əhalisi yaşamağa davam elədi, baxmayaraq ki, onların sayı o qədər də çox deyildi. Onların yaratdıqları nümunələr isə o zamandan sonra artıq yeni bir ədəbiyyat faktı kimi dəyərləndirilməlidir, ümumi yanaşanda isə, onların da yazı dili indiki İstanbul türkcəsində idi. Həmin dövrdən sonra türklər o ərazilərdə azlıq təşkil etdiklərinə və təhsillərini Balkan ölkələrinin dilində aldıqlarına görə o bölgənin yerli ədəbiyyatından da az-çox təsirləndirlər.

– Orta əsrlərdə bir neçə dildə yazan şərq şairləri çox idi, bəs Balkan ölkələrindəki türk ədəbiyyatına da çoxdillilik xas idimi?

– Osmanlı dövründə demək olar ki, Balkan ölkələri ədəbiyyatının əsas yazı dili osmanlıca idi. Amma 1912-ci ildən sonra o bölgədə yaşayan türk şairləri içərisində yaşadıqları ölkələrinin dillərində əsərlər yazanlar oldu.

– Onlar arasında parlaq bir şair adı çəkmək mümkündürmü?

Məncə, yox.

 

– Balkanlardakı türk ədəbiyyatını yaratmış müəlliflərdən kiminsə adını müştərək ədəbiyyatın nümayəndəsi kimi mübahisələndirmək olarmı?

– Orta əsrlərdə dillər arasındakı fərq indiki mənada deyildi. Yəni “şair hansı dildə yazırsa, o xalqın nümayəndəsidir deyə” düşüncə yox idi. Bunun ən bariz örnəklərindən biri Mövlanə Cəlaləddin Rumidir. O, farsca yazıb, amma bütün dünya onu haqlı olaraq türk şairi tək qəbul edir. Eynən Nizami Gəncəvi kimi.  Balkan dillərində yazan böyük türk şairi olmadığına görə, bizimlə onların ədəbiyyatları arasında adı müştərək müəllif kimi mübahisələndirilən şair də olmayıb.  

– Divan şairlərinin daha çox Yunanıstandan çıxmasının əsas səbəbi nə idi?

Osmanlar Balkan ölkələrini fəth eləyəndə, orada xaos hökm sürürdü. Şəhərlər boşalmışdı və təhlükəsizlik problemi vardı. İlk girdikləri bölgə bugünkü Ədirnə-İpsala tərəfdən Yunanıstan oldu. Beləcə Balkan ölkələrində ən qədim Osmanlı şəhərləri quruldu. Gümürcüne, Dimetoka və sair. O vaxta qədər Selanik var idi, amma onu böyütdülər, yenidən inşa etdilər. Eynən Vardar Yenicesi, Yanya, Yeni Şehri-Fənər kimi. Bu əraziləri yenidən quraraq, oranı istehsalat mərkəzlərinə çevirdilər. Əkinçiliyi inkişaf etdirdilər. Sonra isə köklü şəkildə Osmanlı mədrəsələri və təkkələri quruldu. Bu cür təhsil sistemi əsasında da ciddi insanlar yetirilməyə başladı. Onlardan böyük qismi sənətçi və ya şair oldular. Eləcə də qüdrətli musiqiçilər, nəqqaşlar yetişdi. Yunanıstan bölgəsindəki erkən şəhərləşmə orada bir çox türk şairini meydana çıxardı. Sonra isə bugünkü Makedoniya, Kosova, hətta Bosniya-Herseqovina kimi əslən türk olmayan iki millət islam dinini qəbul etdilər və orada da türk şairləri yetişdi. Osmanlı məktəb və mədrəsələri eyni zamanda Osmanlı türkcəsinin digər xalqlar tərəfindən öyrənilməsində ciddi rol oynadı. Nəticədə Osmanlı türkcəsi həmin coğrafiyada ortaq dilə çevrildi. Xüsusən də, o dönəmdə şəhərlərdə yaşayanlar türkcə yaxşı bilirdilər. Bu dili bilmək elitarlılığın  göstəricisi idi. Beləcə balkan ölkələrinin dillərinə xeyli sayda türk sözləri daxil oldu. Məsələn, serb dilində 8000, Makedoniya dilində bundan çox söz Osmanlı türkcəsindən keçib. Özü də bu sözlər daha çox mədəniyyətlə bağlı, şəhər həyatına aid kəlmələrdir. Bütün bu səbəblər Yunanıstanda türkdilli şairlərin yetişməsinə böyük imkanlar yaradıb. Yunanıstan erkən fəth edilidiyinə görə buradakı şair sayı digər ölkələrdən daha artıq idi.

 

– Orta əsrlərdə təzkirələrin bir çoxunu şairlər tərtib ediblər. Onların hazırladığı təzkirələrlə başqalarının tərtib etdiyi təzkirələr arasında hansısa fərqlər vardı?  

Bəli, orta yüzillikdə təzkirəçilərin böyük hissəsi şairlər olub, çünki o dövrdə ümumiyyətlə ziyalıların çoxu şeir yazırdılar.  Amma onların təzkirələrinin digərlərinin təzkirələrindən ciddi fərqi yox idi. İslam mədəniyyətinin dünyaya qazandırdığı ən vacib üstünlüklərdən biri də tarix, bioqrafiya yazmağa verdiyi önəm idi. Səkkizinci əsrdən ta günümüzədək İslam coğrafiyasında çox dəyərli bioqrafik kitablar yazılıb. VIII əsrdən XII əsrə qədər daha çox ərəbcə yazılan bu cür kitablar XII əsrdən XV əsrə qədər farsca, Əlişir Nəvaidən sonra isə türkcə yazılıb.  Bunlardan biri Əhdinin hazırladığı təzkirədir. Təzkirə yazmaq ənənəsi nəticəsində öz dövründə yaradıcılığı az-maz önəm daşıyan hər adamın adını ədəbiyyat tarixinə daxil edib. Füzuli və ya Baki ilə Şekspir eyni dövrdə yaşayıblar. Amma Şekspirin real insan olub-olmaması hələ də mübahisəli məsələdir. Halbuki Bakinin həyatı ilə bağlı əlimizdə xeyli məlumatlar var. Yəni təzkirələr nəticəsində biz öz şairlərimizin kimliklərini daha dərindən öyrənə bilmişik.

– Təzkirəçilik həm də macəralı işdir. Belə ki, bir şairin yaradıcılığının izinə düşüb nəsə axtaranda tamam başaq bir adla  da rastlaşa və onun ömür yolunun ardıyca gedə bilərsən. Sizin tədqiqatçılıq təcrübənizdə oxşar hadisələr olubmu?

Mənim doktorluq dissertasiyamda 305 şairdən bəhs edilir. Bu kitabı hazırlayərkən bir təzkirəçinin kitabında yer verdiyi bir beyt diqqətimi çəkdi. Bu misraları oxuyarkən heyran oldum və dedim bu beytin ardını tapım. Məsələn, klassik ədəbiyyatda belə bir məsələ var ki, şairin bir misrasını oxuyub mat qalırsan. Buna “misrai-bərcəstə”, yəni “seçkin misra” deyirlər. Amma bütün şeirdə ona bənzər şah misralar diqqət çəkmir. Mən o şeiri oxuyanda gördüm ki, bu nümunə başdan-ayağa – sərpa gözəldir. Fikirləşdim ki, bu şairin divanını gərək tapım, axtardım və  əldə etdim. Üsulinin divanı beləcə meydana çıxdı. Vardar Yenicesində olan belə bir şairin varlığı məni düşündürdü. Fikirləşdim  ki, o dövrdə Osmanlıda o qədər də ad çıxarmayan belə bir şəhərdən necə olub ki, bu səviyyədə bir şair ortaya çıxıb? Araşdırmağa başladım və Vardan Yenicesinin balkan fəthində rol oynamış döyüşçü ailələrinin mərkəzi olduğunu anladım, bundan sonra döyüşçülərin və onların mədəniyyətə təsiri mövzusuna kökləndim və qarşıma daha maraqlı faktlar çıxdı. Yəni bəzən təzkirələrdə bir ip ucunu tapırsan və nəticədə qeyri-adi bir nöqtəyə gedib çıxır, yeni-yeni əsərlər aşkarlayırsan.

–  Təzkirələri öyrənərkən bu qədər şeirlər oxuyursunuz, heç eləsi varmı ki, dilinizin əzbərinə çevrilsin?

 

Yenicədən əsasən səhər yelləri

Mənə sultan Mustafadan xəbər ver.

Unutdunmu qürbətdəki qulları

Mənə Sultan Mustafadan xəbər ver.

 

Yaxud yuxarıda qeyd etdiyim  Üsulidən sevdiyim məni ona bağlayan beyt bu idi:

 

"Vücûd-i mutlak'ın bahri ne mevci kim eder peydâ 

Enelhak sırrını söyler eğer mahfî eğer peydâ" 

 

Yəni, mütləq varlıq dənizi hansı dalğanı meydana gətirirsə gətirsin, bunlar gizli və ya açıq Ənəl-Həq sirrini zikr eləyərlər.

 

Yaxud kefim pozulanda, kimlərsə başımıza ağa kəsiləndə Heyrətinin bu misraları dilimə dolaşır.

 

Ne Süleymân'a esîriz ne Selîm'in kuluyuz

 Kimse bilmez bizi bir şâh-ı kerîmin kuluyuz 

 

– Üsuli yaradıcılığında Nəsimi təsiri barədə nə deyərdiniz?

– Mənimçün türk ədəbiyyatında ən vacib üç ad var: Nəsimi, Nəvai və Füzuli. Əgər şeirdə ağıl üstün gələrsə, o şeir didaktik olгr, əgər hiss qalib gələrsə, lirik şeir meydana çıxır. Nəsimi məhz hisslə ağılı birləşdirib deyə o qədər mükəmməl əsərlər yaradıb. Böyük təzkirəçi Lətifi ustad şair Üsulini “ikinci Nəsimi” adlandırır. Üsulinin Nəsimiyə çoxsaylı nəzirələri var, bu şeirlərin üslubundan da aydın göstərir ki, Nəsiminin təsiri Avropanın mərkəzinə qədər yayılıbmış.

– “Türk ədəbiyyatı adlar lüğəti” ənənəvi təzkirənin elektron variantıdır. Əvvəlki təzkirələrlə indiki adlar sözlüklərinin arasında əsasən hansı fərqlər var?

– Şairin kimliyini doğru-düzgün müəyyənləşdirmək cəmiyyətin “kupçasını” tapmaq deməkdir. Bioqrafiya öyrənmək başqasının həyatında axtardığın macəradır, mənim bu sənətə həvəsim insanların həyatına olan böyük maraqdan başlayıb. Sonra elmi işim təzkirələrlə bağlı oldu, bu sahəni araşdırdıqca gördüm ki, dünya ədəbiyyatında heç zaman türklər qədər təzkirəyə önəm verən millət olmayıb. Sonra bir qrup dostum “Təzkirələrə əsasən divan ədəbiyyatı” adlı bir kitab yazdıq, amma bu məni qane etmədi. Sonra dövlət vəzifəsində çalışarkən dostlarımı bir  yerə yığıb materialları toplamağa səfərbər olduq. “Təzkirələrin çağdaş variantı necə hazırlanmalıdır” sualının həlli belə bir işin ortaya çıxmasına səbəb oldu.  O vaxta qədər bunun dünyada çox bəlli örnəkləri də yox idi. Xüsusən də “Türk ədəbiyyatı əsərlər lüğəti”nin isə dünyada anoloqsuz bir iş olduğunu düşünürəm. Bu lüğətdə 14100 ad var.  

– Hazırladığınız adlar sözlüyündə sırf sizin araşdırmalarınızla üzə çıxan nə qədər yaradıcı adamdan söhbət gedir?  

Sırf mənim təzkirələrimdə adı ilk dəfə çəkilən 3000-ə qədər şair haqqında bəhs edilir.  

– Bir neçə qaynaqdan istifadə edərkən onların hansının daha etibarlı mənbə olduğunu hansı prinsiplər əsasında müəyyənləşdirirsiniz?

Bioqrafiya yazmaq nə qədər texniki iş olsa da, sadə məsələ deyil, gərək işin kövrək damarına düşməyi bacarasan. Məsələn, XVI əsrə aid bir “Lətifi təzkirəsi” var. Deyək ki, bir şair haqqında çoxlu mənbələr oxuyub bir qənaətə gəlirsən ki, mövzusu bunlardır, üslubu belədir, dili elədir və sair, amma çox vaxt onun yazzdıqlarını Lətifi təzkirəsində əlinlə qoymuş kimi tapırsan. Məsələn, bir də Aşıq Çələbinin  “Meşairuş-şüəra” adlı  təzkirəsi var. O əsərdə Osmanlının ictimai həyatına aid çox məsələləri öyrənmək olur. Məsələn, İstanbulun o dövrdə neçə meyxanası vardı, ora kimlər gedərdi, orda nələrdən danışılardı, hətta şəhərdəki qayıqçıların əhvalını belə bu əsər vasitəsi ilə öyrənə bilərsiniz. Bu sadəcə təzkirə deyil, orada Osmanlı həyatında rol oynayan çoxlarından söhbət gedir. Bu cür etibarlı mənbələrdən istifadə çox vacibdir.

– Təzkirələrdə bəzən bir şairin şeiri başqa şairin adına gedir, bu halda onları kimə aid olmasını necə ayırırsınız?

Bunu ya müxtəlif təzkirələrdə qarışıq düşən şeirləri araşdıraraq aydınlaşdırıram, ya da şairlərin üslubundakı fikrin hakimliyinə əsasən. Qaynaqların birində belə bir əhvalat var ki, şeirləri qarışıq düşən iki şair barədə mübahisəli söz-söhbətlər gəzir, təzkirəçi ikisini də yanına çağırıb şeirləri onlara oxuyur və bu misralar hansınıza aiddir deyə soruşur. Təzkirəçinin ağzından bir misra çıxan kimi iki şair də bir ağızdan deyirlər ki, bu şeir mənimdir. Yəni əgər yaşayan şairlərin şeirlərini tam dəqiq müəyyənləşdirmək bu qədər çətindirsə, təsəvvür edin ki, 600 il əvvəl yaşayan şairlərin qarışıq düşmüş şeirlərini necə dəqiq tapmaq olar?!

­– Biz orta əsrlər təzkirələrini il ədəbi tənqidi mətnlər hesab edə bilərikmi?

– Bəli əlbəttə, onsuz da, təzkirələrdə şairləri haqqında məlumat veriləndən sonra, onların yaradıcılığı və ədəbiyyatdakı yeri barədə məlumat verilir. Məsələn təzkirəçi yazır ki, filan şairin şeirləri yetişməmiş dərilən meyvə kimidir. Bu sözlərdən anlayırsan ki, həmin şair şeirlərini tez-bazar, necəgəldi yazıb, yaxud başqa bir təzkirəçi yazır ki, filan şairin şeirləri ştürgürbedir. Lüğətə baxanda anlayırsan ki, bu frazeoloji birləşmənin lüğəvi mənası  pişik və dəvə deməkdir. Bu deyim şeirləri bir-biri ilə təzad təşkil edən şairlər haqqında söylənilir.  Təzkirəçilərin bu cür qiymətləndirmələri həm də onları ədəbi tənqidçi kimi qəbul etməyimizə imkan verir.

  •  Oxucuya təzkirədəki şeirləri oxumamışdan əvvəl bu cür qiymətvermələrlə fikir təlqin etmək nə dərəcədə doğrudur?
  •  Məsələn, Əhməd Paşa ciddi bir şair olduğu üçün təzkirəçi başqa şairlər haqqında yazdığı sözləri onun yaradıcılığı haqqında da deyə bilməz, ona görə də lazımdır ki, onu təqdim edərkən daha ibarəli cümlələr işlətsin. Yəni təzkirəçi bununla da oxucunu hazırlayır ki, şeirləri təqdim olunan şair sıradan bir şair deyil, onun yaradıcılığına, dərin düşüncələrinə xüsusi olaraq diqqət elə.

Türk təskirəçilik məktəbinin formalaşmasında Herat mədəniyyət məktəbinin nə dərəcədə rolu olub?

  • Qərb araşdırmaçılarının fikrincə, Heratda Hüseyn Bayqaranın rəhbərliyi ilə Molla Cami, Nəvai, Binayi kimi şairlər, o dövrün başqa sənətkarları ilə birləşərək bir türk renessansı meydana gətiriblər. Burda formalaşan mədəniyyət sonra Təbriz mədəniyyət mərkəzinə çevrilib. Və XVI əsrdə həmin məktəblər Osmanlı mədəniyyətinə ciddi təsir göstərib və bu heç də təəccüblü deyil. Yəni hər şeyin bir ucalma və enmə mərhələsi olur, məsələn, Füzuli “Su” qəsidəsində Peyğəmbərə xitabən deyir ki, peyğəmbərlik bağçası solmuşdu, sən gəlib onu təravətləndirdin. İslam mədəniyyətində də hansısa ərazidə qismən zəifləyəndə daha parlaq olan digər mədəniyyətlərdən işıq alıb. O dövrdə də Herat məktəbi Osmanlı mühitinə öz müsbət təsirini göstərib. Bu böyük təsirin içində təzkirəçilik sadəcə ümumi mədəniyyət məsələsinin bir hissəsi idi.

– Sizin “Şeirlərin sultanları, sultanların şeirləri” adlı kitabınız var. Gəlin iqtidarın sözü ilə, sözün iqtidarı məsələlərini aydınlaşdıraq...

– Bəzən ədəbiyyatşünaslar deyirlər ki, Ənvərinin qəsidələri olmasaydı, Sultan Səncəri, yaxud Nəvai olmasaydı, Hüseyn Baykaranı kim tanıyardı və sair. Amma unutmayaq ki, sözün iqtidarı üçün həmin sultanlar ciddi mühit formalaşdırıblar. Həmin sultanlar olmasaydı, şair sözü o qədər kəsərli olmazdı. Yəni himayə ənənəsi çox ciddi şairlərin meydana çıxmasına səbəb olub. Məhz sözün iqtidarı olub deyə siyasətin də iqtidarı sözə maraq göstərib və beləcə nəsil-nəsil hökmdarlar şeirlər yazıblar.

– Bəzən belə gümanlar da insanların qəlbinə yol tapır ki, sultanların şeirlərini saraydakı şairlər yazıb, yaxud da onların qələmə aldıqlarına ciddi şairlər əl gəzidiriblər. Bu xüsusda siz nələr düşünürsünüz?

– Məsələn, III Səlimin iki divanı var, biri üzərində az işlənilmiş variantıdır, digəri isə peşəkar. Yaxud Osmanlının divan şairlərinin divanlarına baxanda, adətən, orada 20-25 qəsidə, 300-400 qəzəl, bir neçə də digər janrlarda şeirlər yer alır. Amma Qanuni Sultan Süleymanın 4000-dən qəzəli var. Əlbəttə, bu cür məqamlar insanı düşünməyə vadar edir.

– Bəzi mənbələrdə də qeyd olunur ki, saray məclislərində şeir oxunar, həmin məclisdə bəyənilən 3-5 şeir olarmış. Sonra şairlər məclisdən gedəndə həmin nümunələri şaha bağışlayarmışlar. Beləcə sultanların şeir xəzinələri daha gözəl şeirlərdən formalaşarmış...

Birini də qoy mən deyim, Osmanlı ədəbiyyatında Zati adlı bir əsnaf şair varmış. Onun yanında çoxlu tələbələr toplaşarmış və şeirlərini ona oxuyarmışlar. O görəndə ki, hansısa gənc şair gözəl bir mövzu tapıb, amma normal işləyə bilməyib, həmin şeiri ondan alıb özü düzəldər və divanına daxil edərmiş.

– Siz şairlərin mərsiyələri haqqında  “Acını bala döndərmək” adlı kitab yazmışınız.  Bu, kitab həm də sizin ölüm haqqında düşüncələrinizin ifadəsi sayıla bilərmi?

– Hər insanın həyatında ölümlə cəngi-cidar etdiyi vaxtlar olur. Ölüm hər kəs üçün qaçılmaz bir sondur. Allaha inanmayan insanlar üçünsə bir addım sonrası belə olmayan bir sondur. Amma orta əsrin dini düşüncəsinə görə  ölüm qorxulu hadisə deyil. Yunus Əmrə deyir ki, “ölümdən niyə qorxursan, qorxma əbədi varsan”. Yəni İslam ölümü insanlara munis bir akt kimi təqdim edir. Mövlanə ölümü “şəbi-əruz”, yəni “toy gecəsi”, “gərdək axşamı” kimi mənalandırır. Bizim türk şairlərinin yazdıqları mərsiyələrdə ölüm bu cür məhrəm təqdim edilir. Ona görə  mən də bu həmin kitabın adını “Acını bala döndərmək” qoydum, yəni  ölüm kədərlidir, amma onun yaxşı tərəfləri də var.

Bu qədər şeir xəzinəsinin içində ola-ola haçansa şeir yazmısınızmı, yaxud belə bir düşüncəyə qapılmısınızmı?

– Xeyr, heç vaxt.

 

Söhbətləşdi: Fərid Hüseyn, Nuri Aksu

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.